Mir Şahinin vaxtı - VİDEO (15.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (15.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. 

Baxmayaraq ki, həftə bitməyib, amma artıq demək olar ki, içində yaşadığımız 7 günün ölkəmizdən ötrü əsas hadisəsi artıq baş verdi və bu Prezidentin hökumət üzvlərilə keçirdiyi müşavirədir.

Tədbirin statistika üçün adı rəsmən belədir: Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans, amma mənə görə toplantının əhəmiyyəti nəinki bir rübün, hətta bir neçə ilin miqyasından kənar çıxır.

Niyə belə düşünürəm? Belə düşünmək üçün əsaslarım çoxdur.

Gəlin Prezidentin təklif və təqdim etdiyi əhəmiyyət ranjiri ilə gedək. Təbii ki, İlham Əliyevin çıxışından misallar da çəkəcək, təhlil edəcəyimiz əsas məqamların dövlət və vətəndaş qarşısında qoyulmuş vəzifələr, öhdəliklər, borclar və mükəlləfiyyətlər kontekstində izahını verəcəyik. Başlayaq ondan ki, İlham Əliyev açıq danışdı. Və bu baxımdan onun artıq öyrəşdiyimiz səmimiyyəti, videokonfransın arxa fonunu-yəni xalq adla əsas tamaçısını gözündən bir saniyə belə qaçırmayan liderin heç nəyi gizlətməmək üslubu bu dəfə də göz qabağındaydı. Prezident tərəqqidən də, tənəzzüldən də eyni məsuliyyətlə bəhs etdi və bu da tam anlaşılandır. Ona görə ki, vətəndaş onu gözləyən böhrana dünyanın hər bir insanı, planetin hər bir sakini kimi hazır olmalıdır. Planet 21-ci əsrin misli görünməmiş pandemiyasından əziyyət çəkir. Bu gün hər bir insan özünü və öz timsalında bütün bəşəriyyəti, planeti qorumaqdan ötrü sosial özünütəcridə üz tutur. Prezident rəsmi toplantıların virtual formasını seçən ilk dünya liderlərindən biri kimi fərdi nümunə göstərməkdə davam edir. Nəzərə alaq ki, canlı ünsiyyətlə bu tip təmas müəyyən təbii sədlər yaradır və bir qayda olaraq məşqsiz, treninqsiz belə normal, anlaşıqlı əlaqə qurmaq mümkün olmur. İlham Əliyev isə Davos standartlaının tələb etdiyi, rəmzi desək, 3 de formatlı idarəetmə texnologiyalarını, yeni çağırışlarını nəinki yaxşı bilir, hətta bu tərzin həmmüəlliflərindən biridir. Hökumətin bugünkü üzvləri də yeni nəsil menecmentini dərindən mənimsəyən hazırlıqlı komanda şəklində fəaliyyət göstərir. Beləliklə formaca və məzmunca yeni dövrə formaca-məzmunca yeni yanaşma formulu ortadadır.

İlham Əliyevin aprel tezislərində bir az əvvəl dediyimiz kimi, birinci yerdə həqiqətin elan edilməsi dayanırdı. Nə olur-olsun xalqla açıq danışmaq lazımdır:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.

Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.

Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.

Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq."

Deməli, ay bizim “Kür qırağının əcəb seyrangahı var” deyə, hər şeyə vaqif, dırnaqarası, pik-nik quran, yeyib-içən hörmətli soydaşlarımız, özünüzü yığışdırın, yoxsa sizi qanun yığışdıracaq. Bəşəriyyət ikinci dünya müharibəsindən sonra özünün ən böhranlı zamanını yaşayır. Başa düşüləndir ki, kimlərsə, məsələn yeniyetmə, gənc, uşaq-muşaq, ağlı kəsməz, hansısa avam vəziyyətin ciddiliyini anlamasın. Amma belə olan halda səs çoxluğu deyilən bir şey də var axı. Bütün bəşəriyyət sənin bu şəkildə yeyib-içməyinə “yox!” deyir...

Daxili İşlər Nazirliyi artıq xəbərdarlıq edir ki, saat 21:00-dan sonra küçəyə çıxmaq məsləhət deyil. Və biz bu xəbərdarlığı yayan Kütləvi İnformasiya Vasitəsi tək öz gözlərimizlə gördük ki, mətn Vaqifin şirin, ana dilində yazılıb. Prezident bəyan etdi ki, vəziyyət nəzarət altındadır. Və əlavə edək ki, bu nəzarətin hansı çətinliklər bahasına başa gəldiyi, Ali Baş komandanın, Birinci vitse-prezidentin, Nazirlər Kabineti yanında operativ Qəragah, yaxud mülki müdafə baş ştabının genişmiqyaslı, bütün cəbhə boyu gördüyü işlərin həcmi informasiya işiylə məşğul olan biri kimi mənə məlumdur. Amma etiraf da igidin yaraşığıdır. Vəziyyət qat-qat yaxşı ola bilərdi, Prezidentin dəfələrlə dəvət etdiyi, çağırdığı və tələb etdiyi, Birinci vitse-prezidentin ana-bacı xitabı ilə söylədikləri müqabilində biz də layiqli sosial məsullar ola bilsəydik. Əfsus və yazıq!!! Mən bilmirəm, kim icazəlidir, kim icazəsiz, amma Bakı öz nəqliyyat hərəkətliliyindən, piyadalarımızın bir qrupunun sözün bütün mənalarında piyadalığından planetin sükut və kimsəsizlik mənzərəsini əhəmiyyətli dərəcədə pozur. Bu hələ Bakıdır. Yəqin rayonlar, ucqarlar da oxşar vəziyyətdədir.

REAL Təhlil və İnformasiya Mərkəzinin araşdırmaları bizə əsas verir ki, görülmüş tədbirlərin miyasını artırmaq zərurətini qeyd edək. Nəqliyyat vasitələrinin sayı indiki ilə müqayisədə azı iki dəfə azaldılmalıdır. Karantin rejimi sərtləşdirilməlidir. Və bu addımlar Prezident və Birinci xanımın ünsiyyət tonundakı həlimlik və qətiyyətin qanun qatqısı ilə sərtləşdirilərək, qəti şəkildə atılmalıdır. Koronavirusla zarafat etmək olmaz. Xüsusilə ona görə ki, bu günlərdə bu bəlaya düçar olub sağalanlar arasında yenidən xəstələnənlər və virusun ikinci cəhdindən sağ çıxmayanlar var. Hər vətəndaşın sadəcə şıltaq etinasızlığı bir gündə dövlətin xərclərini, sabah iraq olsun, qaragünümüzə saxlanan pulları yersiz-vaxtsız artırır. Bizim ağzımız hələ isti yerdədir deyəsən. Əgər bu gün vətəndaş əgər özünü tutaq ki ispan, italyan və ya fransız dünyadaşı kimi hiss etmirsə, sağdırsa, hətta xeyir-şər evində mənəviyyatımızın yasına qumar məclisi təşkil etməyə ağlı çatırsa, bu ciddi problemdir. Mənəvi boşluqdur. İqtisadiyyatımızın sınaq dövrü artıq başlayıb, hörmətli tamaşaçılar!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır."

Burada kiçik bir haşiyə üçün dayanaq. Prezident niyə deyir ki, “Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Amma Azərbaycanın adı bu siyahıda yoxdur.” Cavab sadədir. İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın mütəqilliyinin qorunması onun əsas vəzifəsidir. Hətta bu tip yardımlar belə Azərbaycanın sərbəst beynəlxalq həyatına hansısa əngək və ya minnət qoya bilər. Bax elə bu səbəbdən Prezident heç kimdən yardım istəmədən vəziyyətdən çıxmağı şərəflə çıxmaq adlandırır. Vəziyyət dünyada hər saat dəyişir. Yer bərk olanda xış öküzləri bir-birini günahlandırır. Məsələn, ABŞ Prezidenti Ümumdünya Səhiyyə Təşkilatına maliyyə vəsaiti ayırmamaq qərarı verdi. Burada söhbət həm də ondan gedir ki, artıq korona virus ətrafında baş verənlər yalnız tibbi təmayüllü deyil. Azərbaycan Liderinin pandemiyadan həm dövlət müstəqilliyini, həm insanı qoruyaraq çıxmaq hədəfi kifayət qədər aydındır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar."

Prezidentin bu kontekstdə söylədikləri hökumətə qənaət ediləsi yerlərin hamısında qənaət etmək tapşırığıdır. Bəs vətəndaş necə qənaət edə bilər. Ümumiyyətlə, hələ ki öz doğma evində bir çox hallarda qanun, daha doğrusu polis qorxusundan qalmağa məcbur olan sakinlərimiz, məskunlaşmışlarımız, sözün bütün mənasında hələ ki vətəndaş deyə bilmədiklərimiz ailə büdcəsi anlayışından da xəbərsizdir. Məsələn. belə olmasaydı, adam sadəcə darışıb maşınına oturub sosial peçorinçiliyinə görə 100-150 manat cərimə verməz, o pulu bir kənara qoyardı. Hansısa gününə saxlardı. Rəng seçimində sərbəstdir. Bir məsələni də qeyd edim: Dövlətin cibinə deşik açmaq üçün əlində qıyıq dayananların bir qrupu da parlamentdədir. Onlar çıxışlarını sırf populizmə, şəbəkə konyukturasına düzləndirir, dövlət büdcəsinə xeyriyyə fondu kimi yanaşırlar! Əcəbdi e. Dövlət bir ucdan sosial mahiyyətinə uyğun addımlar atır, özü də ilk növbədə həssas təbəqələrin, sadə dillə desək kasıb-kusubun maraqlarını qoruyur. Onsuz da mərhəmət, alicənablıq nümayiş etdirir. Buradakı bəzi Millət vəkilləri isə hamam suyu ilə dost tuturlar. Cənablar və xanımlar büdcə həvəskar yaxşılıqların dövlət cibi hesabına gerçəkləşmə vasitəsi deyil. Prezident büdcəni qorumaq, dövlətin sabahı, birisi günü üçün qorumaq məqsədilə xüsusi fondun yaradılması təşəbbüsü ilə çıxış etdi. Ehtiyat fondundan 20 milyon manat fonda keçirdi. Dövlətin birinci ailəsi illik əmək haqqlarını bu fonda ianə etməklə göstərdi ki, maddi toparlanmağı bu şəkli də var. Bu təşəbbüsdən sonra Avropa İttifaqında oxşar fond yaradıldı. Və əsas məqsəd də odur ki, bu fond Avropa İttifaqına üzv olan dövlətərin rəsmi büdcəsini gücə düşməyə qoymasın. Fransa Azərbaycandan dəfələrlə güclü və zəngindir. Amma Paris Notrdam kilsəsinin bərpasına yerli sahibkarlar və nüfuzlu mədəniyyət və incəsənət adamlarının təşəbbüsü və iştirakı ilə toplanmış vəsait bəs etdi. Dövlət büdcəsini qorudular. Çünki sarı gödəkçəliklərin populist tələbləri nəticəsində Fransa iqtisasdiyyatı xeyli zərərə düşüb və büdcə pulu məhz bu qara günlər üçün lazımdır.

Yeri gəlmişkən Azərbaycanda əksər qabaqlayıcı tədbirlər yalnız və yalnız sosial həssas qrupları qorumaq məqsədi güdür.

Məsələn. İşığa görə qoyulmuş limitin artırılması da bu müşavirə günü baş verdi. Qəribə bir məqamı qeyd edim. Dünənədək sosial şəbəkələrin ağzıqara canavarlarının ulartısı limiti artırın, limiti artırın idi... və indi həmin qurdlar öz məntiqini içdən yeyir. Sosial şəbəkə ağzıgöyçəkləri bu addımın faydasızlığını vird edir. İşıq düşmənləri... qaranlıq dəliləri! Videokonfransa qayıdaq:

 

İlham Əliyev videokonfransda sosial dövlət fəlsəfəsinin əsas vektorunu növbəti dəfə cızdı. Sosial həssas qrupların əsas himayədarı tək:

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın.

Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək."

Və bunun üçün islahatların davamlı olması lazımdır və labüddür. Çevik proseslər çevik reaksiyalar tələb edir. Razılaşaq ki hökumət Prezidentin tələblərinə heç vaxt belə adekvat olmayıb. Təkrar olsa da deməliyəm ki, bu hökuməti məhz belə böhranlı mühit ola bilərliyini ehtimal edən rəhbər təşkil edə bilərdi. İslahatlar fonunda iqtidar-müxalifət münasibətləri də xatırladıldı. Əliyev növbəti dəfə izah etdi ki, hakimiyyətə müxalifətdə olanlarla bir, dövlətlə düşmənçilik edənlərlə başqa cür davranılacaq. Bizcə, bu parça xüsusilə indi, dünyanı bürüyən qlobal bəla fonunda həm də mənəvi çağırışdır. Dövlət müxalifətlə dialoqa başlandığını, Milli Məclis rəhbərliyində belə onlardan yer alanları xatırlatmaqla mesaj verdi. Bəli biz qaragüruh olan, xarici vəsaitlərdən itələnərək dövlətə hədə-qorxu gələn küçə mühitində maksimum yaşı ötmüş siyasi qavroşlara dövlət etibar edə bilmərik. Müxalifət dövlətin ehtiyat təkəri olmalıdır. Bunu biz deyirik. Prezident daha konkret və birbaşadır. Dialoqda olanlar və dialoqdankənarlar. Dövlət legitim müxalifətlə mübarizəni qəbul edir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir. O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır. İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır"

Uzun müddət plakatçılıq, təbliğatçılıq ideologiyası vətəndaşın mahiyyətini, klassik məzmununu təhrif edib. Prezident şərh edilmək əvəzinə mədh edilib. Tarixçilər bu gündən danışmamaq üçün ən qədim məzmunlarda köhnə bayatı çağırıblar. Xəstə güruhu müalicə etməyin riskini nəzərə alıb, ən yaxın tarixə ümumiyyətlə baş çəkməyiblər. ortada ədəbli-ərkanlı bir Yaqub Mahmudovçuluq var. Ya Gənc, ya da ahıl formatda. Axı Milli Məclisdə kifayət qədər tarixçi var. Məgər onlar qara güruhun hakimiyyət bəlasını unudub? Ya boğazlarını birlikdə yeyib xəzərə sonadək göndərə bilmədikləri iki lülə bir tikə kəsib? Prezidentin çıxışının qara güruh və tarixin zibilxanası ilə bağlı yerində söhbətin davamının nə olacağı gözləniləndi... Məntiqlə bu fikirlərin arxasınca Qarabağ separatçılığı və onlarla mübarizə barədə hesabat gəlməliydi. Çünki Azərbaycanda koronavirusa özlərinin gələcək koronası, tacının müjdəçisi tək yanaşan ikinci qrup məhz qiyamçı ermənilərdir. Prezident Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinə qondarma respublikanın qondarma prezidentliyi üçün qondarma seçkilərdən danışmaqla toxundu. Burada keçirilən seçkilərin heç bir beynəlxalq təşkilat tərəfindən tanınmamasını isə hüquq-qanun məntiqilə dünyanın qanunçu hissəsinin məhz Azərbaycanın mövqeyini müdafiə etməsi tək qiymətləndirdi. Tam doğru. əlbəttə. əgər Azərbaycan tanımırsa, istənilən seçkiyəbənzər aksiya sadəcə hoqqabazlıq və öcəşməkdir. Bu baxımdan qondarma proses mövzusunda susanlar isə təbii ki laqeydliyilə düşmən tərəfə işləyir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir.

Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir."

Bu gün üçün kifayətdir məncə. Bazar günü axşam saat 21:00-də görüşəcəyik.

Sonda istərdim dövlətin bir dünyagörüşü fəlsəfəsi üzərində dayanım. Azərbaycan bugünkü dünyanı bürüyən pandemiyadan qabaq əslində planetarlaşmaq istiqamətində çox işlər görüb. Bunlardan biri də multikulturallıqdır. Bu həyat tərzi heç də yalnız ruhani mühitinin predmeti, qayğısı deyil. Multikulturallıq həm də o deməkdir ki, burada evdən çıxmamaqla, küçəyə özünü bioloji tullantı kimi atmamaqla bəşəriləşəsən. onunla birlikdə nəfəs alasan. Amma məncə inzibati müdaxiləsiz mümkün olmur. Hörmətli qanun, asayiş keşikçiləri, bizi, şəhərimizi, ölkəmizi, planetimizi Kür qırağında yeyib sabah qıraqda gəzməyə amadə olan planet qaçaqlarından qoruyun. Karantini karrantilərdən qoruyun. Xəyanət başqa cür olmur! bütün insanlıq naminə ayrı ayrı insanları cəzalandırmaq lazımsa çəkinməyin!

Salamat qalın deməyə də adam əmin deyil.

Digər xəbərlər
Bu gün
Dünən