Mir Şahinin vaxtı - VİDEO (08.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (08.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. Xüsusi vəziyyət davam etdikcə, xüsusi buraxılışlarımız olacaq.

Vəziyyətə baxırıq. Ola bilsin ki, gələcəkdə həftədə 3 dəfə də görüşək. Amma hələlik 2 dəfə ilə kifayətlənirik.

Niyə bu addımı atdıq: Ona görə ki, dünyanı bürüyən tibbi və iqtisadi böhrandan istifadə etmək istəyən şayiə desantları Azərbaycanda da var. Onlar mövcud vəziyyəti bəd əməlləri və şər niyyətləri üçün əlverişli hesab edərək var gücləri ilə pozuculuğa çalışırlar. Qaragüruh ənənəvi mətbuat kapitanlarının böyük bir qrupunun liberallığına artıq bələddir. Çünki buna qədər müxtəlif hadisələr zamanı onların özünü necə və nə qədər dişsiz apardığının şahidi olub və əmindir ki, bu dəfə də, yəni dövlət maraqlarını birmənalı və konkret müdafiə etmək zamanı gələndə yenidən “abır-həya anklavınını” zavallı qoruqçuları bir kənara çəkiləcək, virtual məkanın söyüş, təhqir qabaqcıllarının diqqətindən yayınmaqla əlverişli məqam yarananadək gizlənəcək. Bax, belə. Əslində isə bu saat hər bir dırnaqarası kapitanın sosial şəbəkədəki mövqeyi bir səngər olmalı, bu mövqelərdən dəqiq və nöqtə atəşləri ilə dövlət düşmənləri zərərsizləşdirilməlidir. Bu düşmənlər daxildə də, xaricdə də var. Amma onları ayırmaq olmaz. Bu qüvvələr əqidələri, daha doğrusu əqidəsizlikləri ilə çoxdan birləşiblər.

Ali Baş Komandan müharibə zamanının qaydalarına uyğun olaraq ən öndədir. Bütün prosesləri nəzarətdə saxlayır. Hətta ciddi risk elementlərinə yol verərək açıq tədbirlər də keçirir. Və bununla da həm şəxsi nümunə ilə, vətəndaşları panikadan uzaq olmağa təşviq edir. Həm də pandemik vəziyyətin ölkə üçün ağır nəticələr verməməsindən ötrü strateji tədbirlər həyata keçirir. Bu günlərdə Sumqayıtda maska zavodunun işə salınması, özü də bunun çox qısa bir müddətdə edilməsi ətrafında danışaq. Məsələ burasındadır ki, Azərbaycan vətəndaşları xarakter etibarilə tədarükçülüyə çox meyillidir. Hər bir Şərq xalqı kimi. Azərbaycanlı adətən bir otaqda özü yaşayır, mütləq bir otağı da hər ehtimala qarşı qonağa saxlayır. Eyni məntiq maskanın da başına açılır. Bir günün içində bütün maska ehtiyatı satılır, alınır və sonra da yenə satılır. Bu dəfə 4-5-6 dəfə baha qiymətə. ona görə də adi maska dönüb olur milli təhlükəsizliyə təhdid elementi. Elə bu səbəbdən də Prezident Sumqayıtda həm maska istehsal edəcək müəssisəni işə saldı, həm də xalqa növbəti dəfə müraciət etdi.

Beləliklə maska zavodu ilə, maska istehsalı ilə, həm də bir sıra maskaların yırtılması da baş verdi.

İzah edim: əvvəla başlayaq ondan ki, dövlət nədir?

Yox bu sualın bildiyiniz klassik cavabı təkrar etməyəcəm. Amma öz təfsirimi bir daha çatdırmağa çalışacam. Dövlət vətəndaşları bir-birinə borclu edən əsas səbəbdir. Və bu elə borcdur ki, onun vaxtı-vaxtında qarşılıqlı şəkildə ödənilməsi dövlətin davamlı sağlam bir ömür sürməsini təmin edir. Dövlət vətəndaşdan ayrı mövcud olmur. Dövlətdən yalnız tələb etmək, ona turp nağılının personajlarının bir-birindən tutub dartmasının son nəticəsi tək baxmaq yaramaz. Əlbəttə, Azərbaycanda müxalifət var və onun həmişə nədənsə narazı qalması təbiidir. Amma müxalifət dayaqları üzərində uzun müddət mövcud olan və nəticə etibarilə həmişə uğursusluğa düçar olan qüvvələrin sonda düşmənə çevrilməsi də faktdır və bu gün Qaragüruhun başında gedən marginallar məhz dövlət düşmənləridir. Onlar İkinci dünya müharibəsində işğal edilmiş ərazilərdə faşistlərin rəhbərliyini qəbul edərək, qollarına xüsusi sarğı bağlayan və əldə etdiyi “özümüzünküləri qırmaq” mükəlləfiyyətini cani-dildən yerinə yetirən yerli xainlərin oxşarları, mənəvi davamçılarıdır. Bu gün bütün planetdə virusa qarşı aparılan dünya müharibəsində eynən ikinci dünya müharibəsinin xainlərinin məşğul olduğu fəaliyyəti öz soydaşlarına, həmvətənlərinə göstərən qaragüruh üçün 5-ci kalon ifadəsi hələ çox yumşaqdır və bu Prezidentin onlara qarşı mərhəmətli davranışını nümayiş etdirir. Əslində isə müharibə qanunlarının diqtəsi altında belə mövcudluqlar ləğv edilməli, onların siyasi fəaliyyəti qadağan edilməlidir.

Azərbaycan Prezidentinin bu çətin günlərdə milli həmrəyliyi bir fundamental platforma kimi qəbul etməsini ən azı alicənab yanaşma kimi qəbul etmək lazımdır.

Sosial şəbəkələr faktiki olaraq qaragüruhun diversiya, şantaj, təhdid və şayiə sahəsinə çevrilib. Burada dövlətə inamsızlıq yaratmaqdan ötrü ən iyrənc, ən təhlükəli və ən vicdansız əməllərin şahidi olmaq mümkündür. Baxmayaraq ki, Azərbaycan koronavirusla mübarizə aparan dövlətlər arasında ən uğurlu respublika kimi dünya cədvəlinə başçılıq edir. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı Bakıya mütəşəkkil fəaliyyətinə görə dəfələrlə minnətdarlığını bildirib, yenə də qaragüruh vətəndaşların həssas təbəqəsinin heysiyyatı ilə oynayır, anında təkzib edilməsi mümkün olmayan, daha doğrusu yalanın üzə çıxması müəyyən qədər vaxt tələb edən uydurmalarla onu çaşdırmağa cəhd edir. Yaranmış vəziyyətdə hansısa malların qiymətinin guya ifrat artdığını, hansısa məmulat və məhsulların tamamilə yoxa çıxdığını, tezliklə böhran və aclıq olacağını vird edir, Bir sıra internet teleciyəzlərin iftira borularını ovurdlarının dibinə qədər itələyir, üfürür, şişirir… Məncə Ali Baş komandanın süni qiymət artımı ilə məşğul olanların “dırnaqarası” xidmətinin xəyanət elan edilməsi, hüquq-mühafizə orqanlarına daha çox qətiyyət. daha çox prinsipiallıq verməlidir. Vaxt o vaxt deyil!

Qaragüruhun Əli Kərimli qarışıq kontingenti yaxın tariximizdə separatçılıqla birlikdə fəallıq nümayiş etdirib. Bu barədə dəfələrlə danışmışıq. Niyə Əli Kərimlinin adını çəkirəm, ona görə ki, qaragüruh bu saat əsasən onun ətrafında birləşib. Amma qarafgüruh ritorikası, “Azadlıq ağacının bitməsi üçün qanımız tökülməlidir hökmünün əsas daşıyıcıları məhz o və ətrafıdır!”. Qarabağda ermənilər Şuşanı, Laçını, Ağdamı, hədəfə alanda bu qüvvələr Bakını alıblar. Nəticədə Şuşa, Laçın, Ağdamı ermənilər, Bakını isə qaragüruh məğlub edib.

Az-çox yaddaşı olanlar yəqin təsdiq edərlər ki, Bakı və Azərbaycan məğlub olmağa yalnız İlham Əliyevin hakimiyyəti dövründə son qoydu.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişini də rayonların süqutunun müşayiətinin müəllifliyi qaragüruhdadır. Çünki o zamanlar özünü müdafiə batalyonlarına da hakimiyyətdən salınmış və salınmaqda olan qüvvələr nəzarət edirdilər. Məhz onların göstərişləri ilə, səngərləri qoyub çıxdılar. Mən bunu bilirəm. Kənardan gəlməmişəm. Tarix məndən keçib. Və keçəcək. Bu qısa arayışı niyə gətirdim, ona görə ki, hörmətli tamaşaçılar, siz, məlumatsız, gənc, təcrübəsiz tamaşaçılarımız da bilsinlər ki, Azərbaycana qarşı bu gün iki fəal düşərgə var.

Bunlardan biri qaragüruh və ya 5-ci kalondur, ikincisi isə Dağlıq Qarabağın qiyamçı erməniləri və Ermənistan.

Fikir verirsinizsə, Azərbaycanda karantin qaydalarına da məhz iki qanad tabesizliyə çağırır. Biri Kərimli və onun qulbeçə, qulfərələrindən ibarət qaragüruh. İkincisi isə bütün qanunlara tüpürərək Dağlıq Qarabağda seçkilər keçirən separatçı ermənilər. Bu məntiqdir və ona heç kim dov gələ bilməz.

Bu gün Azərbaycan vətəndaşı dünyada gedən iqtisadi, siyasi tendensiyaları bilməlidir. O başa düşməlidir ki. dünya böyük bir iqtisadi böhran gedir. Bu isə o demək deyil ki, hər bir vətəndaş dövləti sağmağa çalışmalıdır və ya daha çox pul, pul, puuul tələb etməlidir. Əksinə vətəndaş onu gözləyən böhrana mənəvi-psixoloji hazırlanmalı, nisbətən ağır günlər üçün özünün b) planına malik olmalıdır. Çünki neftin fırtınası suyun fırtınasından, neft dalğasının fəlakəti okean dalğasının ən yüksəyinin fəlakətindən daha dəhşətli ola bilir. Hazır olmalıyıq. Amma insan kimi. Soyuqqanlı şəkildə. İçimizin comfort-kurort ovqatına əl gəzdirməliyik. Sosial şəbəkələri müntəzəm izləyirəm, işimin bir hissəsi də budur. Fazil Qəzənfəroğlunun paylaşdığı mövqeyi sizə də çatdırmaq istədim:

Qədim bir Çin məsələsi var. Atından başqa yaşamına dəstək olacaq bir şeyi olmayan kəndlinin atı baş götürüb harayasa qaçır və geri qayıtmır. Qonşular təsəlliyə gəlirlər yanına. Adam təsəllini qəbul etməyib; "Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?" ritorik cavab verir. Bir neçə gündən sonra kəndlinin atı başqa bir vəhşi atla geri dönür. Bu dəfə qonşuları gözaydınlığı verərlər. Bunu da qəbul etməyən adam eyni cavabı verər: "Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?" Yenə də bir neçə gün sonra kəndlinin yetkinlik yaşındakı oğlu vəhşi atı minməyə cəhd edəndə, at onu üzərindən tullayar və oğlanın ayağı sınar. Yenə də "Keçmiş olsun!" ritualını icra edən qonşulara kişi eyni cavabı verər:"Nəyin yaxşı, nəyin pis olduğunu kim bilər ki?" Aradan bir neçə gün keçər, qonşu ölkə ilə savaşacaq güclü yeniyetmələri əsgərliyə aparmağa gələnlər, həmin kəndlinin uşağını ayağı sındığına görə özləri ilə götürməzlər. Dəqiq bilmirəm, çinlilər koronavirusa qarşı mübarizədə bu anlayışla davrandıqlarına görədirmi, total iradə ilə ən ağır şəraitdən çıxmağı bacardılar, yoxsa başqa bir elmi-texnoloji səbəb var? Əslində Quran məntiqi də bizə deyir ki, nəyin xeyirli, nəyin zərərli olduğunu Allah bilər. Fərq orasındadır ki, çinlilər Konfutsiliyi, Daoçuluğu uşaqlıqdan başlayaraq özləri oxuyub öyrəndilər, bizsə Quranı mollalardan, şeyxlərdən, ayətullahlardan eşidib əzbərlədik. Biz Allahın qulu olaraq səbri öyrənmək əvəzinə, bəndənin nökəri olaraq dözümü həyat fəlsəfəsi olaraq mənimsədik. İndi bu çətin dövrdə fərdi narazılıqlarını daha uca səslə qabartmağa çalışan insanları izlədikcə, düşünürsən ki, biz Qarabağda davam edə biləcək üçcə aylıq savaşın yükünü çiynimizə millət olaraq necə götürə biləcəyik? O halda da iş dayana bilər, küçəyə çıxmaq mümkün olmaz, çörək qıtlığı yarana bilər. Allaha şükür, daha dəhşətli bir müharibənin içindəyik, nə çörək qıtlığı var, nə ərzaq qıtlığı. Çatışmayanları da dövlət təmin etməyə çalışır. İndi dövlət bir yandan minimum yardım paketi açıqlayır, digər yandan manatın məzənnəsini neft bazarının ərköyünlüyündən qorumağa çalışır, başqa tərəfdən iqtisadiyyatın tam çökməsini əngəlləmək üçün tədbirlər görür, hələ bir sərhədlərdən də həm düşmənin, həm də virusun sızmasına mane olmağa çalışır. Üstəlik də xaricdə qalmış vətəndaşını növbə ilə gətirir, xəstəxanalarda virusa yoluxmuş xəstələrə milyonlar xərcləyir, həkimlərə, tibb bacılarına maddi dəstəyi artırmağa çalışır. Əhalinin aztəminatlı ailələri ilə işin təşkilində çatışmazlıqlar da ola bilər, diqqətdən kənarda qalanlar da yetərincə vardır, bunları hamılıqla üzə çıxarıb yardım əlini uzatmalıyıq və bu əllər yaxşı-pis uzadılır da... Əvəzində nəyi müşahidə edirik. Ötən gün kimsə polisin karantin yoxlaması zamanı bir az sərt davranışını şişirdilmiş formada təqdim etmişdi ki, bəs polis qəlbimi sındırıb. Hər gün diqqət edirəm, Azərbaycan polisi ailəsinin qayğılarından günlərdir uzaq qalıb minlərlə insanı virus təhlükəsindən qorunmaq üçün inandırmağa, başa salmağa çalışır, hər bir maşını diqqətlə yoxlayırlar ki, virus daşıyıcıları səbəbsiz olaraq yollara, şəhərə tokülüb epidemiyanın masştabını genişləndirməsin, bəziləri bu məşəqqətli işdə onlara yardım göstərmək əvəzinə qınamağa üstünlük verirlər. Özləri də yaxşı bilirlər ki, hər bir təmasdan hər an virusa bulaşmağa potensial namizədlərin başında polislərimiz gəlir. Artıq neçə polis işçisi bu xəstəliyə yoluxduğuna görə xəstəxanada ağır müalicə kursu keçir. Yəni sözümün canı budur ki, fürsətçilik etmək, narazılığını həşirlə bildirmək, qarnının qurultusunu siyasi şüara çevirmək bu ərəfədə ən təhlükəli davranışlardır, bunlardan yayınaraq səbrlə bir-birimizə dəstək verməliyik ki, millət olaraq ayaqda qala bilək.

Günlərdir içimdə bir düşüncə yer alıb ki, bu koronavirusla mübarizə dövrü bizim haçansa Qarabağ üçün aparacağımız məşəqqətli qurtuluş savaşının kiçik bir məşqidir. Savaşı ruhla, biliklə, mobilliklə aparırlar...Savaşı aparanlar ilk öncə damardan töküləcək qanı düşünürlər, qarından töküləni deyil...

Koronavirusla səbrlə vuruşan millətimizin hər bir fərdinə Salam olsun!

Mən Fazil Mustafaya sadəcə təşəkkür edirəm. Çünki ölkə bu gün böyük bir barış platformasıdır. Hətta Akif Çovdarov belə əfv edilir. Və əgər kimsə görəsən onu əfv edib bunu niyə əfv etmirlər sualını verirsə, belə bir cavab variantını da fikirləşsinlər. Bəlkə Akif Çovdarov artıq özünün ən ağır günahlarını yumaqla əfv edilə biləcək dərəcəyədək təmizləyib. Sizin arzularınız isə getdikcə ən qatı düşmən niyyətinə dönür. Ola bilməz belə? Ola bilər məncə. Və bəlkə də elədir! Artıq elədir! Və nəhayət. Belə epidemiyalardan xilas olmaq üçün ən yaxşı yol optimist olmaqdır-bədbin olmamaqdır deyirlər. Ola bilsin belədir. Amma baxır “bədbin olmamaq” kim nəyə deyir. Şəxsən məndən ötrü bədbin olmamaq heç də düşük-düşük anektod danışmaq, hırıldamaq, "əşşi boş şeydi" deyə əl və baş bulamaq deyil. Bədbin olmamaq sabaha inanmaq, bir çörək yerinə beş çörək almamaq, maska növbəsinə sübh tezdən gedib dayanmamaqdı. Bax buna deyərəm bədbin olmamaq!

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin REAL-a eksklüziv müsahibəsinə baxın. Görəcəksiniz ki, mən boş yerə optimist deyiləm. Amma lətifə də danışmıram.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər