Ən çox izlənən videolar

Azərbaycan Vyetnam televiziyasında - VİDEO

Milyonlarla tamaşaçısı olan və Vyetnamın əsas televiziya kanalı hesab edilən VTV1-də Azərbaycana həsr olunmuş sənədli film nümayiş etdirilib.

Azərbaycanın müasir inkişafından, iki ölkə arasında əlaqələrdən söz açılan filmdə Şərqlə Qərbin kəsişdiyi məkanda yerləşən ölkəmizin zəngin mədəniyyətə malik, son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğu vurğulanıb.

Ekran işində Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı, zəngin tarixi və müasir memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib, habelə ölkəmizin müasir iqtisadiyyatı, o cümlədən neft-qaz sənayesi, turizm potensialı, nəqliyyat-logistika imkanlarındən söz açılıb.

Qeyd olunub ki, iki xalq arasında dostluğun möhkəmlənməsində Vyetnamın sabiq Prezidenti Xoşimin Bakıya və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama səfərləri xüsusi rol oynayıb.

Müasir dövrdə isə Azərbaycan-Vyetnam əməkdaşlığı münasibətlərin bütün spektri üzrə sürətlə inkişaf edir. Bu işdə dövlət başçılarının 2014 və 2015-ci ildə qarşılıqlı səfərlərinin böyük rolu olub.

Filmdə ilk növbədə neft sahəsi olmaqla, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, Azərbaycanın Vyetnamla Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyi qeyd edilib.

Diqqət çəkən məqamlardan biri də Vyetnamlı gənclərin Azərbaycanın ali təhsil ocaqlarında, o cümlədən hərbi təhsil müəssisələrində təhsil almalarıdır.

Sənədli filmdə Vyetnam Hərbi Dəniz Qüvvələri üçün zabitlərin hazırlanmasında ölkəmizin müstəsna rol oynadığı xüsusilə qeyd olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar