Qızıl satışında rekord - VİDEO

Qızıl satışında rekord - VİDEO
"AzerGold" 20 milyon manatlıq qızıl-gümüş ixrac edib

Azərbaycandan rekord qiymətə qızıl-gümüş ixrac edilib. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, qurum pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi vaxtda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib.

Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişli şərtlər əsasında çarter reysi ilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib. İxrac nəticəsində 6769,37 unsiya qızıl, 15758,29 unsiya gümüşün satışından ümumilikdə 20 milyon 681 min manat həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 2986 manat, gümüş isə 29,5 manata satılıb.

Bu, “AzerGold”un fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bu günə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur. Mütəxəssislərin fikrincə bu il Azərbaycanın qızıl ixracı həm həcm, həm də dəyər baxımından əvvəlki illərdən daha çox olacaq.

Qeyd edək ki, koronavirusun yaratdığı qeyri-müəyyənliklər qızıla tələbatı artırıb. Bu ilin ilk rübündə qızıl əsaslı investisiya fondlarına son 4 ildə ən güclü axın yaşanıb. Digər tərəfdən böyük oyunçular arasındakı ziddiyətlər, iri şirkətlərin səhmlərinin dalğalanması, neftin ucuzlaşması fonunda bu əlvan metal etibarlı yatırım kimi daha çox parıldayır.

Qarşıdakı aylarda qızılın 1800 dollara qədər bahalaşacağı gözlənilir.







 

Digər xəbərlər
Bu gün
Dünən