Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyovun yubileyi - VİDEO

Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyovun yubileyi - VİDEO
Yubileylər UNESCO-nun baş qərargahında qeyd olunacaq

Böyük dramaturq və ədib Əbdürrəhim bəy Haqverdiyevin və dahi bəstəkar Üzeyir Hacıbəyovun yubileyləri Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb, həm Parisdə UNESCO-nun baş qərargahında, həm də türkdilli dövlətlərdə beynəlxalq səviyyədə qeyd olunacaq. Bu barədə Qazaxıstanın paytaxtı Nur-Sultanda tanınmış türk yazıçısı Ömər Seyfəddinin anım tədbirində bildirilib.

Tədbirdə Türk Akademiyasının prezidenti qeyd edib ki, türk dünyasının böyük şəxsiyyətlərinin yubiley mərasimlərinin ortaq tədbirlər çərçivəsində beynəlxalq səviyyədə qeyd olunması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərində dövlət başçılarımız tərəfindən qərarlaşdırılıb və onların təlimatı əsasında həyata keçirilir. Bu sırada tanınmış Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150, böyük bəstəkar Üzeyir Hacıbəyovun isə 135 illik yubileyləri may ayında UNESCO-da təşkil olunacaq beynəlxalq forumda və il ərzində türkdilli dövlətlərin paytaxt şəhərlərində qeyd olunacaq. Eyni zamanda, onların əsərlərinin digər türk dillərinə tərcüməsi həyata keçiriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III İclasında türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin ortaq şəkildə qeyd olunması ilə bağlı Akademiyaya üzv ölkələrin təhsil nazirləri tərəfindən müvafiq protokol imzalanıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər