AİİB Özbəkistana kredit ayırıb

AİİB Özbəkistana kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) direktorlar şurası Özbəkistana yol infrastrukturu layihəsi üçün 165,5 milyon ABŞ dolları kredit ayrılmasını təsdiqləyib.

Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, vəsait Buxara bölgəsində yol hərəkətinin səmərəliliyinin, habelə yollarda təhlükəsizliyin və davamlılığın yüksəldilməsi işlərinə yönəldiləcək. Özbəkistanın avtomobil yolları şəbəkəsi Mərkəzi Asiyada yük və sərnişin daşımalarında vacib rol oynayır. Bununla yanaşı, nəqliyyat xidmətlərinə artan tələbatı ödəmək istiqamətində Özbəkistan yol infrastrukturunun müasirləşdirilməsinə lazım olan vəsait çatışmazlığı ilə üzləşib. Hökumət yol infrastrukturunun inkişafını prioritet istiqamət elan edərək, bu işlərin həyata keçirilməsi üçün maliyyə vasitələrini təmin etməyə çalışır. “Buxara yol şəbəkəsinin inkişafı” layihəsinin 1-ci mərhələsi bölgədə 78 kilometr uzunluğunda yolun bərpasını və əsaslı təmirini əhatə edir. Layihənin həyata keçirilməsi bölgə üzərindən beynəlxalq yük daşımalarının çoxalmasına təsir etməklə yanaşı, kənd təsərrüfatı və sənayenin dirçəlməsinə də müsbət təsir göstərəcək.

Xatırladaq ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılmış bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AIIB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla 80 layihəyə ümumilikdə 17,89 milyard dollar kredit ayırıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər