Mir Şahinin vaxtı - VİDEO (01.04.2020)

Mir Şahinin vaxtı - VİDEO (01.04.2020)

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. “Mir Şahin vaxtı”na baxırsız.

Ölkədə yaranmış xüsusi vəziyyəti nəzərə alaraq biz həftədə iki dəfə görüşməyə başlamışıq. Xüsusi vəziyyət təkcə Azərbaycanda yox, bütün dünyadadır. BMT-nin Baş katibi Antoniu Quterriş pandemiyanın sosial-iqtisadi fəsadlarına qlobal yanaşma mövzusu üzrə məruzəsində koronavirusun yaratdığı vəziyyəti İkinci Dünya Müharibəsindən bəri dünyada ən ağır iqtisadi böhran adlandırıb. Quterriş fikrini belə izah edib ki, söhbət planetin bütün isnsanları üçün təhlükə doğuran xəstəlikdən, habelə nəticələrinin yaradacağı, yaxın keçmişdə heç vaxt görmədiyimiz iqtisadi fəsadlardan gedir. Bu isə bizə belə ehtimal etməyə əsas verir ki, planet İkinci Dünya Müharibəsindən sonra ən mürəkkəb böhranla üz-üzədir. Və bu gün hər bir dövlət öz əsas silahını işə salıb. Bu silah heç də hansısa döyüş sursatı, zirehli avadanlıq, əskər-zabit, cəbbəxana deyil.

Bu silahın adı MÜSTƏQİLLİKDİR.

Bəli, müstəqillik. Dünyanın bütün dövlətləri bu gün özlərinin gerçək, xalis müstəqilliklərini, bu müstəqilliyin imkanlarını ortaya qoyurlar. Azərbaycan da öz səhiyyəsinin, öz polisinin, öz vətəndaşının, öz qaydalar sisteminin və başlıcası öz QANUNLARININ gücü ilə müqavimət göstərir. Mübarizə aparır.

Sərhədlər bağlanıb. Hər bir dövlət kimi Azərbaycan da bir dövlət olaraq özü ilə baş-başadır. Özümüzük. Yalnız özümüz. Nə qədər riskli və təhlükəli səslənsə də deməliyik.

Bu hadisədən sonra yalnız o dövlətlər müstəqil yaşaya biləcək ki, onların özlərini, öz xalqlarını qoruyub saxlamaq imkanları var. Heç bir kənar kömək olmadan öz daxili imkanları hesabına öz varlığını qorumaq, yaşatmaq iqtidarındadır.

Və bu gün əgər “biz birlikdə güclüyük deyiriksə, bu həm birlik, birgəlik mənası daşıyır, amma həm də ondan heç də az əhəmiyyətli olmayan “1-likdə, təklikdə güclüyük! məzmunu verir. Ona görə də dövlət öz vətəndaşına “Təcili evə get!” deyirsə, bu əmr dərhal yerinə yetirilməlidir. Evdə qal! Bu gün Azərbaycan dövlətinin istiqlal, suverenlik, müstəqillik, bağımsızlıq çağırışıdır! Bu sadəcə kompaniya deyil. Yalnız evdə qalanda biz korona virus üçün daşıyıcıya çevrilmirik. O bizim heç yerimizə qonmur. Nə üstümüzə, nə vücudumuza, nə də vicdanımıza! Biz evdə qaldıqca virusun ömrünü qısaldır, evdə daha çox qaldıqda isə onun tamamilə məhv edilməsinə səbəb olur, ölüm zəncirini qırırıq.

Azərbaycan Nazirlər Kabineti Yanında Operativ Qərargahın hər gün daha çox narahatlıq doğıran məlumatları Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin cəbhədən yaydığı məlumatlardan daha həyəcanlıdır. Situasiya hər saat pisləşməkdədir. Prezident İlham Əliyev İqtisadiyyat Nazirini qəbul edərkən, növbəti dəfə xalqa müraciət etdi.

Ölkədə virusun, daha doğrusu fərdi vətəndaş məsuliyyətisizliyinin yaratdığı ağır vəziyyətlə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva da növbəti dəfə xalqa müraciət edib.

Bəs nə baş verir və niyə biz adi, ən sadə, ən bəsit mətləbləri anlaya bilmirik? Nə olub bizə? Prezident, Birinci vitse-prezident niyə qısa bir vaxt ərzində bizə bir neçə dəfə müraciət etməli olurlar. Biz öz evimizə niyə belə nifrət edirik. Axı müharibənin qanunları var, həyəcan siqnalı verilirsə, hamı uyğun yerlərə, sığınacaqlara çəkilməlidir. İndiki halda bu sığınacaqlar hər birimizin evidir, mənzilidir. Bu gün küçələrdə xaotik bir qeyri-ciddilik ab-havası hökm sürür. Gicitkənlə quşəppəyini qatıb üstünə bir az da “eşşək südü töküb vur! bədənə tövsiyələrinin sirkə sarımsaqov soyadlıları öz tərslikləri ilə hamımızın həyatını risk altına atırlar. Bu gün nizamsız-intizamsız, məqsədsiz küçə adamları virusla həmkardır, viruslaşmışlardır. 4-cü sənaye transformasiyasının reallığı heç bir halda “robot Sofiya İmişlidə uşağa qaldı, vay nənə!!!” deyib dəmdəməki lətifələr səviyyəsində qalmaq deyil. Biz bu barədə, yeni çağırışların bizə daşıdığı gerçəkliklər barədə çox danışmışıq. İmam zamanla İmam Davosun qarşılaşdığı yeni dövrə hazır olmağımızdan, daha bilikli olmağımızdan çox bəhs etmişik. İndi “yol polisini görəndə təhlükəsizlik kəməri taxan və bunu özünə görə yox, cəriməyə görə edənlərin şüuru maskaya da, əlcəyə də eyni fəlsəfəni, eyni yanaşmanı müncər edir.

Bəli, polis yanaşır. Soruşur, niyə maska taxmamısan, əlcəyin hanı, o da cavab verir ki, müəllim, vallah evdə qalıb, vallah maşında qalıb. Vallah yadımdan çıxıb, bu saat gedək göstərim... Yaxud sual “niyə evdə deyilsiniz?” cavabın məntiqi inkişafı ilə gedək. Müəllim vallah evim var. Evdə qalmaq yadımdan çıxıb... və sair və il axır. Bu qədər cahil və avamcasına... Niyə küçələrdən, yollardan yığışmırsınız sualına verilən cavablar da bəhanədir! Daha çox “mən ailə saxlayıram, pul qazanıram!” Mənə evdə qal!” deyənlər mənə pul verirlər? kimi cavablar eşidirik. Dərhal da bu yüngül desəm qeyri-səmimiliyin, başqa, daha sərt sözlə, riyakarlığın cavabını verim. Axı küçədə dayanmaqla, ora-bura çovumaqla da pul qazanmırsan, ay yoldaş, ay vətəndaş, ay bədənbaş! Yol ölçürsən, sən küçəyə dolanmaq üçün yox, dolaşmaq üçün çıxmısan. Dövlətə böhtan atırsan, axı Prezident İqtisadiyyat nazirini qəbul edərkən hər bir mətləb tam aşkarcasına aydın oldu! Heç kim pulsuz qalmır və qalmayacaq. Heç kim ac qalmayacaq. Azərbaycan dövləti sizə, ailənizə özünüzdən də yaxşı baxacaq!

Bu xüsusi vəziyyətdir. Prezident həmişə ölkədəki sabitliyi ən dəyərli birgəqazanc elan edib və bu qazancın da müəlliflik hüququnun xalqa məxsus olduğunu deyib. Bu gün sabitlik sözünün mənası dəyişib. O küçələrdə azad gəzinti, firavanlığın mənası da yeyib-içmək, ziyafətlər, təntənələr təşkil etmək deyil. Sabitlik öz evinə, öz damının altına çəkilməkdir. Bu gün həm də bütün demoqoiyaların ifşa vaxtıdır. Beşinci kalon, altıncı barmaq güruhunun sosial şəbəkələrdə apardığı anti dövlət, anti xalq təbliğatı əslində müharibə dövrünün qanunlarına uyğun olaraq dəyərləndirilməlidir. Bu gün dövlətin koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirdiyi tədbirləri şübhə altına alaraq, cəmiyyətdə yaranmış təhlükəyə qeyri-ciddi münasibət aşılayanların əməlləri, addımları virusu qəsdən yaymağa bərabər tutulmalıdır. Bunun ardınca, başqa addımlar da atıla bilər. Məsələn. Rusiya Federasiyasında belə qərara alınıb ki, korona virusa yoluxub gizlədən və ətrafındakı şəxsləri də yoluxduran şəxs 1 milyon rubl, yoluxdurduğu şəxs ölərsə 2 milyon rubl cərimə ödəməli olacaq. Virusu qəsdən və məqsədli şəkildə yayan şəxs isə insanlığa, bəşəriyyətə qarşı təhlükəli şəxs kimi terrorçu hesab olunacaq! Məntiqlə düşünək. Mən xəstəliyə inanmıram, öz həyat tərzimi dəyişmirəm deyərək küçələrdə sülənən insan növləri əgər virus daşıyırsa, və bu virus da hansısa bədbəxtə, zavallıya keçirsə, keçirici, yoluxduran şəxs, adam demək olarsa adam terrorçu deyil də bəs nədir!?? Bu günlər Xüsusi Xidmət Orqanlarının əməkdaşları yəqin ki sosial şəbəkələri xüsusi həssaslıqla izləməlidirlər. Çünki məhz burada yurd salmış anti dövlət, anti xalq qüvvələr cəmiyyətdə başıpozuqluq, dövlətin gördüyü işlərə şübhə və inamsızlıq yaratmağa çalışırlar. Süni şəkildə qiymət qaldıran möhtəkirlərə, kirlərə də müharibə qanunları tətbiq olunmalıdır. Onların cəzası ən ağır olmalıdır! Və yeri gəlmişkən, evdə darıxırıq, nə edək:sualı verənlərə mənim cavabım. Azərbaycana xaricdə hər gün hədyan söyləyən, milləti, xalqı aşağılayan və daxildə üzü dövlətçiliyimizə ulayan vicdan bayquşlarına cavab verin. Həm başınız qarışacaq! Həm də dövlətə faydanız dəyəcək. Biz istəsək, cəmi 20 gün ərzində virusunu belini sındıra bilərik. Evdə qalmaqla. Bir az sonra havalar istiləşəcək. Biz o zaman da evdə olmalıyıq. İndi bunu edə bilməyənlər, etmək istəməyənlər, onda nələrin baş verdiyini anlaya bilirlərmi? Təsəvvür edə bilirlərmi? Əzizlərim, ya indi ən azı 20 gün evdə olaq, ya da milçək kimi qırılacağıq! Vətənpərvərlik vətəndən şer yazıb, vətənə mahnı oxumaq deyil. Vətən məsələn, bu gün evdə qalmaqdır. Göstərək vətənpərvərliyimizi. Göstərək kiçik dövlətimizi-evimizi necə qoruduğumuzu! Böyük dövlətimiz də elə bu kiçik dövlətlərin cəmidir. Nə qədər ki, fövqəladə vəziyyət rejimi elan olunmayıb, komendant saatı tətbiq edilməyib, evinizdə qalın! Bu saat küçədəsinizsə, dərhal mənzilinizə qayıdın! Bu müraciət könüllü seçim üçün deyil. Bu dövlətin iradəsidir. Operativ Qərargahın tələbidir. Ali Baş komandanın əmridir. Əgər sən Ali Baş komandanın “evə!” əmrinə belə yanaşırsansa, sabah onun döyüş!” əmrilə döyüşə gedəcəyinə, səngərdə qalacağına kim inanar!? Belə deyilsə, evə get və məni təkzib et!

Digər xəbərlər
Bu gün
Dünən