Ən çox izlənən videolar

5 məntəqəni birləşdirən yol - VİDEO

Astara rayonunun 5 yaşayış məntəqəsinin sakinlərinin uzun illərdi yaşadıqları yol probleminə yaxın gələcəkdə son qoyulacaq. Rayonun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində 11.6 km uzunluğa malik bu yolda artıq təmir işlərinə başlanılıb. 

Qeyd edək ki, uzun illərdir yenilənmədən istifadə edildiyi üçün yolun hərəkət hissəsində qabarma və çökmələr əmələ gəlmişdi ki, bu da öz növbəsində nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Layihəyə uyğun olaraq hazırda köhnə asfalt-beton örtüyü sökülüb, 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədi ilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə 300 və 500 mm diametrli yeni borular quraşdırılıb.

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu 130 min kv.m sahədə layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir. 

Yola asfalt-beton örtüyü döşəndikdən sonra Layihənin sonuncu mərhələsində yol çiyinləri qum-çınqıl qarışığı ilə bərkidiləcək. Zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılacaq. Hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolgöstərici xətlər çəkiləcək. 

Qeyd edək ki, bu yolun yenidən qurulması ilə vətəndaşların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral avtomobil yolu vasitəsi ilə respublikanın digər şəhər və rayonlarına rahat gediş-gəlişi təmin olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar