Ən çox izlənən videolar

Nazir: Gələn il icma əsaslı məktəbəqədər qrupların sayı 300-dək artırılacaq (VİDEO)

"Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur".

REAL  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunur və bir sıra əsaslı nailiyyətlər əldə edilib.

C.Bayramov qeyd edib ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

"Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər 4 abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir", deyə nazir bildirib.

"İndiyə qədər 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, əmək haqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta aylıq əməkhaqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra əmək haqqı 1000 manatdan çox təşkil edib", deyə nazir Ceyhun Bayramov bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar