Vyanada 45 nəfər COVID-19-a yoluxub

Vyanada 45 nəfər COVID-19-a yoluxub

Avstriyada koronavirusa yoluxma hallarının azalması fonunda növbəti müsbət hadisə baş verib. Mart ayından bəri ilk dəfə olaraq bir sutka ərzində ölkənin yeddi federal əyalətində yeni növ koronavirusa yoluxma halı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, yoluxma halları cəmi iki federal əyalətin payına düşüb. Yuxarı Avstriya federal əyalətində bir nəfər, Vyanada isə 45 nəfər COVID-19-a yoluxub.

Vyana şəhərində yoluxma hallarının yuxarı olması şəhər meriyası tərəfindən bir neçə səbəblə izah olunub. Ölkə əhalisinin dörddə birinin yaşadığı paytaxtda əhalinin sıxlığı digər regionlara nisbətdə yuxarıdır və məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının artacağını gözləməyə əsas verirdi. Digər tərəfdən Vyanada səhiyyə qurumları profilaktik tədbir kimi şəhərdəki böyük şirkət, müəssisə, dövlət qurumu və təhsil ocaqlarında testlər həyata keçirir. Buna görə də burada yoluxma hallarının sayı daha yüksəkdir.

Bununla belə, may ayı ərzində qeydə alınan yeni yoluxma hallarının (757) təxminən 63 faizi paytaxt Vyana şəhərinin payına düşüb və bu göstərici də hökumət qurumları ilə Vyana şəhər meriyası arasında gərginliyə səbəb olub.

Hazırda Avstriyada aktiv koronavirus daşıyıcılarının sayı 377 nəfərə düşüb. Onlarda 97 nəfəri xəstəxana şəraitində müalicə alır. İndiyədək ölkədə 16 min 641 nəfər koronavirusa yoluxub, 668 nəfər isə həyatını itirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər