İki yeni qatar xəttə buraxılır - VİDEO, YENİLƏNİB 2

İki yeni qatar xəttə buraxılır - VİDEO, YENİLƏNİB 2
"Bakı Metropoliteni"ndə müasir tipli qatarların sayı 13-ə çatdırıldı

Bu gündən "Bakı Metropoliteni" QSC-nin daha iki yeni qatarı istismara veriləcək.

Bunu REAL-a QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət dörd yeni qatar "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunub. Bu gün həmin qatarların ikisi xəttə buraxılacaq.

B. Məmmədov bildirib ki, qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır: "Ümumilikdə bu qatarlarla birgə qatarların sayı 13-ə çatıb. Vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır. Gündə 3 dəfə qatarlar dezinfeksiya olunur".

Bu ayın əvvəlində Rusiyadan gətirilən 4 yeni qatardan ikisi bu gün artıq xəttə buraxılıb. Bununla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər