Ən çox izlənən videolar

Rus Kitab Evinin 10 yaşı oldu - VIDEO

Bakıda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dedi ki, Bakıda Rus Kitab Evinin açılması 10 illik yubileyi əlamətdar hadisədir. Prezidentin köməkçisi dedi ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır. Fəaliyyətdə olduğu illər ərzində bu mağaza həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkan olub.

Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirdi ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi dedi ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir.

Əli Həsənov Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

“Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra da rus dili özünün millətlərarası dil mövqeyini itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut kimi bir faktı göstərmək olar ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.

Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən Rus Kitab Evində oxuculara tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim edilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar