Mir Şahinin vaxtı - VİDEO (22.03.2020)

Mir Şahinin vaxtı - VİDEO (22.03.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Bu vaxt ərzində biz dövlətimizin daha bir həftəsini təhlil edəcəyik.

Özünü hər şeyə qadir hesab edən insan bir gözəgörünməz olsun ki, adı lap virus qarşısında acizdir. Hələ ki, acizdir. Bu gün biz hər birimiz özümüzü və o cümlədən, Yer kürəsini, yaxud Yer kürəsini, o cümlədən, özümüzü qorumalıyıq. Neçə illərdir insanları azadlığa, küçələrə çağıran carçılar, indi hamını azadlıqdan, küçədən çağırır. Təzada baxın. Amerika Birləşmiş Ştatlarında da, İran İslam Respublikasında da evdən bayıra çıxmamaq tələb olunur. Kəbə də, Vatikan da bomboşdur! Qiblələr işləmir. Dünənədək bütün yolların Qərbə apardığını iddia edənlər, gözəllik tanrısının hələ də Paris və fransız olduğunu deyənlər, bu gün hamını özü olaraq qalmağa çağırırlar. Bir neçə ildir ki, dünya liderlərinin planetin gələcəyi üçün yeni növ dualara minbər etdikləri Davos Forumunun anons etdiyi gələcəyin içindəyik. Bugün planetdə baş verənləri müşahidə edən, cahillikdən azca uzaq azərbaycanlının ağlına o saat belə bir fikir gəlməlidir ki, deyəsən axı, nələrsə yadımıza düşür. Və bizə artıq yad olmayan o qədər mətləblər, mövzular var ki. Bilirəm ki, mənim tamaşaçım ağlıllı, müdrik və məlumatlıdır. Bəlkə də mənim keçilənləri təkrar etməyimə ehtiyacı da yoxdur. Amma hər ehtimala qarşı bir az yaddaşımızı qurdalayaq. Xatırlayaq. Nə vaxtdan biz post neftinin tələblərinə uyğunlaşmağa başlamışıq və Prezident ilk dəfə bu sözləri 2015-ci ilin əvvəlində deyəndə içimizdə nə qədər dırnaqlı-dırnaqsız narazı Qubad İbadoğlular-filanlar peyda oldu. Amma İlham Əliyev nə deyirdi və niyə deyirdi nefti unudaq, özümüzü elə aparaq ki, sanki neft yoxdur. Bugün sanki bütün bəşəriyyət neftə müxalifətə keçir. Sonuncu Davos Forumunda neft ölkələrinə ümumi bir neqativ yanaşma var idi. Amma Azərbaycan istisna oldu. Ona görə ki, bu ölkədən qalxan təkcə qara qızıl buruqları yox, bir ildə əkilmiş 650 min Nəsimi ağacı da var idi və neft istisindən qızan beyinlərə komfort bir kölgə salırdı. Və elə həmin Forum çərçivəsində REAL-ın intervü aldığı ilk şəxs Leyla Əliyeva oldu. Heydər Əliyev Fondunun vitse-prezidenti. Bu o zamanlar idi ki, insanlar Avstraliya yanğınlarına, bu fəlakətdə qovrulan milyonlarla heyvanın alovuna yanırdılar. Həm də bu səbəbdən Davos Forumunun keçirildiyi məkanda insanın planetin bir zərrəsi olduğunu hiss etməsi üçün çox şeyi etmişdilər. Amma hər şeyi edə bilməmişdilər. Leyla Əliyeva isə bəşəriyyəti öz yeganə evinin mühafizəsinə, müdafiəsinə, bu yolda yaradanla ruh kolleqaları olmağa çağırmışdı. Gəlin xatırlayaq:

Bu çıxışı yadda saxlayaq, çünki bir azdan yenidən bura qayıdacağıq və çox güman ki, Leyla Əliyevanın neçə illərdir avanqardında getdiyi bəşəri sağlamlıq və ekoloji xilas fəlsəfəsinin dayaqlandığı istinad nöqtəsini təhlil edəcəyik.

Davosdan başladım? Ona görə ki, planetin gələcəyinə cavabdeh olmaq məsuliyyətini bölüşən liderlər bu forumda bəşəri problemləri müzakirə edirlər. Neçə vaxtdır ki, dünya bossları, günlərin bir günü təbiətin qisas alacağından ehtiyatlandıqlarını söyləyir, ekologiyanın fəlakət həddində yükləndiyini təşvişlə bəyan edirlər. Elə biz özümüz bu studiyada nə qədər demişik ki, Azərbaycanın lideri nəzəri Nuh Gəmisində dövlətimizin yer tutması üçün tarixi cəhdlər göstərir. Təəssüf ki, Prezidentin yürütdüyü bu planetar kursu təhlil etmək iqtidarında olan mütəxəssislərimiz çox azdır. Müxalifətin qaragüruh qanadı, Məhsul stadionundan, iqtidarın köhnə nəsli isə sadəcə Əliyevi tərifləməkdən uzağa gedə bilmirdilər. Prezident Azərbaycanı kosmik kluba üzv edəndə belə, biz bu hadisədən nə qədər icarə pul qazanacağıq sualından uzağa, dərinə getmirdik. Əliyev sevinclə, qürurla bəyan edirdi ki, Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb!. Biz isə o qürur və o sevinci anlamaq səviyyəsinə qalxa bilmirdik. Orta statistik tamaşaçı vətəndaş sadəcə əl çalıb keçir, İlham Əliyev nə edibsə düz edir məntiqilə yanaşır, “Azərbaycana 3 peyk nəyə lazımdır axı?” kimi dayaz suallar verən Osmanqızı və Əli Kərimli kimi güruh təkhüceyrəliləri isə kütləyə qanmazlıq ruhu təlqin edirdilər. Prezident isə dünyaya kosmosdan baxırdı, müstəqil kosmik baxışlarımızla baxırdı, Azərbaycanın planetin horizonlarındakı yerini müəyyən edirdi. 4-cü sənaye transformasiyasının nə olduğunu başa salmaqdan ötrü ucqar rayonlarda az qala hər bir sakinlə görüşürdü. İzah edirdi. Nazirlər Kabinetinin sürətli yenilənməsi məhz Prezidentin təkcə intuitiv olaraq hiss etdiklərinin nəticəsi deyildi. Növbədənkənar Parlament seçkilərinin niyə məhz vaxtından əvvəl keçirilməsi sualını verən dırnaqarası ağılıların, yəqin ki, dırnaqları daha gözünə girməz... Çünki, strateji planlamada hazırki faktların dürüst seçilməsi, əhəmiyyətinə görə doğru təsnifatlanması, baş verən proseslərin necə nəticələnə biləcəyini təxmin etməkdən ötrü düşünülən fərziyyələrin gerçəyə ən yaxınının üzərində dayanmaq və bunları nəzərə alaraq şəraitə ən uyğun olan qərarı qəbul etmək qətiyyəti kimi anlayışlar var və Azərbaycan Prezidenti bütün mümkün neqativ olacaqları müəyyən edib sıradan çıxarmaqla müsbət ehtimalları işlək reallığa çevirmək ustası olduğunu dəfələrlə sübut edib.

Məsələn, biz Əliyevin çıxışlarından onlarla sitat gətirmişik. Azərbaycanda alternativ enerji istehsalı, planetdə şirin su böhranının qabarması fonunda ölkədə suya tələbatın böyük səylər və ağlasığmaz çabalar hesabına ödənilməsi vəzifəsindən, elektrik enerjisi əlçatanlığı üçün görülən işlərdən, süni intellektin zəmanəmiz üçün əhəmiyyətini əhaliyə başa salmaq məqsədilə robot Sofiyanın şəxsən İmişliyə qədər aparılmasından, 650 min ağacın planetar havaya verəcəyi xalis mənfəətdən... Və daha nələrdən, nələrdən... İlham Əliyevin Davosda, bizim bəlkə də o zaman üçün bütün mahiyyətilə anlamadığımız sözlərini xatırlayaq.

 

HARA ZƏNG EDƏRDİNİZ PEKİNƏ, YA MOSKVAYA?

BAKIYA...

 

Bu təsadüf deyildi. İlham Əliyev əslində sualın bitməsini gözləmədən vermişdi bu cavabı və bununla da hansı təhtəlşüurla yaşadığını və ya təhtəlşüurda hansı adlar, məzmunlar saxladığını elan etmişdi. Niyə xatırladım bu faktı? Ona görə ki, İlham Əliyev xaricdə, ya daxildə olmasından asılı olmayaraq, bütün çıxışlarında Azərbaycanın müstəqil dövlət olması uğrunda yaşadığını, işlədiyini, mübarizə apardığını göstərir, sübut edirdi. Buyurun. Azərbaycan bu gün o möhtəşəm tarixi məqama yetişib ki, müstəqil dövlət olduğunu, necə bir müstəqil dövlət olduğunu və nə üçün müstəqil dövlət olduğunu göstərsin. Buyurun. Baxın. Müşahidə edin. Fəxr edin. Azərbaycan Prezidentinin iqtisadi, siyasi, sosial layihəsi olan bugünkü idarəçiliyin nəticəsində dövlət öz vətəndaşına “Evdə otur, bayıra çıxma!”, öz sahibkarına “Sənin itkilərini mən qarşılayacam!”, "Buyurun, bu da 1 milyard manat" deyə biləcək qədər müstəqildir. 10 milyon nəfərlik Azərbaycan, 1 milyardlıq Çindən əvvəl Ümumdünya Səhiyyə təşkilatına yardım ayırır. Niyə? Ona görə ki, o baş verən proseslərin dərkinə çoxdan nail olub. Bu gün dünya bərpa olunan enerjidən, onun neftə, digər ənənəvi enerji ehtiyatlarına alternativ kimi təqdim edilməsi Azərbaycan üçün təzə xəbər deyil. Və biz bu istiqamətdə düyanın ən uğurlu nümunələri sırasındayıq. Axı kim deyə bilərdi ki, gözlənilən gələcək belə tez gələcək. Hər bir dövlət öz vətəndaşını evə çağırır, ailəyə çağırır. İndi gəlin bir az da əvvələ qayıdaq. Azərbaycan Prezidenti neçə vaxtdır ki, hər bir vətəndaşa milli əlahiddəliyi qorumaq, ailə dəyərlərinə söykənmək, küçədən yığışmaq, hansısa mücərrəd dəyərlərin ardınca kor-korana qaçmamaq kimi hisslər aşılamaqdadır. Müxtəlif tədbirlərdə, müsahibələrdə bu mətləblər önə çəkilib. Məsələn, Prezidentin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə etdiyi çıxışı xatırlayaq:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “ ... Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir."

 

Ənənələr, adətlər, dilimizi, milli mövcudluğumuzu eramızdan əvvəldən alıb eramızın 2020-ci ilinə kimi gətirib çıxaran mənəvi qaydalardır. Dövlətin idarə olunması kontekstində xalça da, muğam da məhz həmin ənənələr sisteminin tərkib hissəsitək nadirdir, əhəmiyyətlidir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizədə ən mütəşəkkil və səliqəli dövlətlər sırasında Azərbaycanı görməsi təsadüf deyil. Azərbaycanın bu saat koronavirusla mübarizədə Fransa, Almaniya, İspaniya, İtaliya və s. dövlətlərdən irəlidə olması dövlət-xalq münasibətlərinin məhz milli dəyərlərdən qaynaqlanmasının nəticəsidir. Azərbaycan ağına-bozuna, şəhrayısına, çəhrayasına, mavisinə baxmadan Avropaya qaynayıb-qarışmayacaq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".

 

Və elə buna görədir ki, daha doğrusu, həm də buna görədir ki, bu gün dünya virus adlı gözəgörünməzin cəzasına məruz qalanda Azərbaycan belə fəlakətlərə ən hazır ölklərdən biri oldu. Hətta o qədər ki, vətəndaşlarımız planeti sarsıdan bu dəhşətli bəlanı ciddiyə almaqda çətinlik çəkirlər. Lağa qoyurlar, şer həsr edirlər... Pişiyinin adını koronavirus qoyan qeyri-ciddilərə də rast gəlirik.

Əlbəttə, dərdin üstünə guya özünü sındırmadan getdiyini nümayiş etdirmək üçün belə aldadıcı fəndlərə əl atmaq təzə deyil. Əzrayılı çaşdırmaq üçün uşağı ağır xəstəlik bitənəcən başqa adla çağırmaq Şərqə məxsusdur. Zamanında əlacsız sayılan xəstəliyin adını qızılca, çiçək qoyanlar da bizik. Amma Şərq istisna deyil. Taunla mübarizə yolu kimi hər şeyə tüpürüb eyş-işrətə qapılmağı seçənlərin hekayələrini danışan “Dekameron”un müəllifi Covanni Bokkaço qərblidir. Özü də italiyalı. Qəribə təsadüfdür. Mən bilmirəm, bu saat İtaliyada koronovirusla mübarizədə kimsə "Dekameron"dan bəhrələnir ya yox, amma o da faktdır ki, bu gün İtaliya bu virusun qurbanlarınını sayına görə dünyada birinci yeri tutur. Yəqin yeni Covanni, yeni "Dekameron" da yaranacaq. Amma indi bizim mövzu başqadır. Koronavirusun dəhşətini vətəndaşına yaşatmamaqdan ötrü hər şeyi edən dövlət bu gün öz vətəndaşından çox şey tələb etmir. İntizamlı olmaq, gigiyena qaydalarına riayət etmək. "Allah kömək olacaq!"- deyə arxayınlara isə sadəcə biz Allah Evinin bu kədərli mənzərəsini göstəririk. Spirt tərkibli maye ilə dezinfeksiya olunan Kəbə Evi... Böyük Dünya Böhranı. Planetin etiraf etdiyi budur. Azərbaycan Prezidenti Novruz Bayramı münasibətilə xalqa müraciət etdi. Nəzərə alsaq ki, adətən bu bayramla bağlı xalqa təbrik müraciətini adətən mətbuatda mətn şəklində yayır və səhv etmirəmsə, Novruz videomüraciəti ilk dəfədir. Elə ona görə də, məncə, bu müraciətin ikinci adı dövlət başçısının koranovirus təhdidi ilə bağlı xalqa müraciəti ola bilər. Mən həmin çıxışdan bir parçaı təqdim edirəm:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.

Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu  xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.

Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".

 

Prezidentin müraciətinə qayıdacağıq, amma burda birinci-vitse-prezident Mehriban Əliyevanın da müraciətini qeyd etməliyəm. Daha çox fəlsəfi-bəşəri məzmuna çəkən müraciətdə bir neçə məqama xüsusi diqqət istəyəcəm. Bunlardan biri Mehriban Əliyevanın əlahiddə götürülmüş bir respublikanın təmsilçisi rolunda deyil, bəşəriyyətin aparıcı insanlarından biri kimi, Azərbaycan liderinin, dövlətimiz üçün müəyyənləşdirdiyi strateji mahiyyətə uyğun davranış tərzi seçməsidir: "Evimiz birdir. Dərdin özgəsi olmur". Əlbəttə belədir və burda diqqətinizə xüsusi çıxarmaq istədiyim ikinci məqam məhz evdir. Ev burda planetdir. Yer kürəsidir. Bəşəri azərbaycanlının, Müqəddəs Kəbə Evini ziyarət edən, Vatikana ehtiramla yanaşan bir bəşəri insanın planetə münasibəti başqa necə ola bilər?!

İndi isə 3-cü məqam. Yenə də ev. Amma burda hər birimizin yaşadığımız evdən gedir söhbət. mənzillərimizdən gedir. “ Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq.”

Mehriban Əliyeva belə deyir. Belə düşünür. Və indi məndən ötrü xüsusi, müraciətin ən vacib məqamı. İmza yerinə baxın. Birinci vitse-prezidentin son cümləsini və imzasını oxuyuram: “Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.Hər birinizə dualar və sevgi ilə, Sizin MEHRİBAN!” Mehriban Əliyeva müraciətinin sonunda sadəcə adını yazır. Əliyeva yox. Birinci vitse-prezident yox. Sadəcə Mehriban. Bizim Mehriban. Məncə böyük fəlakət təhdidi ilə üz-üzə qalmış planeti məhz Mehriban nümunələr xilas edəcək. Həyatımız kompüterləşəndən, noutbuklaşandan, ayfonlaşandan, bir sözlə virtuallaşandan bəri ilk dəfədir, mən virus sözünü həm də özümü virtual predmet yerində hiss etməklə duyuram. Bəli planetin proqramına virus düşüb. Dağıdıcı virus. Yəqin ona görə bütün planet bir müddətliyə söndürülməlidir. Refleş olunmalıdır. Yəqin fikir vermisiniz, dünyada müharibələr arxa plana keçib, hamı öz kiçik mənzilini qorumağa dəvətlidir. Yalnız qaragüruhlar fürsətdən istifadə edərək koronavirusla həmkarlıq edir. Azərbaycanda bu güruhu artıq hamı tanıyır. Əli kərimli, Sevinc Osmanqızı, Qubad İbadoğlu, Tofiq Yaqublu və daha bir-iki qul beçə. Daha doğrusu qul. Bu qulların qulluq etdiyi məqsədlər Azərbaycanın zəiflədilməsi, parçalanmasıdır. Prezidentin müraciətindən daha bir parçanı təqdim edib təhlilə dönəcəm:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın".

 

Beləliklə, Prezident fəlakətin gətirə biləcəyi xüsusi vəziyyətdən bəhrələnmək istəyən tarmarçılara, niyə tarmarçılara, ona görə ki, biz onları 2003-cü ildə asfalt gəmirən, bankomat sındıran halda görmüşük, xülasə, varvarlara qətiyyətlə bildirdi ki, hər hansı qarışıqlıq təşəbbüsü ən sərt şəkildə cəzalandırılacaq. Dövlət üçün fərqi yoxdur, bu koronavirusdu. Yoxsa kərimovirus! Bütün hallarda viruslar zərəsizləşdiriləcək və azərbaycanlıların yeganə dövləti öz müstəqilliyini qoruyacaq. Prezident bir ailə modeli ilə ortadadır. Özü, həyat yoldaşı, ailə üzvləri ilə birlikdə mübarizənin önündədir. Prezident dövlət başçısıtək geniş miqyaslı işlər görür. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qıərargaha Baş nazir rəhbərlik edir və Dövlət başçısı mütəmadi məlumatlandırılır. İlham Əliyev koronavirus təhlükəsindən gözlənilən itkilərin qarşılığında 1 milyard manat ayrıldı və bu çox böyük vəsait islahatların növbəti mərhələsindən sonra Azərbaycan saibkarlığını dövlətin aparıcı təbəqəsinə çevirmiş Prezidentin həm iş adamlarına dəstəyi, həm də neftin dünyada sürətlə enən və yəqin ki, aprelin əvvəlindən daha çətin aqibətlə üzləşəcək qiyməti fonunda milli valyutaya olan münasibətin müsbətə dəyişməsi üçün mühüm strateji addımdır. Yəni baxın. Heç bir fövqəladə hal yoxdur manat ətrafında. Dövlət hər şeyi edir və edəcək. Mesaj təxminən budur. Vətəndaşdan banklara yox, öz evlərinə, mənzillərinə tələsmək tələb olunur. Ən zəruri hallarda evi tərk etmək məsləhət görülür. İlham Əliyev dövlət başçısı olaraq xüsusi risk zonasında çalışan həkimlərin maaşlarını dəfələrlə artırır. Bir vətəndaş, sadəcə İlham, sizin İlham, bizim ilham olaraq öz birillik maaşını koronasirusla mübarizəyə dəstək fonduna keçirib. Bu, uca vətəndaş platforması, alicənablığın, mərhəmət və canıyananlığın xüsusi məqamıdır. Hər birimizin öz içində elan etməli olduğu fərdi daxili fövqəladə vəziyyətin göstəricisidir. Hər bir azərbaycanlı koronavirusla mübarizə məqsədilə yaradılmış bu xüsusi fonda öz dəstəyini göstərir. Hər saat dəyişən siyahıda gerçək Azərbaycan xarakteri, milli həmrəylik ruhu özünü göstərir. Burada dövlət əxlaqı ilə ailə əxlaqının üzvi sintezi var. Prezident və ailəsi dərdlə təkcə inzibati məsuliyyətlər sisteminin aparıcı şəxsi kimi deyil, həm də ailə başçısı tək çarpışır. Mücadilə verir. Bu baxımdan birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun işini hər gün hiss edirik. Fond Nazirlər Kabineti Yanında Operativ qərargahla paralel çalışır. Prezidentin qızı Leyla Koronavirus infeksiyası təhdidi qarşısında Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələrin yaşayış yeri problemi ilə üzləşməsi faktına anında reaksiya verib. Leyla xanım mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrin müraciətlərini nəzərə alaraq Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib. Ailənin digər üzvlərinin də göstərdiyi həssas münasibətdən xəbərimiz var. Şəxsən mən, ölkənin birinci ailəsinin bugün etdiklərini hər bir ailəyə örnək kimi qəbul edirəm. Sizin Mehriban. Bu müraciəti unutmamağımızı istərdim. Çünki uzun illər müstəqilliyin, asayişin, firavanlığın, təhlükəsizliyin ifrat rahatlıq və əmin-amanalığa öyrəşmiş biz, həm də vəziyyətin ciddiliyini tam dərk edə bilmirik. Dövlətə özümüzdən çox inandığımıza, özümüzdən çox etibar etdiyimizə görə öz məsuliyyətimizi, özümüzün vətəndaş borclarımızı, uzun müddət arxa planda saxlayan, kreditimi bağla, uşaq pulu ver, ali məktəbin pullusuna düşən övladımın təhsil haqqını ver!əmlakımı sığorta etməmişəm, amma yanğın olub, ziyana düşmüşəm, pulumu ödə, dövləti, onun rəhbərliyini, əl nüfuzlu insanları təhqir edənlərə mən niyə cavab verməliyəm ki, onlara cavab verənlər də onların tayıdır deyərək qalmaqdayıq. Dəyişək, bacılar və qardaşlar! Bəli, Azərbaycan dövləti güclüdür, onun ordusu ən güclü ordular sırasındadır. Amma virusa orduyla yox, ağılla, fərdi məsuliyyətlə qalib gəlmək olar! Bu gün bütün dünyada fövqəladə vəziyyət hökm sürür. Etiraf edim ki, həyatımda ilk dəfədir bu tip xüsusi vəziyyətdə çalışıram. Düzdür, fövqəladə vəziyyətdə də, komendant saatında da işləmişəm. Hətta qadağan saatının qaydalarını pozduğuma görə saxlanmışam da. Amma daha bütün dünyada fövqəladə vəziyyət olsun? bunu görməmişəm... Və elə bu səbəbdən də Prezidentin Novruz bayramı münasibətilə ölkənin, təbii ki 5-ci kolon təmsilçiləri istisna olmaqla, müxalifət partiyalarını ayrıca təbrik etməsi ümumdünya barışıq ovqatına dəyərli töhfədir. Biz yeni şəraitdə yaşayırıq. 4-cü sənaye transformasiyasının tələbləri budur. Çətinliklərin yaratdığı ekstrim bəzən bizi insanlıqdan çıxarmaq halına gətirir. Heç kimin xətrinə dəymək istəmirəm. Xüsusilə bu günlər. Amma İstanbulda hava limanında o başa-bu başa vird edərək, etiraz aksiyası keçirən, Azərbaycanı, azərbaycanlı adını hava limanının döşəməsində tapdalayan, qardaş və bacılarımız, o mənhus mənzərəni səxavətlə paylayan pis ofisiantlar dövləti, milləti utandırmayaq. Ən azı çarter reysi nədir-sualına cavab verə biləcək qədər savadınız olsun! Oxuyun. Düşük-düşük statuslar yazmaq vaxtı deyil. Planet qəza vəziyyəti alıb. Heç olmazsa əyiləndə də düz əyilin ki, ağırlığı tarazlaşdırasınız. Hər şey dəyişir. Cahilin qafasından başqa. Bu saat hətta qaçqınların, İdlibin də adı gündəlikdə deyil. Bilirsiniz niyə? Ona görə ki, hərkəs öz evində belə qaçqındır. Çünki virusun qabağından qaçıb evimizə girmişik. Ola bilər ki, kimlərsə, nələrsə unudulur, amma mənim işim həm də unutmamaqdır. Guya Azərbaycanın dövlət televiziyası kiməsə efirdə deyib ki, qalın yaşadığınız ölkədə bura qayıdıb dövlətə yük olmayın. Bəli. Bu obrazlı fikirlərlə bağlı qara güruhbaşı, ayağı Əli Kərimli 20 dəqiqə Osmanqızıyla dərdləşib. Nə böyük problem olub bu? Mən deyirəm Azərbaycandan kənarda yaşayan insanlar Azərbaycanın üzərinə gedən məxluqların cavabını vermədikcə yük olublar, olacaqlar! İnternet səfillərinin cavabını mən televiziyada verməli deyiləm. O səfillərin cavabını məhz özünə yük sözünü ağır bilənlər verməli idi. Belələri Azərbaycana müftə qaçmalı deyil, işlədiyi ölkənin, qardaş Türkiyənin yanında olmalıdırlar. Ona virusla mübarizədə kömək etməlidir. İndiki halda həm Azərbaycanı, həm Türkiyəni zərbə altına atmaq şərəfdən deyil. Bu gün Azərbaycandan qaçan o qədər ruhi xəstə var ki... Buyurun, biri haqqında mən sizə danışım. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqqında ən murdar ifadələr işlədən Maqsud Mahmudov. Başqa vaxt bəlkə də şəklini göstərməzdim. Amma bu adamın ruhi xəstə olduğunu hər kəs bilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi sizə bildirir ki, 1969-cu il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 238 ünvanında yaşayan Mahmudov Maqsud Soltan oğlu arxiv məlumatına görə 9-u iyul 1993-cü ildən 22 mart 1994-cü ilədək yuxarıda adı çəkilən xəstəxanada məcburi müalicədə olub. M. Mahmudov təkrar 14 mart 1998-ci il tarixdə xəstəxanaya qəbul olunub. 6 iyun 1998-ci il tarixdə xəstəxananaı təkbaşına tərk edib. Maqsud Mahmudov sonuncu dəfə 9 iyul 1998-ci il tarixdə xəstəxanaya qəbul olunub. 8 dekabr 1998-ci ildə xəstəxananı təkbaşına tərk edib. Bu arayışı mən ona görə oxudum ki, belə xəstələrin axtarılıb tapılması, onların cəmiyyət üçün təhlükəli olduqları nəzərə alınaraq təcili təcrid edilməsi zəruridir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın Azərbaycana dəstəyi İstanbulda hava limanında Azərbaycan əleyhinə qışqırıb şüar söyləmək yox, belə xəstələrin tapılıb müalicə etdirilməsi olmalıdır. Virusdan qorunmağın ən etibarlı yollarından biri, bəzi hallarda isə hətta birincisi təcrid etmək və təcrid olunmaqdır. Qaragüruhbaşı bir neçə gün Osmanqızıyla ağıl döyüşdürürdü. Belə qərara gəldilər ki, Prezident koronovirusla bağlı vəziyyəti nəzərə alaraq.... diqqət, sensasiyaya hazır olun, məhbusların böyük bir qrupunu azad etməlidir. Bəli. Bütün dünya karantin rejimi tətbiq edir. Ölkələr öz vətəndaşlarını karantin rejimində qoruyur, qaragüruhbəyi və qaragüruhgəlinciyi isə Azərbaycan hakimiyyətini çağırır ki, həbsxanaları açın və məhbusları azad edin! Bravo! Biyunuzu... oxşuyum elə... Biz bu həftə bir sıra cəzaçəkmə müəssisələrində olduq. Ədliyyə nazirinin müavini, Pentensiar Xidmətin rəisi, Ədliyyə general-leytenantı Ceyhun Həsənov bizi koronovirus təhdidi qarşısında görülən işlərlə tanış etdi. Söhbət bütün cəzaçəkmə müəssisələrindən gedir. Bura xüsusi zona olduğundan bəzi məsələlər daha detallı həll edilib. Məsələn, pentensiar müəssisələrin, mühafizə alayının və konvoy taborunun nəzarət-buraxılış məntəqələrində sanitariya mühafizə zonaları yaratmaq, bu zonalarda xidmət aparan işçi heyətini fərdi müdafiə vasitələri, hərarəti ölçən cihazları və dezinfeksiya avadanlıqları və vasitələri ilə təmin etmək. Tibb işçilərini cəlb etməklə məhkum və həbs edilmiş şəxslərlə, habelə müddətli həqiqi hərbi xdmət keçən hərbi qulluqçularla görüşə gəlmiş şəxslərin sanitariya mühafizəsi zonasında tibbi müayinələrdən keçirilməsini təmin etmək, bədən hərarəti yüksək olan, habelə infeksion xəstəliklərin əlamətləri müşahidə olunan şəxslərin penitensiar müəssisələrə və digər qurumlara daxil olmasına imkan verməmək, bu şəxslər tərəfindən gətirilmiş sovqatların və ərzaq məhsullarının geri qaytarılmasını təmin etmək, bütün ərazilərdə müntəzəm dezinfeksiya işləri aparmaq. 16 müddəadan ibarət sənəd var əlimdə. Bu sənəd məhbusların etibarlı müdafiəsi üçün zəruri olan şəraiti təmin edir.

 

 

Bu gün koronavirus təhdidi fonunda qəribə bir vəziyyət var. Mən şəxsən məhbuslarla görüşdə bunu daha yaxşı anladım. Qəribədir. Məhbuslarla azadlıqdan gedən adamın görüşü risk sayılır. Sən onu yoluxdura bilərsən. Bu baxımdan onlar daha azaddır. Bu hər yerdə belədir. Almaniyada da. Birləşmiş Ştatlarda da. Rusiyada da. Koronavirus bu Novruzu başqalaşdırdı. Təbiətdə gecə ilə gündüzün bərabərləşdiyi, sıfırlandığı məqamdı Novruzun daxil olduğu an. Həmişə bizə deyiblər ki, bu bayramda ürəkdən dua etsən çaylar axmaz, dayanar. Bilmirəm kimin duasıdı, ya qarğışı, Yer kürəsi dayanıb. Ətalətlə hərəkət edir. Sonradan geriyə fırlanmasını gözləyirəm. Baxmayaraq ki, bu mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı bir sosial çarxı var. Bilirsiniz orda nə yazılıb?

Təşəkkurlər, Koronavirus

Bizi silkələyib oyatdığın üçün təşəkkür edirik!

Düşündüyümüzdən daha böyük bir dünyadan asılı olduğumuzu bizə göstərdiyin üçün təşəkkür edirik!

Sayəndə yaşadığımız cah-cəlallı dünyaya yenidən dəyər verməyə başladığımız üçün təşəkkür edirik! Bizi dayandırıb düşünməyə vadar etdiyin üçün təşəkkür edirik!

Bizi dayandırıb fikirləşməyə məcbur etdiyin üçün təşəkkür edirik.

Nəsə, o çarxda çox fikilər var. Amma sonluğu daha maraqlıdır:

Minnətdar ol

Agah ol

Hər şey əvvəlkinin eyni olmayacaq

Dunya indi dəyişir.

Bəlkə də kimlərinsə gözlədiyi o gözəgörünməz buymuş…

Koronavirusuna şükür, pərvərdigara!

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər