Mir Şahinin vaxtı - VİDEO (29.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (29.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi, Mir Şahin.

Hər vaxtınız xeyir! Sirr deyil ki, pandemiya bütün dünyanı iqtisadi böhrana salıb və nəticələr tarixi rekord vəd edir. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu ilin ikinci rübündə 195 milyon insan işsiz qalacaq. Özü də yeni işsizlər əsasən, kiçik və orta müəssisələrin əməkdaşları, kənd təsərrüfatı işçiləri, muzdlu işçilər, mühacir-işçilərdən ibarət olacaq... Azərbaycan dövləti də əlindən gələni edir ki, 195 milyonluq işsiz dəftərində azərbaycanlı olmasın.

Beləliklə, İlham Əliyevin yerli və beynəlxalq reallıqları nəzərə alaraq tərtib etdiyi, pandemiya ilə mübarizədə qısa zamanda səmərəli nəticələr əldə etməyə imkan verən eksklüziv resept dünyanın aparıcı dövlətlərinin, transmilli təsisatların diqqətini cəlb etməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının Ali rəhbərliyinin tam tərkibdə qatıldığı brifinqdə Azərbaycan liderinin xidmətlərinin etiraf edilməsi də məhz bu səbəblə bağlıdır.

Brifinqdə Cənubi Qafqazı REAL TV-nin xüsusi müxbiri Kamran Qasımov təmsil edir və onun vaxtaşırı verdiyi məlumatlar göstərir ki, Azərbaycanın, Prezident Əliyevin koronavirusla dünya mübarizəsində göstərdiyi nəticələr müstəsnadır.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Teodros Adanom Qebreyesusun İlham Əliyevə xüsusi təşəkkür etməsini son iki-üç gün ərzində Azərbaycanın bütün kütləvi informasiya vasitələri Baş Xəbər kimi yayıb.

Təkrar edirəm: Brifinqdə Cənubi Qafqazı REAL-ın xüsusi müxbiri Kamran Qasımov təmsil edib. Buna görə də burada nəyin və necə baş verdiyindən təbii ki, daha çox bizim məlumatımız var. Gəlin əvvəlcə brifinqin Azərbaycanla bağlı yerinə bütünlüklə baxaq.

Gördüyünüz kimi xüsusi müxbirimizin sualına Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Teodros Adanom Qebreyesusdan əvvəl qurumun proqramlar üzrə icraçı direktoru Maykl Rayan cavab verir.

Baş Direktor isə Kamran Qasımovun təkidindən sonra danışır.

Mən niyə bu faktı xüsusi vurğulayıram. Ona görə ki, hadisə iki cəhətdən qürurvericidir. Birincisi, vətəndaşı olduğumuz dövlətin-Azərbaycanın liderinin ünvanına dünya miqyaslı qurum, bu günlər planetin Baş Ştabı rolunda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının birinci şəxsi təşəkkür edir. ikincisi isə Azərbaycanla bağlı sualı məhz REAL-ın müxbiri verib.

Məncə, istənilən kütləvi informasiya vasitəsinin tərcümeyi-halında qürur yeri ola biləcək hadisədir. Bütün həmkarlarımıza belə məğrur hadisələrdə vəsilə olmağı arzulayıram. Həm də onu arzu edirəm ki, həmkarlarımızın gələcəkdə mənbəyə istinad etməyə ürəkləri çatsın. Axı xəbər də məhsuldur. Onun istehsalçısı var, yiyəsi var. müəlliflik hüququ deyilən dəyər var. Əlbəttə, yaxşı başa düşürəm. REAL-ın toxunmağa cürət tələb edən hədəfləri üzərinə getmirsiz, getmək cəhənnəmə, onun bu növ məhsullarının tranziti belə olmaqdan qorxursuz… Yəqin ona görə ki, söyülərsiz, təhqir edilərsiz, hamınızın atası-anası var, abır-həya-filan... Amma bu da bizim məhsuldu axı. Heç olmasa burda qorxmayın da.

REAL-ın olana istinad edin.

Çəkinməyin… başa düşürəm. Dünya miqyasında xəbərdi. Vermək istəyirsiz. Siz də Prezidentlə, Azərbaycanla fəxr etmək istəyirsiz. Edin. Amma bu dünya miqyaslı xəbər həm də eksklüzivdi axı. Bizimdir! Yeri gəlmişkən, vaxt keçir… yeni şəraitə uyğunlaşmalıyıq. Prezident Əliyevin təsir dairəsi getdikcə genişlənir. Hər dəfə biz deyəndə ki, Davos prinsipləri yeni sahman, yeni qaydalar diqtə edir və bu gün Prezident İlham Əliyev məhz dünyanı xilas etməyə çalışanlardan təşkil edilmiş Planet Rəyasət Heyətinin üzvüdür, bax bunu nəzərdə tuturduq. Deməli, REAL-ın məhsulunu oğurlamaq yox, bizimlə birlikdə beynəlxalq dərəcəyə malik olmaq lazımdır.

Məsələn, bilirik ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans olub. Bəli, çox mühüm görüş idi və hamımız bu barədə xəbər verdik. Hər il Davosda, Ümumdünya İqtisadi Forumu çərçivəsində İlham Əliyev elə həmin bu hörmətli bankla, onun rəhbərliyui ilə, son dəfə isə bu ilin yanvar ayında görüşüb. O görüşdə Azərbaycan mediyası, o cümlədən biz də var idik. Səmimi, isti bir görüş kimi xatırlayıram.

Bu videokonfrans başlayanda artıq Əliyev start üstünlüyünə malik idi. Çünki Əliyev ənənəvi görüşlərilə Suma Çakrabartidə özünə, rəhbərlik etdiyi Dövlətə inam yaratmış, etibarın bütün kavaler lentiylə onu Azərbaycanın iqtisadi gələcəyinə bağlamışdı. İki etibarlı partnyor danışırdı. Ümumdünya Səhiyyə Təşkilatı ilə görüşdə olan minnətdarlıq, etibar fonu burda da var idi.

Etibar fonu barədə bir az da dərinə gedək. Yaxşı bilirsiz ki, etibar istənilən bankdan ötrü 1 nömrəli məsələdir. Çünki bankın mövcud olmasının əsas şərti məhz etibardır. Burada isə söhbət hansısa Əmrahbankdan-filandan getmir. Monitorun o tərəfində Avropa Yenidənquma və İnkişaf bankıdır. Bəli özüdür ki var! Görüş əvvəldən axıradək tərəflərin müştərək məmnunluq hissinin müşayiətilə keçdi.

İlham Əliyevin çıxışının birinci hissəsi pandemiya və bu planet miqyaslı bəlanın vurduğu ziyanla bağlı məlumat verməkdən ibarət oldu. Bu məncə söhbətin ən ağır yeri idi. Çünki uzun müddət seriya iqtisadi uğurları, artım tempi barədə məlumat verməyə öyrəşmiş lider üçün hətta fors-major səbəbindən məruz qalınan itkilər, tənəzzül cədvəlləri təqdim etmək ürəkaçan iş deyil. Amma bu İlham Əliyevdir. Onun təqdim etdiyi tənəzzül cədvəli belə partnyorda ümidsizlik aşılamır. Davosu xatırlayaraq dövlətin birinci kabinetinə keçək. Bizim sözümüz imzamızdır! Prezident sitatının sonu.

Cənab prezident, xanımlar və cənablar, sabahınız xeyir.

Suma Çakrabarti: "Cənab Prezident, sizi görməyimə çox şadam. Bu səhər Avropa Yenidənqurma və İnkişaf Bankının geniş tərkibli heyəti ilə Sizinlə görüşürük. Mənim müavinim Yurqen Riqterinki yəqin ki, xatırlayırsınız. O, bu yaxınlarda Bakıda səfərdə olmuşdur. Burada siyasət üzrə vitse-prezident Pyer Helbron, bankçılıq üzrə vitse-prezident Alan Piyu də bizimlədir. Daha sonra Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone, Qafqaz üzrə regional direktor Katerina Hansen, Azərbaycan üzrə nümayəndəliyin rəhbəri İvana Duarte, siyasi məsələlər üzrə müşavir Aleksander Pavlyuk, mənim ofisimdən Svetlana Pirkalo və nəhayət, Avropa Yenidənqurma və İnkişaf Bankında ölkələr üzrə direktor, sizin nümayəndəniz və bizim dostumuz Taşkın Temiz də buradadır.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bu, olduqca qeyri-adi bir görüş tərzidir. Biz Sizinlə istər Bakı, istərsə də Davosda dəfələrlə görüşmüşük. Biz qəribə və qeyri-adi bir dönəmdə yaşayırıq. Əvvəlcə Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər haqqında Sizdən məlumat almaq istərdik. Daha sonra isə mən və heyətim bu böhrandan ən qısa zamanda çıxmaq üçün Azərbaycana hansı dəstəyin verilə biləcəyi ilə bağlı məlumat təqdim edəcəyik. Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm və vəziyyət və görülən tədbirlər haqqında Sizdən məlumat almaq istəyirik."

Prezident İlham Əliyev: "Cənab prezident, sizə və Avropa Yenidənqurma və İnkişaf Bankının yüksək rütbəli nümayəndələrinə bu görüşə görə təşəkkür edirəm. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın yaxın və etibarlı tərəfdaşı olmasının göstəricisidir. Odur ki, çətin vaxtda siz belə təşəbbüslə çıxış etmisiniz. Bu, bizə hazırda həyata keçirilən layihələrimizi nəzərdən keçirməyə, görüləcək işləri müzakirə etməyə və gələcək əməkdaşlığımızı planlaşdırmağa imkan verəcək."

Daha sonra Əliyev pandemiyanın fəsadları barədə danışdı. Yenə də açıq. Səmimi. Heç nəyi gizlətmədən. Və Prezident həm də elə danışırdı ki, sanki təcrübəsini bölüşürdü. Diqqətlə baxsanız əslində elə bu bir uğurlu təcrübə mövzusunda auditoriyaya çatdırılan mühazirə idi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Virus məsələsinə gəldikdə, biz ilk gündən real vəziyyətə əsaslanan tədbirlər görməyə başladıq. Vəziyyətin düzgün dəyərləndirilməsi və bu böhranla məşğul olunması üçün səmərəli komandanın yaradılması bizim üçün çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq. Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq və bu təmaslar davam edir. Biz vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssislərdən ibarət heyətin göndərilməsi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərmişdir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik. Biz 120 mindən artıq test həyata keçirmişik və aparılan testlərin adambaşına düşən sayına görə aparıcı yerlərdəyik.

Biz əlavə laboratoriyalar yaratmışıq və hazırda onların sayı 18-dir. Koronavirusa yoluxmuş pasiyentlər 22 dövlət xəstəxanasında, o cümlədən yeni istifadəyə verilmiş 575 çarpayılıq müasir xəstəxanada müalicə olunurlar. Hazırda karantin rejimində 2000-ə yaxın vətəndaşımız var və bu rəqəm aşağı düşməkdədir. Bu insanlar xaricdən gələnlər və onlarla təmasda olmuş şəxslərdir. Onlar 4-5 ulduzlu mehmanxanalarda yerləşdirilib və yüksək standartlara cavab verən şəraitlə təmin ediliblər.

Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, bizdə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır. Dünəndən biz məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlamışıq.

İqtisadiyyatımıza təsirə gəldikdə, əlbəttə, təsir mənfi olacaqdır. Bizim ilin əvvəlində müsbət perspektivlərimiz var idi. Hələ də ilin ilk rübünə nəzərə salsaq, artım 1 faizdir, qeyri-neft sektorunda artım 3 faiz təşkil edir, qeyri-enerji sahəsində artım isə 23 faizdir.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib.

Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür. Eyni zamanda, bu il biz ödənişli ictimai iş yerlərinin sayını da 2 dəfə artırmışıq. Burada minimal əməkhaqqı verilir və adətən bu, dövlət sektoruna aid olan iş yerləridir. Bu il belə iş yerlərinin sayı 90 min olacaqdır. Biz sosial yardım alan vətəndaşların da sayını artırmışıq. Hər bir belə ailəyə ayda 222 manat ödənilir və onların sayı 80 minə çatmışdır. Bununla yanaşı, 12 min insan üçün, - burada da 70 faiz artım var,- özünüməşğulluq imkanları yaradılıb.

Beləliklə, bu, qeyd etdiyim mənfi təsirə məruz qalmış sahələrdə çalışan, habelə işlərini itirmiş vətəndaşlarımıza təqdim edilmiş iqtisadi və sosial paket haqqında məlumatdır. Burada mən çıxışımı dayandırmaq istərdim. Hər hansı fikir və ya suallarınız varsa buyurun."

Suma Çakrabarti: "Təşəkkür edirəm, cənab Prezident. Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir."

Söhbətin sonrası keçmiş təəssüratların təzələnməsi, statistik xatirə mübadiləsi oldu. Amma elə burdaca biz növbəti dəfə yeni çağırışların prioritetlərini yenidən eşitdik. Təhlil üçün zəngin material elə burdadı. Prezidentin bir zamanlar dediyi və bizdən ötrü artıq dinləyişi trafaretləşən reallıqlar indi Avropanın ən vacib maliyyə təsisatının dilindən eşidilirdi. Suma Çakrabarti Azərbaycanda yoxsulluğun tempinin aşağı salınmasından başladı… Amma burada bir sıra faktlar da səsləndi ki, onların hər birini Avropa Yenidənquma və İnkişaf bankının rəhbəri sadəcə gözəl hekayə adlandırdı… biz də qulaq asaq bu gözəl hekayələrə…

Suma Çakrabarti: "Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım – bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır.

Burada Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürümü bildirirəm. Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik. Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.

Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini nəzərə alaraq, böhran vaxtı qeyri-neft sektorunun xüsusilə yaxşı göstəriciləri də qeyd olunmalıdır. Çox gözəl bir hekayədir və gün gələcək Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir.

İstərdim qısaca olaraq planlarımız haqqında məlumat verim. Artıq 5 layihəni qeyd etdim, ancaq işlərimiz bununla məhdudlaşmır. Ötən illərlə müqayisədə keçən il Azərbaycana sərmayə həcmimiz aşağı səviyyədə olub, çünki biz neft-qaz sahəsinə yatırım etmədik və diqqəti orta və kiçik sahibkarlıq sahəsinə yönəltdik. Bu il isə, düşünürəm ki, yenidən Azərbaycana böyük sərmayə yatıracağıq və bu, böhrana cavab tədbirləri və iqtisadiyyatın canlandırılması baxımından düzgün olardı. Biz münbit şərait olduqda bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırırıq. Bu sərmayənin qoyulması üçün bizə suveren və subsuveren zəmanət tələb olunacaq və həmkarlarımdan bu barədə ətraflı danışmağı xahiş edəcəyəm. Bu layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Biz Sizinlə 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik və bu mövzunu yenidən gündəmə gətirmək istərdik."

İndi isə tərəflər Davos prioritetləri ətrafında gəzişəcəkdilər. Yadımıza salaq: postneft periodu. Su qıtlığı və bu istiqamətdə Əliyevin gördüyü işlərin effekti. Yaşıl zərf. Ekoloji reablitasiya. Süni intellekt. Internet resursları…: elektrik enerjisi üzrə əlçatanlığa görə tutduğumuz yüksək yer. Hə. bir də gəlin bilirsiz bir də nəyi xatırlayaq. Bərpa olunan enerji barədə Əliyev konsepsiyasını.

Suma Çakrabarti: “Bilirsiniz ki, biz əvvəllər həmin 150 milyon dollarlıq yaşıl zərfi müzakirə etmişik. Onu işə salmaq istərdik. Bu barədə fikirlərinizi bilmək istərdim. Bu işləri biz Sizin hökumətinizlə irəliyə doğru aparırıq. Elektrik enerjisi şəbəkəsinə gəldikdə, biz şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edirik. Bu, böhran zamanı cavab tədbirləri və bərpa baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yaranar. Daha sonra yaşıl şəhər ideyası var. Azərbaycan yaşıl şəhər təşəbbüsünə qoşulan ilk ölkələrdən oldu. Tullantıların idarə edilməsi layihəsi baxımından Gəncə bu çərçivə təşəbbüsünə mart ayında qoşuldu. Biz təklif edirik, o, ilk yaşıl şəhər layihəsi olsun.

Həmçinin Aztelekom şirkəti ilə bağlı təklifimiz var. Bizim alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəmiz var. Rayonlarda genişzolaqlı internet imkanları genişlənəcək. Bu da çox vacibdir. Böhrandan sonra bərpa mərhələsi üçün də bunun əhəmiyyəti olacaq. Bizim yeni mühüm infrastrukturlar üzrə proqramımız var. Şuramız onun üzərində razılığa gəlib. Biz Şura üzvlərinə təşəkkürümüzü bildiririk. Yüksək səviyyədə prosedurlar razılaşdırılıb. İstərdik ki, həmin məbləği Sizə daha tez çatdıraq, adi sürətdən daha tez. Bu, həmçinin həmin yeni proqram əsasında olacaq.

Suvarmaya gəldikdə, bir neçə il öncə Siz mənə bildirdiniz ki, kənd təsərrüfatı sektorunda bu sahəyə xüsusi önəm verilir. Biz istərdik bu baxımdan pilot layihəni həyata keçirək, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq edək. Eyni zamanda, biz təklif etdik ki, bu sahədə sığorta qurumu yaransın və biz onu maliyyələşdirək. Hökumətdən, həmçinin bu sahədə təsdiqləməni gözləyirik. Bundan əlavə, böyük həcmdə texniki əməkdaşlıq aparılır. Bir sıra yerli banklarla iş birliyi qurulub ki, onlara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və sair işlərdə yardımçı olaq. Biz nəinki bank sektoru vasitəsilə, birbaşa kiçik və orta sahibkarlıq subyektləri ilə də işləyirik. Böhran vəziyyətinə hansı yanaşmanı tətbiq etmək? Bu baxımdan onlara dəstək verilməlidir. Bu da normaldır. Biz bunu da etməyə çalışırıq. Qeyd etməliyəm ki, biz sizin yaşıl iqtisadiyyata keçidə bağlı olduğunuzu bilirik. Bir çox ölkələr çəkinir. Biz isə həmin ölkələr üzrə əməliyyatları genişləndiririk. Bir tərəfdən deyə bilərik, əlbəttə, yaşıl iqtisadiyyat çox yaxşıdır, lakin ölkələr deyir ki, biz axı indi böhran içərisindəyik. Əslində, biz bunu yaşıl rəngə çevrilmə adlandırırıq. Böhran zamanı belə çalışırıq ki, əlavə nəticələri əldə edək, yaşıl iqtisadiyyat inkişaf etsin. Bir sözlə, biz gələcəkdə bərpa olunan enerji təşəbbüslərini dəstəkləyəcəyik. Artıq özəl sektor öz marağını nümayiş etdirir. Bunu nəzərə almalıyıq. Enerjiyə aid qaydaları da nəzərdən keçirməklə yardım etməliyik.

Yekun olaraq, dövlət müəssisələri və dövlət sektoru. Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik. Mənim bütün həmkarlarımı ekranda görürsünüz. Bütün yüksək rəhbərlik Sizə dəstək vermək üçün buradadır."

Prezident İlham Əliyev: "Sağ olun, cənab prezident. Əvvəlcə ölkəmizlə, koronavirusla əlaqədar gördüyümüz işlə və iqtisadi gündəliyimizlə bağlı söylədiyiniz sözlərə görə minnətdaram. Bu məsələləri əvvəllər dəfələrlə müzakirə etmişik. Sonra apardığımız müzakirələri yenidən nəzərdən keçiririk. Görürük ki, planlaşdırdığımız işlərin əksər hissəsini artıq yerinə yetirmişik. Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir.

Gələcək planlara gəldikdə, mən, həmçinin şəxsən sizə, bankın rəhbərliyinə Azərbaycana önəm verdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Ən vacib infrastruktur və enerji infrastrukturu layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstək verdiyinizə görə sizə çox minnətdarıq.

İndi isə biz razılaşdırılmış gündəliyə keçirik. Mən də planlarımızla bağlı dediklərinizi şərh etmək istərdim. Yaşıl proqrama gəldikdə, biz bu məsələyə çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq. Bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı onlara dəstək verməyi planlaşdırır. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin. Bir neçə gün öncə Energetika nazirimiz mənə məlumat verdi ki, onlar öhdəliklərinə ciddi yanaşırlar. Bu, əlbəttə ki, digər böyük şirkətlər üçün də geniş qapıları açacaq. Yəqin bilirsiniz ki, tender prosesində iştirak edən 7 əsas enerji şirkəti var idi. Bu dəfə keçməyən şirkətlərə gəldikdə, biz onlara ayrıca olaraq növbəti danışıqların aparılması təklifi ilə müraciət etmişik. Həmçinin sizin o fikirlə razıyam ki, bu böhran dövründə biz çox ciddi tədbirlər görməliyik. Biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək. Bu, elə bir vəziyyətdir ki, heç kəs buna hazır deyildi. Biz bu vəziyyətdən necə çıxacağıq, fəsadları hansı olacaq, fəsadları necə qiymətləndirməliyik, prioritetləri necə planlaşdırmalıyıq. Buna görə cənab prezident, bizim bankın və sizin dəstəyinizə, ekspert yardımınıza ehtiyacımız olacaq. Çünki söylədiyim kimi, dünyada heç bir ölkə belə vəziyyətlə qarşılaşmamışdır.

Siz, həmçinin suvarma məsələsini qeyd etdiniz. Sizə deyə bilərəm ki, həmin məsələ infrastruktur sektorunda hazırda bizim əsas prioritetimiz ola bilər, çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, İqtisadiyyat naziri, Ekologiya naziri, Kənd Təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar demək olar ki, bütün keyfiyyətini itiriblər. Biz xarici mütəxəssisləri dəvət edəcəyik. Həmçinin sizin dəstəyinizə nəinki maliyyə, o cümlədən ekspert bacarıqları baxımından arxalanırıq ki, bizim həm qısa, həm orta perspektivdə layihələrimiz olsun. Biz uzunmüddətli strateji plan istəmirik, çünki bizim bu halda beş ilə ehtiyacımız olacaq. Biz öz resurslarımızı ayırmağa hazırıq. Əlbəttə ki, bank dəstək versəydi, lap yaxşı olardı. Ən vacibi isə, layihənin lazımi şəkildə idarə edilməsidir. Dövlət müəssisələrinə gəldikdə, İqtisadiyyat naziri bu məsələ üzərində çalışır. Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz, əslində, buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq.”

Azərbaycanın korona virusla mübarizədə əldə etdiyi ciddi nəticələrə baxmayaraq hələ ki əlimizi ürəyimizin üstünə qoyub dərindən nəfəs almağın vaxtı deyil. Düzdü, sağalanlarla yoluxanlar arasında müsbət dinamika var. Amma bu dinamikanı etibarlı müstəviyə oturda bilməmişik. Məsələn elə bu yaxınlarda gördük ki, bir neçə gün çəkən müsbət dinamika birdən müvazinətini itirdi. Prezidentin böyük ümidlə baxdığı vətəndaş məsuliyyəti isə hələ ki, mükəmməl səviyyədə deyil. Özü də burada söhbət heç də maska çatışmazlığından, özünüqoruma maarifinin aşağı səviyyədə olmasından getmir. Söhbət heç ondan da getmir ki, orta vətəndaş karantin rejiminin qaydalarına qeyri-ciddi yanaşır ya yox. Məsələ sosial məsuliyyətlikdən çıxmaqla vətəndaş məsuliyyətinə gedib çatıb. Sosial həssaslığı siyasi həssaslığa keçirmək istəyən qüvvələr var. Və onların cavabıni verə biləcək ictimai ağız hələ ki bütöv halında deyil.

Tutaq ki, Cəmil Həsənli adlı, nimdaş, boyat, həvəskar alim özünün təhlükəli çıxışları ilə Azərbaycan cəmiyyətini əslində kütləvi itaətsizliyə çağırır.

Bir az da dəqiqləşdirək. Məsələn qanunlar, onların tətbiq sahəsi üzrə tam piyada olan Cəmil Həsənli vətəndaşın evdən bayıra çıxmamağa vadar edilmə səbəblərindən biri olan inzibati qadağaları, cərimə tətbiq edilməsini şübhə altına alır. Vətəndaşı cərimə məbləğini ödəməməyə nümayişkaranə surətdə çağırır. Bununla da qanuna asilik aşılayır. Özü də hansı şəraitdə. Ölkənin xüsusi vəziyyətində. Əslində bu cür çağırışılar cinayət təqibi zərurəti yaradır. Amma burası da var ki, əhalinin mütləq əksəriyyəti bu zavallı elm həpəndini ciddiyə almır. Çünki bığ yeri 4-5 aydır ki, second hənd tərləsə də, çənəsi çoxdan boşalmış bu adamın möhləti xeyli müddətdir ki çıxıb. Baxmayaraq ki, vaxtı keçmiş vasitələr daha təhlükəli ola bilir. Onların istifadəçiləri qara güruhun cahilləri olduğundan.

Məsələn: əminəm ki, bu gün qara kütlənin içində 100-lərlə “dırnaqarası” öndə gedən var ki, yer kürəsinin hələ də Məhsul stadionunun altında yatan, tərsinə bitən qazon otunu stadionun alt qatından yeyib dolanan öküzün buynuzları üzərində dayandığına inanır.

Qazonla Qazanı qarışdıran buöküzəsitayiş cahiləri öz dağıdıcı mahiyyətinə görə daha təhlükəlidir.

Onlar savadsızdırlar.

Onlar məlumatsızdırlar.

Onlar İt Ürəyindən tanıdığımız professor Preobrajenskinin səhv əl işlərindən başqa bir şey deyillər. Məncə professor Preobrajenskinin işini indiki halda həm də o çətinə salıb ki, əməliyyat etdiyi canlı, Şarikov həyasızcasına müdafiə oluna-oluna professorlaşıb. Hətta bu Şarikov Amerikada hürr-hürr mühazirə də deyir.

Professor Preobrajenski və onun yaratdığı professor Həsənli.

Təzadlar təzadı.

Bax pandemiyanın özündən daha qorxunc olanı da elə işin burasıdır. Dövlətdə de fakto fövqəladə vəziyyətdir. Ara-sıra boy verən xəfif müsbət meylləri nəzərə alan hökumət karantin rejiminin qaydalarını azca yumşaldıb.

Bu zaman Preobrajenskinin əl işi Cəmil Həsənli ortaya çıxır və vətəndaşları faktiki tabesizliyə təhrik edir…

Adamın hüquqi bilikləri 0-dan aşağı.

Məntiqi çoxdan təqaüdə çıxıb getmiş biri…

Koronavirusdan bu günədək 57 minə yaxın vətəndaşını itirmiş Amerika Birləşmiş Ştatlarında oturub 20 nəfərdən artıq itkiylə ən yaxşı salamatlıq göstəricisinə malik olan ölkələrdən sayılan Azərbaycanın gününə ağlayasan. Adamda bir ABIŞ- həya da yaxşı şeydi vallah.

Və belə istiqamətvericilərin hesabına bu gün də 90-cı illərin əvvəlində ilişib qalaraq hələ də 3 rəngli bayrağı ev şəraitində tikən nənələrin fiziki-mənəvi Cırtdan nəvələrinin boyu çıxmır ki çıxmır… bilirsiz niyə? Ona görə ki, bu məxluqları utandırmalı olan Solmaz Tohidilər, Firdövsiyə Əhmədovalar, Yaqub Mahmudovlar, Fəzail İbrahimlilər, Anar İsgəndərlilər və sair il axır xanımlar, bəylər başını salıb aşağı elə bilirlər ki, onları heç kim görmür. Dəvəquşu deyilsiz axı ay mənim əzizlərim, hörmətlilərim… Mən müxtəlif vaxtlarda elə burdan demişəm ki, ay əzizi mənlər, sənlər, onlar, o birilər… Axı Azərbaycan dövləti indi yeni müdafiə konstruksiayaları-qurğuları tələb edir. Bu gün hər kəs öz mövqeylə ortada olmalıdır.

Doğrudanmı millətin ömür kitabının müəllifi Sabir Rüstəmxanlı özündənbəy Cəmil Həsənliyə istiqlal dərsi keçmək istəmir?! Qorxur? İnandırıcı deyil axı. Vətəndaş ləyaqətini sovet tankının altının tırtılları altından sağ-salamat çıxaran Sabir inanmaram ki, hansısa Cəmili yerində oturtmağa qorxsun?!

Və ya Fəzail İbrahimli. Axı Cəmil Həsənli kimi ağzı e-helərdən-oholardan o yana-bu yana holavarlayan birini niyə səsi çıxan kimi utandırmayasan. Qənimət Zahidə Elçin Şıxlı, Aqil Abbas, Rəşad Məcid niyə öz yerini göstərmir? Nə baş verir?

Belə vətəndaş-ziyalı iflicinin müalicəsi yoxdu?

Abır-ərkan qoruyan, “mənə yaraşmaz!” deyə hər belə uğursuz preobrajenski eksperimentinin dövlətə necə tüpürdüyünə göz yuman savadlılara, alimlərə doğrudanmı elə gəlir ki üzərlərinə düşən yaz yağışıdır?

Mən bu gün daha açıq danışıram. Ona görə ki, hər şeyi, hər kəsi öz adı ilə və çoxdan çağırmaq lazımdır. Və nəzərə alaq ki, 2020-ci ilin növbədənkənar parlament seçkilərinin bir səbəbi də öz fərdi mənəvi müqəddəratını yenidən təyin etmək idi. Köhnə parlamentin buraxılmasını ağızdolusu əsaslandıran bəylər, xanımlar, yoldaşlar… eyni səbəblərdən bu məclisi də buraxılmaq aqibətinə yaxınlaşdırmırsız ki? Ona görə ki, o parlamentin buraxılma səbəblərinin böyük bir hissəsi bu günkü parlamentdə də qalmaqdadır. Ya da sübut edin ki mən səhv edirəm. Bu gün yalan xəbərlər erməni diversiyasının başqa şəklidir. Feyk xəbərlər cəmiyyəti yalana öyrədir… Gəlin yeni Parlamentdə Prezidentin çıxışının bəzi yerlərini xatırlayaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “İnformasiya mühafizəsi ilə bağlı. Çünki biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır - qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır."

Yeni parlament elə formalaşıb ki, burda bütün sahələr üzrə mütəxəssislər var. Yəni Azərbaycanın həm qanunvericilk bazasını, həm də opponentlərə cavab vermək, saxta xəbər, şayiə dəzgahını sıradan çıxarmaq missiyasını ləyaqətlə təşkil və təmsil etmək olar. Bəs nə baş verir? Hələ ki, nadir istisnalarla heç nə. Səyavuş Novruzov, Adil Əliyev, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Fəzail Ağamalı və deyəsən bitdi… bu Millət vəkilləri qaragüruhla açıq döyüşdən çəkinməyən az bir qismdir.

Məsələn, mən Vahid Əhmədovun, Əli Məsimovun tutaq ki Qubad İbadoğlu kimi qara hesabdarı necə çökdürdüyünü görmək istiyirəm, day uşaq pulu mövzusunda, hamam suyu ilə dost tutmaq taktikasını yox.

AŞPA-da Azərbaycanı təmsil etməyə hazırlaşan yeni milli vəkil və vəkilələrimiz qoy hələ bir az Osmanqızı və Gültəkin mültəkin üzərində məşq etsinlər… Faydası olar. Özü də bütün bunları Milli Məclis tribunasından etmək lazım deyil.

Sosial şəbəkələrdə bu siyasət düdəmələrinin düdüyünü sındırmaq lazımdır.

Sonra görək nə çalacaqlar nədə çalacaqlar…Yaxın tariximizin təcrübəsi göstərdi ki, kollektiv mövqe bildirmək və bununla da quşqoymaq ənənəsini ölməyə qoymamaq yanlış, səmərəsiz və bir sıra hallarda isə tam ziyanlı üsuldur. Millət vəkilləri prinsipial məsələrlə bağlı konkret mövqe bildirməkdən yayınırlar. Kiminsə yanında özünü pis etmək, xətirə dəymək, qaragüruhun qəzəbinə tuş gəlməkdən qorxmaq əksər hallarda dövlətin müdafiəyə ehtiyacı olan strateji mövqelərini boş, yiyəsiz qoyur.

Prezident Milli Məclisdə necə demişdi?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Gənclər siyasəti ilə bağlı. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.

Və burada Axilles Dabanı yalnız Parlament deyil. Nə deyəcəyimi biləcəksiz. Amma gəlin bu ilin əvvəlinə qayıdaq.

Prezident 2020-ci ili Könüllülər ili elan edəndə kimin ağlına gələ bilərdi ki, planet könüllərin ixtiyarına veriləcək və təbii ki indi hər bir kəs, hər bir dövlət ilk növbədə öz məsuliyyətinə buraxılıb. Tramp da Merkel də Putin də adlarını çəkmədiyimiz başqa liderlər də könüllü blokadaya səs veriblər. Heç demə Könüllülük müstəqilliyin ifadə üsullarından biriymiş… Prezident vətəndaşlara “Könüllü ol!” deyəndə əlbəttə könüllü sosial xidmətçilik et! demirdi. Sadəcə dövlətin baş meneceri dünyada gedən prosesləri əla duyduğundan könüllülük çağırışı həm ümumbəşərilik, həm də planetarlıq anlamına girdi.

İlham Əliyev könüllülüyü vətəndaş və dövlətdən ötrü baş missiyaya çıxaranda hər kəsə “Ürəyincə olanı et! Ürəkdən et!” deyirdi.

Buradaca bir az əvvəl bəzi məclis üzvlərini qınadığım məsələyə qayıdaq.

Cəmiyyətə könül işi, ürək işi kimi buraxılmış bir mükəlləfiyyətə, vəzifəyə. Dövləti hər birimizin qorumalı olduğumuz yerdən başlayaq. Bizə nə üçünsə elə gəlir ki, Azərbaycanı qorumaq silahlı qüvvələrin işidir. Asayişdirsə polislikdir. Vəssəlam. Ölkəni içindən dağıdan qüvvələrlə mübarizəni də onlar aparmalıdr. Necədir? Uzun müddətdir apardığım müşahidələrdən belə qənaətə gəlmişəm ki, orta statistik azərbaycanlıda dövlət savadı yoxdur. Düz eşitdiniz. Dövlət savadı. Biz Azərbaycana Google MAP-dən yuxarıdan baxıb onu bütün miqyası ilə qavraya bilmirik. Elə bu səbəbdən də dövləti bir kateqoriya olaraq hardasa kənarda mövcud olan mücərrəd şey kimi başa düşürük. Evimizi, ailəmizi, qohum-qonşumuzu təsəvvür edə bilirik. Amma dövləti yox. Fikir vermisinizsə, dövlətdən nəsə istəyəndə də sanki istəmirik, xahiş etmirik, tələb edirik. Aqressiv. Və bunu təkcə sadə insan etmir elə Qubad İbadoğlu kimi qara mühasiblər güruhu, va ya qara güruh mühasibləri də, susmaqla içdən onlarla səs-səsə verən susqun quzular da eyni ağıldadır. Ən ülvi, ali hisslər, müqəddəs duyğularla verilən əmrlərin icrasını o qədər eybəcərləşdiririk ki…Məsələn 11 min manatlıq birdəfəlik ödəmə… Əslində şəhidliyə dövlət səviyyəsində qoyulan ali ehtiramın dövlət səviyyəsində bir nişanəsi olmalıykən bu addımı küçələrə çıxan qadınlar, yaxınlar, əzizlər, şəhid ailələrinin hər bir üzvüylə bərabər küçələrə çıxan şəhid ruhları nə kökə saldılar? Və bu prosesi kim qızışdırdı? Kim o boyda ruhları küçələrə sürüdü? Sosial şəbəkələrin qara güruh qəhrəmanları. Dövlətin, xalqın, vətənin düşməni olan bir sıra internet televiziyalar, əllərinə təsadüfən keçmiş mikrofonu, kameranı dövlətin gicgahına terrorçu niyyətilə dirəyən əxlaq, mənəviyyat oğruları. Yadda nə qaldı? Təşəkkür edən bir-iki şəhid yaxını. Amma daha çox məni çəkməyin, 11 min manatdı da nə böyük iş olub deyən qorxudulub ürküdülmüşlər… son zamanlar 190 manat ətrafında yaşadılan mənəvi-maliyyə krizi işi o yerə çatdırıb ki… və bütün bu qarapozanlığın arxasında yenə də eyni güruh dayanıb… Osmanqızı. İbadoğlu. Kərimli. Hacıbəyli. Həsənli və s. və dövləti qorumaq borcunun yalnız əskər və polisin işi olduğunu düşünüb aşılayanlar yenə ortada yeyib qıraqda gəzirlər… yenə də susqun bir razılaşma.

Məğlub sükutu. Axı niyə Osmanqızının qarşısına məşhur qələm adamı İradə Tuncay və ya telejurnalistikanın əfsanəsi Nərgiz Cəlilova, Azərbaycanın tanınmış jurnalisti Qulu Məhərrəmli çıxmasın? Axı susmaq razılaşmaqdır. Yoxsa day belə deyil? Niyə Cəmil Həsənlini bu dəfə Bulqakov yox, özümüzün Çingiz Abdullayevimiz yenidən əməliyat masasına uzatmasın. Kəndinə qaytarmaq üçün. Axı görünmür ki, adam pişik görəndə özündən çıxır…

Və çox vacib bir məqama da toxunum. Bu gün ölkədə keçmişə ilişib qalmışlar yalnız qarın müxalifəti deyil. Dövlət Təhlükəsvizlik Xidmətinın əməliyatı göstərdi ki, keçmişin gödənyırtanları bu gün özlərini qalstuk və kostyumla təğyir-libas ediblər, altda isə öz təbii dəriləridir. Canavar gönü.

 

Yeni Harın ər Rəşid. Daha doğrusu, nə ər, nə də rəşid. Sadəcə Harın. Sadə vətəndaşı qara güruha məhz belələri göndərir! Onların beşinci kolondan nəyi artıqdır? əksinə əskikdirlər. Ona görə ki, beşinci kolon onsuz da düşməndir. Açıq düşmən. Özünü gizlətmədən erməni separatizminə dəstək verir. Amma Bunlar? Onlar daha təhlükəlidir. Ona görə ki dövlətin içinə özümüzkü kimi girib Azərbaycanı içəridən dağıdır. Dövləti vətəndaşın gözündən salır. Ona görə ki, bu zavallı sadə adam onu dövlətdən bilib özünü etibar edib. O da vəhşicəsinə divan tutur!

Yox, hörmətli tamaşaçılar, biz it ürəyi yox, qurd ürəyi yemişik. Təkcə Preobrajenski əməliyyatına yox e, ciddi DTX əməliyyatına ehtiyacımız var. Yaxalananda maska da var idi ağzında! Allah sizi güldürsün! Ölün də...

Digər xəbərlər
Bu gün
Dünən