Ən çox izlənən videolar

Bakıda piket keçirildi - VİDEO

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib. BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri gördü.

Piketdə Milli Şuranın rəhbərliyindən heç kim iştirak etmirdi. Aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilən piketin sonunda qətnamə oxundu.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilib və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar ediliblər.

Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıb, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər.

Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib.

İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb. Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub.

Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Milli Şuraya mitinq üçün Lökbatan qəsəbəsində “Neftçi” İdman Klubunun təlim-məşq bazasının stadionu təklif edilsə də, qurum orada mitinq keçirməkdən imtina edib.

Bu kateqoriyadan digər videolar
Digər videolar