Ən çox izlənən videolar

Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)

Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar! Əziz nənələr və babalar, analar və atalar, bacılar və qardaşlar, övladlarımız!

Bu günlər bəşəriyyət özünün ən həlledici çağlarını yaşayır. Planet faktiki olaraq yeni dünya müharibəsinin içindədir. Amma bu müharibə bir dövlətin başqa dövlətə elan etməklə başlamayıb. Bu müharibə eyni vaxtda dünyanın bütün dövlətlərinə elan olunub. Tarixdə ilk dəfədir ki, ən güclü nüvə dövləti də, ibtidai icmanın yarımçılpaq, ox-yay ənənəsinin yaşadığı cəngəllik qəbilələri də təhlükə qarşısında eyni dərəcədə müdafiəsiz, yaxud eyni qədər hifz ediləndir. Kosmik lift istehsalına başlayan Yaponiya ilə, uzunqulaq arabasında bazara mal aparan Mavritaniyalı baqqal, Kəbə evinin açarını ürəyinin başında gəzdirən şəxslə Roma Papasının xalatını qolunda daşıyan kəsin qlobal aqibət qarşısındakı vəziyyəti eynidir. İndi əllər nüvə düyməsindən yox, əl-üz sabunundan düzgün istifadə edəndə etibarlı müdafiə olunmuş sayılır.

3-cü dünya müharibəsi başlanıb. Ondan xilas yolu ibtidaidir. Evinə çəkil. Evində qorun, evini qoru! Bu gün Avstraliyada da, Pakistanda da, Fransda da, Azərbaycanda da özünü qorumaqdan ötrü mənzilini səngərə çevirməyi bacarmalısan. Bağışlayın. Amma mən ilk dəfədir ki, obrazlardan, fikrin bədii təyinlə istifadəsindən, şairanəlikdən qaçacam. Hər şeyi öz adı ilə çağıracam! Hər bir kəsin bilməli olduğu acı həqiqətləri ilk dəfə qəddarcasına deyəcəm.

Mənzilimizin son mənzil olmasını istəmiriksə, onu tərk etməyək.

Bu gün ən etibarlı yer evimizdir. Qədim “Mənim evim mənim qalamdır!” hökmü yenidən qüvvəyə minib. Əvvəlcə niyə evinizi tərk etməyək, niyə mənzilimizi tərk etməyək? sualının cavabını verirəm. Koronavirusun xarakteri belədir ki, siz və ya biz daşıyıcı olmazsaq mövcud olduğu ərazidə müəyyən saat ərzində öz-özünə məhv olur. Siz, biz, mən, o, o birisi isə açıq havada virusu qapırıq, bununla da virusun ömrünü uzadırıq. Beləliklə koronavirus hər birimizdə yeni ömür qazanır. Sonra isə təmasda olduğumuz şəxsləri yeni akkumlyatorlara, batareykalara çeviririk. Virus bununla da ədədi yox, həndəsi silsilə ilə artmağa başlayır! İşin ən təhlükəlisi burasıdır ki, koronavirusa qarşı peyvənd yoxdur və nəinki, yaxın həftələr, heç aylar, bəlkə də yaxın il ərzində də olmayacaq. Bütün tibb dünyasını əlində əsir-yesir saxlayan bu virus yalnız təmizlikdən, dezinfeksiyadan, müəyyənləşdirilmiş qaydalar sisteminə ciddi riayət etməkdən qorxur!

İlham Əliyevin xalqa müraciətini mən çox istərdim ki, müharibə dövrü Ali baş komandanın müraciəti kimi qəbul edəsiniz:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.

Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.

Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq."

Belə müraciətləri hər bir dövlət başçısı rəhbərlik etdiyi xalqa edir. Armaqeddon, axirət, dünyanın sonu kimi mövzular bu gün hər birimizin yadına düşür.

Əziz həmvətənlərimiz! Hörmətli tamaşaçılar!

Bu gün hər birimiz potensial meyidik. Bunu anlamaq lazımdır. Nə qədər çətin olsa da. Bu gün ölənlərin sayı iki nəfərdir. Bu göstərici sizi, bizi çaşdırmamalıdır. Bu rəqəmlər bir həftənin içində 50-yə yüzə çata bilər. Biz ağır itkilərə hazır olmalıyıq. Əgər sanitariya cəhalətinə son qoymasaq, ehtiyatlı olmağı bacarmasaq, hər şeyə” boş şey deməklə” əllərimizi yelləsək mənzillərimizdə hər gün meyid görəcəyik. Bu meyidlər ən yaxınlarımıza, ən əzizlərimizə, itirəcəyimizi heç vaxt ağlımıza belə gətirmədiyimiz ən doğmalarımıza məxsus olacaq! Onların dəfnini belə adət-ənənələrimizə uyğun təşkil edə bilməyəcəyik. Dükanlarda kəfən üçün ağ yox, bükmək üçün sellafan çatışmayacaq! Mən sizinlə “oyun-oyuncaq” oynamayacaq, həşteq-məşteqlə, “evdə qal”, “küçəyə çıxma!” kimi anlamaq iqtitarın üçün yetişmədiyimiz xitablarla müraciət etməyəcək, sizə qərbsayağı ehtiyat vəzzariyyatı oxumayacam. Ola bilər ki, kimlərsə bu janrı seçir, özü bilər. Mən açıq danışacam!

Hörmətli tamaşaçılar! Əziz nənələr və babalar, analar və atalar, bacılar və qardaşlar, övladlarımız! Ölmək, üzr istəyirəm, buna ölüm də demək olmaz, qırılmaq, gəbərmək istəmiriksə, evimizdən çıxmayaq. Yalnız ən vacib an, ən mühüm zərurətlər istisna olmaqla! Avtomobillərdən istifadə etməyin. Bayram kanikulu deyil bu. Yalnız ambulanslar işləməlidir. Mənzilinizdə oturun. Sığınacaq qanunlarını yadınıza salın. Mülki müdafiə tədbirləri zamanı nələri etməliydiksə onları edək.

İnanmaq istərdim ki, dövlət qurumları ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edilməsi imkanlarını, şərtlərini və mövcud şəraiti öyrənir. Ən ciddi şəkildə öyrənir. Kütləvi İnformasiya Vasitələrinin fövqəladə vəziyyət şəraitində davranış normalarını biz bilirik. Amma yeni dövrün kütləvi informasiya vasitələri həm də sosial şəbəkələrdir. Sosial şəbəkələrin fəaliyyətinə onların dövlət-vətəndaş münasibətlərini pozması baxımından yanaşılmalıdır. Vəziyyətin ciddiliyini anlamaq lazımdır. Yoluxanların, ölənlərin, daha doğrusu öləcəklərin, olacaqların miqdarı, sayı, kəmiyyəti artacaq.

Daxili İşlər Nazirliyinin əməkdaşlarından, polisdən daha sərt və qətiyyətli olmaq tələb olunur. Bakının küçələri ən azı bugünkü Romadan seçilməməlidir. Əgər dünənki Roma olmaq istəmiriksə. Baxın xarici ölkələrdə polis bəşəriyyəti ayrı-ayrı etinasız kəsimdən necə qoruyur?!

Biz cahilliyimizin qurbanı olmalı deyilik. Söz verin özünüzə, balalarının canına and içib küçəyə çıxmayın, balanızı canlı istəyirsinizsə. Hər xırda məsələ, qayğı üçün evdən bayıra çıxmayın. Bütün xidmətləri evdən də göstərə bilərik. Bütün xidmətləri evdən də qəbul edə bilərik. Şükür Allaha, Prezident sağ olsun ki, faktiki olaraq virtual idarəçilik tam mümkündür. Maska cəhalətinə son qoymaq vaxtıdır. Var və olacaq. Daha çox olacaq. Biz pampersə qədər əski-üsküyə çağa büküb bələyən, Üzeyir Hacıbəyov, Həzi Aslanov yaradan millətik. Ağız-burnunu nənələrimiz yaşmaqla bağlayıb, mənəviyyatını ismətini növ-növ virusdan qoruyub. Qaz olmayanda, soyuqdan donmamışıq, odunumuz qurtarıb, Faustu, İncili yandırıb qızınmışıq. Həmin adamlarıq. Həmin adamlarsız! Ev məhbusluğu ilə, ölkə məhbusluğu ilə, planet məhbusluğu ilə barışın! Özümüzü xilas etmək istəyiriksə. Bu gün hər birimiz bəşəriyyətə görə məsuliyyət daşıyırıq. Heç kim bizə ixtiyar vermir ki, başqalarını öz cahilliyimizin qibləsinə kəsək. Bu gün xüsusi vəziyyətdə yaşayıırıq.

Nazirlər Kabineti yanında Operativ Qərargah əlindən gələni edir. Amma daha çox lazımdır. Bu qərargahda dövlətin bütün uyğun strukturlarının birinci şəxsləri hər gün brifinqlər keçirməlidir. Özü də canlı yayımda.

Səhiyyə naziri, İqtisadiyyat naziri, TƏBİB, Daxili İşlər naziri, əgər sabah ordunun köməyinə ehtiyac yaranarsa, yaranacaqsa, Müdafiə naziri! İnsanlarımız vəziyyətin ciddiliyini başa düşmür hələ ki! Paytaxtın küçələri tıxacda boğulur. Sabah maşınlarda qəflətən koronavirusdan elə sükan arxasında ölüm faktı qeydə alınarsa nə olacaq? Kim yanaşacaq meyidə? Tıxacı kim yığışdıracaq? Başa düşürükmü bunu? Cin şüşədən çıxıb. Daha doğrusu Çin şüşədən çıxıb. İndi gərək uşaqları yox, yaşı 65 və daha yuxarı olanları qorxutmaq üçün deyək ki, evində yat yoxsa Uxan gəlib aparar səni və aparmaqdadır da. İntizamlı olaq! Bədən tərbiyəsi vaxtı deyil bəlkə də. Amma ruh tərbiyəsi vaxtıdır! Dəyişməliyik. Gəlin hesab edək ki, dünya müharibəsidir. Səngərimiz isə evimiz!

Gəlin öz evimizi, evimizdə də özümüzü qoruyaq! Allaha kömək vaxtıdır!

Bu kateqoriyadan digər videolar
Digər videolar