“Sülhlə işğala qarşı” (VİDEO)

“Sülhlə işğala qarşı” (VİDEO)
QMİ sədri videokonfransda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Sülhlə işğala qarşı” mövzusunda keçirilən videokonfranda iştirak edib.

İclas Fələstin dövləti Baş Qazının Divanının təşkilatçılığı, Fələstinin baş qazısı Mahmud Sidqi Əl-Həbbaşın sədrliyi ilə reallaşıb.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Türkiyə, İndoneziya, Misir, İraq, Sudan, Malaziya, Rusiya və digər ölkələrin nazirləri, tanınmış din xadimləri və nüfuzlu ictimaiyyət nümayəndələrinin qoşulduğu onlayn konfransda Fələstin xalqının hüquqlarının müdafiəsi, BMT müstəvisində Fələstin dövlətinə hüquqi, humanitar yardımın daha da artırılmasına dair məsələlər, habelə Qüdsün taleyinə dair narahatlıq gündəmdə olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan xalqının və dövlətinin hər zaman Fələstin xalqının və dövlətinin yanında olduğunu, bu yöndə önəmli əməli addımlar atdığını vurğulayıb.

Ölkə başçısı İlham Əliyevin bu məsələyə xüsusi diqqət nümayiş etdirdiyini nəzərə çatdıran Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın bütün sahələrdə Fələstinin dövlətçilik, sülh, sabitlik və davamlı inkişafla bağlı səylərini tam dəstəklədiyini xatırladıb.

Şeyxülislam beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin nəzərə alınmamasının təhlükəli meyl olduğunu xüsusi vurğulayıb. O birmənalı şəkildə bildirib ki, Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar və ümumən siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulması deməkdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, illərdir separatçılıqdan, bölücülükdən əziyyət çəkən xalq, əzəli torpaqları, beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən, Xocalı şəhərində törədilmiş soyqırım cinayəti də ikili yanaşmalar səbəbindən zamanında hüquqi-siyasi qiymətini almamış cinayətlər sırasında yer alan Azərbaycan Fələstinlə bağlı ədalətsiz qərarlara qarşıdır.


Fələstin probleminin sülh yolu ilə ədalətli həll olunmasının zəruriliyini vurğulayan bütün qafqazın şeyxi Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olması üçün BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinin vacib olduğunu xüsusi vurğulayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər