Gəzən xəstəlik - VİDEO

Gəzən xəstəlik - VİDEO
İnsanlar cəm halında maskasız gəzir, sosial məsafəni gözləmir

Səməd Vurğunun "Yadıma düşdü" şeirini yəqin ki, bir çoxunuz eşitmisiz. Çoxdandır görmədiyi Göyəzən dağını gördükdən sonra "Bizim gəlinlərin bayram qabağı, Fəsəli yaymağı yadıma düşdü" deyə misraları da yazmışdı.

Bu, onun arzusu idi. Arzusuna yetmişdi. İndi də vətəndaşların bir arzusu var. "Bircə, bu karantin bitsəydi, çıxıb rahat gəzərdik. Şəhəri, Tarqovunu." Elə insanlar da var ki, heç bunu arzulamır. Yoluxma sayının günü-gündən artmasına baxmayaraq, axşam saat 11-də, gün eynəyi ilə maskasız, sosial məsafəyə riayət etmədən, qrup halında cəmləşərək, 5 yaşındakı uşaqdan tutmuş, 65 yaşından yuxarı uşağa qədər hamı Bakının küçələrində boş-boş gəzir. Belə getsə, nə xəstələrimiz sağalacaq, nə də karantin bitəcək.

Küçənin o başından-bu başına gələn müxtəlif tip insanlar ağızlarında bir nəğməni tutub, elə gedirlər. Bu yol hara aparır? Yəqin ki, onlar bilmir. Amma mən deyim. Bu yol heç yaxşı yerə getmir. Hər kəs aydın düşünsə, bilər ki, evdə oturub, sosial məsafəni saxlayıb, hansısa nəğməni mızıldasa, başa düşərlər ki, ən gözəl nəğmə onların mızıldadığı nəğmədir. Əks təqdirdə bu nəğmə hamımızın həyatında "yasin"ə çevrilə bilər. Elə nitqimi də Səməd Vurğunun oğlu Vaqif Səmədoğlunun sözləri ilə bitirmək istəyirəm. "İndi gileydən, güzardan, Baş alıb qaçmaq, nə dua, nə qarğış, nə də nəzir demək vaxtıdır" Hamımız susub, bu bəlanın bitməyini gözləməliyik. Ən azından ölməmək üçün, sağ qalmaq üçün...

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər