Mir Şahinin vaxtı - VİDEO (28.06.2020)

Mir Şahinin vaxtı - VİDEO (28.06.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin.

İlin yəqin ki, ən mühüm həftələrindən birini başa çatdırdıq. Prezidentin ölkənin Qərbinə səfəri ortaya konseptual bir platforma qoydu.

TƏHLÜKƏSİZLİK VƏ MÜSTƏQİLLİK.

Silahlı Qüvvələr Gününün içində Mingəçevir və Gəncə şəhərlərinə səfərində İlham Əliyev ölkənin, vətəndaşın, xalqın maraqlarının, bu günümüzün və gələcəyimizin siyasi-ideoloji sərhədlərinin altını bir daha cızdı. Yadımıza salaq: hansı məsələlər paraqraflanmışdı. Ordu quruculuğu və güclü ordunun milli varlığımız, dövləti müqəddəratımız üçün əhəmiyyəti. Dünyanın kiçik ölkələrindən biri olan Azərbaycanın, elə həmin dünyanın 50 ən güclü ordusundan birinə sahib olması. Bu fakta bütün planetdə gücün əhəmiyyətinin prioritet olaraq qabarması kontekstində yanaşma. Axı beynəlxalq qaydalar yeni sahmana görə güclünü haqlı saymaqdadır. Azərbaycan isə həm haqlı, həm güclüdür. Ölkə gerçək müstəqil məzmuna malik olması üçün öz hərbi təminatını müstəqil bazaya keçirib. Buna görə Müdafiə Sənayesi Nazirliyimiz var. Qurumun imkanları artır, məhsularının artıq həm də xaricdəki istehlakçıları ilə birlikdə. O sabahkı savaşda hansısa mərhələdə fasilə verməyə məcbur olmayacaq. Sursat, silah zənciri qırılmayacaq. Hərbçi yalnız döyüş aləti, müharibə maşını deyil. Ona görə də Ali Baş komandan Silahlı Qüvvələrimizin hər bir vahidinin daxili-mənəvi vəziyyətinin rahatlığı, maddi-məişət komfortunun əsas məsələ olduğunu elan etdi. O ordunun əzələsi barədə olduğu kimi, silahlı qüvvələrimizin beyni haqqında da ciddi düşünür. Hərbçi, əsgər, zabit ideya baxımından möhkəm olmalıdır. Bunun üçün vətənpərvərliyin ibtidasına, dövlətin, vətənin tarixinə bələd olmalıdır. O cümlədən Azərbaycanın,,, harada yerləşməsindən asılı olmayaraq qədim məskən, məkan adlarını orijinaldan bilməlidir. Demək, əsgər gələcəkdə azad etməli olduğu hədəfin ana dilindəki, ana bətndəki toponimini öz doğması tək qəbul etməli, özününkü olduğunu, ona məxsus olduğunu tam yəqin etməlidir. Yəni. Bu, xəritə adlarının, bizim dilimizə sadəcə tərcüməsi deyil, Prezident Azərbaycanın işğal altında olan torpaqlarının adını əvvəlcə azad etmək kursu keçir. Prezident əsgərlə yalnız Ali Baş komandan nöqtəsindən əmr tonunda danışmır. O həm də ölkənin yaxın və uzaq tarixini öyrədir. İlham Əliyev bütün məntiq yükünü əsas məsələyə-Dağlıq Qarabağ mövzusuna yönəldir. Ordumuz Qarabağ məsələsini həll etmək üçün güclü olmalıdır. Dövlətimiz daha güclü olmaq, daha müstəqil olmaq üçün ərazi bütövlüyünü bərpa etməlidir. Yeni dünya qaydaları ondan güclü olmağı tələb edir ki, haqqını öz gücü ilə sübuta yetirsin. Və bunu etmək üçün beynəlxalq şəraitin ən əlverişli məqamını qaçırmamalıdır. Prezident artıq neçənci dəfədir ki, açıq elan edir: “Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik!”

Bu bəyanat Qarabağ danışıqlarında yeni diplomatik reallıq müəyyənləşdirir. Prezidentin bu mövqeyi ondan xəbər verir ki, qarşı tərəfin istinad etdiyi öz müqəddəratını təyin etmə haqqı artıq danışıqlarda qüvvədən düşməlidir, qüvvədən salınmalıdır. Və nəhayət. Əgər İlham Əliyev Azərbaycanın ən, ən, ən yeni tarixinə də müntəzəm baş çəkməli olursa, deməli bu da vətəndaşa, indiki halda isə konkret əskərə hesablanmış çağırışdır. Yəni, əskər, sən bu dövlətin getdiyi yolu və getdiyi yeri bilməlisən.

Prezidentin Gəncədə və Mingəçevirdə etdiyi çıxışların leytmotivi, ana xətti bir idi. Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi.

N saylı hərbi hissənin açılışındakı nitqdə əsas vektor siyasi-hərbi müstəqillik idisə, Mingəçevirdəki nitqdə ox iqtisadi-enerji müstəqilliyi idi.

Gəncədə modul tipli xəstəxananın açılışında da prioritet vətəndaş, onun təhlükəsizliyi idi. Bu gün bizim təhlil üslubumuz bir az fərqli olacaq. Düşünürəm ki, belə daha səmərəli işləyə biləcəyik. Və mən xronoloji ardıcıllıqla deyil, məntiqi ardıcıllıqla hərəkət edəcəm. Varislikdən başlayaq.

Prezident Mingəçevirdə Heydər Əliyevin Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində ucaldılmış abidəsi önündə çıxışında belə dedi:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Burada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik.”

Prezident bu sözləri Mingəçevirdə dedi. Azərbaycan İstilik Elektrik stansiyasının bərpası, daha düzün ifadə etsək yenidən qurulmasından sonrakı açılışında. Heydər Əliyevin abidəsinə, ruhuna söykənərək. Mən elə bu sitatdan da çıxış edərək İlham Əliyevin kursunu təhlil etməyə çalışacam. Yəqin başa düşdünüz ki, söhbət yalnız Mingəçevirdən getməyəcək. Prezidentin Azərbaycanı müstəqil dövlət kimi var etmə xəttinə necə həssas yanaşdığını izah etməyə ehtiyac olmaz yəqin ki. O beynəlxalq günün, beynəlxalq reallıqların yaratdığı ən mürəkkəb situasiyalarda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun saxlanmasını əsas borcu hesab edir. Sadə xalq dilində çatdırdığı analitik arayışlarda isə hər bir vətəndaşa korona virusdan özünü qorumaq tövsiyə edilir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır.

Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik.”

Elə burdaca bir haşiyə çıxaq. Prezident Əliyev pandemiya böhranına qlobal miqyasda yanaşır. Ona görə də Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının Dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifilə BMT Baş katibi Antonio Quterreşə məktub göndərməsi bir-birindən doğan məntiq zəncirinin növbəti bəndi kimi anlaşılmalıdır. Artıq 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş Katibin ofisini məlumatlandırıb. Məncə bu müraciətdən və onun həyata keçməsindən sonra Qoşulmayanlar Hərəkatı Qoşulanlar Hərəkatı adına tam iddia edə bilər. Çünki BMT kimi adı Çox Şey Vəd Verən bir qurum pandemiya dövrünün dünyasını xilas etmək naminə heç nəyə qoşulmadı. Bir iş görmədi və görmür. Nə BMT, nə də onun əsas instrumentləri olan Təhlükəsizlik Şurası və BAŞ Assambleyada.

Böyük dövlətlər və beynəlxalq təşkilatlar onlardan qlobal istiqamətvericilik, planetar örnəklik gözlənildiyi bir vaxtda özlərini tısbağa kimi apardılar. Qapandılar. Düzdür. Adda-budda addımlar atıldı, nələrəsə təşəbbüs edildi. Amma eynilə verdiyi qətnamələrin dişsizliyi qədər. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və tarixin küncünə mənasız, boş bir kağız parçası kimi atıldı. Belə olanda İlham Əliyevin təhbərlik etdiyi Qoşulmayanlar Hərəkatı 120-dövləti özündə birləşdirən, obrazlı desək əsl VİTSE-BMT kimi məsuliyyəti öz üzərinə götürür. Bununla da ilham Əliyevin qlobal lider qərarı planetə işləyəcək. BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsü Azərbaycanı, onun liderini yeni təyinatında daha bir dəfə qabardacaq. Azərbaycanın nüfuzu dünyanın taleyinə həlledici təsir imkanlarına növbəti dəfə malik olacaq. Həm də bu axı təsadüfən ağla gəlmiş uğurlu ideya deyil. Ortada ciddi, ardıcıl, məqsədyönlü xətt var.

Pandemiya başlanandan bəri İlham Əliyev öz siyasi təyinatını böyük bir alicənablıqla beynəlxalq çapa doğru genişləndirib.

Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Azərbaycan pandemiya ilə mübarizədə qlobal həmrəyliyin nümunəsi tək Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırdı, 30-dan artıq dövlətə humanitar yardım etdi. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistandır. Ermənistan bu qlobal təşəbbüsə qarşı çıxış etməklə növbəti dəfə özünü beynəlxalq qanun-qaydadan, planetar mənəviyyatdan kənar qoydu. Ermənistan koronavirusun yanında olmağı seçdi.

İlham Əliyevin iş masası bütün planetdir. Ölkənin qərbinə səfərə də bu kontekstdə baxaq. Planet kimi özünü də qorumaq. özünü qorumaq. Vətənin bir parçası kimi.

Məsələn, bu gün vətəndaşın nəfəs yollarını, içinin sərhəddini qorumaq üçün maska geyinməsi eynilə dövlət sərhədinin qorunması tək bir hərəkətdir. Bu gün sən özünü sərhəd kimi qorumalısan. Qorumamaqla düşmənə şans verirsən. Bu gün dövləti hər birimiz Nəsimi məntiqilə müdafiə etməliyik. Azərbaycan mənəm. Azərbaycan məndədi. Mənim ağ ciyərimdir. Mənim vücudumdur! Əks məntiq qəbul edilmir və burada heç bir şairanəlik, metafora-filan yoxdur. İlham Əliyev artıq neçənci dəfədir dövlət müstəqilliyini günün yox, tarixin vəzifəsi kontekstində şərh edir. Həm 1918-ci ilin, həm də 1992-ci ilin başagəldilərinə müraciət edərək Azərbaycanın indiki siyasi statusunun qədir-qiymətini verməyə çalışır. Və ən mühümü də budur ki, Prezident operativ yaddaşının məhsullarından istifadə etsə də heç bir hadisənin təsvirində, nəqlində ümumiyyətlə təhrifə yol vermir. Yanılmır. Fərqi yoxdur, bu Paşinyanla debatla bağlıdır, ya Qaragüruhun marginal mülahizələrinə cavab, Orli aeroportunda terror törədən ermənidən gedir söhbət, yoxsa, qədim toponimlərimizin nəzərdən qaçırıldığı Azərbaycan xəritələrinə saymazyana məmur yanaşmasından. Elə bu səbəbdən də Əliyevin nitqində səslənən ittihamların, səslənən məlumatların hər birinin arxasında ciddi tarixi faktlar var. Bugün siz onların bir neçəsini eşidəcək və görəcəksiniz. Ona görə ki, mən baxıram, deyəsən qaragüruh stajlıları hamının ya rəhmətə getdiyini düşünür, ya da “mənə nə e, özləri bilər, bir tikə abrımız qalıb, onu da itirək?” deyə abrının artıq-urtuğunu dal cibinə dürtərək qıraqda gəzir. O 92-ci ilin qara qızdırmalı illərində hakimiyyətə oturmuş qaravəllilərə gərək kimsə nəsə desin axı. Hətta Əliyevin çıxışlarını təkzib etmək cəhdləri də görürəm. Ay ay ay..! Sizi xətəkarlar! Qırışmallar! Tələsməyin. Biz sağıq. Ölməmişik. Azərbaycanın Ən Yeni tarixinin ən köhnə, ən nimdaş vücudları, buyurun öz keçmişinizi unutmusunuzsa, narahat olmayın, biz yadınıza salarıq. Axı mən demişdim, biz demişdik ki, məsum yeniyetmələrimizin, məlumatsız siyasi bakir gənclərimizi pozmağa heç kimə imkan verməyəcəyik. Nəsə. Başlayaq. Beləliklə, başlayaq əvvəlcə Prezidentin Azərbaycan hərbçilərinin qarşısında çıxışından. Dövlət başçısı yaxın tarixdən misal çəkir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi”

İndi isə 1992-ci ildə Azəbaycanın Müdafiə naziri Rəhim Qazıyevin Laçının işğlı ərəfəsindəki çıxışından bir parçaya baxaq. Qazıyev səngərləri qoyub hakimiyyət ardınca Bakıya qaçan döyüşçülərini cəbhəyə qaytarmaqdan ötrü paytaxta gəlmişdi. Bu kadrları çox görmüsüz. Amma necə deyərlər, Araz axır, gözümüz baxır. Bir baxmışıq, bir də baxaq. Qulaq asaq.

O günlər Şuşanın və Laçının təslim edilməsində birbaşa iştirak edən Rəhim Qazıyev məgər Prezident deyənləri demir?

Prezidenti dinləməkdə davam edirik. İlham Əliyev yenə də dəlil və faktlarla çıxış edir. O hadisələrin sonrasını danışır və doğru danışır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi”.

İndi isə Prezident Elçibəyi dinləyək. 1993-cü ilin əvvəli. Elçibəy-Kərimli hakimiyyətinin Prezident Sarayındakı fövqəladə müşavirəsi. Baxın. Məgər Elçibəy İlham Əliyevin bu gün dediklərini demirmi?

Prezident İlham Əliyev deyirdi ki, talançılıqlar baş verirdi, kabelləri kəsib aparırdılar və s. Elçibəy tarixin o başından!dəstək verdi. İndi isə diqqət. Dövlət Katibi Əli Kərimovdu tribunada. 1993- cü il. Əli Kərimli bu gün Prezidentin dediklərini daha geniş, daha təfərrüatı ilə demirmi?

Fikir vermişəm, adətən Prezidentin acı həqiqətlərə və tarixi faktlara istinadla söylədiklərinə birinci cavabı Elçibəy hakimiyyətinin Baş naziri olmuş Pənah Hüseyn verir.

Məsələn, bu yaxınlarda o Müdafiə naziri Zakir Həsənovun REAL TV-yə verdiyi müsahibədən narazı qalmış, hətta ona dərs də vermək istəmişdi. Elə ona görə də geriyə qayıdaq. Pənah Hüseynov 1993-cü ildə xüsusi helikopterlə cəbhə zonasına uçaraq gəlir, helikopterin yanında qanı və canı ilə əlləşən yaralı əsgərlərin üzünə baxmadan düz keçib gedir. Səbəb min ola bilər. Amma hər halda gedir. Baxaq və yadımıza salaq.

Və bu hörmətli, yaralı əsgərlərin yanından düz keçən keçmiş Baş Nazir Müdafiə Naziri Zakir Həsənovu müharibə mövzusunda ittiham edir. İndi isə geriyə doğru daha bir addım irəli! Dövlətin Fövqəladə müşavirəsi. Surət Hüseynovun tələbi ilə adsızcasına istefa vermiş Baş Nazir P.Hüseynov barədə Ali Məhkəmənin sədri Tahir Kərimli danışır. Daha doğrusu Ali Məhkəmənin sədri Baş nazirdən Prezidentə şikayət edir. Mafioziləri Nazirlər Kabinetinə gətirdiyinə, sədrə işləməyə imkan vermədiyinə görə.

Xalq Cəbhəsi qaragüruhunun ümumi talan prosesinin tərkib hissəsi tək bir faktı da qeyd edim. Ali Məhkəmə sədrinin bir təklifini. Yəqin ki, ölkədə haqqın və ədalətin iflic olduğu vəziyyəti o təklifdən yaxşı heç nə əks etdirə bilməz. Ali Məhkəmənin sədri Prezidentdən bilirsiz nəyi xahiş edir... Maraqlıdır?

Onda baxın. Bu gün Azərbaycanın məhkəmə sisteminin ədalətindən tez-tez şikayət edən qaragüruhbaşılar hakimiyyətdə olduqları dövrdə bu zavallı ədalətin başına hansı oyunlar açırmışlar ki, Tahir Kərimli belə əcayib təkliflə çıxış edir? 1993-cü il. Prezident sarayı.

İndi isə uzun müddətdir susduğum bir mövzuya keçirəm. Bir neçə ildir ki, qara güruhun künc-bucaqda xısın-xısın qurdaladığı, öz aləmlərində guya indiki hakimiyyəti pis yerindən vurduqlarını zənn etdikləri bir məlumata. Azərbaycanın erməni kilsələrinə qaz verməsi barədə kontekstdən çıxarılmış, təhrif edilmiş, məqsədli şəkildə mənfi rəyə yönləndilmiş xəbərə. Uzun-uzadı düşünürdüm. Cavab vermirdim. Axı qaragüruh niyə bu xəbərin yaxasını buraxmır. Axı vaxtında, ideoloji müstəvidə öz işini görmüş, dünyada, beynəlxalq müstəvidə, ermənilərin apardığı guya azərbaycanlılar ermənilərə az qala irqi nifrət bəsləyirlər!” məzmunundakı təbliğata ciddi zərbə endirmiş bu məlumat nədən gündəlikdə həyasız bir hikkə, bir inadla saxlansın. Nə baş verib axı? Özü də müsahibəni alan müəllif kimi yəqin mən daha yaxşı bilərəm də, erməni kilsəsi nədi, Azərbaycan qazı nədi... Baxmayaraq ki, bu xəbərdən dərhal sonra Gürcüstan hökuməti də, Gürcü kilsəsi də əsaslı bəyanatlar, sual saxlamayan cavablar vermişdilər. Bildirmişdilər ki, qazı Azərbaycan yalnız Gürcüstana verir, gürcülər isə özləri qazı paylayır, o cümlədən məbədlərə. Pullusunu da, pulsuzunu da. Erməni kilsələri isə müftə qaz almırlar və s.

Amma bu xəbərlər korluğa vurulurdu. Karlığa vurulurdu. Bir ucdan ulaşırdılar: Azərbaycan ermənilərə pulsuz qaz verir, qaz verir! Verir! Hipnoz xitabları kimi qulaqlarda idi... sözüm bunda deyil. Qaragüruhun peşəkarlığa heç bir yeri ilə dəxli olmayan qoltuqaltı, qoxu altı mediya platformalarında bu xəbər Azərbaycanı, SOCAR-ı linç etək məqsədilə panelə çıxarılmışdı. Axı niyə? Nə üçün? Növbəti Qarabağ danışıqları ərəfəsində bir tryuk kimi ortaya atılmış bu hiyləgər xəbərlə Azərbaycanı niyə özümüzünkülər vursun axı. Səbəbini axır ki, tapdım. Sensasiyaya hazır olun. Əslində sensasiya demək də doğru olmazdı. Çünki indi baxacağınız bir parça sizə tanış olmalıdır. Azərbaycanın 1992-ci ildə Baş Prokuroru olmuş İxtiyar Şirinov bayaqdan parçalarına baxdığınız xüsusi müşavirədə çıxış edir. Tribunada çıxış bitir. Prezident Elçibəy sual verir. Baş Prokuror isə cavab. Prezident Azərbaycan benzinin Ermənistanda satılmasının dəhşəti, vəhşəti altındadır. Adam səmimiyyətlə, acizanə surətdə nümayiş etdirir ki, o bu rüsvayçılıqda yoxdur və iştirak etmək istəmir. Gözümüzün qabağında Prezident Sarayı məhkəmə zalına çevrilir. Güc nazirləri bir-bir dindirilirlər. Əvvəlcə Baş Pokuror.

Cavabı daha sonra başqaları da verir. O zamanın Daxili İşlər naziri Abdulla Allahverdiyev bu dövlət rüsvayçılığını belə izah etməyə çalışır.

Milli Təhlükəsizlik naziri Fəxrəddin Təhməzovun məruzəsi daha təfərrüatlıdır...

Ermənilərə yanacaq, benzin satarkən, iş başındamı, cinayət başındamı yaxalanan iqtidarın tərcümeyi-halında bu xəcalətli əməl ölənədək qalacaq. Bəli. Mən bu ifadələri çəkinmədən işlədirəm. Hər gün şəhid aldığımız o illərdə, müharibənin qızğın çağında ermənilərə benzin satan siyasət möhtəkirləri. Şərəf və vicdan dəllalları. Bax bu gün o insanların kompleksi var. Onlar özlərinə ləkədaş, mənəviyyat cəhənnəminə yoldaş axtarırlar. Azərbaycan tankının, Döyüş maşınlarının, helikopterlərinin yanacağını oğurlayıb Ermənistana satan bu adamlar necə yenidən hakimiyyət iddiasına düşə bilərdilər axı... Qaragüruhun, antimilli şuranın neftə neftin qiymətinin düşməsinə sevinməsinin bir ucu da elə sata bilmədikləri qara qızıla gedib çıxır. Mənə qismət olmayana lənət!məntiqiylə.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər."

Mən tarixin dərinliklərinə vardıqca, bizim qaragüruhla erməni separatçılarının əlaqəli olduqlarını daha yaxşı görür, onların bir-birinə verdiyi dəstəyi daha aydın sezirəm. Və məsələ heç də keçmiş Baş nazir Pənah Hüseynovun dediyi kimi deyil. Yəni indiki iqtidarın rəqibi Elçibəyçilik deyil. Daha dəqiq deyək. Bu gün iqtidar, dövlət koronavirusla mübarizə aparır. İndi bu o deməkdir ki, İqtidarın rəqibi korona virusdur? Yox əlbəttə. Burada rəqabətdən yox zərərli, antimilli, antidövlət, mütəşəkkil bir kriminal dəstədən gedir söhbət. Rəqabətin bura nə dəxli? Bir faktı da mütəq etiraf etmək lazımdır. Adətən ermənilər qalib gələndə Azərbaycan qaragüruhu da qalib gəlir və əksinə ermənilər zəifləyəndə. Uduzanda Azərbaycanın antimilli qüvvələri də zəifləyir. Məğlub olur. Məsələn, bu gün Ermənistan bütün beynəlxalq meydançalarda Azərbaycana uduzur. Dağlı Qarabağ ermənilərinin uzun illər guya Azərbaycandan ayrıldığını dünyaya göstərmək, müstəqil respublika kimi de-fakto mövcud olduqlarını beynəlxalq mühitə sırımaq niyyətləri bu dəfə də alınmadı. Qaragüruhun antimilli xisləti ifşa olunan radələrdə erməni separatçıları əsil şəxsiyyət vəsiqələrini göstərməli oldular. Və aydın oldu ki, ermənilər sənədlə, sübutla etiraf etdilər ki, Qarabağın Şəxsiyyət vəsiqəsi Azərbaycana məxsusdur. Dağlıq Qarabağ Azərbaycandır! Amma Azərbaycan dövlətinin bu tip diplomatik uğurunu qaragüruh görmür. Baxmayaraq ki, dövlət birdir. Ləyaqətli müxalifət dövlətə müxalifətçilik etmir. Cəmil Həsənli olanda nə olar: axı ortada 28 ildir ki gizlədilən faktın faş olması var. neçə illərdir separatçı Dağlıq Qarabağ adamı oğrun-oğrun Azərbaycana məxsus olduğunu elan etməkdəymiş. Cəmil Həsənli nə vaxtsa Azərbaycan anasının südünü əmib axı ya da əmməliydi. Atasının ruhunun uçduğu helikopteri erməni separatçılarla birlikdə hər gün atəşə tutan Osmanqızının ruhu doğrudanmı bunca murdar olub? Ola bilməz axı? Təsəvvür edin. Belova Marinanın pasportunda qeyd olunur ki, o Azərbaycanın Martuni rayonunda doğulub! Bu sadəcə bir vətəndaşın həyatında qeyd edilən detal, bir dəftərxana etirafı deyil. Bu Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil respublika kimi tanıtmağa çalışan İrəvanın fiaskosudur. Dağlıq Qarabağda doğulanların bu gündə dünyaya Azərbaycan vətəndaşı kimi gəldiklərini sübut edən bu sənəd yadıma Rambuedə Ermənistan-Azərbaycan prezidentlərinin görüşünü saldı. Mən heç də Koçaryanın görüşü yarımçıq qoyub Rambuye qəsrinin ayaqyolusundan sivişib İrəvana qaçmasını nəzərdə tutmuram. Amma bu da maraqlı əhvalat idi. Yadımdadır ki, Ermənistan prezidentini müşayiət edən jurnalistlər arasında Dağlıq Qarabağda doğulan bir müxbir qadın da vardı.. Görüşlərə, tədbirlərə gedəndə hamımız sənəd təqdim edirdik. O isə ya geridə qalırdı. Ya da bizdən çox irəli cumurdu ki, sənədini görməyək. Heç bir halda sənədini bizim yanımızda təqdim etmirdi. Səfərin sonuncu günü Əsgər müəllim, ya AZƏRTAC-ın Fransadakı əməkdaşı idi, ya da diasporunmuzun nümayəndəsi, yaşlı bir kişi idi, bizə dedi ki, onun sənədində də doğulduğu yer eynən bayaq gördüyünüz kimi Azərbaycan yazılıb. Onda aramızda Əsgər müəllimə inananlar da oldu. İnanmayanlar da. Amma bu gün artıq inanmayan yəqin ki olmaz! Ortada bu boyda fakt var. İndi anlaşılır ki, Ermənistan Dağlıq Qarabağı niyə heç özü də tanıya bilmir. Prezident Ermənistanın müstəqlliyinə istehza edəndə heç şübhəsiz belə əlamətlərə də istinad edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. “

İlham Əliyev Ermənistanın bu günü, indiki rəhbərliyi haqqında danışanda siz nə hiss etdiniz? Mən hiss etdiyimi deyim: Bu günki Ermənistanın idarə olunma stili 1992-ci il Azərbaycanını qara güruhun idarə etməsinə çox bənzəyir. Baxın. Dinləyin və müqayisə edin:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, - bir fond yaradıblar, - o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni, bu gün Ermənistanın baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir. Ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Çünki ölkə özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur."

Deməli belə. Gördünüz Xalq Cəbhəsi Hakimiyyəti ilə Paşinyan hakimiyyətinin oxşar cəhətlərini? Qaçaqmalçılıq. Talamaq. Sonradan varlanmaq. Prezident dedi ki, “Ermənistan özü-özünü saxlaya bilmir, öz sərhədlərini qoruya bilmir, xarici ölkələrin əsgər və zabitləri onların sərhədlərini qoruyur”.

İndi xatırlayaq: Bəs o zaman Azərbaycan nə etməyə hazırlaşmışdı? Kimin yadındadı? Mən unutmamışam:

Deməli, Azərbaycan öz sərhədlərini başqa dövlətin əsgərinə etibar etməyə hazırlaşırdı. Sənəd də paraflanmışdı… Bizi belə bir dövlət gözləyirdi. Ermənistan adını mətndən qəsdən çıxarıram. Təsəvvür edək ki, söhbət Azərbaycandan, Allah göstərməsin, Xalq Cəbhəsinin idarə etdiyi düşkün, rəzil respublikadan gedir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Öz hərbi gücünü təmin edə bilmir, xarici dövlət orada hərbi baza saxlayır, silahlar ala bilmir, xarici dövlət onlara pulsuz silah-sursat verir. İqtisadiyyatı düz qura bilmir, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayır.”

Bu xatırlatmaları da günün yeniyetmələrini, məsum siyasi bakir və bakirələri yoldan çıxarmağa çalışanların ağlını tərpətmək üçün etdim. İdeallaşdırdıqlarını qoy ağıllı gənclik yenidən görsün, yenidən qiymətləndirsin. Həqiqətin özünü görsün. Qrimsiz. Çılpaq. Prezident dedi ki, belə bir ölkənin gələcəyi çox qaranlıqdır. Bizdə də qaranlıq ola bilərdi. Əgər Heydər Əliyev dövləti, xalqı xilas etməsəydi. İlham Əliyev siyasi varis məsuliyyətini öz üzərinə götürməsəydi. Prezident Ermənistanı nəzərdə tutaraq dedi ki, belə bir ölkənin gələcəyi çox qaranlıqdır. Bizdə də qaranlıq ola bilərdi. Əgər Heydər Əliyev dövləti, xalqı xilas etməsəydi. İlham Əliyev siyasi varis məsuliyyətini öz üzərinə götürməsəydi. Biz indi Mingəçevirə baş çəkək. Bir işıq estafeti boyunca Əliyevlərin yoluna baxaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.

Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi – 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır.

Təbii ki, ondan sonra, xüsusilə son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub” təxminən 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xidmətlərini biz xüsusilə qeyd etməliyik.

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi. Düzdür, energetika sistemimiz köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada generasiya davam edirdi. O illərdə biz böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi, gündə iki saat, Bakı şəhərində də həmçinin. Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək mümkün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, milyardlarla. Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq.

Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təqdim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik. Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır – bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var – qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tamamilə müstəqilik və iqtisadi-enerji müstəqilliyi budur. Biz bunu əldə etmişik, Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Burada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik.”

İşıq müstəqilliyi. Strateji bağımsızlıq. Bu müstəqillik başqa istiqlal istiqamətlərindən həm də çoxtəyinatlılığı ilə artıqdır. Burada düymənin kimin əlində olması amili həlledicidir. Xüsusilə bu günlər, yer kürəsinin ən zəruri ehtiyacların ödənilməsilə bağlı problemlər yaşadığı zamanda Azərbaycan İstilik Elektrik Stansiyasının yenidən qurulması Dövlət Müstəqilliyinin təminatında əvəzsiz rola malik olacaq. 2018-ci ildə Mingəçevir Stansiyasında baş vermiş o dəhşətli qəzanın fəsadlarını öz dərisində hiss etmiş, bütün ölkəni zülmətə qərq edən həmin hadisədən sonra qəza yerində işləmiş jurnalist kimi mən bu mənzərənin nəhəngliyini, insan gücünün, fədakarlığının hüdudsuzluğunu yaxşı başa düşürəm. Heydər Əliyevdən gələn işıq estafetini İlham Əliyev qəbul etdi. Obrazlı desək ortada qaranlıq məsələ qalmadı. Mən o işıqda bu gün pandemiyadan əziyyət çəkən insanlarımıza, onların başı üstündə ağ xalatlı mələklər kimi qanad çalan həkimlərimizə baxıram. Biz işığa doğru gedirik. Korona virus başımızı qatıb, hə, bu düzdür. Amma Azərbaycan öz yeni həyat tərzinə, yaşamaq obrazına daxil olmaqdadır. Nazirlər Kabineti Yanında Operativ Qərargah TƏBİB və digər strukturlarla birgə fəaliyyətdədir. Çox çətin bir missiya yerinə yetririrlər. Cəmiyyətimizin ayrı-ayrı məsuliyyətsizlərinin cahilliyi və avamlığı səbəbindən virusa yoluxanların sayı artıq neçə gündür ki, 500-dən artıqdır. Operativ Qərargahın. TƏBİB-in yalvarış-rica siyasəti gözlənilən effekti tam vermir. Torpaq yollarla fərarilik edənlər sağlam insanları necə bir risk qarşısında qoyduqlarını anlamırlar. Ölməyə vətən yaxşı deyən babaların bir sıra nəvələri “öldürməyə vətən yaxşı!” deyə öldürməyə, xəstələndirməyə üz tuturlar. Dövlət müstəqilliyinə birbaşa qəsd olan bu hərəkətlərə ideya bazası olaraq alternativ mediya özünü təklif edir. İnsanlarda şübhə, inamsızlıq, tabesizlik yaradan əsas qüvvələr sosial şəbəkələrdədir. Ən acınacaqlısı da budur ki, sağlam məntiqə əsaslanan, dövlət, millət müstəvisindən itələnərək cəmiyyətə söz deyən, məsələn millət vəkilləri Fazil Qəzənfəroğlu, Fəzail Ağamalı, jurnalist Aynur Camalqızı və başqaları kimi mövqeli insanlar mənəvi terrora məruz qoyulur. Əksəriyyət isə abrına quyruq kimi qısılıb susur. Niyə Milli Məclis quzu susqunluğu göstərir. Polisə sosial şəbəkə qara basqı edəndə Parlament üzvlərinin böyük əksəriyyəti ölmüş həssaslıqlarını sürəkli sükutlarla yad edirdilər… Niyə Ənənəvi və alternativ mediya arasında toqquşma baş verməkdədir. Qaragüruhun kök saldığı sosial şəbəkələr, xüsusilə facebook platforması bu saat xüsusi xidmət orqanlarının fasiləsiz müayinə etməli olduğu əsas düşərgədi. Xüsusi istedad yiyəsiyik. Məsuliyyətsiz davranırıq. Maska taxmır, gigiyenamızın qayğısına qalmırıq, sosial məsafə saxlamırıq, bütün müsbət nəticələrin üzərinə cəhalətimizlə tarana gedirik, sonra da deyirik ki, günahkar TƏBİB-dir. Çünki TƏBİB-in mədəniyyəti çatır ki, deməsin.

Ay vətəndaş! sizə, məsuliyyətsizliyinizə görə ala bilmirik gözlənilən effekti. TƏBİB-in xəbərdarlıqlarına məhəl qoyulmadığından xəstəxanalarda yer problem yaranır. Axı deyilmişdi. Heç bir ölkənin səhiyə sistemi nəzarətdən çıxan miqyasa, saya davam gətirməz, xəstələnməyin. Özünüzü qoruyun… Deməli əcəb işdi: siz, biz qulaq asmırıq, koronalığımıza vururuq, damda kabab çəkirik. Maska taxmırıq. Xəstələnirik, günahkar kim olur, Qərib. EEE TƏBİB… Sosial şəbəkələrdə TƏBİB-in üstünə düşüblər. Mənfi rəy formalaşdırırlar. Dünənədək Səhiyyə Nazirliyinə az qala meyxana qoşan internet sakinləri bu gün başqa hava çalırlar. TƏBİB pis işlədiyi üçün hansısa xidmətləri yenidən qaytardılar Səhiyyə Nazirliyinə. Ya yaxşı, ya da pis. Üçüncü variant yoxdur sosset təkhüceyrəlilərində. Baxmayaraq ki, baş verən dəyişikliklər nə TƏBİB-in pis işləməsinin, nə də Səhiyə Nazirliyinin daha yaxşı işləməsinin nəticəsidir. Hər şey daha sadədir. Dövlət bütün uyğun istiqamətlərin, müvafiq sahələrin əlbir işləməsi üçün, hər gün dəyişən şəraitə uyğun addımlar atır. Nə qədər qəribə səslənsə də bu belədir: xəstəlik sayı artırsa, bu sosial məsuliyyətsizliyin nəticəsi, müsbət dəyişikliklər baş verirsə, bu dövlətin prosesi bir sıra hallarda təkbaşına idarə etməsinin nəticəsidir. Sosial şəbəkələrdə isə məhz dövlət vurulur. Vətəndaşların sərbəst gəzintiyə meyl, evdə qalmaqdan yorulmaq, xüsusi formullarla yaşamaq kimi hallardan bezmək kimi ovqatlarına toxunulur. Qızışdırılır. Burada əsas hədəf dövlətdir. Onun sabitliyə, sakitliyə cavab verən strukturlarıdır.

Bəlli ünvanlar var ki, qara güruh da, ağ qiyafəli həmcinsləri də məhz onu vaxtaşırı vurur. Dövlət məmuruna qarşı kütləvi kin təlqin edilir. Xüsusilə son zamanların islahat ruhundan su-istifadə edilir. Əvvəllər anonim adlarla işləyən şəbəkə məxluqları indi o qədər abırsızlaşıblar ki, day adlarını, soyadlarını da gizlətmirlər. Məsələn, polisi söy, təhqir et kompaniyasında sosial şəbəkəni idarə edən qaragüruh hamının bir nəfər kimi səfərbər olmasını təşkil edir. Amma “polisə gül at!anlar”dərhal lənətlənir, qaragüruhun üfunətpərvərlərinə qoşulan dırnaqarası ziyalıcığazlar internetdə ictimai qınaq yaradırlar. Halbuki ictimai qınağı koronavirusdan daha təhlükəli olan virus-insanlara qarşı yaratmaq lazım idi. Xalq ideologiya və informasiya arasında qalıb. İqtidarın sosial şəbəkədə öz siyasətini çatdırmaq imkanları ya pis təşkil edilib, ya da heç yoxdur.

Həkimləri Prezident, Birinci vitse-prezident ayaq üstə alqışlayır. Amma sosial şəbəkələrdə maraqda dayanan canlılar insanların dərdi ilə oynayır, məsələn, bu günlər təkcə Azərbaycanın, Qafqazın deyil, Avropanın ən yaxşı xəstəxanalarından olan Bona-Deanın üzərinə gedildi.

Heç nəyi araşdırmadan. Yalnız bir ananın emosianal vəziyyətindən istifadə edərək, əslində adi bir istehlakçı münasibəti, işçi yanaşmanı vətəndaşlarda sahibkarlara nifrət müstəvisinə keçirdilər. Sahibkarların haqqını, hüququnu hələ bir kənara qoyuram… Sırf həkim və səhiyyə sistemindən danışıram. Dediyim kimi, sosial şəbəkələrdə bu gün həkimləri qaralayır, xəstəxanaları gözdən salırlar. Baxmayaraq ki, bu gün həkim və xəstəxana mövzusu az qala toxunulmaz olmalıdır. Ön cəbhədə döyüşən əsgər kimi. Həkimlərin üzü saatlarla maska alıtnda qalaraq zədələnir ki, ağ ciyərləriniz zədələnməsin. Maskanı çənənə bağlama! deyir həkim, ona görə deyir ki, sabah çənənin elə həmin yerindən ağ tənziflə bağlamasınlar! Həkimləri, polisi gözdən salma cəhdləri ölkənin içində qarışıqlıq yaratmağa hesablanıb, sabitliyin nüvəsinə tuşlanıb. Korona virus adət etdiyimiz həyat tərzini, öyrəşdiyimiz emosianal normaları, hərgünkü xasiyyət və xarakterimiz dəyişməyi tələb edir.

Söhbətimizin əvvəlinə qayıdırıq. Bu həftəmiz də dövlət müstəqilliyimizə, vətəndaş təhlükəsizliyimizə işlədi. Bu həftə həm də dövlətçilik fəhlələrinə, dövlət qulluqçularına məxsus idi. Onların peşə bayramları idi. Prezident Yanında İdarəçilik Akademiyasının Rektoru Urxan Ələkbərovla görüşdük. Müsahibə yeni zaman, yeni çağırışlar dövlətinin, Azərbaycanın uğur reseptinin elmi izahını əhatə etdi. Və bu müsahibəyə baxanda bir daha əmin olacaqsınız ki, dövlətin inkişafı sadəcə bəxtimizin gətirməsi, qara qızıl, ağ qızıl nə bilim 9 iqlim qurşağı kimi poetik ifadə tərzlərində cövlan edən maddi sərvətlər, təbiət fürsətləri, ilahi şanslar deyil. Dövlət Müstəqilliyi və Dövlət inkişafı əslində elmdir. Urxan müəllimlə müsahibəyə baxın xahiş edirəm. Populizm yoxdur, mədhiyyə yoxdur, sadəcə faktlar var.

Sonda daha bir müsahibəyə baxmağınızı istəyəcəm. Əməkdaşımız Kamran Qasımovun NATO Baş katibinin Cənubi Qafqaz Və Mərkəzi Asiya Üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla müsahibəsinə.

Belə. NATO Baş katibinin xüsusi nümayəndəsi bu gün Azərbaycanın adi bir kütləvi informasiya vasitəsinə eksklüziv danışır. Amma ən böyük olan təbii ki, Azərbaycandır, onun nüfuzu, çəkisi, BMT-ni belə iclasa çağırmaq səlahiyyətidir ki, bu məqamla fəxr etmək olar. İndi məncə çətin olmaz, işıq, ordu və sağlamlıq təhlükəsizliyinin dövlət müstəqilliyi mahiyyətində cəmləşməsini anlamaq. Həftəni belə bitirək Salamat qalın.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər