Ən çox izlənən videolar

Çindən Azərbaycana yardım - VİDEO

Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası tərəfindən yardımın təqdim olunması mərasimi keçirilib.

Tədbirdə AR Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, AR Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.

Çıxışında Ramiz Həsənov tədbirin Azərbaycan və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayaraq, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir müavini, hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və “Vahid Çin” prinsipi məsələlərində bir-birlərini dəstəklədiklərini, eləcə də çoxtərəfli formatlarda əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Çinin təşəbbüsü olan “Bir Kəmər-Bir Yol” layihəsində son illər ərzində ölkəmizin fəal iştirakının ticarət, yüksək texnologiyalar, sərmayələr, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Hazırda qlobal səviyyədə "COVİD-19" pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəyliyin nümayiş edildiyi məmnunluqla vurğulanıb. ÇXR-in Azərbaycana "COVİD-19" infeksiyasının müəyyən edilməsi üçün test dəstlərinin hədiyyə etməsinin bu dostluğun bariz nümunəsi olduğunu qeyd edib .

Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğulayıb. Prezident İlham Əliyev tərəfindən dərhal cənab sədr Si Cinpinə başsağlığı məktubunun göndərildiyi qeyd olunub. Eləcə də Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən epidemiya qarşısının alınması üçün materialların bağışlanması, Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq kanallar vasitəsilə Çin ilə fəal şəkildə həmrəy olduqlarını ifadə etdikləri Səfir Qo Min tərəfindən məmnunluqla qeyd olunub. Çin ilə Azərbaycan arasındakı dostluğu əks etdirmək üçün, Çin hökumətinin 5000 nəfərlik yeni növ koronavirus epidemiyasının aşkarlayıcı testlərinin Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldiyi xanım Səfir tərəfindən səsləndirilib. Çinin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcəyi bildirilib.

Viktor Qasımov isə bildirib ki, Çin hökumətinin və xalqının koronovirus epidemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini ÇXR tərəfinə çatdırıb. Nazir müavini, həmçinin Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edib.


Tədbirin sonunda Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalanıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar