Ən çox izlənən videolar

Dünya yeni təhlükə astanasında - VİDEO

İnsanlar üçün qlobal təhlükə yaradan, dünyanı təhdid edən yoluxucu xəstəlik, koronavirusla əlaqədar Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Bu virusla əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplar müşahidə olunan şəxslərin müəyyənləşdirilməsi üçün yalnız mərkəzin deyil bölgələrin də sərhəd buraxılış məntəqələrində xüsusi tədbirlər həyata keçirilib.

Sözügedən virusla əlaqədar artıq qonşu Rusiyada həyəcan təbili çalınıb. İki nəfər xəstəlik şübhəsi ilə xəstəxanaya qaldırılıb. Rusiya Səhiyyə nazirinin müavini Sergey Krayevoy Çin ərazisində yayılan bu virusu Rusiya əhalisi üçün bioloji təhdid hesab edir.

Rusiya Dövlət Dumasının deputatı və Rusiyanın sabiq baş sanitarı Gennadi Onişenko isə deyib ki, koronovirusun mənşəyi tədqiq olunmalıdır. Onun sözlərinə görə, bu təhlükənin təbii və ya insan tərəfindən yaradıldığını anlamaq lazımdır: "Dünya doğrudan da "yeni təhlükənin astanasındadır". Çin sədri Si Tszin Pin artıq "yerli regional strukturları sərt şəkildə tənqid edib", bu isə o anlama gəlir ki, problem "olduqca ciddidir".

Bu təhdidin təbii və ya bizim 1965-ci ildən bildiyimiz koronovirusun məqsədli şəkildə mutasiya edilmiş formasının olduğunu aydınlaşdırmaq lazımdır. Biz bu virusu həmin vaxtdan tanıyırıq. Hazırda o, insan sağlamlığı üçün olduqca təhlükəlidir". deyə Onişenko bildirib.

Qeyd edək ki, Çinin Hubey əyalətində koronavirus infeksiyasının ocağı sayılan Uhan şəhərinin ardınca daha 9 şəhərlə nəqliyyat əlaqəsi dayandırılıb.

Belə olan halda bu və ya digər səviyyədə nəqliyyatın kəsildiyi şəhərlər 10-a çatıb.

Uhan şəhərində daha sərt karantin elan olunub. Yanvarın 23-dən bu şəhərdə avtobuslar, gəmilər, metro dayandırılıb, sərnişin avtobusları və su nəqliyyatı şəhərə buraxılmır, aeroportdan uçuş və dəmir yolu nəqliyyatı da ləğv edilib, şəhər rəhbərliyi vacib səbəb olmadığı müddətdə Uhana getməyi və oranı tərk etməyi məsləhət görmür.

Eçjou şəhərində də 23 yanvar səhər saatlarından dəmir yolu nəqliyyatı dayandırılıb. Syantao rəhbərliyi ötən gün 17:00-dan bütün avtobusların və su nəqliyyatının hərəkətini ləğv edib, onlarla sürət şosseləri bağlanıb. Həmin müddətdən Çjiszyan şəhərində beynəlxalq avtobusların hərəkəti dayandırılıb, şəhərdə ancaq supermarketlər, xəstəxanalar, bazarlar, yanacaq doldurma məntəqələri, apteklər işləyir, digər kommersiya fəaliyyətinə fasilə verilib.

Ən son məlumatlara görə, Çində koronavirus xəstəliyinə yoluxma hallarının sayı 849 nəfərə çatıb, bu virusdan artıq 26 nəfər həyatını itirib.

Bu barədə ÇXR bölgələrinin gigiyena və səhiyyə komitələri tərəfindən yayılan məlumatlarda qeyd olunub.

Məlumata görə, 177 xəstənin vəziyyəti ağır olaraq qalır, 34 nəfər sağalıb və artıq tibb müəssisələrini tərk edib. Bununla yanaşı, 1072 nəfər bu xəstəliyin daşıyıcısı olmaqda şübhəli bilinərək qeydə alınıb.

Koronavirusun yeni növü artıq digər ölkələrdə - Tayland, Vyetnam, Koreya Respublikası, Sinqapur, ABŞ və Yaponiyada aşkar edilib. Ancaq ÜST Çində yeni növ pnevmoniyanın yayılması ilə əlaqədar beynəlxalq dərəcədə fövqəladə vəziyyət rejimi elan etməkdən çəkinib.

Bu kateqoriyadan digər videolar
Digər videolar