Ən çox izlənən videolar

Çindən Azərbaycana mənəvi dəstək - VİDEO

Çinli gənclər Azərbaycanın yeni tip koronavirus (COVID-2019) pandemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlayıblar. Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri videoda belə çətin günlərdə Azərbaycan xalqı ilə həmrəy olduqlarını, Azərbaycanın pandemiya ilə mübarizəsinə dəstəklərini ifadə ediblər.

Tələbələr Azərbaycan xalqına çağırış edərək karantin rejiminin tələblərini yerinə yetirməyi, özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq üçün evdə qalmağı, gigiyena qaydalarına əməl etməyi tövsiyə ediblər. Onlar Çinin koronavirus infeksiyası ilə mübarizə təcrübəsindən söz açaraq, həftələrlə evdə qaldıqlarını, təmizlik qaydalarına riayət edərək epidemiyaya qalib gəldiklərini bildirib, Azərbaycanın da çox qısa müddətdə epidemiyaya qalib gələcəyinə inam ifadə ediblər.

Çinli gənclər Azərbaycanın bütün fədakar həkimlərini alqışlayaraq, onların əməyi və xalqın əzmi ilə Azərbaycanın epidemiyanı məğlub edəcəyini, bu işdə hər zaman ölkəmizin yanında olduqlarını bildiriblər.

Videoda Çin və Azərbaycanın çoxdankı dost olduqları, epidemiyanın alovlandığı vaxt Azərbaycan dövlətinin və xalqının Çinə dəstək göstərdiyi vurğulanır. Tələbələr Azərbaycan xalqının ümidlərinin sönməməsini, daha möhtəşəm günləri birlikdə qeyd edəcəyimizi arzulayıblar.

Çarxda Pekin Xarici Dillər Universitetində Azərbaycanla bağlı keçirilmiş tədbirlərin, o cümlədən Azərbaycanın rəsmi şəxslərinin və alimlərinin çinli tələbələr üçün oxuduğu mühazirələrə və görüşlərə, "Nəsimi ili" çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə universitetdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyatı sərgisinə, Novruz bayramı şənliyinə, Dövlət İqtisad Universitetində distant Çin dili kurslarının açılışı zamanı Pekin ilə birbaşa bağlantıya, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizə aparan Çinlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində Çin Xalq Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunmasına aid görüntülər də əks olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar