Ən çox izlənən videolar

Xəzər beşliyi - VİDEO

Prezident İlham Əliyev “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanunu təsdiqləyib. Dövlət başçısı sərəncamla bu qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. Xəzərin statusu ilə bağlı Konvensiyaya gəlincə... Xəzəryani ölkələrin su sərhədinin müəyyən edilməsi məsələsi 1991-ci ildən gündəmdədir. Çünki Sovet İttifaqı dağılana qədər Xəzər SSRİ və İran arasında bölüşdürülmüşdü. Həmin dövrdən aparılan müzakirələr, danışıqlar və Xəzərin sahilində yerləşən 5 dövlətin nümayəndələrinin görüşü nəticə verdi. Tərəflər Xəzərin 5-ci sammitində bir araya gəlib, konvensiyaya imza atdı. Region üçün siyasi və iqtisadi baxımdan əhəmiyyətli olan bu hadisə REAL TV vasitəsilə birbaşa yayımlandı. Konvensiyanın əhəmiyyətinə gəlincə, əsas məsələlərdən biri odur ki, sənəd Xəzərin resurslarından 5 ölkənin balanslaşdırılmış şəkildə istifadəsi üçün yeni imkanlar açır. 

Xəzərin statusunun müəyyən edilməsi həm də su yolu ilə daşımaların daha da artmasına təkan verəcək. Nəzərə alaq ki, Azərbaycan 2018-ci ildə Xəzər hövzəsində ən böyük beynəlxalq ticarət limanını tikib və istifadəyə verib. 

Aktau sammitində imzalanan sənədlər müxtəlif sahələri əhatə edirdi. Artıq 5 ölkə , Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan razılaşmadan sonra bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstində qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirməlidir. Dəniz yolu ilə terror riskinin daha böyük olmasını nəzər alsaq sənəddə Terrorla mübarizədə birgə fəaliyyət haqqında razılığın öz əksini tapması da mühüm məsələdir.Kommünikedə yer almış digər əhəmiyyətli məqam Xəzərin ekologiyası ilə bağlıdır. Tərəflər bu aspektdə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıblar. Azərbaycan Prezidenti İlham Əliyev Aktau sammitində Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması məsələsinin ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu bildirib. Prezident son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edildiyini bildirib. 

Qeyd edək ki, fevralın 19-da Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib. Konvensiyanın mexanizmi kimi yüksək səviyyəli işçi qrupu hövzə ölkələrini maraqlandıran məsələlərlə bağlı işlərini davam etdirəcəklər. İşçi qrup Konvensiyanın hər bir ölkənin qanunvericiliyi əsasında təsdiqlənməsi məsələsini müzakirə edir, həmçinin, Xəzər dənizində ərazi sularını müəyyənləşdirmək məqsədilə birbaşa çıxış xətlərinin qurulması metodikası müzakirə olunur.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar