Mir Şahinin vaxtı - VİDEO (19.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (19.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz.

Hələ ki bütün dünyada bütün insanlara ağzını bağlamağı tövsiyə edirlər..

Və ilk dəfədir ki, bu şəkildə “kütləvi ağız bağlamaq” demokratiya tələb edənlərin ənənəvi etiraz jesti sayılmır.

İlk dəfədir ki, heç kəs onu bu addıma vadar edənlərə “ağzımı niyə bağlayırsan?”, “hüququmu niyə pozursan?” kimi yersiz görünən suallar vermir... əksinə, bu və digər məhdudlaşdırıcı addımları daha qəti, daha mütəşəkkil, daha ardıcıl, daha davamlı atanlar örnək, nümunə və dürüst sayılır. Çünki bu gün söhbət bir dövlətin özünü müdafiə və mühafizə etməsindən getmir. Çünki bu addımı digər yedək məhdudlaşdırıcı tədbirlərin müşayiətilə əlahiddə götürülmüş bir dövlət atmır. Çünki bu addımı atan bütün Yer Kürəsidir. Və bu gün təhlükəni bütün dünya dövlətləri öz dərisində, “balıq kimi ölə bilmək” aqibətinin caynaqlarını öz boğazlarında hiss etdiyindən planetdə yaradılmış vahid mənzərəni diktatura yox, birlik, mütəşəkkillik sayırlar! Amma hələ cəmi 3-4 ay əvvəl öz müstəqilliyini, dövlətinin təhlükəsizliyini, xalqının rifahını qorumaq məqsədilə kütləvi iğtişaşların qarşısını alan, iqtisadi prosesləri, inkişaf meyllərini ləngidən hərəkətləri qanunun iradəsi altında nizamlayan dövlətlərin ünvanına ən sərt ittihamlar səslənirdi. Hətta iş sanksiyalara qədər gedib çıxırdı. Bəzi dövlət başçılarının planetin hansısa hissəsinə, hansısa ölkəyə və ya ölkələrə səfər etməsinə yasaqlar tətbiq edilirdi. Amma indi hamı eyni dərəcədə sanksiyaya məruz qalıb.

Məsələn: Lukaşenko da, elə Tramp da. Yaxud: xatırlayaq. Butulkadan çıxan Cin yaxud Çinə qədər dünyada hansı mövzular aktual idi... hamısını deməyəcəm. Təkcə Türkiyənin məruz qaldığı beynəlxalq diversiya, bu ölkənin Suriyada salındığı vəziyyət, İdlib düyünü, Ankaranın Avropaya açıb buraxdığı qaçqın seli... axı o qaçqınların vur-tut 128 min nəfəri Avropaya keçə bildi. Bəs qalanı necə oldu? Hər şey təfərrüatlaşdı. Bir yarasa supunda o qədər zir-zibil qaynadıldı ki. Bir az uzaqdan başladım, bilirəm. Amma bu səbəbsiz deyil. Əslində, Amerika açacağımı zənn etmirəm. Etdiyim, ola bilsin ki, hamının bildiyi, sadəcə bir-birinin yanına düzməyə bəzən ərindiyi, bəzən həvəs göstərmədiyi arqumentlərin, faktları bir yerdə təqdim etmək cəhdidi. Korona virus adlandırılan təhdid dünyanın bütün ənənəvi qanun və qaydalar sistemini qüvvədən saldı. Ən ibtidai müdafiə duyğusu ən ali müdafiə qurğularına qalib gəldi. Ən ibtidai özünü qoruma yolu-yuvana gir, evinə gir!-deyən zooloji-bioloji hökm mütləq qələbə çaldı. Bunu çətinə düşəndə edən akulasından, sərçəsindən, filindən, qarışqasından asılı olmayaraq bütün canlılar kimi insan da etməli oldu və bununla da göstərdi ki, “o özünü təqdim etdiyi qədər böyük və qüdrətli deyil. Yəqin elə buna görədi ki, postkorana dövründə hər şeyin əvvəlki kimi olmayacağını deyirlər. Bir az əvvəl elə mən də “dünyanın bütün ənənəvi qanun və qaydalar sisteminin qüvvədən düşdüyünü” iddia etdim. Amma nə dəyişir dəyişsin, necə dəyişir dəyişsin, bir qanun var ki, o milyon illər əvvəl olduğu kimi yenə də qüvvədə olacaq. Söhbət insanların sağ qalmaq, öz təhlükəsizliyi və itib-batmamasını təmin etmək, davamlı nəsil artımına, öz təbii tələbatlarının keyfiyyətlə və intizamla yerinə yetirilməsinə nail olmaq, maddi-mənəvi nailiyyətlərin etibarlı qorunub saxlanması üçün həlledici əhəmiyyət kəsb edən birgəlik mühiti yaratmaq kimi təbii vəzifə-və öhdəliklərin bazası olan məkanı qoruyub saxlamaqdan gedir. Bu gün bizim anlayışımızda bu Dövlətdir. Bu, xalqdır! Bu, millətdir! Bu insanın vətəndaş adlanan növüdür. Əlbəttə, Azərbaycan dünyanın nüvə dövlətlərindən deyil. Amma bu dövlətin də öz nüvəsi var və onun rəqibləri, daha açıq desək düşmənləri məhz nüvəni nişan alır. Korona virus təhdidi Azərbaycanı da qəfil yaxaladı. Düzdür, dövlət öz vətəndaşının qorunması üçün lazım olan xeyli addım atmışdı. Bəzən hətta ilk dinləyişdə “axı niyə?” sualı doğran addımları belə. Məsələn, bir iki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş katibinin Bakıya səfəri zamanı sosial şəbəkələrdə bir təkhüceyrəli yazmışdı ki, qalmışdı saqqal darağımız və mən onda bu replikaya belə cavab vermişdim ki, bəlkə dövlət hansısa naməlum xəstəlikdən sənin kütləvi surətdə ölə biləcək əzizlərinin ruhuna matəm saqqalı saxlaya biləcəyindən darağ ehtiyatı görür?! Və ya neçə vaxtdır ki, Prezident İlham Əliyev vətəndaşlarımızı bütün ölkə boyu pulsuz müayinəyə çağırır və bunun üçün dövlətin lazım olan bütün addımları atdığını, bütün tapşırıqların verildiyini deyir. İcbari Tibbi Sığortaya hazırlıq, səhiyyə sisteminin forma və məzmununda aparılan təbəddülat dəyişiklikləri, müasir tibb sənayesinin ultra yüksək nailiyyətlərinin Azərbaycanın hətta ən ucqar rayonlarına qədər aparılıb çıxarılması çoxgedişli kombinasiyaları dərin təhlil edən, bütün mümkün variantlara milli və vətəndaş marağı baxımından yanaşan Azərbaycan liderinin iş və düşüncə üslubu barədə aydın mənzərə yaradır. Yəni bütün bunları ona görə deyirəm ki, koronavirus Azərbaycana gələndə hakimiyyət də, həkimiyyət də formada idi. Və uyğun məzmunda. İndi artıq bəzi çox mühüm məsələlər barədə açıq danışmaq da olar.

Gəlin əvvəlcə epidemiyanın başlanğıc mərhələsini xatırlayaq. Çin Respublikasında başlayan və qlobal xofla əsl təlatüm yaradan korona virus tezliklə digər respublikalara da sıçradı. Yolu üstündə olan-olmayan neçə-neçə ölkəni sarıb-sarsıdıb keçən bu virusun qarşısında adlı-sanlı dövlətlər, səhiyyə derjavaları süquta uğrayırdı. İspaniya, Almaniya, Fransa, Belçika... dünənədək az qala “ölünü belə diriltmək iqtidarında olan” səhiyyə sisteminə malik ölkələr kimi tanınan bu dövlətlər bir-birinin ardınca ağır itkilərlə barışmalı olurdu ... Sərhədlər bağlanır, meyidlərin adətlərə uyğun olaraq dəfn edilməsi yox, sadəcə bir yerə qalaqlanaraq zərərsizləşdirilməsi mövzu olaraq aktuallaşırdı. Hamı öz evinə qovulurdu. Avropa, dünya ikinci dünya müharibəsindən sonra belə fəlakətlə ilk dəfə üzləşirdi. Mən indi bunları deyirəm və hətta görürəm ki, bayaqdan keçmiş zamanda danışıram. Amma yox, hörmətli tamaşaçılar! Hələ heç nə keçmiş deyil və keçmiş olsun deməklə də deyil. Sadəcə, xatirələrimlə bir az xəyala daldım.

Nəyi deyirdim?

Deməli, dünya boyda bəla var.

Avropanın ən müasir klinikalarını diz çökdürən bu bəla Azərbaycana da gəlir. Bax söhbətin “təsəvvür edirsiz?”sualı yerinə indi çatdıq. Etiraf edək ki, Azərbaycan nə Almaniya, nə Fransa, nə də Belçikadır. Ən azı onların tibb sənayesinə görə. Prezident -“Hər bir azərbaycanlının Prezidenti olacağam!” deyən İlham Əliyev Dövlət Başçısı postunda indiyədək qarşılaşdığı ən ciddi problemlə üz-üzədir. Çox istərdim ki, bir maska çatışmazlığını nəfəs, ürək, böyrək çatışmazlığı səviyyəsinə qaldıran aşıq-şair vətəndaşımız 10 milyondan artıq insanın aqibətinə məsul olan İlham Əliyevin o zamanlar hansı daxili vəziyyətin sahibi olduğunu anlamağa çalışsın. Onu da nəzərə alaq ki, İlham Əliyev öz Prezidentliyi dövründə ən çətin situasiyalarda vətəndaşın yanında olmaqla artıq onu mülki komforta alışdırıb. İnsanlarımızın bir böyük qrupu fərdi məsuliyyət hissinin böyük bir hissəsini dincə qoyaraq hətta bir az arxayın, ərköyün məzmuna keçib. Və belə bir vəziyyətdə ölkənin bütün müsbətini də, mənfisini də ən etibarlı mənbələrdən bilən Əliyev indi artıq heç vaxt heç bir müasir həmkarın da üzləşmədiyi qlobal bəlayla üz-üzədir. Bütün ölkələr, bütün xalqlar artıq planetin növbəti dünya müharibəsi məsuliyyətilə qəbul etdiyi fəlakət qarşısında öz rəhbərinə sarı boylanır. Ümidlə baxır. O cümlədən də Azərbaycan xalqı Azərbaycan Prezidentinə. Əlbəttə, başa düşürəm ki, mən “təsəvvür edin!” deməklə hamı işini-gücünü buraxıb, elə bu dəqiqə təsəvvürmanuyaya tutulacaq. Amma hər halda kimlərsə, o an İlham Əliyevin yerləşdiyi mənəvi vəziyyətə, subardinativ məsuliyyətə şərik olmağa çalışdı yəqin. Təkrar edirəm. Azərbaycan timsalında vəziyyəti unikal edən həm də bu ölkənin vətəndaşlarının dövlətdən daha çox umması, dövlətə övladı kimi yox, atası-babası tək yanaşmasıdır. Nəzərə alaq ki, Prezident ilk dəfə Novruz təbriki zamanı korona virus təhdidi, dövlət-vətəndaş məsuliyyəti barədə danışmışdı. Bu müraciət ediləndə artıq 14 mart məhdudiyyətləri qüvvədə idi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək."

Mütləq qeyd edilməli bir detal. Azərbaycan vətəndaşları qarşısında verilmiş bu taleyüklü bəyanata qulaq asın. Amma buna qədər xatırlayaq: dünyada minlərlə ölü, dəhşətli statistika var.. peyvəndin tapılıb-tapılmayacağı barədə də heç nə məlum deyil… Avropanın ən nüfuzlu tibb nəhəngləri çökür. Bir sıra ölkələrdə insanların özünə inamsızlığı depressiya yaradır. Hətta bəzi Avropa şəhərlərində ərzaq üstündə kütləvi tıxac, dava-dalaş, talan baş verir. Və biz Prezidentin bayram təbrikinin sonuna gəlin indi baxaq. Bu dediklərim fonunda.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq."

Prezident ən çətin anda belə ümid verir, inam bağışlayır və qazanılacaq uğura bəri başdan xalqı şərik edir. İlham Əliyev sonrakı çıxışlarında da yaranmış ağır vəziyyətdə arxalandığı dayağı aydın nişan verir. Bu, xalqdır. Yeni Klinikaya xeyir-dua verəndə Prezident bir sıra vətəndaşlarda formalaşmış məsuliyyətsizliyə münasibətini bildirdi. Burada həm qınaq, həm inciklik, həm vəziyyətin çox ciddi olduğunu anlamayan məsuliyyətsizlərin hərəkətindən qaydalara əməl edənlərin məruz qalacağı riskdən yaranan narahatlıq var idi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək."

Amma elə həmin gün biz yenə də gördük ki, sərtlik, prinsipiallıq və barışmazlıq öz yerində, amma İlham Əliyevin koronavirusla qələbəni xalqla birlikdə qazanmaq əzmi, dəhşətli fəlakətlə mübarizədə milli həmrəyliyi özünə əsas müttəfiq seçməsi bir qayə, bir amal məsələsidir. Çünki biz Alov Qüllələrinin dövlətin, millətin tarixi taleyində malik olduğu xüsusi rəmzi yeri də ilk dəfə elə o gün başa düşdük. “Qalx uca dağların başına indi də 3 tonqal qala!” deyən Dədə Qorqudun tövsiyəsini Prezident rəqəmsal reallıqların dilinə uğurla çevirmişdi. O milli həmrəylik ideyalarının alov dilində danışırdı, deyirdi ki, bizim böyük xalq olduğumuzu hamı görsün!:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq.

Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq."

Həmrəylik, birgəlik, hamılıq. İlham Əliyev olduqca incə bir detalı mükəmməl şəkildə izah etməyi bacarmışdı. Bu gün hamı özünə məxsuscasına tək olmalıdır. Çünki bunu Birlik tələb edir. Bu gün hamı öz evində oturmalıdır. Bir dövlətlik budur. Bu gün hər kəs öz ailəsiylə biryerdə qorunmalıdır. Bu xalqlıqdır.

Yəni mükəmməl ayrılmağı, komanda şəklində ayrılmağı bacarmaq elə birliyin əsas şərtidir. Prezidentlə eyni düşüncəni Mehriban Əliyeva da aşılayırdı.

PREZİDENT - ATA DÖVLƏT - BİRİNCİ XANIM - ANA YURD anlayışı bir ailə timsalında Azərbaycanın Ana Vətən kimi necə göründüyünün misalı idi.

“Əziz həmvətənlərim, mənim doğmalarım!

Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - Növbəti 20 gün ərzində hamı evdə qalmalıdır. Ailələrinizlə birlikdə. Xahiş edirəm, vacib zərurət olmadan evlərinizi tərk etməyin!

Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! - etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!”

Bütün bunlar emosiyaların icmalı deyil və mən də əlbəttə keçilənləri ona görə təkrar etmirəm ki, hər şey artıq arxada qalıb, hamı beşmərtəbəli evin altıncı mərtəbəsinə manqal qaldırıb şiş toqquşdurmağa qalxa bilər... yox əlbəttə. Amma Nazirlər Kabineti yanında operativ qərargahın son günlərdəki arayışları göstərir ki, məhz Prezidentin soyuqqanlı çevikliyi və ya tədbirliliyi, Birinci vitse-prezidentin fasiləsiz nəzarəti qaragüruhun pərakəndəlik, pintilik aşıladığı sosial şəbəkələrin kimlərisə narahat etməsinin qarşısını almaq, şayiə maşınını sındırmaq üçün təcili privintiv müdaxilələri öz işini görməkdədir. Prezidentin ətrafı, köməkçiləri, yeni komandası təlimi müharibədə keçmək məcburiyyətindədir. Bu həm də onlar üçün taleyüklü məsuliyyətdir. Və mən deyə bilərəm ki, bütün komanda Prezidentin etimadına və yaranmış vəziyyətə görə daşınılan məsuliyyətə adekvat çalışır. Sağalanlar çoxalır, yoluxanlar azalır... bu gün belədi. Bəlkə də nəticə çıxarmaq tezdir, bəlkə çox tezdir, amma İlham Əliyev göstərdi ki, Azərbaycan----- özünəməxsus ideyalar, təcrübələr modeli, örnəyi də ola bilər. Niyə də olmasın? Azərbaycan məgər bütün dünyada multikultural nümunə kimi tanınmır? Yaxud: keçmiş sovet respublikaları arasında Azərbaycan ən uğurlu iqtisadi-sosial islahat örnəyi deyil? Yoxsa Davos standartlarını qəbul etməklə yeni dünya çağırışlarını planetin ən çevik və effektli qəbul edən respublikalarından biri, bir sıra komponentlərə görə dünyanın ikincisi deyil? Məgər ASAN modeli BMT xəttilə bir sıra ölkələrdə tətbiq olunmur? Və yaxud, birinci Avropa Oyunları ərəfəsində Avropanın ən aparıcı dövlətlərinin qısqanclıqla Azərbaycana qarşı məqalələr tirajlayan məşhur Kütləvi İnformasiya Vasitələrini kim unudub? Şəxsən mən unutmuram. Və onu da unutmuram ki, o yarışlarda Azərbaycan onu tənqid edən Avropa ölkələrini qazandığı medalların sayına və əyarına görə arxada qoydu! İndi də tale elə gətirib ki, bu dəfə də Azərbaycan Avropanın bütün səhiyyə qüdrətlərini, təbabət-tibb mütləqiyyətlərini geridə qoyub. Verdiyi itkilərin azlığı ilə. Keçirilmiş testlərin sayının çoxluğu ilə. Azərbaycan pandemiya ilə mübarizədə bu nəticəni qoruyub saxlaya bilərsə, dünyanın ən böyük təhdidlərindən biri ilə mübarizədə Azərbaycan nümunəsinin yaranmasına təəccüblənmərəm. Və məndən ötrü həm də bilirsiz nədi maraqlı: Azərbaycan onu birinci sinif uşağı sayıb küncə qoymaq istəyən Avropa Ölkələrinin bayraqlarını məhz Heydər Əliyev Mərkəzinin üzərində videoproyeksiya edərək, böyük ürəyə malilik bir imperator ədası göstərir. Və hələ 3-4 ay əvvəl milli ideoloji bazisimiz, dövlətimizin istiqlal xəttinin müəllifi H. Əliyev, onun yolu haqqında naxoş kəlmələrdən istifadə edən bir sıra dövlətlərin təmsilçiləri məhz Heydər Əliyevin adını daşıyan möhtəşəm binanın-Heydər Əliyev Mərkəzi fonunda Azərbaycana minnətdarlıq edirlər!

Heydər Əliyev Mərkəzi adını doğruldur. O Dünyanın, Avropanın qayğı, təsəlli, ümid, həmrəylik mərkəzidir. İslahatların 2018-ci il etapından sonra İlham Əliyev Azərbaycanın sosial dövlət istiqamətində həlledici dəyişikliklərə nail oldu. Və bu reformaların məhz Davos standartlarına uyğun şəkildə aparılmasının effektidir ki, Əliyevi situasiyanın qalibinə çevirib. Baxın. Prezident dünyanın səndələmələrdən, qatmaqarışıqlardan, qeyri-müəyyənliklərdən əziyyət çəkdiyi indiki vaxtda daha çox qənaətə, qara gün üçün ixtisarlara üstünlük verər, və bütün səbəbləri də pandemiya ilə əlaqələndirərdi. Bir sıra dövlətlər kimi. Amma İlham Əliyev əksinə, situasiyanın gərginliyi hesabına qabaran, başqa vaxt bəlkə də o qədər gözə girməzdi, amma kritik səbəblərdən daha yaxşı diqqətə çarpan problemləri anında fiksasiya edir və aradan qaldırır. Məsələn sosial şəbəkələrdə qara güruhun və ya 5-ci kalonun quyruqlarının xüsusi maraqla qabartdığı 190 manatlıq vəsait ətrafında:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 “minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.

Prezident burada elə davrandı ki, qara güruhun qatı, az-çox savadlı nümayəndəsi Qubad İbadoğlu belə susmalı, daha doğrusu susmamalı oldu.

“Hesab edirəm ki, bu qərar düzgündür, post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq”. Qubad İbadoğlu.

Məncə, dövlətin ən gərgin vəziyyətdə vətəndaşın dadına çatması eyni zamanda özünü gələcək üçün sığortalamaqdır. Çünki dövlət elə vətəndaş deməkdir və hər bir nasaz vətəndaş dövlətin nasazlığının tərkib hissəsi olur. İkincisi, karantin bitəndən sonrakı period həm də qlobal böhranın davamı olacaq. Bu isə o deməkdir ki, bu 190 manatlıq əl tutma hələ bir müddət ayaqda, sadəcə ayaqda dayanmaq üçün faydalı olacaq. Və nəhayət bir neçə müddətdir ki, hər əlverişli məqamda “Pul ver! Pul ver! Pul ver!” tələbiylə tozanaqlayan pulverizatorların məntiqi qarşısına əla antitezislə çıxıldı. Dövlət pul verməyin əleyhinə deyil, israfçılıqla pul səpələməyin əleyhinədir! Pulun dibi suda deyil. Artıq heç neftdə də deyil. Vətəndaşın sağlamlığı ən vacib məsələdir. Bu gün dövlət bir sıra hallarda vətəndaşın arzusunun əleyhinə olaraq... onun səhhətini qoruyur. Nə qədər əcayib səslənsə də. Bəli. Məhz vətəndaşın arzusunun əleyhinə olaraq qoruyur. Buna baxmayaraq, Əliyev soyuqqanlıdır. Vətəndaşı ürəkləndirir. Ruhlandırır. Baxmayaraq ki, vətəndaşın sosial məsuliyyəti daha çox ola bilərdi və bundan dövlət daha böyük fayda götürərdi. Amma buna da şükür! Prezident insanlarımızın küll halında qanunpərəst olmasını arzulayır. Və biz burda yenidən Əliyevi milli həmrəylik ideyalarının önündə görürük. Əlbəttə bu gün qurbanların sayı məhz həndəsi silsilə ilə ona görə azdır ki, ortada Əliyev faktoru var.

Amma. Prezident öz uğuruna yenə də şərik qoşur. Xalqı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən bunu bir daha demək istəyirəm, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir. Çünki bir daha demək istəyirəm ki, son üç-dörd gün ərzində müsbət dinamika var. Ancaq biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq, görək ki, bu dinamika nə qədər çəkəcək, bu, davamlıdır, yoxsa yox və hansı əlavə tədbirlər görülməlidir. Çünki dünya böyük çağırışla üzləşib və biz görürük ki, bir çox hallarda ölkələr bu bəla ilə təkbaşına mübarizə aparır.

Azərbaycan, əlbəttə, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atmışdır. Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk."

Amma hələ heç nə bitməyib. Koronavirus çox boşluqlarımızı üzə çıxardı. Əvvəla, aydın oldu ki, bir çoxumuz üçün yeyib-içmək ayin, ziyarət, hər şeyin əvvəli və hər şeyin sonu kimi bir zad olub. Məsələn bu gün dediyimiz tostlarda elə Şuşanı da vətən-uğrunda yox, yeyib-içmək naminə azad etmək istərdik. Karantin zamanı manqala fanatik sevgi bizi ifşa etdi. İkincisi: təzadlarla nəsə etməliyik. Pandemiya zamanı ən populyar olmalı vasitələr haqqında danışaq. Maska. Spirt. Bu iki vasitə ilə problem yarandı. Baxmayaraq ki, hər iki vasitəyə ehtiyac daha çox küçəyə çıxmaq zamanı, evi, mənzili tərk edərkən yaranmalıydı və yaranırdı. Və. Və. Məsələ də elə bu vədədi. Çünki tələb bu idi ki küçəyə çalışın çıxmayın. 3-cü vasitə isə əl-üz sabunu idi. Məntiqlə, insanlar evə çağrıldığından, hər kəsə əlini səylə yumaq, məhz sabunla yumaq tövsiyə edildiyindən əsl qıtlıq sabunla yaranmalıydı. Mən şəxsən bir neçə gün ardıcıl olaraq, ən adidən ən hiper marketə qədər çox yerdə əl-üz sabunu qıtlığı necə aradan qaldırılır sualı vermişəm, sualım onlara qəribə görünüb. Onların cavabları da mənə: “əl-üz sabunu alan var ki!” belə.

Məncə, bu qəribə hal gələcək üçün bizim nou-xau kimi öyrənilməlidir. Çünki pandemiya hələ uzun sürəcək. Biz yeni psixoloji şəraitə uyğunlaşmalıyıq. 4-cü sənaye transformasiyası onsuz da bizdən yeni münasibətlər sistemi, virtual birgəyaşayış qaydalarına uyğunlaşmaq tələb edirdi. Yadınızdadır, bir dəfə sərt qış tufanı gözləyirdik e. Dənizdən neftçiləri təxliyə etmişdik. Dərsləri dayandırdıq. Bütün istiqamətlərdə maşınlara hərəkət etməyi məsləhət görmədik. Əsgərləri belə kazarma rejimində saxladıq. O zaman da hansısa ağıllı öz aləmində guya kimisə ələ salırdı... ifrat belə gəldi, ifrat belə getdi... özümüzü tərifləmək kimi çıxmasın. Amma o zaman biz burada nə deyirdik: biz deyirdik ki, bundan sonra fövqəladə hadisələrə yeni dünya qaydalarına uyğun olaraq daha çevik və həyəcanlı yanaşacağıq. Niyə: ona görə ki, dünya çox böyükdür, içi çox doludur, ənənəvi müdafiə üsulları daha əvvəlki kimi effektiv deyil. Və bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi oxşar situasiyalarda bugünkü kimi yox, yəni ifrat həssas yox, başqa cür, yəni köhnə vaxtlarda olduğu kimi davransa, onu başa düşmərəm. Sitatımın sonu. Əlbəttə, mən o iddiada deyiləm ki, biz dedik oldu. Ya da 23 drob 768 və s. kimi postulatlar səsləndirək. Sadəcə onu deyirik ki, Davos standartları indi bizə bir zamanlar adi görünən ən kiçik zərrəni belə fil boyda görməyi əmr edir. Çünki biz dəyişmişik. Dünya ilə birlikdə.

Və bu gün əgər kimsə karantinin qısa müddətdə götürülməsini gözləməklə, bir anın içində 4 ay əvvəlki dünyaya düşəcəyinə ümid edirsə, yüngül desək, sadədildi. Böhran bütöv bir planeti əhatə edib. Həyat və inkişaf bütün planetdə demək olar ki, dayanıb. İstehsalat və istehsal bütün planetdə dəfələrlə geri düşüb. Və bu gün Azərbaycan karantini ləğv etsə belə onun tərəfdaşı olan ölkələr bu addımı atmasa, faydası yoxdur. Əksinə risk və ziyan gələ bilər. Çünki Azərbaycanda karantinin aradan qalxması xəbərini həmin rejimin qüvvədə olduğu ölkələrin vətəndaşları da eşidəcək və bura axın edəcək. Nəticədə. Bir, koronavirusun ölkəmizə yeni axını başlayacaq. İki, dükanı-bazarı məhdudiyyətlərlə üzləşən həmin ölkələrin vətəndaşları bizin istehlakçılarımızın müştəri payına əməlli-başlı basqın edəcək. Daxili bazarı qoruya bilməyəcəyik. Üç, dörd, beş də var. Amma məncə bu iki səbəb də kifayətdir ki, söhbəti bağlayaq. Ona görə də uzun müddətli karantin qaydalarına uyğunlaşmalı, ALLAHA şükür, dövlətə təşəkkür etməliyik. Bu yeni psixoloji-daxili vəziyyətdir. Toyu, yası təşkil etməyin yeni formalarını tapmalıyıq. Şadlıq saraylarının klassik məzmunla bağlı donuq vəziyyətilə barışmaq, yaxın bir il üçün onlara yeni təyinat növləri axtarmalıyıq. Yeni şərait kənd təsərrüfatı sferasını xüsusiləşdirir. Burada daha azadıq. Yəqin ki, bu amil kəndlilərin və kənd təsərrüfatında çalışmaq istəyənlərin sayını artıracaq. Məhsul bolluğuna nail olan kəndli öz sosial əhəmiyyətini və dövləti dəyərini artıracaq. Məncə, karantin qaydaları yumşalacağı təqdirdə, ilk növbədə aqrar sektorun mübtədalığı cümləmizin əsas işi olacaq. Təhsil vermə sisteminin klassik forması yəqin ki ciddi dəyişikliyə uğrayacaq. Ölkənin internet sistemini daha keyfiyyətli etməyə nail olacağıq. Elektron hökumət yeni şəraitdən sonra bir sıra keyfiyyət dəyişikliklərinə uğramalı olacaq. hətta ASAN, DOST kimi gələcəyin idarəetmə maşınları da bəzi nüanslar üzərində işləməli olacaq. Vətəndaşın dövlətdə özünü öz evində hiss etməsi üçün. Bəli. Adam oturur evində, eyni zamanda dövlətdə. Vahid dövlətdə. Postpandemiya dövrünü xüsusi təhlil etməyə əlbəttə imkanımız olacaq. Amma bu gün bir neçə ümdə məqam barədə danışmağı hər halda lazım bilirəm. Əvvəla, bu gün Prezident Azərbaycanın sosial dövlət olmasını məqsəd kimi qoyub. Burada iki vacib dayaq var. Bunlardan birincisi, sahibkarlar, ikincisi isə həssas təbəqə-aztəminatlılar.Və diqqətli təhlilçi yəqin ki, Prezidentin onlara yönəli addımlarının əks-sədasının artıq baş verdiyini hiss etməmiş deyil. əvvəl Prezident təşəkkür etdi. Sahibkarlara, həssas təbəqəyə imkanı daxilində kömək edənlərə.

Əliyevin təşəbbüsü ilə yaradılmış Fonda hətta bir manat belə yardım etmiş kəslərə. İndi isə ölkənin bütün regionlarından İlham Əliyevə yazırlar. Bunlara cavab məktubları da demək olar. Əmələ görə. İşə görə. Xidmətə və xidmətçiliyə görə. Müəlliflər əsasən sadə adamlardır. Məhz o adamlar ki, Prezident onlarla görüşmüş, əllərindən məktub qəbul etmiş, bütün məmurlardan da məhz onlara qulluq etməyi tələb etmişdi, edir və edəcək. İcra başçılarının həbsinə də dövlət elə bu az təminatlı, həssas təbəqənin payını qamarlayıb yediyinə görə əl atmışdı. Birinci vitse-prezidentin bu ana qarışısında əyilməsi onun sadə xalqa, sadəcə xalqa deyil, həm də xalqın həssas hissəsinə olan təzimdir. Yəni İlham Əliyevin sosial həssaslara münasibəti artıq ailə dəyəri kimi lap dərinə işləyib.

Sosial dövlət və sosial şəbəkə. Bu iki oxşar ifadə məntiqlə bir yerdə, bir yolda olmalıdır, əlbəttə. Amma bu virtual ərazinin qaragüruh tərəfindən uzun müddətdir ki, çürüdüb iyləndirilməsi, antisanitariyanın hökm sürməsi, dövlətin, millətin maraqlarını müdafiə edənlərin anında linç edilməsi, tərbiyəsizliyin baş alıb getməsi sosial şəbəkələri sosial dövlətin yanında olmaqdan çəkindirir. Məncə, Prezidentə təşəkkür məktubları yazmaq yolu seçmək sadə insanların sosial şəbəkələrdəki qara-quraçılığa, Əlikərimçilik adlı siyasi əliəyriliyə, Osmanqızı adlı mediya əxlaqsızlığına unikal protestidir.

Bu baxımdan Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğularda əhalinin az qala 95 faizinin bu gün Prezidentə etibar etməsi şübhəsizdir. Və bu nəticələr Prezidentə islahatların dərinləşdirilməsi üçün, qəti və kateqorik olmaq, dövlət düşmənlərilə mübarizədə prinsipial olmaqdan ötrü verilən ümumxalq xeyir-duasıdır.

Bir haşiyə çıxım. İlham Əliyevin siyasi xarakterində özünü o yerə qoymamaq kimi bir cəhət var. nədir bu: fikir verirsinizsə, Əliyev bir neçə dəfə eyham vurub ki, hər şeyi adı ilə çağırmaq lazımdır. Xüsusilə düşmənə düşmən demək məqamı gələndə. BDU-nun 100 illik yublileyində, Milli Məclisin yeni seçilmiş tərkibi qarşısında etdiyi çıxışı zamanı. Elə son dəfə hökumətlə keçirdiyi videokonfransda. Dövlətin dialoq təklifini qəbul edən opponent düşərgənin müxalifət kimi legitimliyinin qəbul edildiyi tədbirdə dialoqu rədd edənlərə mahiyyəti üzrə baxıldı:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır. İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır."

Özünü o yerə qoymamaq budur. Yəni Prezident olaraq mən qaragüruh natəmizliyinin üzərinə tək də gedə bilirəm. Amma ortada bir mənəviyyat məsələsi də var axı. Biz niyə düşmənə düşmən deməkdən çəkinirik? Niyə qaragüruh Azərbaycan Prezidentinin hər belə çıxışından sonra İlham Əliyevin üzərinə qapança atır... guya dövlət başçısı öz opponentlərilə mübarizədə pandemik şəraitdən istifadə edir. Amma gəlin dəqiqləşdirək. Axı nə qədər kor olmalısan ki, pandemik şəraitdən qaragüruh və onun Əliəyri Kərimlisi, ayağıəyri Osmanqızının istifadə etdiyini görməyəsən... bu adamlar və ətrafındakı fır-fıralar korona virusla biryerdə dövlətin başı üstündə fırlandılar. Baxmayaraq ki, dünya bu təhdidi dünya müharibəsi tək qəbul etmişdi. Prezident müraciətində vəziyyətin ciddiliyini aydın şəkildə başa salmışdı, hər kəsi həm siyasi, həm sosial məsuliyyətə çağırmışdı. Bunun ardınca cəmiyyətə rəxnə salmaq, vətəndaşlarda dövlətə, onun gördüyü işlərə inamsızlıq yaratmaq, öz peşəsinin başağrı böhranını yaşayan alayarımçıq Sevinc Osmanqızı və öz başağrısını Avropa üslubunda restoranlarda əcnəbi reseptlə şərab xumarında çıxaran, Dövləti Dövlət bəyə dəyişib Aydına xəyanət edən Gültəkinlə bir olmaq kimi hallar baş verdi. Faktiki olaraq xalq ac qiyama səslənirdi. Təbii ki ölkədə ac olmadığından qiyam da olmadı. Bu dəfə də alınmadı. 2018-ci ilin terror qızmarında profilinə Yunis, Rəşad şəkli qoyan güruhbaşılar bu dəfə də fürsət ardınca qaşdlar. Boş yerə. Ciddi araşdırmalarım var. Hədəflərimə qibtə etmirəm. Gözdə qulaqda olsunlar.

Prezidenti vəziyyətdən istifadə edərək opponentlərini vurmaqda ittiham edənlərin ağ, qara, qırmızı yalanlarını sübut etmək çətin deyil. Sadəcə iki-üç fakt gətirəcəm.

Münhen konfransında İlham Əliyev Ayaz Mütəllibovu necə müdafiə etmişdi. Düşünmədən. Dərhal. Və ya Prezidenti, dövləti ən sərt şəkildə tənqid edən hüquq müdafiəçisi Oqtay Gülalyevin Türkiyədə bu gün də davam edən müalicəsi. gördüyünüz kimi İlham Əliyev və ailəsi şəxsi kin saxlamır. Qaragüruhbaşının bəy dediyi və bəyənmədiyi Elçibəyin evinin təmiri, həyat yoldaşının dəfnində ən yüksək şəkildə iştirak da Əliyevlər ailəsinə məxsus alicənablıq, alixanımlıq jestidir. Nə Mütəllibov, nə Elçibəy xain idi. Oqtay Gülalıyev də bütün riskli bəyanatlarına baxmayaraq xain olmadı. Deməli söhbət məhz düşmənə münasibətin kəskinliyindən gedir. Qırmızı xətti keçmək olmaz. Qırmızı xətt dövlət sərhəddidir. Onu pozmaq cinayətdir. Düşmən olmaqdır. Əgər qaragüruhbaşılar Prezidentin müraciətindən sonra məsələn “Xüsusi vəziyyəti nəzərə alaraq onun qüvvədə olduğu müddətdə rədd olub gedirik” və ya buna bənzər başqa ritorikaya yol versəydilər, bu doğrudan da kişi söhbəti olardı. Amma görəndə ki bu dəfə də əllərinə bir şey keçmədi və nağıl danışırlar, bax burada artıq söhbək kişilikdən osmanqızlığa keçir... çünki qara güruh və onun başına qalsaydı insanlar küçələrdən yığılmamalı və “qərib bizə çörək ver!” qərib bizə çörək ver deyə! Buynuz çıxarmış cinlərin oyununda qara pozanlıq etməliydilər. Məncə, bir neçə son dərəcə ciddi hadisə baş verib ki, artıq qaragüruhun başında duran şəxslərin, şəxsən Kərimli və Həsənlinin siyasi fəaliyyətlə qadağan edilməsi mövzusunu gündəliyə çıxarır. İşin qanun tərəfini bilmirəm, araşdırmamışam. Amma araşdırmaq olardı. Bu adamlar və onların yedəkçiləri düşməndirlər. Sadəcə düşmən. Bəzən sosial şəbəkələrdə Osmanqızına bir qadın olduğuna görə acımadığımı, yazığım gəlmədiyini mənə irad tuturlar. O qadındı, filan. Bilirsiz, mən Qarabağda əsgərlərimizə erməni tərəfdən atəş açan snayper qızların əməllərinin şahidi olmuşam bu gün snayper erməni qızlarıyla Osmanqızının heç bir fərqi yoxdur. Və əgər ermənilər Qarakənd üzərində Rəhmətlik Osman Mirzəyevi bir dəfə vurublarsa, efir terrorçusu Osmanqızı öz atasının da olduğu helikopterə hər dəfə atəş açır. Bəli. Düşmən öz adı ilə çağrılmalıdır. Və mən Osmanqızına öz sosial səhifəsində cavab verə bilən, amma bunu hansı məqsədləsə etməyən qabaqcıl qadınlarımıza mane olmuram axı. Amma o da acı həqiqətdir ki, Azərbaycanın bir qardaşlıq, daha doğrusu bacılıq qəbristanlığı qədər qadın ziyalısı ola-ola yuvası bəlli quşun cavabını mən verirəm. Prezidenti, Ali Baş Komandanı müdafiə etdiyini düşünənlərə isə xətirlərinə dəyməsin, bir-iki kəlmə deyəcəm. Hörmətli cənablar və xanımlar! Bilirsiz kimə oxşuyursuz: Təsəvvür edin: döyüş gedir. Düşmən sərkərdəni nişan alır, atır, sərkərdə vuruşur, atəş açır, onun əsgərləri isə atışmır, döyüşmür, sadəcə sərkərdəni tərifləyir. Sağ ol, yaşa! Var ol deyir! Və sonda karantin müddəti iki həftə artırıldı. Məndən tez-tez soruşurlar: karantindən nə vaxt tam çıxacağıq. Cavabım budur. Karantinə tam girəndən sonra. Bəs girməmişik? Nə bilim, baxın da...

Prezidentin, dövlətin, ayrı-ayrı qurumların əziyyətini gəlin batırmayaq. Bilirsiz kimə oxşayır qaydaları pozanlar: 91-92-ci illərdə Qarabağda əsgərlərimizlə müsahibə edirdik. Hər 5-indən dördü deyirdi ki, Bakıda, orda-burda konqres satmasınlar, gəlsinlər bura. Bir yerdə vuruşaq. İndi həmin o həkimlər, polis əməkdaşları və başqa risk xidmətçiləri üçün biz qayda pozanlar həmin o konqres satanlar, trusik satanlarıq. Hə, sağalanların sayı xəstələnənlərin sayından çoxdur. Hə korona virus Azərbacan liderinin ilk növbədə onun mükəmməl fəaliyyəti nəticəsində hələ ki qələbə çala bilmir, hətta geri çəkilir. Amma gəlin daha ağır günlərə hazır olaq. Unutmayaq tədiyə balansı pisləşib. Gəlirlər azalıb. Neft hasilatını da azaldacağıq. Və bütün bunları dolanışığımızda da hiss edəcəyik.

Ona görə də məsafə saxlayaq. Virusdan uzaq dayana bildiyimiz hər iki metr bizi salamat gələcəyə kilometr yaxınlaşdırır.

Yəqin əl görüşməyin mənasını bilirsiz. Bu ibtidai insanlıqdan qalma jestdi. Bir birinin əlini ona görə sıxırsan ki, əlinizdə qarşı tərəfə ziyan vura biləcək nəyinsə olmadığını yəqinləşdirəsiz.

Gəlin əlimizi tam boşalana qədər təmiz saxlayaq! Ki bir-birimizlə inanaraq görüşə bilək!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər