Kiyevdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib

Kiyevdə Xocalı faciəsi ilə bağlı tədbir keçirilib

Fevralın 26-da Kiyev şəhərinin Səməd Vurğun kitabxanasında tarixi həqiqətlərin çatdırılmasında, habelə informasiya müharibəsində jurnalistlərin roluna dair tədbir keçirilib.

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı baş tutan tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Honçarukun təşkilatçılığı, “Report” İnformasiya Agentliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov və birinci katib Namiq Niftullayev də iştirak ediblər.

“Tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlər mühüm rol oynayırlar. Odur ki, bu gün biz həm Azərbaycanın, həm də bütövlükdə bəşəriyyətin tarixindəki qanlı səhifə olan Xocalı qırğınına diqqət yetirmək istərdik. Həmin vaxt 613 dinc sakin xüsusi amnsızlıqda öldürülmüşdü. Dünya ictimaiyyətinin bu faciəli hadisədən xəbərdar olması, dünya tarixində baş verən başqa soyqırımlarla yanaşı, baş verənlərə lazımi qiymət verməsi çox mühümdür. Ukrayna mediasının nümayəndələri Dağlıq Qarabağ münaqişəsinin tarixi həqiqətləri ilə lazımınca xəbərdar edilməli, haqq-ədalət tərəfində olmalıdırlar”, –  M.Honçaruk deyib.

Səfirliyin müşaviri K.Xəlilov xarici ölkələrin parlamentləri arasında bundan əvvəl yalnız Türkiyə Böyük Millət Məclisinin Xocalı soyqırımını pisləyən bəyanatlar verdiyini diqqətə çatdırıb: “Bu gün isə vəziyyət xeyli dəyişib və bu da ölkəmizin dünyadakı müsbət imicindən, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün ölkəmizin həm rəsmiləri, həm də ictimaiyyəti tərəfindən səmərəli işlər gördüklərindən xəbər verir. Dünya ictimaiyyəti tərəfindən Xocalı faciəsini tanımasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük töhfəsi olub. Biz haqq işimizi, dünya ictimaiyyəti tərəfindən bu soyqırımını tanınması, əlləri günahsız qocaların, uşaqların, qadınların qanına batmış canilərin cəzalandırılması uğrunda mübarizəmizi davam etdiririk. Cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Jurnalistlərin qarşısında həmçinin Taras Şevçenko Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və yaxın tarix kafedrasının müdiri Oleq Kupçık, V.Vernadski Ukrayna Milli Kitabxanasının baş elmi işçisi Aleksandr Dudnik çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəblərinə, erməni tərəfinin yalan təbliğatına xüsusi diqqət yetiriblər.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun Xocalı faciəsi haqqında hazırladığı film, habelə kitablar təqdim olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər