Mir Şahinin vaxtı - VİDEO (01.03.2020)

Mir Şahinin vaxtı - VİDEO (01.03.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtıdır.

Bir mikrovarlıq, hansısa virus qarşısında insanların özünü, üzünü bürüməsindən, qorunma çabalarından əlbəttə danışacağıq.

Amma hər birimizin eyni zamanda bu dövləti qorumaq kimi borcumuzdan da bəhs edəcəyik. Cəmiyyətdə panika yaratmaq istəyən sosial şəbəkəbazların qarşısına əlbəttə ki, çıxacağıq.

Niyə sosial şəbəkəbazlar mövzusunu xüsusi vurğulayıram. Ona görə ki, bu gün ölkədə bir sıra məsələlərin olduğundan daha böyük və ya şişirdilmiş miqyasda, həcmdə görünməsinin bir, bəzən isə birinci səbəbi əksər hallarda məhz sosial şəbəkələrdir. Beləliklə, həftənin təhlilinə başlayaq.

Koronavirus təhlükəsi fonunda özümüzə əl qatdığımız bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən şəhid olan İbrahim Vəliyevi anırıq. Canın xüsusi dəyərə mindiyi, müqəddəs məna kəsb etdiyi belə məqamlar da var. Orda tənzif yox, bayraq önə çıxır. Xocalı soyqırımı qurbanlarını yad etdiyimiz bir həftədə şəhid verməyimiz həm də ona işarədir ki, 28 il keçsə də əslində zaman keçməyib. Daşa dönmüş Anada dayanıb. O bizi, hər kəsi yerində saxlayıb. Ana Harayı abidəsi önündə əbədi olaraq 1992-ci ilin 26 fevralı olacaq.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqı ilə birlikdə bu ananın ruhu qarşısında baş əydi.

Erməni millətinə məxsus cinayətkarların törətdiyi Xocalı soyqırımının baş verdiyi fevral təqvimdə həm də bu qanlı əmələ görə ən əskik aydır. Hətta mənə elə gəlir ki, Xocalı Qurbanlarının qanının yerdən qaldırılacağı gün bu ay da ya 30, yaxud 31 ola bilər. Möcüzəyə inanıram. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya bu ümumtürk ağrısının Xocalı genosidinin ildönümü ərəfəsində gəlmişdi. Bir detalı da qeyd edim. Fevralın 26-cı həm də Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Onun üçün yəqin ki, həm də ikiqat ağır tarixdir. Məsuliyyət, qisas və ədalət tarixi. Xocalı soyqırımı bir millət və iki dövləti dərd ortağına çevirdiyi kimi təvəllüd və son mənzili eyni anda yada salmaq fürsətinə sahib edib. Bu iki ölkəni, onların xalqlarını maddi yox, mənəvi, iris maraqlar strateji tərəfdaşa, qardaşa, böyük yoldan baxırsaq yoldaşa çevirib:

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.”

Prezident iqtisadi statistikaya da istinad etdi. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatmasının hədəf olaraq əlçatan olması vurğulandı. Əvvəla ona görə ki, 2019-cu ildə bu dövriyyə artıq 4,5 milyard dollara çatıb. Digər tərəfdən isə Ərdoğanla indi, bu səfər zamanı bir sıra sənədlərlə yanaşı preferensial ticarət anlaşması da imzalanıb. Mən əlaqələrin iqtisadi tərəfləri, qarşılıqlı sərmayə qoyuluşlarının miqyası və əhəmiyyəti üzərində xüsusi dayanmayacam.

REAL Təhlil və İnformasiya Mərkəzindən bu mövzuda kifayət qədər təhlil və məlumat almısınız. Mətbuat üçün açıqlamada İlham Əliyevin Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP-la bağlı dediklərinə bir qədər sonra qayıdacağıq. Cənub Qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısından danışarkən. İndi isə Prezident Əliyevdən bir sitat gətirmək istərdim:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq.”

Bu misalı niyə çəkdim? Ona görə ki, Azərbaycan və Türkiyə müttəfiqliyinin strateji mahiyyəti bəzi obıvatellərə göründüyü kimi, yəni-müştərilərə məzəli türk dondurması və ya dönər təklifi qədər banal və primitive deyil. Elə cənab Ərdoğanın Bakıya səfəri zamanı da cənab Əliyevlə bölüşülən mətləblər qarşılıqlı geosiyasi maraqların müştərək qorunmasından ibarət idi. Azərbaycan Prezidentini dinləyək:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Fürsətdən istifadə edərək, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər haqqında demək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq. Bir daha əziz qardaşım, Sizi səmimiyyətlə salamlayıram, Sizə və qardaş Türkiyə xalqına daimi rifah və xoşbəxtlik arzulayıram. Sağ olun”.

Türkiyə Prezidentinin cavab nitqində də maraqlı məqamlar çoxdur. Onlardan biri Türkiyə üçün müqəddərati məsələ olan terrorla, onun bütün təzahürlərilə mücadilədir. Rəcəb Tayyib Ərdoğan bu zəmində Azərbaycanın da başının bəla çəkdiyi faciələrə toxunur. Xocalı soyqırımını xatırladır. Şəhidimizə görə başsağlığı verir. Rəcəb Tayyib Ərdoğana onun Türkiyəyə qayıtmasından sonra baş verən prosesləri, Suriya olaylarını nəzərə almaqla qulaq asaq. Xatırlayaq:

Prezident Əliyev “Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq” demişdi. Ərdoğanın bəyanatı da elə anda bənzəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm”.

Bir az əvvələ qayıdaq. Münxenə. Paşinyanın debatda İlham Əliyevə açıq məntiq məğlubiyyətinə uğradığı məqamda saman çöpünə ümid kimi Naxçıvanın adını məkrlə çəkməsinə. Türkiyə və Azərbaycan münasibətlərinin xüsusi etibar və himayə fəslini təşkil edən Naxçıvan mövzusunu da dövlət başçıları, hesab edirəm ki, məhz məqsədyönlü olaraq qabartdılar.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “...bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “... siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir."

Hiss etmək çətin deyil ki, biz tamaşaçını məhz Qars-İğdır-Naxçıvan dəmiryolunun tikintisinə dair Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu ətrafına gətirirdik. Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin çəkilməsi əslində bu muxtar respublikanın geosiyasi taleyinə köklü dəyişikliklər gətirəcək. Burada söhbət yalnız Naxçıvanın sosial-iqtisadi inkişafının yaxşılaşmasından getmir. Əlbəttə, İqtisadiyyat, maliyyə, hərbi, təhlükəsizlik, təhsil və başqa sahələri əhatə edən bir çox sənədlərin imzalandığı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı olduqca vacib tədbirdir. Amma Qars-İğdır-Naxçıvan dəmiryolu ilə bağlı qəbul edilmiş qərarı mən xüsusi tarixi hadisə kimi qeyd etmək cəsarətinin altına məmnuniyyətlə girirəm. Bəli, Azərbaycan və Türkiyə hökumətləri arasında Qars-İğdır-Naxçıvan dəmiryolunun tikintisinə dair Anlaşma Memorandumu Azərbaycan və Türkiyə dəmiryolları şəbəkəsini birləşdirən və nəticədə Azərbaycana geostrateji üstünlüklər qazandıran Bakı-Tbilisi-Qars dəmiryolunun tərkib hissəsidir. Amma verilmiş siyasi qərar uzaq mənzilli əhəmiyyətilə stratejidən də artıqdır. Çünki, Naxçıvan Muxtar Respublikası fiziki olaraq Azərbaycanla bağlı deyil. Ümumiyyətlə faktiki olaraq blokadadadır. Yeni çəkiləcək dəmiryolu xətti isə Naxçıvanın blokada vəziyyətinin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bölgədə istehsal olunan məhsulların xarici bazarlara çıxarılma imkanı kimi yanaşsaq muxtar respublikanın sosial-iqtisadi qüdrətinin də perspektivini təsəvvür edə bilərik. Doğrudur, bu gün Naxçıvanın əlahiddə müdafiə sistemi onu Ermənistanı üstələmək səviyyəsinə çatdırıb. Amma layihə işə düşərsə, Muxtar Respublikanın əldə edilə biləcəyi iqtisadi uğurlara hərbi və təhlükəsizlik sferasından qazanılacaq üstünlük və gücü də əlavə edə bilərik. Növbəti görüşlərimizdə, biz Naxçıvanın inkişafını xüsusi mərhələsinə daşıyan bu tarixi Anlaşmaya yenidən qayıdacağıq. İndi isə biz Avropa və Azərbaycanı bağlayan, bununla da Avropanı müəyyən mənada Azərbaycandan asılı edən enerji layihəsinə- Cənub Qaz dəhlizinə keçirik. Bu layihə əslində Avropanın bütünlükdə iqtisadi bağımsız olmasının ciddi həlqəsi olmağa iddialıdır. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısı ilə mətbuata çıxışında 2019-cu ilin noyabrında Türkiyədə TANAP-ın tam başa çatmasının qeyd olunduğunu söylədi və əminlik ifadə etdi ki, Cənub Qaz Dəhlizinin əsas hissəsi - TANAP bu ilin sonuna qədər tam istismara veriləcək. Yeri gəlmişkən, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısını bu həftə qəbul etdi. Qürurla qeyd edilməlidir ki, bu əməkdaşlıq formatının təşəbbüskarı Azərbaycandır və Məşvərət Şurası artıq nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında səmərəli işçi mexanizmə çevrilib. Prezident bu zəmində Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya təşəkkür etdi. İlham Əliyev Azərbaycana çox yaxın olan bu ölkələrin dövlət və hökumət başçıları ilə müntəzəm görüşlərini xatırlatdı. Azərbaycan Prezidentinin xarakterinin bir mühüm cəhətini qeyd etmək istərdim. Bu da unutmamaqdır. Məsələn, o Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstək göstərdiklərinə görə təşəkkür etdi. Ötən 25 ildən artıq müddətdə Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr verdiyini yada saldı.

Prezident Avropa Komissiyasına təşəkkür etdi ki, 2011-ci ildə Azərbaycanla Bakıda Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalayıb və bu da faktiki olaraq həmin layihənin icrasının başlanğıc mərhələsi olub. Sənədə Əliyevlə birgə imza atan Avropa Komissiyasının sabiq prezidenti Barrozu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynamış Avropa İttifaqı Şurasının sabiq prezidenti Tusk, Avropa Komissiyasının sabiq komissarı Ottinger, vitse-prezident Şevçoviç də sayğıdan kənarda qalmadı. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və özəllər də daxil olmaqla digər bankların xidməti qeyd edildi. Hətta deyildi ki, onların dəstəyi olmadan layihənin icrası mümkünsüz olardı. İlham Əliyev ehtiram və sayğıda balanslı davransa da Azərbaycanın rolunun əsas olduğunu qürurla bildirdi və böyük, mötəbər bir tədbirin ev sahibi kimi dəvət etdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Fürsətdən istifadə edərək hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik»

Prezident bu tədbirdə Azərbaycanın müstəqillik tarixi barədə də danışdı. 1990-cı illərin əvvəli, o zamanlar ölkədə baş verənlər, cəmiyyətin vətəndaş müharibəsi ərəfəsinə çatdırılması, dövlətin parçalanmadan, iflasdan, məhv olmaqdan Heydər Əliyevin sayəsində qurtulması xatırladıldı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Əlbəttə, bütün səylərimiz çox konkret nəticələr verdikdən sonra geriyə baxdıqda bizim qarşımızda - Azərbaycanın qarşısında müstəqillik illərimizin əvvəlində hansı çağırışların olduğunu hətta təsəvvürümüzə gətirmək belə çətindir və bir gün, 30 ildən daha az müddətdə ölkənin beynəlxalq tərəfdaşları ilə birlikdə belə böyük uğura nail olacağını və dünya ölkələrini maraqlandıran, dünya miqyasında layihələrin təşəbbüskarı olacağını, tərəfdaşları ilə birlikdə onları uğurla icra edəcəyini təsəvvür etmək mümkün deyildi. Bu layihələrin hər biri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.

Lakin 1991-ci ildə vəziyyət tamamilə fərqli idi. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün - hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır. Regionumuzda və dünyadakı vəziyyətə nəzər yetirərkən, biz yeni münaqişələr, yeni qarşıdurmalar görürük. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Hesab edirəm ki, sabit və təhlükəsiz mühitdə yaşayış bizim siyasətimizin əsas nailiyyətlərindən biridir."

Prezidentin hər belə çıxışı o zamanlar hakimiyyətdə olan, dövləti idarə edən, daha doğrusu idarə edə bilməyən, hər addımda qəza vəziyyəti yaradan, Azərbaycanı qəzaya uğradan kəsləri incidir. Onlar hətta belə suallar da verirlər ki, axı niyə Prezident Azərbaycanın daxilində baş verənlər, olub keçənlər barədə bir dəfə yox, hər dəfə danışır. Görünür və yəqin ona görə ki, Prezident Azərbaycana, onun yalnız bu gününə yox, gələcəyinə görə də məsuliyyət daşıdığını gözəl bilir. Eyni zamanda yaxın və ya ən yaxın tarixi də məhz ona görə təkrar təkrar danışır ki, özünü müxalifət adlandıran toplunun əslində qeyri-peşəkarlardan ibarət, təsadüfən hakimiyyət başına gəlmiş bir güruh olduğunu hamı anlasın. Çox böyük əziyyətlər və məşəqqətlər, minlərlə insanın ölümü, şəhadəti bahasına başa gəlmiş müstəqilliyin etibarlı əllərdə olması tək zərurəti Azərbaycanın müttəfiqləri, tərəfdaşları anlamalıdır. Ortada bir varislik var. İlham Əliyevin təqdimatında Azərbaycan dinc, inkişafda olan, donor, multikultural, milli adət və ənənələrin müasir çağırışlarla üzvi bağlılıq təşkil etdiyi respublikadır. Və bunu hər kəsin bilməsi vacibdir. Həm xaricdə, həm daxildə. Yerli qaragüruhun, əyalət müxalifətinin xaricə ötürdüyü məlumatların yalana, qondarmaçılığa əsaslandığından bir sıra hallarda elə həmin o Birləşmiş Ştatlar, Britaniya, Almaniya, İtaliya, Yunanıstan və s. ölkələrdə kimlərsə xəbərdar olmaya bilər. Kastyum geyinib qalstuk bağlasa da , ingilis, alman-fransız və s dillərdə hətta danışsa da içində ibtidai icmadan yenicə çıxmış, hələ beynəlxalq tədbirlərə mahiyyətindəki çarıq – potava ilə qatılan , “çuğundur” ismiylə və “çuqundur!” felini səhv salanlar zahiri görkəmiylə aldadıcı ola bilərlər. Onları xaricdə bəlkə daha çox tanımalıdırlar. Çünki daxildə onların nəyə qadir olduqlarını bilənlər kifayət qədərdir. Məhz bu siyasət fərsizləri, yararsızlar, iqtidarsızların dırnaqarası fəaliyyəti nəticəsində hər ll hakimiyyət dəyişir, çevriliş çevrilişi əvəz edirdi.

Xalq Cəbhəsi və onun müttəfiqlərinin hər qabarması torpaqlarımızın çəkilməsi ilə müşayiət olunurdu. Sanki razılaşdırılmışdı. Qaragüruh hər dəfə hakimiyyət ardınca küçələrə çıxır, hakimiyyəti zorla kənarlaşdırır, Ermənistan silahlı qüvvələri paralel olaraq hərəkətə başlayır, bir-bir rayonlar, kəndlər itirilir. Beləcə 20 faiz əskiyik. Daha doğrusu çatmırıq. Bu gün uğurlarımız ola biləndən 20 faiz çox ola bilərdi. Əhalimiz də. Mədəniyyətimiz də. İqtisadi qüdrətimiz də. Qaragüruhun damağında qalanlara baxaq. Budur onlar. Onların xasiyyəti. Xisləti. Mahiyyəti.

Bura Bakı idi. İndi isə baxın bu kadrlara. Nə qədər çətin olsa da təsəvvür etməyə çalışın. Təsəvvür etməyə çalışın ki, onlar 27-28 il əvvəl çəkilib. Bu gün Avropanın Təhlükəsizlik sisteminin etibarlı dayaqlarından birinə, regionun ən güclü və dinamik inkişafda olan respublikasına çevrilən Azərbaycanın 27-28 il əvvəlinə baxın. Yaxşı baxın.

Bu gün o Azərbaycan yoxdur. Tarixə qovuşub. Qaragüruhun keçmişin qarabasmaları ilə yaşayan hissəsi o kadrlara öz imkanlarının nəticəsi tək yanaşa bilmək tərbiyəsinə, əxlaqına malik olmayınca islah olunmayacaqlar. Həvəskar siyasətçilər, olan-qalan ixtisas bacarıqlarını da 27 il ərzində tam itirmiş “yararsızlar”, savadsız, bacarıqsız kəsimi, xüsusilə də ən yaxın tarixi sosial şəbəkələrin yalan-uydurma kafedralarından əxz edən internet colma-cocuqlarını, sadədil yeniyetmələri çaşdırmağa cəhd edirlər. Vikipediya-da özlərinə ağıllarına gələn fantastik tərcümeyi hallar qondaran imzasız törəmələr əsasən xaricə tuşlanırlar. Müxtəlif fondlardan, maliyyə təsisatlarından qrant, məqsədli büdcə əldə etmək üçün.

Əli Kərimlinin hamam otağında ifadə vermək təəssüratları da, Osmanqızının təkərimə mıx batırdılar hekayətləri də, başqalarının başqa başa və ya ayağa gəldiləri də bu missiyaya hesablanıb.

Ona görə də dövlətin tarixi ilə məşğul olanlar Qobustanın Qaval daşında nağara çalmağa, bizim eramızdan qabaq ilk dişi dinozavrın xınayaxdı mərasimindən dissertasiyalar müdafiəyə vaxt itirməyə son qoyub ən yeni tariximizin sadə, hələ ki yadımızda qalan Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, İxtiyar Şirinov, Leyla Yunus və başqaları kimi ağ ləkələrini araşdırıb meydana qoymalıdır. “Filankəslə çörək kəsmişəm, qızına oğlumu vermişəm, ayıbdı!” tipli düşük, sarsaq səbəblərdən, “heç kimin tərəfimi tutmuram!” tipli mövqesizlikdən əl çəkmək vaxtıdır! Özü də çoxdan! Azərbaycanda yaşamayan Azərbaycanlılar Avropada Qarabağ adına, Xocalı soyqırımının tanınması üçün mitinq keçirir. Azərbaycanda yaşayan bir qrup azərbaycanlı, daha doğrusu Azzarbaycanlı, dərdbaycanlı isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş Ana harayı abidəsinə ziyarət aktını belə murdarlaya biləcəyindən belə çəkinmir. Lənət olsun. Avropada, Almaniyada 1500-ə yaxın soydaşımız Qarabağ adına, Azərbaycan adına bayraq qaldırdılar. Səs ucaltdılar. Eşq olsun!

Maraqlı olan həm də bilirsiz nədir?

Əli Kərimli və güruhu-baxmayaraq ki, Avropada çoxlu artıq-urtuqları var, öz tərəfdarlarına mitinqə qatılın, Qarabağ ümumi problemimiz, Xocalı ümumi dərdimizdir!-demədi. Əksinə Xocalı soyqırımının rəmzi olan Ana Harayımıza belə haram qatmaq istədilər. Sözüm yoxdur! Belə çıxır ki, Karimivirus Koronavirusdan daha ziyanlıdır. Sərt ritorikama görə üzr istəyirəm. Ona görə ki, siyasi hüquq və azadlıqlar, söz və mətbuat azadlıqları kimi dəyərlərin arxasında daldalanaraq demoqoqiya ilə məşğul olanların əsl mahiyyətindən mənim xəbərim var. Azərbaycanın müstəqillik tarixini addım-addım, qarış-qarış keçmişəm. Qarabağın kəndlərinə helikopterlərlə gedib, tabutlarla qayıtmışam. İnqilabçıların sonradan necə dələduza çevrildiklərini. Fırıldaqçılara döndüklərini görmüşəm. Nəfəsim gəldikcə deyəcək. Gözüm gördükcə göstərəcəm. Koronavirus barədə. Amma mən bu virusun təhlükəsini heç də tibbi izah etməyəcəm. Kompüter viruslarından danışacam. Amma bu viruslar xüsusi proqramlarla ləğv ediləsi adi kompüter virusları deyil.

Mətləbə keçirəm. Baş verən odur ki. bütün dünyanı bürüməkdə olan korona virus Azərbaycanda da bir neçə nəfərdə aşkar edilib və uyğun tədbirlər görülüb. Ölkədə ciddi maarif-məlumatlandırma işləri aparılır. İnformasiyanın təşkili ən peşəkar səviyyədədir. Bu virusa yoluxmaq şübhəlilərinin ən çox olduğu ehtimal edilən region dövləti İran İslam respublikası ilə sərhədlər müvəqqəti olaraq bağlanıb. Sərhəd keçid məntəqələrində xüsusi ayrılmış ərazilərdə çadır hospitallar təşkil edilib. Bakıda və bəzi rayonlarda xəstəxanalar bu sahə üçün ayrılıb. Bir sözlə Azəbaycan koronavirusla mübarizəni nümunəvi təşkil edən ölkələrdən biridir. TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı ilə həftənin əvvəlində görüşdük. Amma toxunduğumuz mövzu aktual olduğundan yenidən Sizə təqdim edirik.

Amma mövzunu qapamıram. Bəzi əlavələrim olacaq. Məsələ burasındadır ki, karantinə yerləşdirilən şəxslərin yaxınları bir sıra hallarda təşkil olunmuş xüsusi rejimi pozmağa, kimlərinsə zorla evlərinə buraxılmasına nail olmağa, hətta tibb personalına güc tətbiq etməyə cəhd göstərirlər. Hörmətli tamaşaçılar. Karantin xüsusi qaydaların tətbiq edildiyi həyat və fəaliyyət zonasıdır. Bura giriş-çıxış məhdud olur. Orda çalışanlar, müayinə və müşahidə, hətta müalicə altında olanlar dövlətin xüsusi qayğısını hiss edirlər. Karantin mədəniyyəti deyilən anlayış var. Hesab edin ki, həmin şəxslər müəyyən bir müddətə hərbi xidmətə ya da zbora çağrılıblar. Panika yaratmağa ehtiyac yoxdur. Koronavirus Fransada da, Niderlanda da ola bilər. Azərbaycan təbabəti koronavirusla mübarizədə artıq bu işin öhdəsindən gəlməyə başlayan və böhrandan çıxmış Çindən və regionda ən yaxşı təşkil olunmuş Türkiyədən öyrəndiklərini mütəşəkkil surətdə tətbiq etməkdədir. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla söhbətdə biz həm də bu mövzuya toxunduq! Təbii ki, Türkiyə - Azərbaycan mövzusu bütün sahələr üzrə prioritet idi. Ərdoğanın Bakı səfərindən də, Naxçıvanın tarixi gələcəyindən də, İdlib əməliyyatından da, koronavirusdan da danışdıq. Deyəsən iki yerdə təşəkkür etmişəm səfirə. ən azı iki yerdə.

İndi isə bir müraciətim olacaq: Sosial Şəbəkə fəallarına. Daha doğrusu şəbəkəbazlara! Öz düşük maraqcıllığınız və tərbiyəsizliyiniz, gülünclük və qeyri ciddiliyinizlə dövlətə, xalqa mane olmayın! Yadımdadı, bir ara dəbdəydi, hamı bir-birinə məsləhət görürdü ki, uşaqları kompüterə yaxın buraxmayın! Belə çıxır ki, zaman dəyişib. Əziz uşaqlar, bəlkə böyükləri kompüterə yaxın buraxmayaq? Bu həftə bir mühüm hadisə də baş verdi. Ana Harayı abidəsinin önündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla əl tutdu. Bu, məndən ötrü ölkənin mənəvi- əxlaqi həyatında xüsusi məqam idi. Barışla yanaşı, keçmişə tarixə münasibət baxımından xüsusi jest. Düzdür, Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edəndə Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu dəfnin ehtiyaclarını öz üzərinə götürmüşdü, Elçibəyin xanımının yas xərclərini qarşılamış və ona məxsus mənzili təmir etmişdi. Bununla da dövlətə cavabdeh olan şəxslərin həm də dövlətin tarixinə həssas yanaşdıqlarını, qədirbilənlik və sayğı sərgilədiklərini nümayiş etdirmişdilər. Amma Ayaz Mütəllibovla baş verənlər daha dərin mətləblərdən xəbər verir. Burada söhbət əlahiddə götürülmüş bir şəxsdən və ya onun günahından, cinayətindən-filandan getmir. Söhbət bir dünyagörüşünün öz yerini tam yeni dünyagörüşünə verməsindən, gələcəyin çağırışlarının tam yeni formasından, məzmunundan gedir. Planeti xilas etmə missiyasını öz üzərinə götürmüş dövlətlər cərgəsinə qatılan Azərbaycan Ayaz Mütəllibovun da əlini sıxmaq iqtidarında olmalıdır. Bu olanda koronavirus belə qorxulu olmur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər