Ən çox izlənən videolar

Azərbaycan qazı Albaniyaya çatıb - YENİLƏNİB, VİDEO

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru kəmərinin sınaq işləri çərçivəsində Azərbaycandan ilk qaz həcmləri Albaniya ərazisinə çatıb. Bu barədə Reala SOCAR-ın rəsmisi İbrahim Əhmədov məlumat verib.

“İndiyədək Albaniya təbii qaz idxal etmirdi və ölkənin ərazisindən tranzit qaz keçmirdi. Beləliklə, Albaniyanın tarixində ilk dəfə olaraq boru kəməri vasitəsilə qaz çatdırılıb. Bununla Albaniya gələcəkdə öz enerji təchizatında təbii qazdan istifadə etmək imkanı əldə etmiş oldu. Bu həm Albaniya, həm Avropa Birliyi, həm də Azərbaycan üçün böyük hadisədir. Azərbaycan üçün hasil edilən qazın artıq növbəti ölkəyə çatması baxımından əhəmiyyətli hadisədir”.

Hazırda TAP-ın direktorlar Şurasına SOCAR rəhbərlik edir. İbrahim Əhmədovun sözlərinə görə, koronavirus pandemiyasının geniş vüsət almasına baxmayaraq TAP-da işlər qrafikə uyğun olaraq davam etdirilir. SOCAR rəsmisi onu da xatırladıb ki, Yunanıstanda boru kəmərinin inşası artıq tam başa çatdırılıb, bütün testlər keçirilib, bir neçə ay əvvəl boru kəmərinin həmin hissəsinə texniki qaz vurulub.

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın 10 milyard kubmetrinin Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədində Trans Anadolu boru kəmərinə qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. Təməlatma mərasimi 2016-cı ildə keçirilən TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir. Bu kəmərlə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar