Mir Şahinin vaxtı - VİDEO (26.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (26.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzi. Mir Şahin. Hər vaxtınız xeyir.

Azərbaycanın bütün dünya qarşısında müstəqillik mövzusunda necə Dövlət İmtahanı verməsindən yəqin hələ uzun müddət danışmalı olacağıq. Ən sadə sözlərlə. Ona görə ki, bu gün dövlət öz vətəndaşı naminə əsil fədakarlıq siyasəti yürüdür, amma orta vətəndaş bunu ya aydın, ya da tam dərk edə bilmir. Təqdimat ifrat protokol janrındadır, o səbəbdən. İndi həyətdə yeni eradı. Pandemiya planetdə elə yeni mühit yaradıb ki, bu gün hər bir dövlətlə bərabər, hər bir vətəndaş da müstəqillik testindən keçməli olur. Dilimizdə belə bir söz var. “İsti-isti”dir deyə hiss etmirik. Bax indi biz həmin o “isti-isti” dövrünü yaşamaqdayıq. Bütün dünyanın könüllü şəkildə özünü blokada şəraitinə məhkum etməsi ən başlıca olanı- hər bir ölkənin özünütəcrid vəziyyətində necə dözüm-duruş, intizam nümunəsi göstərə bildiyini, nə qədər gerçək bağımsız olduğunu üzə çıxarır. Virus dünyanı çoxlu cəbhəyə ayırıb və dünya müharibəsində planetin Azərbaycan cəbhəsi etibarlı müdafiə olunur.

İlk növbədə Ali Baş Komandanın soyuqqanlı, çevik, tədbirli strategiyası nəticəsində. Birinci vitse-prezidentin həm tutduğu yüksək dövlət postunun təyinatına görə, həm də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən xeyriyyə əməlləri ilə İlham Əliyevin sosial dövlət konsepsiyasına əsaslı dəstəyi səmərə verməkdədir. Və elə etibarlı baza hazırlığının, ardıcıl addımların nəticəsidir ki, biz qlobal böhranı hiss edəcək dərəcədə həssas deyilik. Bax mən “hələ isti-istidir” deyəndə məhz bu komfortun bizdə yaratdığı ifrat arxayınlığı nəzərdə tuturam. Bəli, karantin rejimi yumşaldılır, artıq bəzi sahələrin fəaliyyətinə icazə verilir. Amma yumşalma çox xəfifdir. SMS-lə verilən icazə möhlətinə rəva görülmüş bir saat artım qədər. Vur-tut bir saat. Yəni sosial təcridin əsas qadağaları qüvvədədir. Yenə özümüzü müdafiə etməliyik. Yenə məsafə saxlamalıyıq. Dezinfeksiya etməliyik. Vəziyyət metro işlədə biləcək dərəcədə normal deyil. Yenə həkimlərimiz 10-12 saat eyni geyimdə, daha doğrusu eyni futlyarda, qılafda bunker rejimində həyat uğrunda vuruşur. Bəzən xəstələnir. Bəzən ölürlər! Yenə xarici ölkəyə uça bilmərik. Və xarici ölkədən bizə uça bilməzlər. Yenə dəfnə icazə ilə yollanmalıyıq. Və sair və sair...

Sözdə Operativ Qərargah adlanan, əməldə isə Fövqəladə Vəziyyəti idarə edən ştab-Mərkəz hələ ki, adi vəziyyətdən çox uzaqda olduğumuzun sübutudur. Yeni şəraitə uyğunlaşmalıyıq. Ona görə ki, karantin rejiminin sərtləşməsi istiqamətində istənilən an geri addım atıla bilər. Hətta daha da sərt ola bilər. İsti-istidi hələ və yer kürəsinə verilən “stop!” komandasından sonrakı vəziyyətin ovqatı, dadı, qoxusu, istisi, soyuğu hələ bizə gəlib çatmayıb. Necə deyərlər, su kəsilib, biz indi şlankın içində qalan suyu almaqdayıq. Sonra dünyada daha ağır günlərin olacağı gözlənilir. Unutmayaq ki, Azərbaycan kainatdan kənar müstəvidə yaşamır. Vəziyyətin nə vaxt tam düzələcəyini heç kim bilmir. Ona görə də biz yeni şəraitə mümküm qədər sürətlə və intizamla uyğunlaşmalıyıq. İşimiz, əyləncəmiz, qayğılarımız virus dövrünün standartlarına uyğunlaşdırılmalıdır. Qarşımızda Prezident nümunəsi var. Həm məsafə saxlamaq, həm də işləmək. Öz işini görmək. Bilirsiniz İlham Əliyevdə niyə bu belə rahat alınır. Ona görə ki, o hələ neçə illərdir ki, hər birimizin Davosun yeni standartlarına transformasiyasına keçməsinə çalışır. Yeni zəka və idarəetmə funksiyalarını Azərbaycana gətirir. Təkcə virusdan peyvənd olmur ki, yeni qaydaların formalaşdığı yeni zaman və məkan həm də bizdən xüsusi zərdablar tələb edir ki, nəticə etibarilə hər yeni ekomühitə asan adaptasiya edə bilək. Bu gün məhz o gündür. Prezident belə işləyir. Rejimin qayda-qadağalarına ilk növbədə özü əməl edir. Buyurun, baxın. Daha bir nümunə. Bu dəfə İlham Əliyev Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışını etdi.

İlk baxışda üzərində xüsusi dayanmağa ehtiyac olmadığı təəssüratı yarada biləcək görünən bir iş. Dünya, Avropa, region xəritələrinin yenidən tərtib olunmasıyla yadda qalan ona yaxın nəhəng layihənin müəllifindən, həmmüəllifindən ötrü belə açılışlar adidən də adidir. Biz Azərbaycan liderinin bu tip açılışlarına o qədər öyrəşmişik ki. Amma bir neçə məsələ var ki, onların detallı araşdırılması əslində Prezidentin bu açılışda verdiyi mesajların əhatəsinin genişliyini, dövlət müstəqilliyi baxımından dəyərini göstərəcək.

Beləliklə başlayaq: Prezidentin göstərişi ilə 80 milyon manat vəsait ayrılıb və bu pula 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkilib. Etiraz etmirsizsə, 60 kilometrin nə boyda məsafə olduğu, qışın soyuğunda, yayın istisində insanların hansı fədakarlıq bahasına bu işi gördüklərinə də toxunmayaq. Baxmayaraq ki, rekord məsafədir, böyük əziyyətlər çəkilib. Qısa, statistika üçün olan başqa bir hissə də qoy ibarət olsun ondan ki, bu yolla Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin etmək, hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaratmaq mümkün olacaq. Çünki bu xətti çəkənlər perspektivdə Yaşma Elektrik Stansiyası və metallurgiya kompleksi üçün də ayrılmalar qoyublar.

Daha bir maraqlı fakt: tikinti işlərinə 2019-cu ilin üçüncü kvartalında başlanıb və Prezidentin tapşırığı ilə 6 aya başa çatdırılıb. Belə. Burada dayanaq: Yəni tikinti-inşa işləri əvvəldən planlaşdırıldığı kimi bir ilə yox, vaxtından 2 dəfə tez-6 aya bitib. Əlavəm də elə burada olacaq.

Təsəvvür edək ki, Prezident həmin inşa işlərini iki dəfə tez bitirməyi tapşırmır və proses öz ağır taxtalı, növbətçi ritmiylə gedir. Və… və birdən bu lənətə gəlmiş korona virus məsələsi peyda olur. Onda layihə yarımçıq qalır. Bəs bu nədir? Bax burada bizə görə İlham Əliyevin dünyada gedən istənilən prosesi təyinatı və məzmunundan asılı olmayaraq dəqiq sərf-nəzər etmək, əla duyum imkanı öz sözünü deyir. Belə davranış isə istənilən sosial məzmunlu aktı, faktı, ilk baxışdan bəlkə də çoxuna adi məişət problemi kimi görünən bir məsələni dövlət müstəqilliyinin vacib komponentinə çevirmək məharətinə çevirir. Bəli. Adi informasiya dili ilə nəql etsək hadisənin adı budur: Artıq Sumqayıt dairəvi qazla təmin olunur. Doğrudur, bu faktın özü də kifayət qədər böyük əhəmiyyətə malikdir. Cənubi Qafqazın ikinci ən böyük sənaye şəhəri üçün bu böyük lyuksdur. Həm də gələcək inkişafa əlavə təkan. Elə buna görə də Prezidentin çıxışı ətrafında hissələr üzrə dayanaq! Amma gəlin biz bir az başqa cür edək. Bu qaz söhbətinin əhəmiyyət dairəsini daha geniş götürək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar. Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik. Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır."

Prezident şüşə, polimer və karbamid zavodlarının adını çəkir. Amma baxın: hansı kontekstdə. Şüşə zavodu inşa ediləndən sonra idxaldan asılılıq aradan qalxır. Bu fikri sadə dilə çevirək, şüşə sarıdan müstəqil olacağıq. Yaxud polimer və karbomid zavodları. Bu müəssisələr əvvəla daxili tələbatı tam ödəyəcək. Deməli Azərbaycan polimer-karbamid sarıdan da tam müstəqil olacaq. İkincisi isə, həm də onun ixrac imkanları artacaq. Bu da o deməkdir ki, başqa dövlətlərin bu profilə ehtiyacı olan müəssisələri, deməli dolayısı ilə o dövlətlərin özü Azərbaycandan asılı olacaq! Qısası bir neçə müəssisə miqyasında dövlət müstəqilliyinin timsalı. İndi isə xatırlayaq daha nə qədər belə birlik, fabrik, zavod, kombinat var və Prezident hər belə açılışla Azərbaycanın müstəqil yaşamaq, mövcud olmaq gücünü, imkanını nə qədər artırıb, möhkəmləndirib. Buyurun. İndi də bu parçaya qulaq asaq və… Əliyevin bütün beynəlxalq, transmilli narahatlıqlar, dünyada tez-tez dəyişən prioritetlər, fors-major aqibətlər, müharibə şəraitində yaşayan, bağımsız siyasət yürütdüyünə görə ən müxtəlif qütblərdən təzyiq dalğalarına məruz qalan Azərbaycanın içindəki adi proseslər, gündəlik qayğılara baxmayaraq dövlətçi təfəkküründə daim saxladığı istiqlal hədəfi. Onun düşüncə tərzi---təhtəlşüur predmeti olaraq yalnız Azərbaycanın müstəqilliyini seçir. Prezidentdən indi eşidəcəyiniz məlumatlarda da neftdən sonrakı dövr nəzərə alınır. Əslində Prezident bizə belə bir mesaj verir ki, mütləq müstəqilliyimizin həlledici fazasındayıq. Bizə müstəqil olmaqda kömək etmiş neftin indi özündən də azad olmağı, ondan asılı olmadan yaşamağı bacarmalıyıq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram."

Bu ilin əvvəlində Davosda ekologiyanın prioritetə çevrilməsi, və neftə qara qızıl yox, qara qızın dərdi kimi yanaşanların Neft Ölkələrinə az qala bu mayenin rəngindən irəli gələn irqçilik prizmasından yanaşmasını görəndə bir sıra təhlilçilər kimi mən də barmağımı dişləmişdim ki, aha.stop. burada bir iş var. O iş indi artıq bütün planetə verilməkdədir. Nə vaxt bitrəcəyi bəlli olmayan təbiət hakimin kəsdiyi iş kimi. Bəli planetə nə qədərsə iş veriblər. Ona görə də Nəsiminin ruhu səmtinə əkilmiş 650 min qibləsiz-qibləli ağac sadəcə bağban-bağ proseduru deyil, bir bitkin planetar fəlsəfədir. Davosdan keçək Sumqayıta:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Vaxtilə Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib. Halbuki Sumqayıtda yaşayan insanlar, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, burada ekoloji vəziyyət çox ağır idi. Sumqayıtın yanından maşınla keçənlər də pəncərəni bağlayırdılar ki, o iylər onlara təsir etməsin. Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur. “Bizim planlarımız böyükdür. Sumqayıt inkişaf edir, əhali artır, sənaye potensialı möhkəmlənir. Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda, burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir."

Əslində burada xüsusi nəsə deməyəcəm. Ya da bəlkə mənə elə gəlir. Ona görə ki, Əliyevin bütün dövlətçi görüşlərini -- olsun Milli Məclisin yeni çağırışı qarşısında və ya Davos İqtisasdi Forumunun saytında dərc edilmiş məqaləsinin müddəaları, harada olmasından, deyilməsindən asılı olmayaraq---izləməklə onun kursunun sırf müstəqilliyə dayaqlandığını görmək mümkündür. Amma bir istisna hal var. Lider dövləti vətəndaşdan ayırmır. Çünki onlar bir-birinin tərkib hissəsidir. İndi isə bir incə Əliyev məqamı: Prioritet sosial həssas kəs, kəsimdir. Heç bir əngəl, heç bir təbii, süni maneə Əliyev üçün deyil. Baxmayaq ki, dünya iqtisadiyyatı böhran içindədir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir."

Təşəkkür məktubları barədə qısa replikam olacaq. Deməli, qaragüruhun internetdəki “dırnaqarası ağıllıları” bu məktublara birmənalı yanaşmır. Osmanqızı Şarikova Sevinckimilər tipi, buğumayaqlılar fəsiləsi başda, Əli Kərimli və icması ayaqda olmaqla sosial şəbəkə səfil-sərgərdanları nədənsə özlərinin düşük-qara güruh fikirlərinin, şərhlərinin, rəy alaqapılarında doğulan atasınaməlumların-yəni imzasızların mövqeyini cəmiyyətə xalqın mövqeyi kimi təqdim etməkdən utanmır. Əksinə virtual məkanda elə fon yaradırlar ki, guya 10 milyonluq xalqın məmə yeyəndən pəpə deyənə hamısı burdadır. Və indi Prezidentə ciddi, ad-soyadı, mənşəyi-mənsəbi bəlli vətəndaşlar məktublar yazır. Özü də Prezidentin saytına. Təbii ki, bu addımı atmaq barədə qərar verənlər qeyri-ciddi ola bilməzlər, əksinə, cəmiyyətin ən ciddi təbəqəsini təmsil edirlər. Bununla da virtual düşərgənin qara-qurası qarşısında böyük bir imza ordusu, təşəkkürün, minnətdarlığın ümumxal xitabat kürsüsünü görür. Qıcıqlanır. Özlərinin- qondarma imzası məsələn “ it kölgəsi”, “domokl qılıncı” “tahir bıçağı”olan tərəfdarlarının qarşısına-dövlətə, Prezidentə gerçək minnətdarlar, sayəlilər-sayğılılıar çıxır. Deyəsən ilk dəfə bunu mən deyirəm. Amma əminəm ki, gəldiyim qənaəti çoxları bölüşəcək. Virtual mühitin kommentlərinə qarşı real mühitin kommentlərinin çıxması cəmiyyətin düşüncə məkanında yeni rəy şəraiti yaratdı. Televiziyaların bu prosesə qatılması isə qara-quraların şəbəkə oyununda qüvvələr nisbətini dövlət təfəkkürlülərinin xeyrinə dəyişdi. Və Prezidenin bu təşəkkürləri təftiş etmək imkanı da var. Məsələn, bəzi rəyləri Ümumdünya Səhiyyə Təşkilatı ilə tutuşdurmaq olar.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir."

Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas qrupu formatında Zirvə görüşü keçiriləcək. Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu toplantını da videokonfrans vasitəsilə aparacaq. Hərəkata 120 dövlətin üzv olduğunu nəzərə alaraq Zirvə görüşü regional coğrafi təmsilçilik prinsipi əsasında Təmas Qrupu formatında olacaq. BMT, Afrika İttifaqı,Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu zirvə görüşündə iştirak edəcək. Təbii ki, mövzu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə olan tədbirdəki kimi bu dəfə də pandemya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səfərbər edilməsidir. Göründüyü kimi İlham Əliyev dünyanın taleyinə müdaxilə edə biləcək təşəbbüslərin müəllifi olmaqda davam edir. Vaxtında və zamanında. Əgər dünən dünya, Avropa Azərbaycan liderinin enerji təhlükəsizliyi, yeni enerji xəritəsinin cızılmasındakı xidmət və başarılarının səmərəsini görürdüsə, bu gün koronavirus və planetar məsuliyyətdən söhbət gedir.

Sonda isə hədəf kimdir? Əlbəttə Azərbaycan vətəndaşı. Sadə Azərbaycan insanı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir.Əlbəttə ki, bugünkü tədbirlər, - bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, - göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada üç mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır”.

Niyə mən sosial həssas qrupun qorunması və Prezidentin xüsusilə bu kəsimin həyatı, rifahının müdafiəsinə daha çox fokuslanması barədə fikrimi bir az geniş izah edim. Ardıcıl, sürəkli müşahidə iqtidarında olan həmkarlarımın yəqin nəzərindən qaçmaz ki, Prezidenti bir sıra hallarda çox bərk qəzəbləndirən, Əliyevin nitqi üçün bir o qədər də xarakterik olmayan ən sərt ifadələrə vadar edən səbəblər bir qayda olaraq sosial həssas, aztəminatlı vətəndaşların haqqını yeyən məmurlarla bağlı olur. Bu baxımdan sosial həssas qrup-Prezident münasibətlərini mən çəkinmədən belə səciyyələndirərdim. Cəmiyyətin sosial həssas hissəsi elə Prezidentin də dövlət başçısı olaraq ən həssas yeridir. Və o da unudulmamalıdır ki, Prezident belə şəxslərə, yəni kasıb payına göz dikənlərə “vicdansız” deməkdən ona görə çəkinmir ki, vətəndaş dövlət cümləsində baş üzvdür. Ya mübtədadır ya da xəbər. Ona görə də pandemiya şəraitində Azərbaycan rəhbəri Ali Baş Komandan öz əsgərini qorumalı olduğundan da artıq həssasdır.

Bir az əvvəl dedik ki, Prezident dövlət müstəqilliyinin bütün sahələr üzrə təmin olunmasının qarantıdır. İndiki halda mən Sumqayıt şəhərinin timsalında bir coğrafi vahidin müstəqil yaşaması üçün görülən işlər sırasında diqqətinizi bu fakta yönəltmək istərdim:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Sumqayıt şəhərinin infrastruktur layihələrinin icrası əlbəttə ki, böyük əhəmiyyət daşıyırdı. Mən bu yaxınlarda elektrik enerjisi ilə bağlı məsələlərə toxunarkən demişdim ki, son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Amma onu da bildirməliyəm ki, onlardan birincisi mənim göstərişimlə məhz Sumqayıtda tikilmişdir. Özü də çox böyük stansiyadır - 525 meqavat gücündə. Çünki bu stansiya olmadan Sumqayıtın sənaye potensialı inkişaf edə bilməzdi. Məhz bu stansiyanın istifadəyə verilməsi ilə Sumqayıtın elektrik enerjisinə olan tələbatı və eyni zamanda, ondan sonra artan sənaye müəssisələrinin tələbatı ödənildi.

Su təminatına gəldikdə isə, Sumqayıt Şollar mənbəyindən qidalanır və bu problem də öz həllini tapıb. İndi yolların çəkilişi də nəzərdə tutulur. Bildiyiniz kimi, mənim göstərişimlə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi icra edilir. Çünki mən demişəm, artıq Sumqayıt Bakı ilə elə bil ki, birləşib və bəziləri burada yaşasa da Bakıda işləyir və əksinə. Ona görə bu yollarda yaranmış tıxaclar əlbəttə ki, ciddi tədbirlər tələb edirdi. İndi yolun genişləndirilməsi işləri gedir. Eyni zamanda, bildiyiniz kimi, biz iki il bundan əvvəl Bakını, Bakı qəsəbələrini Sumqayıtla birləşdirən Bilgəh-Sumqayıt yolunun da açılışını qeyd etdik. İndi Sumqayıtdan Bakının qəsəbələrinə Bakı şəhərinə girmədən dəniz sahili yolu ilə çatmaq mümkündür. Ona görə bütün bu infrastruktur layihələrinin icrası zəruri idi. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi."

Deməli, Dövlət ölkənin özünütəmin prosesini dekorativ, bəzək və ya forma müstəqilliyi naminə təşkil etmir. Burada əsas məsələ hər bir coğrafi-ərazi vahidin maksimum özündənasılı olmasına nail olmaqdır və bu spesifik özünütəmin imkanı ümumilikdə dövlət müstəqilliyinin möhkəmlənməsinə işləyən faktordur. Sumqayıtın su və elektrik enerjisinə əlçatanlığı məhz Azərbaycanın su və elektrik enerjisi müstəqilliyinin möhkəmlənməsinin tərkib hissəsidir. Beləliklə Prezidentin Sumqayıt görüşlərini şərh edərkən iç-içə müstəqillik barədə danışdıq. Azərbaycanın xarici dövlətin və ya dövlətlərin hər hansı dəstəyinə ehtiyac olmadan müstəqil var olması, bu və ya digər şəhərin məhz dövlət müstəqilliyinin əsas şərtlərini qorumaqla özünütəmin etmə sərbəstliyi və sonda vətəndaşın fərdi müstəqilliyi. Özünün əvvəlcə özündən asılı olması. Sumqayıtda Prezident bu 3 müddəanı dolğun və şəkildə təqdim edə bildi. Bu gün əsas məsələ dövlətli sözünün mahiyyəti üzrə qavrayışı, dürüst anlaşılmasıdır. Azərbaycan vətəndaşı-varllı-varsız, bütün hallarda Dövlətlidir. Onun dövləti Azərbaycandır. Prezidentin görüşünün sonuna baxaq. İlham Əliyev növbəti dəfə əsrin bəlası mövzusuna qayıdır. Təşəkkür ünvanı yenə də həkimlərdir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Mən demişəm, hətta o geyimdə belə hərəkət etmək çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi.

Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Mən demişəm, indi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. “COVID-19” xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə demək olar ki, təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü.

Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, xəstəliyin geniş yayılmasına imkan verməyək. Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük. Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur. Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları - heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar. İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah! Sağ olun."

Karantin rejimi 27 apreldən başlayaraq nisbətən mülayimləşəcək. Amma bayaq dediyimiz kimi: əsas şərtlər hələ ki, yerindədir. Gərək özümüzdən muğayat olaq. Çünki bu sonda elə dövlətdən muğayat olmaqdır. Dövlət bizi necə qoruyursa, biz də eynilə dövləti qorumalıyıq. Biz bir birimizik. Və dövlətə layiq olmalıyıq. Dövlətə malik olduğumuzun bəxtəvərliyini dərk etməliyik. Məsələn, qaragüruh gündəliyini işğal edən, artıq marginallaşmış kəlmə -190 manat söhbətinə gəlirəm. Baxmayaraq ki, burada söhbət təbii ki əslində 190 manatdan getmir. Şayiə və qara piar maşını-pandemiyanın vurduğu ziyanı aradan qaldırmaq və ya təsirini minimuma endirmək məqsədilə dövlətin ayırdığı 4 milyard manata yaxın vəsaitdən xəbərdardır. Sadəcə olaraq diqqəti 190 manat üzərində cəmləşdirmək məqsədi güdür. Baxmayaraq ki, adambaşına 190 manatın özü də az deyil və cəm halında götürəndə 190 manatlara 600 milyon manat vəsait ayrılıb. Həmin rəqəmi 190 manat boyda yox, bəzi vasitələrdə təsəvvür etməyə çalışaq. Gəlin nəzərə alaq ki, Azərbaycan müharibə aparan ölkədir və hesabımızı da elə bundan götürək:

Deməli 600 000 000 manat. O az, ya çoxdur?

600 milyon manat- 8 ədəd ən müasir MİQ-35 təyyarəsi deməkdir

78 ədəd T-90 MS tankıdır

353 min ədəd 5-sinif müasir zirehli gödəkçədir

64 min 180 ədəd iriçaplı silah üçün optik nişangahdır

15 min 340 ədəd 12.7 mm kalibrli iriçaplı NSV pulemyotudur

504 min ədəd ən müasir növ Kalaşnikov avtomatıdır

70 min ədəd müasir snayper tüfəngidir

880 ədəd modernləşdirilmiş PDM piyada döyüş maşınıdır. BMP.

Əlbəttə mən pandemiya şəraitinin şərtlərini yüngülləşdirmək üçün ayrılmış 3 milyard 500 milyon manatı da bu qayda ilə əşyalaşdırardım. Təbii ki, orda mənzərə daha möhtəşəm olardı. Amma təsəvvür üçün elə 600 milyon manatın cəbbəxana ekvivalenti də kifayət etməlidi məncə. Və nəzərə alaq ki, ölkə iqtisadiyyatı İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə hər gün 100-150 milyon manat itirir. Bir günün 150 də yox e, 100 milyonunu 30-a vurub tapmaq olar ki, bu qədər itkiyə məruz qalan dövlət hələ hər ay 600 milyon manat da 190 manatlıq yardımlara ayırır. Yəni vətəndaşa ağıllı iqtisadçılar, deputatlar, daha doğrusu uşaq pulu vəkilləri başa salmalıdırlar ki, indiki şəraitdə dövlətin 190 manatını öz ləyaqətlərinə uyğun olaraq qiymətləndirsinlər, iştahlarına, arzu və istəklərinə görə yox. Onsuz da dövlət dünənin də, bu günün də insanlarına dəyər verir. Mən həm də İkinci dünya müharibəsi iştirakçılarına ayrılmış samballı vəsaiti nəzərdə tuturam. Yəni qara güruhun sosial həssas insanların vəziyyətini qabardaraq az qala bütün millətə dilənçi tonu yamaması o demək deyil ki, xalq yol qırağında papağını çevirib ağlar səslə himn oxuyub “gələn gedən dövlətə, səni o yanındakı qəşəng qızın canı mənə pul ver!-demək günündədi. Qaragüruhun marginalları-istər real dövləti dırnaqarası əcnəbi dövlət bəyə satmış Gültəkin Hacıbəyli olsun, istər Leyla Yunusun oral həmkarı, şəhər plebeyi, populist jurnalistka arvadı, nə onların, nə də bunların almasını yeməyə damağı sonadək tab gətirməyən, ağzı çatmadığı ət və ya sümük çatışmazlığından əziyyət çəkən Şarikova Sevinc, istər uğursuz müxalifət tullantısı hər axşam Qurbanlayan Məmmədov, ya da beyin hüceyrələri normal nəfəs almadığından kəllə sümüyünün ön tərəfində, alın nahiyəsinə yaxın hissədə münbit, dincə qoyulmuş zona tapdığından müəmmalı şəkildə qalınlaşan qaşın sahibi Əli Kərimli, Xocalı soyqırımı qurbanlarını çılpaq şəkildə yad edərkən iş başında və başında iş ələ keçmiş və sonra da əldən çıxmış Qənimət Zahid…fərqi yoxdur, bu internet tör-töküntülərinin deməyi və iddiası ilə deyil ki. Son zamanlar guya İnternet blokadasına alındığını iddia edən, apardı azersellər Saranı oxuyan Əli kərimli öz aləmində elə düşünür ki, guya bizimki makarondu…

Deməli indi hamımız millətin sosial təcridindən danışırıq. Qaragüruh isə deyir ki ay aman qoymayın Əli Kərimlini təcrid ediblər. Əslində isə bu mövzunu peşəkarlıq təqviminin qırmızı günlərini sevincək yaşayan Şarikovalar ona görə gündəmə gətiriblər ki, REAL hərəkatının lideri İqar Məmmədovun Ali Məhkəmənin plenumunun qərarı ilə bəraət alaraq diqqət mərkəzinə gəlməsi xəbəri arxa plana keçsin. Məntiqlə nə baş verməliydi. Qaragüruh olanda nə olar, ordakıların da qanı qırmızı, normalda bədən hərarəti 36 onda altıdır da. Heç olmasa bir təbrik mətni olmalıydı. Öz əyninə bir pasport ala bilməyən Kərimlinin ətrafı özünə o boyda bəraət alan birini virtual terror edir… Qaragüruhun Sevinc Şarikovayla qurduğu primitiv kombinasiya belədir. Çünki mən 100 faiz bilirəm ki, Əli Kərimlinin nə nömrəsi bloklanıb, nə bloku, nə də qapısı. Ona da yazırlar, o da yazır…! Göstərim? Tələsməyin. O da olacaq.

İlqar Məmmədovun bəraət alması isə şübhəsiz ki, ilk növbədə Azərbaycanda aparılan məhkəmə islahatlarının nəticəsidir. Biz artıq öyrəşmişik ki, Prezidentin Azərbaycanı yeni dünya sahmanına uyğunlaşdırmaq kursu iqtisadiyyatın şaxələndirilməsində keçir. Bu fəlsəfənin izahı üçün ölkənin dünyada bir xaba çevrildiyini misal gətirmək kifayətdir. Amma başqa bir diversifikasiya da var ki, bu tərtibat cəmiyyətin daxili üçün, ictimai-siyasi ünsiyyət platformasına görədir. Yeni dünya modelinə köhnə davranış tərziylə getmək olmaz.

Məsələn: Əliyevin fleym touer səviyyəsi və qaragüruhun Məhsul stadionu arasında çox böyük mənəvi-siyasi yarğan var. Qaragüruhun ayağını yarğanına görə uzatması isə onları özünəməxsus uçuruma aparır. Elə bu səbəbdəndir ki, İlqar Məmmədov məsələsi əcayib bir mənzərə yaratdı. Məsələn: İlqarın bəraətinə reaksiya iqtidardan yox, özünü müxalifət adlandıran qaragüruhdan gəldi. Bu isə bir neçə dəfə elə buradaca məndən eşitdiyiniz məntiqi nəticəni yenidən actual edir. Onlar hakimiyyətə yox, birinci müxalifət olmaq uğrunda mübarizə aparırlar. İlqar Məmmədovun bəraət alması isə Azərbaycan dövlətində formalaşan yeni siyasi konfiqurasiyanın özəl mənzərəsidir. Əlbəttə İlqar və Real da qaragüruhdan çox uzaq deyil. Amma o heç olmasa legitimləşir. Həm də İlqar Məmmədovla baş verənlər göstərdi ki, dövlətlə danışmaq lazımdır. Xaric üzərindən Azərbaycana gələndə baş divara dəyir. Səfil qeydiyyata düşənədək bomjdur.

Məsələn biri də var. 5-ci kalonun daha bir xaric çalan və elə xaric üçün də çalan, çalınan Yan Düdüyü. Tütək də demək olardı. Əli Əliyev. Adını VİP qoyan siyasət şveysarı. Bu adam Tibb universitetində işləyir. Amma məncə onun burada işləməyə yox, müalicəyə ehtiyacı var. Çünki bu insanların hələ ki mexanika ilə işləyən siyasi təfəkkürü dünyanın idarəolunma mexanizminin onlayn formatını dərk etmək iqtidarında deyil. Formal olaraq 2020-ci ildə yaşasalar da məzmun hələ 90-cıdır. Onlar yenə də Dağlıq Qarabağda fəaliyət göstərən ermənidilli kolleqalarıyla birlikdə və unison çalışırlar. 1990-92-ci illərdə olduğu kimi. Qarabağın taleyi Bakıda həll olunur deyə cəbhədən silahlı qüvvələri, hərbi texnikanı Bakıya sürdürənlər eyni qüvvələrdir. Buyurun baxın. Müdafiə naziri Rəhim Qazıyev mayın 16-da Milli Məclisin qarşısındakı mitinqdə çıxış edir. Bayram mitinqidir. Mütəllibov devrilib. Mitinqi Elçibəy aparır. Rəhim Qazıyev isə birbaşa cəbhədən gəlib. Baxaq! O gün mən də mitinqdəydim. Müsahibə də aldım. Amma indi Sizə o müsahibəni yox, daha artığını təqdim edəcəm:

Mən niyə bu kadrları göstərdim? Ona görə ki, qaragüruhun məzmunu dəyişməyib. Kərimlinin məxsus olduğu siyasi düşüncə hakimiyyətə güc yoluyla gəlməkdən başqa heç bir yol tanımır. Ona görə onlar keyfiyyət yox, kəmiyyət müxalifəti olmağı üstün tuturlar. Strategiya eynidir. Buradan qaragüruh başlamalıdır. Oradan da ermənilərin qiyam çetesi onlara dəstək verməlidir. Ardınca onlar-yəni Ermənilər Azərbaycan ərazilərini, bunlar isə Bakını ələ keçirirlər. Plan budur. Həmişəki kimi. Elə burdaca Azərbaycan Dövlət Teleradio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yeni zaman üçün yüklənmiş missiyası üzərində dayanmaq istərdim. Ona görə ki, Prezidentin islahatlar paketinin yeni fəsli Ölkənin birinci kanalını yeni mükəlləfiyyətlər və yeni keyfiyyət fərqiylə meydana çıxarıb. Bu gün dövlət artıq öz əsas ideoloji platforması olaraq Dövlət Kanalına güvənə bilir. Çevik informasiya siyasəti, tamaşaçını tədricən dövlət vətəndaşına çevirmək istiqamətində aparılan konseptual iş, bir zamanların qocafəndi diktor kanalını müasir çağırışlara adekvat olan ciddi instrumentə çevirib. Ciddi ideoloji-informasiya maşını. Məncə, Dövlət Teleradioverilişləri Qapalı Səhmdar Cəmiyyəti Prezidentin yaxın tarixə tez-tez ekskurs etməsini nəzərə alaraq öz zəngin arxivinə baş çəkəcək. Teleradioverilişləri Qapalı Səhmdar Cəmiyyəti 1991-93-cü ilin arxivini tapmasa belə onun yoxa çıxma səbəbləri əla təhqiqat mövzusu ola bilər. Təkcə elə Qarabağ mövzusunda aparılmış danışıqların neçəsi Qaragüruhun rəhbərlik etdiyi illərə- 91-92-93-ə düşür.

Maraqlıdır bu həvəskar kilkəsevərlər nədən danışıblar?

Bu həftə Qarabağ münaqişəsilə bağlı baş vermiş iki hadisəyə də buradan keçək. Rusiyanın Xarici işlər naziri Lavrov ona adətən xas olmayan konkretliklə bəyan etdi ki, tərəflərə təklif olunan sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılması təklif edilir. Bu bəyanata iki qütb eyni mövqedən yanaşdı. Daha doğrusu eyni mənbədən maliyyələşən iki qütb. Məhz bu bəyanatın səsləndiyi günlərdə qaragüruh açıq mətnlə bəyan etdi ki, Azərbaycanda demokratik mühit formalaşmayınca ermənilər, Dağlıq Qarabağ Azərbaycanla bir yerdə olmaq istəməyəcək. Eyni gündə Ermənistanın xarici işlər naziri də bildirdi ki, onlar heç vaxt ərazi güzəştinə getməyəcəklər. Bakı təbii ki sərt danışmalıydı. Ona görə ki, söhbət faktiki olaraq danışıqların bir proses olaraq ləğv edilmə ehtimalından gedirdi.

Azərbaycan Prezidentinin köməkçisi Məhərrəm Əliyevin Trend İnformasiya Agentliyinə müsahibəsindən bəzi parçalar. Sərt, qəti, amma həm də ədalətli mövqedir!

May ayının 12-də isə atəşkəsin imzalandığı gündən 27 il keçəcək. Mən bir rəqəmlə maraqlandım. Bu müddət ərzində ölkəmizdə nə qədər insan ölüb? 2020-ci ilin rəqəmləri əlimdə hələ ki, yoxdu. Amma 2019-cu il də daxil olmaqla Azərbaycanda ölənlərin sayı 1 milyon 347 min 722 nəfər olub. Və bu qədər insan Qarabağ probleminin həll edildiyi günü görmədən, ərazi bütövlüyümüzün bərpa olunacağına inana-inana ölüb, vəfat edib, həlak olub. Şəhid olub! Beynəlxalq güclərin beynəlxalq qanunların önünə keçdiyi indiki zamanda blits-krik həll mümkün deyil. Deməli qaçqınların həyatı orta statistik vətəndaşın həyatından fərqlənməməlidir. Prezident Sumqayıtda hələ də yataqxanalarda yaşayan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə aparılan tikinti işləri ilə tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev: "Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq."

Prezident İlham Əliyev: Hər iki layihə?

Rövşən Rzayev: Bəli, hər iki layihə, elə nəzərdə tutulub. Hazırda da işlərimiz sürətlə gedir.

Prezident İlham Əliyev: Yəni, ümumiyyətlə, 3 mindən çox ailə burada yerləşəcək.

Rövşən Rzayev: "Bəli, 3 min 42 ailə burada məskunlaşacaqdır. Əsasən Sumqayıt şəhərindən köçürüləcək məcburi köçkünlər. Sumqayıt şəhərində 13 mindən çox ailə məskunlaşıbdır. Hörmətli Birinci vitse-prezident Mehriban xanımın tapşırığına əsasən Sumqayıt şəhəri üçün yol xəritəsi hazırlanıbdır. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onları və Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insanı biz burada məskunlaşdıracağıq."

Prezident İlham Əliyev: "Çox yaxşı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan insanları yerləşdirin, onların böyük hissəsi burada yerləşdiriləcək. Ondan sonra bu layihələr davam etdiriləcək."

Rövşən Rzayev: "Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən, burada komitə üçün ümumiyyətlə 50 hektar ərazi ayrılmışdır. Onun 17 hektarından istifadə olunubdur. İlk qəsəbəmizdə 1001 ailə yaşayır. Siz 2018-ci ilin dekabrında bu qəsəbənin açılışını etmisiniz. Hazırda ikinci və üçüncü qəsəbələrimiz tikilir, daha 12 hektar ərazimiz qalır. Orada da layihəyə uyğun olaraq 1008 ailə yerləşdirə biləcəyik. Sizin tapşırıqlarınıza uyğun olaraq, layihə tamamilə dəyişdirilibdir, nəzərdə tutulmuş 2500 ailə əvəzinə hazırda burada 5000-ə yaxın ailə məskunlaşdırılacaq."

Prezident İlham Əliyev: "Çox yaxşı, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu vaxta qədər bu qəsəbə də tikilib."

Rövşən Rzayev: "Bəli, burada 1001 ailə yaşayır, binalar yeddi mərtəbədən ibarətdir, qəsəbə 17 hektarda salınıbdır. Amma Sizin tapşırıqlarınızdan sonra layihəyə yenidən baxıldı və artıq yeni qəsəbələrdə doqquzmərtəbəli binalar tikilir."

Prezident İlham Əliyev: "Ümumiyyətlə, bu qəsəbələrdə əvvəlki dövrdə tikilmiş binaları da nəzərə alsaq təqribən dörd mindən çox ailə məskunlaşacaq. Mən göstəriş vermişəm ki, bütün kommunikasiyalar da təmin edilsin – qaz, işıq, yollar, su təminatı - bütün şərait."

Rövşən Rzayev: Yaşıllıq salınır.

Prezident İlham Əliyev: "Yaşıllıq, ictimai zonalar. Çox yaxşı, gələn ilə də planlaşdırın, çünki hələ ki, Sumqayıt şəhərində və Abşeron rayonunda məcburi köçkünlərin sayı çoxdur. Son illərdə biz onların əhəmiyyətli hissəsini yerləşdirdik. Ona görə burada bu tikinti layihələri davam etdirilməlidir. O cümlədən Bakı şəhərində və bütün digər yerlərdə. Bu bina məktəb üçündür?"

Rövşən Rzayev: Bəli, məktəbdir, 3 korpusdan ibarətdir, cənab Prezident.

Prezident İlham Əliyev: Hər iki qəsəbə üçün nəzərdə tutulub?

Rövşən Rzayev: Bəli, hər iki qəsəbə üçün nəzərdə tutulubdur. Şagirdlər sayılıb, hamısı yerləşəcəkdir. Bunların hamısının layihəsi şəhərsalma qaydalarına uyğun hazırlanıb.

Prezident İlham Əliyev: Bu binalar neçə mərtəbəlidir?

Rövşən Rzayev: Yeddimərtəbəlidir. İndi isə doqquzmərtəbəli binalar tikilir.

Prezident İlham Əliyev: Gələcəkdə 12 mərtəbəli binalar da tikilə bilər ki, daha çox insanları yerləşdirək.

Rövşən Rzayev: Baş üstə. Sizin tapşırığınızla Binəqədi rayonunda bizə yer ayrılıbdır. Sizin tapşırığınızdan sonra biz orada 12 mərtəbəli binaların inşasını nəzərdə tuturuq.

Prezident İlham Əliyev: Çox yaxşı.

REAL Təhlil və İnformasiya Mərkəzi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayevlə söhbət edib. Geniş söhbətdir. Amma maraqlıdır. Çoxlu yeni xəbər eşidəcəksiniz. Bilirəm ki, mənzil gözləyən çoxlu qaçqınımız var hələ.

Prezidentin Sumqayıt səfəri həm də niyyət axşamına təsadüf edirdi. İlham Əliyevin Azərbaycan vətəndaşı naminə daha bir niyyəti tikinti-abadlıq, məskən salmaqla bağlı oldu.

Elə buradaca yerinə düşər ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Ramazan təbrikini də çatdıraq.

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”.

İndi isə vaxtımızı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə veririk. Məncə, Ramazan ayını bu dəfə biz böyük pəhrizə dayanmış dünyanın bütün insanlarına aid edə bilərik. Biz ağzımızı maskasız da bağlaya, ruhumuzu qoruya bilirik.

Digər xəbərlər
Bu gün
Dünən