Ən çox izlənən videolar

Oktyabrın 1-də əhali sayılacaq - VİDEO

1897-ci ildə ilk dəfə siyahıyaalınma keçiriləndə sayımız 1 milyon 806 min nəfər idi. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdə isə əhalimiz 7 milyon 300 min nəfərə çatmışdı. il ötdükcə sayımız da artdı bu ilin aprelində 10 milyon olduq.

Bu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçiriləcək. 10 ildən bir baş tutan və müstəqil Azərbaycanın tarixində sayca 3-cü olan siyahıyaalınma prosesinə hazırlıq artıq yekunlaşıb.

Siyahıyaalma materialları hazırdır. Sorğu vərəqələri çap edilib. Siyahıyaalma prosesinə 43 minə yaxın insan cəlb olunacaq.

Siyahıyaalma ölkənin həyatında mühüm bir tədbirdir və onun müvəffəqiyyətlə keçirilməsində bu prosesdə iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda əhalinin siyahıya alınması sonuncu dəfə 2009-cu ildə keçirilib.

Sayıcılar isə sentyabrın 23-dən 26-dək seminarlara cəlb ediləcək.

Dünyanın bir çox ölkələri üçün statistik tədqiqatların aparılmasına dair yeni müasir alternativ yanaşmaların olmasına baxmayaraq, demoqrafik və sosial göstəricilər üzrə əhalinin vəziyyəti haqqında məlumatların yeganə və dəqiq məlumat mənbəyi hər bir vətəndaşın sorğusuna əsaslanan siyahıyaalmadır.

Əhalinin siyahıyaalmasının tam və hərtərəfli tərifi BMT-nin Statistika Komissiyası tərəfindən verilib. Bu tərifə əsasən, əhalinin siyahıyaalınması “zamanın müəyyən bir vəziyyətinə ölkədə olan bütün şəxslərə və ya ölkənin dəqiq müəyyən edilmiş hissələrinə aid olan demoqrafik, iqtisadi və sosial məlumatların toplaması, yekunlaşdırılması, qiymətləndirməsi, təhlili, nəşri və ya başqa şəkildə yayılmasının vahid prosesidir”. Bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair haqqında mühakimə yürütməyə, müəyyən problemləri daha effektiv şəkildə həll etməyə imkan verir.

Dünya praktikasında hər bir ölkədə əhalinin sayı, sosial-demoqrafik strukturu haqqında əsas informasiya mənbəyi kimi həmin ölkədə aparılan siyahıyaalmanın məlumatları əsas götürülür. Ölkəmizdə də əhali, onun tərkibi, həyat şəraiti, sosial-demoqrafik vəziyyəti haqqında dəqiq məlumat əhalinin siyahıyaalınması əsasında əldə edilir. siyahıyaalmanın keyfiyyətlə keçirilməsini təmin etmək üçün əsas işlərdən biri də əhalinin maarifləndirilməsidir. Bununla bağlı çarxlar hazırlanıb.

Əhalinin siyahıyaalınmasının əhəmiyyəti həm də ondadır ki, siyahıyaalmanın nəticələri dövlət orqanları üçün məlumat mənbəyi olmaqla yanaşı, növbəti 10 il ərzində sosial-iqtisadi proqnozların verilməsi üçün də baza rolunu oynayacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar