Ən çox izlənən videolar

Xəzər dənizinin suyu azalır: Uzunmüddətli proqnozlar özünü doğrultmayıb - VİDEO

Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəbləri məlum olub.

Coğrafiya institutunun direktoru Ramiz Məmmədov bunu dənizə axan çayların və səthə düşən yağıntının miqdarının azalması ilə izah edir. Eyni zamanda çıxar hissəni, yəni səthdən buxarlanmanı da nəzərə alsaq, onda gəlirlə yəni dənizə tökülən su ilə çıxarın arasındakı fərqin artması, dəniz suyunun səviyyəsinin aşağı enməsinə səbəb olur:

Ramiz Məmmədov deyir ki, dənizdə insanın fəaliyyəti mənfi 28 dərəcə səviyyəsinə hesablanıb. Əgər azalma bu qayda ilə uzun müddət davam edərsə və səviyyə bundan aşağı düşərsə, onda bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Bu, eyni zamanda şelf zonasının daralmasına və biomüxtəlifliyin həyat fəaliyyətinin məhdudlaşmasına səbəb ola bilər.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyir ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək isə mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb:

Mütəxəssislərin də dediyi kimi bu gün Xəzər-in əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan yəni 146 km3-dən əhəmiyyətli dərəcədə azdır. Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Bu kateqoriyadan digər videolar
Digər videolar