Sahibkarlara müraciət (VİDEO)

Sahibkarlara müraciət (VİDEO)
İşlərini karantin qaydalarına uyğun həyata keçirməlidirlər

Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur, hər gün 500-dən çox insan virusa yoluxur. Ölənlərin sayı da azalmır.

Hamı danışır ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir. Amma heç kəs buna görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Halbuki, bütün bunların əsas günahkarı da elə biz hamımızıq.

Tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, parklarda və meydanlarda insan əlindən, küçələrdə isə avtomobillərin sıxlığından tərpənmək mümkün deyil. Özü də bu vəziyyətin səbəbkarları yalnız sms-lə icazə alıb küçələrə axışanlar deyil. Burada sahibkarların da rolu böyükdür.

Məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq sərtləşdirilmiş karantin rejimində bir sıra müəssisələrin fəaliyyətinə icazə verilib. Həmin müəssisələrin səlahiyyətli nümayəndələri “icazə.e-gov.az” portalına müraciət edərək öz əməkdaşları üçün işə çıxmaq icazəsi alırlar.

Bununla bağlı Nazirlər Kabinetinin yanında Qərargahın tövsiyyələri də var:

-əməkdaşların hamısını eyni gündə işə çıxarmayıb, növbəli iş rejimi tədbiq etmək.

- Hər gün ümumi işçi sayının üçdə birini, yaxud yarısını işə çıxarmaqla, həm onların kütləvi surətdə koronovisa yoluxma riskini azaltmaq, həm də məhdudlaşdırılmış işçi sayı ilə mümkün qədər normal iş prosesini təmin etmək.

-Amma biz real həyatda nə görürük? Sahibkarlar bir çox hallarda növbəli iş rejimi təmin edərkən hər həftə lazım olan işçi sayına icazə almaq əvəzinə işçilərinin hamısına işə çıxmaq icazəsi alırlar. Yəni, işçi heyətinin yalnız 30% işə çıxırsa belə, yerdə qalan 70% də sərbəst şəkildə həmin icazədən sui -istifadə edərək, sərbəst hərəkət etmək imkanı əldə edir. Onların da bir qismi küçələrə “könüllü” virus axtarışına çıxırlar.

Nəticədə ictimai yerlərdə, ictimai nəqliyyatda, ofis və inzibatı binalarda sıxlıq yaranır ki, bu da virusa yoluxma riskini dəfələrlə artırır. Bununla da “virusdan özünü qoru, evdə qal” şüarının mənası itmiş olur.

Sahibkarlıq subyektlərinin xətti ilə icazə alanların böyük bir hissəsi də əmək müqaviləsi ilə deyil xidməti muqavilə əsasında işə cəlb olunan şəxslərdir. İş o yerə gəlib çatıb ki, bir sıra hallarda Asan Xidmətdən icazə almış xidməti müqavilə ilə işə cəlb olunan şəxslərin sayı əmək müqaviləsi ilə işləyənlərin sayından dəfələrlə çox olur. Bütün bunların qarşısının alınması, infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə Nazirlər Kabineti tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi məsələsinə yenidən baxmalı olub. Nazirlər Kabinetinin yeni qərarına əsasən, fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına 50%-lik limit qoyulub.

Yəni bu sahələrdə fəaliyyət göstərən sahibkarlar ümumi işçilərinin yalnız 50 faizinin işə çıxmasına icazə ala bilərər. Xidməti muqavilə ilə işləyənlərə verilən icazələrin sayına daha ciddi məhdudiyyətlər tətbiq edilib. Fəaliyyətinə icazə verilmiş 53 sahədən 13-ü üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Məsələn, sözügedən sahələrdə fəaliyyət göstərən bir şirkətin əmək müqaviləsi ilə çalışan 100 işçisi varsa, onlardan yalnız 50-nə, əlavə olaraq xidməti müqavilə əsasında işə cəlb olunan 30 nəfərə, ümumilikdə 80 nəfərə “icaze.e-gov.az” portalından icazə alına bilər. Bu sahələr aşağıdakılardır: Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırılma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, tərcümə xidmətləri. İqtisadiyyat Nazirliyinin elektron bazasına əsasən sadalanan 13 fəaliyyət sahəsi ümumilikdə 66105 işçisi olan 6999 sahibkarı əhatə edir.

Ola bilsin ki, bu bir başlanğıcdır və tətbiq olunan məhdudiyyətlər istənilən nəticələri verməzsə, onlar fəaliyyətinə icazə verilmiş sahələrin digərlərinə də şamil edilə bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər