Mir Şahinin vaxtı - VİDEO (10.05.2020)

Mir Şahinin vaxtı - VİDEO (10.05.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin.

İlk dəfə idi ki, REAL TV öz təyinatına uyğun olmayan layihə ilə, 1 saatdan azacıq artıq çəkən əsrarəngiz konsert proqramı ilə yayımda oldu. Xüsusi gün. Mayın 10-da. Məhz bu gün. Və bu adi, sıradan bir konsert, ənənəvi musiqi, nəğmə toplanışı deyildi. Bu kosmik bir layihə oldu.

Öndər Heydər Əliyevin 97 yaşı münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış virtual konsert proqramının xüsusi mesajları var idi.

Əvvəla, planeti bürüyən pandemiya səbəbindən konsert tamaşaçısız zalda keçirilirdi, yəni həqiqətən də zalda tamaşaçı yox idi. Amma onu həm də ən çox tamaşaçısı olan konsert hesab etmək olar. Çünki bütün ölkə konserti birbaşa izlədi. Hər bir tamaşaçı öz oturacağında Heydər Əliyev Mərkəzinin virtual davamı idi. Hətta belə də demək olar: Konsert nəinki Azərbaycanı, həm də proqramın izləndiyi hər bir ölkəni Heydər Əliyev Mərkəzinə çevirə bildi. Kosmik konsertin Drijoru Bakıda idi. Bakı idi. Heydər Əliyev Mərkəzi idi…

Dövlətin ideoloji rakursunu müəyyənləşdirən modern siyasi-ictimai kafedra planetar vitrinə zamanın yeni çağırışlarına uyğun tərzdə çıxır. Dəyişən, tam təzə formata keçən Yer Kürəsinin yeni coğrafi-fiziki ölçülərini Azərbaycan ən çevik qavrayan ölkələrdəndir. Prezident İlham Əliyevin beynəlxalq konyukturanı tez və qabaqlayıcılıqla duyması ölkəni bəşəri gələcəyin yumşaq vaqonlarına hazırlaması artıq bəhrə verməkdədir. Yeni və köhnə təfəkkür tribunaları artıq müasir doktrinalar ortaya qoyur. Azərbaycan multikultural xüsusiyyətləri ümumişlək qaydalar sisteminə çevirməyi bacarıb. Bakıda oturub Avstraliya tüstüsünə gözü yaşaran, öz şirin su payını ucqar bir qaradərili cocuqla bölüşən və nəhayət pandemiya ilə mübarizədə Dünya Səhiyyə Təşkilatına əl tutan Azərbaycanın qayğı və himayə ağuşu genişdir. Elə buna görə də Heydər Əliyevin ad günü münasibətilə öndərin adını daşıyan Mərkəzdə verilən şedevr konsert bu qarantin günlərinə planetə işıq ələdi. Bunu sadəcə görmək lazım idi. Pandemik təhlükəni nəzərə alaraq keçirilən bu konsertdə hər kəs ayrılıqda, hamı birlikdə idi. Konsertin unikallığının detalları üzərində dayanmayacam. Amma yeni zamanın möhtəşəm konsert nümunələrinin bundan sonra məhz belə olacağını gözləməliyik. Hazır olmalıyıq. Bu gələcəyin mədəni-kütləvi tədbirinin anonsu idi. Bu konsert dünya dəyişiminin daha bir yeniliyi idi.

May ayının 10-u. Azərbaycanın istiqlal gününə bərabər bir tarix. Heydər Əliyevin yarandığı gün. Məhz yarandığı. Mən Azərbaycan tarixində ondan tarixi, ondan əsaslı, ondan yerində və ondan vaxtında siyasətçi tanımıram. Heydər Əliyev milli ideologiyanın banisi deyil. Özüdür. Bu gün onun haqqında çox danışırıq. Hər danışdıqda onu özümüzün ölçülərinə salıb cəmiyyətə təqdim edirik.

Tutaq ki, hansısa siyasətçi, ədəbiyyatçı, idmançı, ictimaiyyətçi, və sair Əliyevi təhlil edir və bununla da onu özü boydalaşdırır. Füzuli demişkən. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Tutaq ki, Heydər Əliyevin böyük siyasətçi olmasını sübut etmək üçün biz çənə universallarını danışdırırıq. Əminəm ki, bundan öndər qazanmır. Mən belə şərhlər verməyəcəm. Mənim boyumluq deyil. Sadəcə bəzi fikirlərimi söyləyəcəm.

Heydər Əliyevin portreti Azərbaycanın milli ideologiyasının rəmzi kimi müxalifətli, iqtidarlı, birtərəfli bütün kabinetlərdə asılmalıdır.

Ölkənin bütün müxalifət təmayüllü qüvvələrinin liderlərinin, rəhbərlərinin kabinetində Heydər Əliyevin portreti asılmalıdır. Bu bir mənəvi öhdəlik, bir siyasi əxlaq zərurəti olmalıdır. Bu bir testlik, imtahanlıq jesti olmalıdır. Azərbaycanda Heydər Əliyevin portretinin mənası Türkiyədə Atatürkün portreti kimi olmalıdır. Bunu etmək dövlətçilik, azərbaycançılıq mənası verməlidir. Heydər Əliyevin şəkillərinin, imzasının qrafik həllinin tətbiqi Qanunla tənzimlənməlidir. İdeologiyada həvəskarçılıq yolverilməzdir.

Təkrar edirəm: müxalifət liderləri, partiyaları öz anklav, muxtar liderlərinin, firqə idollarının şəkillərini öz masalarında, gözlərinin qabağında saxlaya bilərlər. Allah xətrinə buyursunlar. Amma başları üstündə birmənalı olaraq Heydər Əliyevin portreti olmalıdır. Əks təqdirdə vətəndaşların təfəkküründəki iki tirəlik, üçtirəlik təhlükəli bir haçalanma, bölünmə yaradır. Heydər Əliyev ətrafında birləşmə belə ola bilər. Yalnız belə ola bilər. M.Ə. Rəsulzadə və başqa millətsevərlərin ruhuna acıq getməsin, amma çox inanıram ki, bu gün onlar da Heydər Əliyevi lider qəbul edərdilər. Göstərdikləri nəticələrə, əldə etdiyi nailiyyətlərə görə. Müqayisə etmək kifayətdir!

Azərbaycan Əliyevə minnətdar olmalıdır.

Müstəqilliyinə çatdığına, vətəndaş müharibəsinə qərq olmadığına, tikələnmiş parçalarını birləşdirdiyinə görə. Artıq neçənci dəfədir ki, deyirəm. Heydər Əliyevin miqyasını, çəkisini, xidmətlərini bu günün nəinki uşaqları, yeniyetmələri, hətta 30-35 yaşlılarına çatdırmaq üçün şablon təbliğat texnologiyaları, basmaqəlib üslub və vasitələr kifayət etmir. İldə iki-üç dəfə öndərdən söz açmaq, əksər hallarda da bezdirici, candərdi tərzdə, bir növ temadan canını qurtarırmış kimi danışmaq, bağışlayın məni, amma bu çox pis təsirə malik olur. Xüsusilə sosial şəbəkələrin ifrat fəallaşdığı indiki vaxtda hər bir özünü tanımış, yəni məhəlli büluğa çatmış siyasi-ictimai estrada artıq-urtuğu vikipediyada öz adını Azərbaycan tarixinə kukuruz saçaqları ilə yazır! Elə bilir ki qızıldır.

Heydər Əliyevin Azərbaycanın paytaxt başda olmaqla bütün şəhər və kəndlərində köhnədən qalma rəsmləri isə informasiya daşıyıcısı deyil… sadəcə bir insanın şəklidir. Vəssəlam. Heydər Əliyevi tanımayanlardan ötrü o şəkil heç nə demir. Tanıyanlar isə ona gözucu baxıb keçirlər. Öyrəşiblər, ona görə. Tez-tez gözlərinə dəyib, ona görə. Baxırlar, amma həm də görmürlər. Heydər Əliyevin şəkilləri, portret və rəsmləri özündə tarixi məlumatlar daşımalıdır.

Məsələn: Bir şəkildə o müstəqil Azərbaycan bayrağını Naxçıvan Ali Məclisində qaldırır. Ya da bu blokadaya alınmış muxtar respublikada Ümid körpüsünü açır. Və ya Sədərəkdə açıq döyüş zonasında əsgərlərin içindədir. Yaxud Gəncədə vətəndaş qırğınının xarabalıqlarında, fəlakətin qarşısını alarkən göstərilməlidir. Başqa bir təsvirdə isə tutaq ki, Heydər Əliyev Əsrin kontraktını imzalayır. Digər şəkil göstərə bilər ki, öndər 1994-cü ilin oktyabr böhranında Prezident Aparatının qarşısına çağırışla topladığı on minlərlə insanın qarşısında çıxış edir, bir uşağı qucağına alıb xalqın hüzurunda yuxarı qaldırır, ya da 1995-ci ilin mart qırğınının qarşısını almaq üçün televiziya ilə Azərbaycana müraciət edir! Və bütün bu şəkillərin uyğun yerində hadisə barədə yığcam, məhsuldar tarixçə yazılmalıdır. Özü də oxunan tərzdə. Aydın şriftlərlə. Azərbaycan dilindən əlavə azı 3 dildə. Azərbaycanın həm yeni dünyaya gələnləri, həm də dünyadan Azərbaycana gələnlər üçün. “Əliyev irsini öyrənirik!”, “Heydər Əliyev universitetləri yaradırıq!”, “Heydər Əliyev dünya miqyaslı siyasətçi idi” deyə-deyə şablonlarla səhifə doldurmaq, efir doldurmaq hələ Heydər Əliyevi doğrudan öyrətmək, öyrənmək deyil. Öndərin siyasi irsini təbliq etmək adıyla kitablar nəşr etmək özlüyündə yaxşıdır. Amma bu kitablar müxtəlif çaplı məmurların kabinetlərində kitab şkaflarında şüşə arxasında saxlanıldıqca yox. Heydər Əliyevi biz tanıyırıq. Onun Azərbaycanı öz ovcunda qoruyub saxladığını biz bilirik. Amma gəlin unutmayaq ki, O 2003-cü ildə vəfat edib. Və 2003-cü ildə doğulan adamın artıq 17 yaşı var. Heydər Əliyevi 8-9 yaşında görmüş şəxsləri də yetkin-bitkin məlumat sahibi saymaq olmaz.

Deməli, biz Azərbaycan tarixinin ən böyük azərbaycanlısını daha təsirli və kreativ yollarla tanıtmalıyıq. Bəli, hörmətli tamaşaçılar! Biz reallığı qəbul etməliyik və uyğun tədbirlər görməliyik. Qaragüruh özünün 4-5-ci divizion liderlərini, avtovağzal kasetləri ampulasındakı diringilərini altdan-altdan təcrübəsiz yeniyetmə beyinlərə sırıyır… Aydındır ki, Əliyev haqqında sadəcə ümumi ifadələr, mədhiyyələr uğurlu üsul deyil. Hər bir azərbaycanlı Azərbaycanın bütün dövrlər üçün bir nömrəli vətəndaşını tarixi məlumatlar kontekstində öyrənməli, öyrətməlidir. Bu təkliflər ilk növbədə hakim Yeni Azərbaycan Partiyasına aiddir. Orada elə bilirlər ki, hamı Heydər Əliyevi partiyanın veteranları kimi əla tanıyır. Işləmək lazımdır, cənablar!

Uzağı demirəm, elə İstanbula baxın. Orada az qala hər iri xiyabanda Mustafa Kemal Atatürkün şəkilləri, iri rəsm və portretləri var. Hamısında da xidmətləri, əməlləri ilə birgə. Prezident Böyük Ad Günü ərəfəsində sosial səhifədə paylaşım etdi. Bütün təbliğat belə kreativ və təsirli olmalıdır.

Köhnə dəbli yanaşmalardan, mexaniki idarəetmədən avtomatikaya, daha doğrusu kiberidarə üsuluna keçən yer kürəsinin son çağırışıarı bizi çevik adaptasiyaya dəvət edir. Tələsdirir. Tez-tez korona virus mövzusuna toxunur, bəzən hətta son dərəcə amansız oluram. Amma dünyanın yeni formata, yeni ölçü sisteminə keçdiyi bir vaxtda məişət-mədə kollektorlarını mənəviyyat arteriyalarının üstünə açıb buraxmaq vicdandan deyil. Bəşəriyyət dəyişir. Yerin qanun-qaydaları dəyişir. Biz elə 190 manat-190 manat deyə-deyə, əlif zəbər ə, bey zəbər bə deyə-deyə durmuşuq. Təəssüf ki, ölkədə ciddi analitik defisti var. Dünyanı bütövlükdə və metr-metr görüb, araşdırmaq imkanı olanlar çox azdır. Belə olmasaydı Azərbaycanın dünyanın bu dəlixana vaxtında necə soyuqqanlı şəkildə davrandığını müşahidə edərdi. Prezident bu həftə bir neçə fərqli situasiyada göründü. Və mən istərdim ki, İlham Əliyevin yeni dövrün reallıqlarına uyğun olaraq müxtəlif müstəvilərdə hansı performans nümayiş etdirdiyini göstərək. Əvvəlcə onu deyim ki, milli maraqlar bazisdir.

Məsələn: Koronavirusla mübarizənin effektivliyini yüksəltmək, faydalı iş əmsalını artırmaq məqsədilə modultipli xəstəxananın açılşında biz öz vətəndaşını qoruyan Əliyevi gördük. Bu Əliyevin hirslənməsi, emosiyalarını gizlətmədən öz narahatlığını bir ailə, bir mənzildaş doğmalığı ilə göstərməsi o qədər təbii idi ki…

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.

Əlbəttə, vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun müddət bundan sonra bu, bir növ yeni reallıqdır və biz bu reallıqla barışmalıyıq, istəsək də, istəməsək də. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. İndi bilirsiniz, biz bəzən özümüzü bir neçə ölkə ilə müqayisə edirik, deyirik, - bəli, mən də bu gün bunu deyirəm, - həqiqətdir ki, bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət, nizam-intizam yüksək səviyyədə olan ölkələrdə insanlar məsafə saxlayırlar. Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər - yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində.”

Koronavirus başımızı qatdığından bir-iki həftə ərzində nə qədər yeniliyin, ilkdəfəliyin şahidi olduğumuzu hiss etmirik. Modul tipli bu xəstəxananın inşa müddəti bilirsiz nə qədər çəkib? Bir Ay!!!! Elə sürətli inşaat nümunələrini biz xarici ölkələrdə görəndə az qala “heyrət ey büt!” deyərdik… İndi isə bunu Azərbaycanda görürük və artıq təəccüblənməyə də ərinirik. Amma mən bunu deməliyəm, hörmətli tamaşaçılarımız! Bu yeni zamanın sürətidir. Özünə yaşıl otlardan köynək toxuyan kərpickəsən kişilər gedir Nizaminin hüzuruna… Modul tilpli xəstəxanalar isə ən sürətli inşa modelinə uyğun olaraq istifadəyə verilir. Yeni dövrün nişanəsi. Prezidentə əksər hallarda, daha çox öyrətmən, müəllim kimi yanaşmalıyıq.

Razılaşın ki, İlham Əliyev yeni dövrün tələ və tələbatını çox anlaşıqlı şəkildə izah edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əlbəttə, hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.

Əlbəttə ki, koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.

Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.

Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.”

Milli Təhlükəsizlik məsələsi tək yanaşılan korona virus indi İlham Əliyevin diqqətində həm də beynəlxalq təhlükəsizlik problemi kimi var. Qoşulmama Hərəkatının xüsusi sammitinin çağırılması və Azərbaycan Liderinin istiqamətverici, təlimat xarakterli çıxışı. Etiraf edirəm ki, Prezident Əliyevin BMT-dən sonra dünyada ikinci ən böyük təsisat qarşısında lektor çıxışı, tövsiyə və resept tonu məni həm vətəndaş kimi qürurlandırdı. Həm də dünyanın bizim belə demək mümkünsə ağzımıza baxması bir ayrı hissdi… Azərbaycanın ağzını o qədər yummaq istəyiblər e. Azərbaycanda ağız hüquqlarının, ağız azadıqlarının pozulduğunu o qədər iddia ediblər e. İndi gözləri bizim ağzımızda…

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı."

Azərbaycan planetin hər bir məkanına və əhalisinə eyni dərəcədə təhlükə törədən koronavirusun təhdid miqyasını, çəkisini, həcmini niyə bütün başqa dövlətlərdən daha tez anladı? Ona görə ki, artıq neçə ildir ki, İlham Əliyevin Azərbaycanı dünya ilə multikultural hisiyyat dili ilə danışır. Yeni zaman, intellekt erasını, Davos standartlarını, yeni stereotip və çağırışları Azərbaycan həm də ona görə başqalarından daha yaxşı başa düşür ki, bu standartlar, stereotip və çağırışların həmmüəllifidir.

TASS-ın sualına və PREZİDENTİN cavabına diqqətinizi istəyirəm. Bu sualda Azərbaycandan məsləhət istəməkdən utanılmır:

 

Qusman. -İlham Heydər oğlu, Sizdən praktiki məsləhət istəyirəm.

Bilirsiniz, dövlət başçısı kimi sanki mürəkkəb şəraitə düşmüsünüz. Siz, bir tərəfdən, karantinə riayət etməlisiniz və bilirəm ki, bir vətəndaş kimi adi təhlükəsizlik mülahizələrinə əsasən buna riayət edirsiniz. Amma digər tərəfdən televizora baxanda görürük ki, Sizin dövləti fəaliyyətinizin intensivliyi əsla azalmır. Siz bunları əlaqələndirməyə necə nail olursunuz? Digər tərəfdən Siz həmişə fiziki formanızı saxlamağa böyük diqqət yetirirsiniz və yəqin ki, bunu tez-tez edirsiniz. Öz həmvətənlərinizə, bizim televiziya tamaşaçılarına məsləhət verin: karantin şəraitində belə fiziki formanı necə saxlayırsınız?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu, artıq heç kəs üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm. Hesab edirəm ki, idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir. Mən gənclərə və orta yaşlı insanlara müraciətlə dəfələrlə demişəm, idmanla məşğul olun. Bəzən bunu çox təkrar edirəm, lakin insanların buna əməl etmələri üçün təkrarlamaq lazımdır. Yadımdadır, biz xəstəxanaların tikintisini genişləndirməyə başlayanda mən dəfələrlə təkrar edirdim ki, hər kəs tibbi müayinədən keçməlidir. Biz bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata keçiririk. Yeri gəlmişkən, bu il pandemiya ucbatından onu keçirmədik. Beş milyondan çox insan öz sağlamlığını yoxlamaq üçün gəlir. İdmanda da belə olmalıdır. Mən deyirəm: idmanla məşğul olun, faydasını görəcəksiniz, sizin fiziki formanızın, əhvalınızın, iş qabiliyyətinizin necə yaxşılaşacağını görəcəksiniz. Buna görə indi mən imkanı olmayanların hamısına məsləhət görürəm: internet resurslarından istifadə edin, orada idmanla evdə məşğul olmaq üçün çoxlu məsləhətlər, çoxlu proqramlar var. Karantin rejiminə gəldikdə isə, mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən çox adamın bir yerdə toplaşması qadağandır. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunmuş iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni, insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdır. Amma sualınıza görə sağ olun. Fürsətdən istifadə edib, bir daha hamıya müraciət edirəm: idmanla məşğul olun, özü də müntəzəm surətdə."

Bax belə. Bu da mübarizədə ekoloji təmiz Azərbaycan təcrübəsi. Planetin xilası naminə 1 trilyon ağacın əkilməsi, ekoloji nəfəsliyin genişlənməsi, enerji ehtiyatlarının istismarının azaldılmasını dünya təbiət sisteminin tələb və təkliflərinə uyğunlaşdırmaq, qeyri neft sektoru və bərpa olunan enerji mənbələrini əlçatan etmək elə potensial immunsistemi deyildimi?

Məgər Birinci vitse-prezident Mehriban Əliyeva dünyanın ən ucqar kəndlərində dodaqları çatlamış yer kürəsi cocuğuna su içmək imkanı yaradanda planetlə canbir qəlbbirlik nümayiş etdirmirdi?

Elə buna görə də Azərbaycanın Birinci xanımı bu gün pandemiya ilə mübarizədə ən fəal birinci ledidir. Bütün dünyada. Amma onun da gündəliyində birinci səhifə xalqdır:

“Əziz həmvətənlər! Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Bəs biz, yəni Mehriban xanımın bacı-qardaşları olaraq nə edirik: Siqareti yenicə atmış, amma ən adi, əhəmiyyətsiz bir olayı əsəbiləşməyə, ardınca isə alışqan axtarmağa bəhanə gəzən kəs tək özümüzü küçəyə dərhal atmağa səbəb axtarırıq. Bir sıra hallarda yeni dünya qaydalarına öyrəşə bilmir, istəmirik. Hətta mühafizəkarcasına keçib gedən keçmişin ətəyindən dartmaqdayıq. Maskanı həyatımıza tamhüquqlu əşya kimi daxil edə bilmirik. Eynək kimi. Çətir kimi. Baxmayaraq ki, dövlət başçıları qəbulların yeni variantına artıq normal yanaşır. Elə bir az əvvəl göstərdi ki… Prezident Əliyev bu yaxınlarda bir neçə videokonfrans keçirdi, görüşdü, qəbul etdi. Bir az əvvəl Heydər Əliyev Mərkəzindən misilsiz kadrlara baxdıq. Mehriban Əliyevanın Muğam və Xalçaya münasibətilə planeti Azərbaycan başda olmaqla bir mənəviyyat arxipelaqında necə qəbul etdiyini görürsüz?

Birinci vitse-prezidentin xalqa müraciəti bir ailə dünyagörüşünün, dəyərlər sisteminin surətidir. Əliyevlər ailəsinin, və yəqin ki, bu ailənin xalqımızın özü boyda olmasını da nəzərdə tutduğumu başa düşdünüz, milli maraqlara bir insan səhhəti simasında necə həssas yanaşdığını xüsusi izah etməyimə məncə ehtiyac yoxdur. Sadəcə qeyd edim ki, Heydər Əliyev milli ideoloji bazisdirsə, multikulturallıq da dövlətimizin universal bəşəriyyətçiliyidir. Azərbaycanın yer kürəsini insan övladının vahid ocağı kimi qorumaq təklifi və mükəlləfiyyəti isə onun bu sferadakı xidmətlərini sistemli edir. Burada pərakəndəlik, adda-buddalıq yoxdur.

Bu dünyagörüş Azərbaycana İmadəddin Nəsimidən də, Həzi Aslanovdan da gəlir. Nəsimi planeti cəhalətlə vuruşda qoruyaraq həlak olubsa, Həzi Aslanov dünyanı faşizmlə savaşda qoruyaraq həlak olub. Azərbaycan Sovet İttifaqının 15 respublikasına beynəlmiləlçilik təlqin edib. Və elə buna görədir ki, 9 May ondan ötrü tərcümə bayram deyil. Orijinaldır. Əsil bayramdır.

Mən indi Sizə maraqlı bir poetik parça təqdim edəcəm. Süleyman Rüstəmin Yaradıcılıq gecəsində əfsanəvi VERA ŞİRYE onun məşhur “Ana və Poçtalyon” şerini söyləyir. Bu şeir göstərir ki, bir poeziya nümunəsi 9 Mayın nə qədər hər birimizə məxsus olduğunu sübut edə bilər. Burada inanmıram ki, kimsə poçtalyonun, ananın, Vera Şiryenin, Süleyman Rüstəmin milli mənsubiyyəti barədə düşünsün.

Böyük dünya müharibəsində, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın da müəlliflik hüququ var. Bu Yer Kürəsinin ən böyük qələbələrindən biridir və Azərbaycanın adının əbədiyyətdə qalmasına qarşı çıxanlar 9 Mayın Azərbaycana aid olmadığını iddia edənlər Hitlerin həmfikirləridir.

Ona görə də müstəqil Azərbaycanın rəhbəri İlham Əliyev müstəqil Rusiyanın rəhbəri Vladimir Putinə zəng vurub onu Qələbə günü münasibətilə təbrik edir, təbrik edilir. Hər belə jest Azərbaycanın tarix üçün nə qədər böyük və qüdrətli olduğunu təsdiq edən, qalibiyyət həmmüəllifliyini təsdiq edən faktlardır.

Bəli, 9 Maydan bir gün əvvəl böyük məğlubiyyət tarixidir.

Şuşanın işğal edildiyi gün. Ağır tarixdir. Baxın. Bu şəkildəki Nikol Paşinyandır. Uzanıb. Ayağı altında da Şərab Şüşəsi. Bizim üçün müqəddəs olan Şuşa ondan ötrü ayağı altına qoyduğu Şüşədir. Biz o şüşəni də o Şuşanı da almalıyıq. əlindən və ayağından. Mütləq. Amma ifrit eyhamları, xain replikaları ilə yox. Koronavirus pandemiyası göstərdi ki, biz hələ küçələrə su səpmişik... dərinə getməyəcəm. Amma Şuşanı geri istəyiriksə, Prezident İlham Əliyevlə yox Nikol Paşinyanla vuruşmalıyıq. Yoxsa Şuşanı qaytarmaq mümkün olmayacaq. Özü də gəlin yadımıza salaq. Şuşanı ermənilər hansı şəraitdə ələ keçirmişdilər.

Düzdür bu kadrlarda Rəhim Qazıyev Laçını gözləyən təhlükədən danışır. Amma Şuşanı da eyni səbəblərdən müdafiə edə biləməmişdik. əsgər və zabitlər formaca hərbçi, məzmunca inqilabçı idilər. Cəbhəni buraxıb Bakıya getmişdilər. Yəni Siz burada Laçın sözünün yerinə Şuşanı da əminliklə qoya bilərsiniz.

Beləliklə. Dağlıq Qarabağın rüsvayçılıqla uduzulmasında iştirak edənlər utanıb yerə girmək əvəzinə guya dava-dava deyirlər. ağızlarından qan iyi gəlir... Sadəcə boşboğazlıq. Buyurun. Baxın, qara güruh və onun başında gedən siyasi xəstəhallar görün dövləti hardan vururlar... Azərbaycanın ərazi bütövlüyündən. Özü də qarşı tərəfin qeyd-şərtsiz etiraf etdiyi uğursuzluq faktına baxmayaraq.

Erməni tərəf 2016-cı ilin aprel döyüşlərinə Azərbaycana verilən ilk beynəlxalq xeyir-dua tək məhz İran və Azərbaycan arasında imzalanan sazişi nəzərdə tuturlar. Detallara varmayacam. Sadəcə onu deyəcəm ki, Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında əsl diversiya-şayiə maşını işə salınıb. Bütün fəaliyyətləri dövlətə, millətə xəyanətdən ibarət olan qara güruh guya muncuq tapıblar.

Rəsmi məlumatlara əsaslanaraq hazırladığımız arayışda deyilir:

“2016-cı ilin fevralında Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

İranın xüsusən şimal zonalarında kənd təsərrüfatının inkişaf etdirilməsi planları baxımından qeyd olunan hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi bu ölkə üçün aktuallıq kəsb edir. Ötən illər ərzində həmin obyektlərdə tikinti işlərinin müəyyən həddə qədər aparılması da bu zərurətdən irəli gəlir. Tikinti işlərinin davam etdirilməsinin qaçılmaz olduğu məqamda isə bu işlərin aparılması qaydası və çərçivəsinin Azərbaycanın dövlət maraqlarına uyğunlaşdırılması sualı ön plana çıxdı.

Əslində ortada Azərbaycan diplomatiyasının ciddi uğuru var. 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanır. Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadəsi ilə əlaqədar tərəflər birgə fəaliyyət göstərirlər və bu qurğuların mülkiyyəti Azərbaycan və İrana məxsusdur.

Həmin hidroqovşaqların qorunması və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsi qadağan olunur. Qeyd edilən hidroqovşaqların su ehtiyatlarından istifadə edilməsi bərabərlik prinsipi əsasında həyata keçirilir və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır.

Bəndlərin birgə istifadəsi və idarəçiliyi Azərbaycan və İran arasında paritet əsaslarda formalaşan heyət tərəfindən yerində həyata keçiriləcək. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir və Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinə böyük töhfədir.

İran İslam Respublikası sazişi Azərbaycanla imzalamaqla Azərbaycanı həmin ərazilərin tam sahibi kimi tanıyır və bu sənəd bu gün məhz Azərbaycanın ərazi bütövlüyünün təsdiqidir. Ermənistanın baş naziri Paşinyanla unison işləyən Azərbaycan dilli qaragüruh görünür 28 il əvvəlin bu günlərinin xiffətini çəkir. Yəqin Qarabağ separatçılarına yenə pas vermək vaxtıdır.

O ki qaldı Qənimət Zahid və onun baş məntiq tutanı Əli Kərimli Osman qızına: İran İslam Respublikasında Ettelatla müqavilə imzalayan, sonra gəlib İranın xeyrinə sənəd imzaladığını rəzalətlə etiraf etmiş Qənimətin İransayağı xətt saxlamağı saqqal məsələsi deyil, bir sətiraltı nəstəliq, bir çuğulçuluq məsələsidir. Əli Kərimli isə Osmanqızının eynidir., əynidir və s.

Burada söhbət yalnız İrandan getmir. Söhbət Azərbaycanın ərazi bütövlüyü üçün son dərəcə əhəmiyyətli bir sənəddən gedir. O sənəd 2016-cı il fevralda imzalanıb. Rəsmən etiraf edilir ki, bu ərazilərin istismarı ilə bağlı rəsmi işlər yalnız Azərbaycanın icazəsilə aparıla bilər. Və Qarabağ Azərbaycandır! Nida işarəsi.

Və bu gün əgər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Trampa məktub yazaraq İrana sanksiya tətbiq etməməyi xahiş edirsə, burada bəlkə o sazişin də rolu var... Azərbaycan İrana bəzən elə kömək edib ki, onu adətən böyük qardaş edir... Ortada həm də yeni və köhnə düşüncə qəlibləri var. Bir tərəfdə yer- ərazi mübarizəsi aparan tərəfin qafa mənzərəsi var, digər tərəfdə isə zaman uğrunda mübarizə aparan tərəfin beyin-düşüncə hədəfi. Paşinyan ərazi uğrunda belə mübarizə aparır. Əliyev isə planetdə Azərbaycanın ərazilərini belə genişləndirir.

Azəbaycan dünya üçün tərtib edilən yeni xəritədə əsas xətkeşlərdəndir. Ali Davos standartları bu gün ölkəni çevik şəkildə dəyişməyə təşviq edir. Sürət. Yüksək zəka. Buna görə də koronavirus ya da rüşvətxor icra başçısı olsun, fərqi yoxdur, ləğv edilməlidir. Və mən qaragüruh dedikdə heç də yalnız siyasətin provinsiyasında, kələkisində-bulamasında oturub Azərbaycanın başına gəlmək istəyənləri nəzərdə tutmuram. Azərbaycanın başına gələn bəladırsa, onun forması vacib deyil. Rüşvətə yoluxmuş icra başçılarının nəyi koronavirusdan əskik, ya da elə əskikdir. Onlar da elə qara güruhdur. Həm də baxın. Kim daha təhlükəlidir. Heç bir səlahiyyəti olmayan, uzaqbaşı ictimai əsaslarla xuliqan işləyən Kərimli yoxsa səlahiyyətli, möhürlü, güvvəli, başçı... Hansı daha böyük təhlükədir, icazəsiz aksiya keçirməyə 28 May-a çıxacağıq, saat filanda deyə yerini-vaxtını qabaqcadan elan edən mərd namərdlər, yoxsa belə aksiyaları pisləyən, sözdə onlarla mübarizə aparan, polisi onlaraq qarşı amansız olmağa çağıran, öz kabinetində isə heç kimdən çəkinmədən dövlətə zərbə vuran, vətənə xəyanət edən namərd namərdlər!?

Sosial araşdırmalar mərkəzinin rəhbəri Zahid Orucla tam razıyam ki, “Azərbaycanın qürur və dönüş səlnaməsi olan 4 günlük aprel müharibəsinin nəticəsində hakimiyyətdən gedən Sarkisyan rejiminin hərbi və siyasi rəhbərlərini bu gün tribunalara çəkirlər, onları mühakimə edirlər. Məğlubiyyətin səbəbkarlarından biri sayılan və orduya xalqın yardımını mənimsəyən Manvel Qriqoryanı ictimaiyyət linç etdi və onu həbsə atdılar. Çünki ermənilər günahkarı cəzalandırır ki, başqalarına dərs olsun. Ali Baş komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində milləti səfərbərliyə çağırarsa - o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər. Ona görə də belə əməllər dinc dövrün qanunları ilə cəzalanmalı deyil. İstər siyasi vəzifə tutsunlar, istər hərbi, cinayətkarlar Azərbaycan dövlətini təmsil etmirlər, çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə mənsubiyyəti yoxdur. Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır!”

Mən isə daha sərt deyərdim. İcra başçıları bütünklüklə ölkə boyu istefa ərizələrini təqdim etməlidirlər. Hansı köhnə yenidən təyinat alacaqsa, deməli onun fəaliyyəti şəffafdır. Təyin olunmayanlar isə etimadsız hesab edilirlər. Bu həm də qaragüruhun əlinə keçmiş namərd fürsətcilliyin qarşısını alar.

"Hamısı belədir!"- deyən qeybət texnoloqlarının dili də qısalar o zaman. Ona görə ki, öz işinin öhdəsindən gələn başçılar da çoxdur. Onlar ümumi güruhun içində niyə bulaşsınlar ki...

Ortada nə boyda fərq var? Bir yandan Qoşulmama Hərəkatı və digər beynəlxalq alətər vasitəsilə dünyanın idarə olunmasında iştirak edən İlham Əliyev, digər tərəfdən feodal təfəkkürlü, Prezidentin təbirincə desək, dövləti biabır edən qolçomaq...

Onu da deməliyik ki, Prezident islahatlar paketinin növbəti mərhələsinin ən həlledici hissəsindədir. Bu gün artıq o yerlərdəki nümayəndələrini yoxlayır. Prezident son və qəti döyüşə girib. Xalq onunla bir yerdədir... Amma iqtidarın islahatlarının önündə gedən əsas zərbə qüvvələri sosial mediyada hədəfə də alınır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusilə. Prezidentin tapşırığı ilə 600 min nəfərə birdəfəlik ödəmə edilməsi qaragüruhun ən şıdırğı rəqs yeridir. Bir oyayırlar, bir oynayırlar...

Ümumiyyətlə, pul və maliyyə məsələlərinin qaragüruhvari diversiya həddinə çatdırılması təzə söhbət deyil. Azərbaycanın müasir çağırışlara uyğun olaraq yeni dövlət standartlarına keçidi bir sıra ölçülər yaradır. İcra başçıları dəyişməlidir. Mütləq dəyişməlidir. Eləcə də siyasi konfiqurasiya tələb edir ki, liliput partiyalar daha iri siyasi təşkilatlarda birləşərək ciddi qurumlara çevrilsinlər. Eynilə də bank sistemi.

Davos Azərbaycanın reallıqlarını - pulunu formaca bankda, məzmunca bankada saxlayan qocafəndi, nənə düyünçəkli bankirlərdən bazarın sağlamlaşdırılması məqsədilə ortadan çıxmağı tələb edir. Dövlətin əsas işi təhlükəsizliyi qorumaqdır. Koronavirusla mübarizə də, korrupsiya ilə mübarizə də, qaragüruhla mübarizə də... Dövləti hədəf seçən hər kəs özü özünə bu başdan vətənə xəyanət hökmü çıxara bilər. Adın fərqi yoxdur.

Qoy olsun məsələn. Adilov Saleh Valeh oğlu. Kimdir bu adam? Saleh 1984-cü il, dekabr ayının 17 də anadan olub. “Abdulla” dini ləqəbli Misirxanov Azər Allahverdi oğlunun Azərbaycan Respublikası ərazisində yaratdığı silahlı qruplaşmaya daxil olub. Həmin silahlı birləşmənin fəaliyyətində iştirak edərək odlu silah və döyüş sursatlarını qanunsuz olaraq əldə etmiş daşımış gəzirmiş və saxlamış, habelə həmin silahlı qruplaşmanın tərkibində insanların həlak olmasına səbəb olmuş basqınlarda iştirak edib. Adilov Saleh Valeh oğlu silahlı qruplaşmanın üzvləri Qazıyev Elnur Füzuli oğlu və qeyriləri ilə mütəşəkkil dəstə halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsilə əlaqədar 26 dekabr 2008-ci il saat 03:25-də Tərtər rayonunda dislokasiya olunmuş "N" saylı hərbi hissənin əsgəri Xasayev Üzeyir Elşad oğlunun odlu silahdan açılmış atəşlə xüsusi amansızlıqla qəsdən öldürülməsində, hərbi hissənin kiçik çavuşu Şeyubov İslam Şeyub oğlunun odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsinə cəhd edilməsində, habelə odlu silah və döyüş sursatlarının talanmasında iştrirak edib. Mütəşəkkil dəstənin üzvlərinin həbs edilməsindən sonra Adilov Saleh Valeh oğlu ibtidai istintaqdan qaçmaq və yayınmaq məqsədilə 14 may 2009-cu ildə rəsmi sənədlərlə İran İslam Respublikasına keçib. Bu adı Saleh, əməlinasaleh olan azərbaycanlı azərbaycansızın əməlləri və aqibəti barədə gələn dəfə ətraflı danışacağam.

İndi isə hələlik yalnız onu deyim ki, Azərbaycan Dövlət Təhlükəizlik Xidməti bu adamı artıq saxlayıb və dəhşətli etirafları var. Faktlar. Şəkillər. Sübutlarla. Sağollaşmazdan əvvəl anons etmək istədim. Yəni təhlükə heç də koronavirus deyil. Hər növ yoluxucudan qorunaq... Əlimizi spirtlə yaxalayaq ki, yas mağarının qabağında gülabla yaxalanmayaq. Gülab da bəzən adamı aparıb çıxarır, məsələn, hansısa ölkəyə qaçaqmalkimi. Orada yaxalanmaq isə təmizlənmək deyil. Ya da təmizlənməkdi e. Amma səndən təmizlənirlər...

İrəlidə sizi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmovla maraqlı müsahibələr gözləyir.

Yəni maraqlı deyəndə ki... Sizin marağınızdadır baxmaq! Ona görə.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər