XİN və Baş Prokurorluqdan bəyanat - VİDEO

XİN və Baş Prokurorluqdan bəyanat - VİDEO
"Xocalı cinayəti Ermənistanın sistemli zorakılıq siyasətinin tərkibidir"

Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal olunub və bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Qeyd olunub ki, Sözügedən təcavüz zamanı azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımının törədilməsində iştirakı tam sübuta yetirilib. Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Bəyanatda vurğulanıb ki. Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmaqda davam edir. Rəsmi Yerevan Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdəki hərbi mövcudluğuna görə məsuliyyəti təkzib etməklə yanaşı, hətta Xocalı qırğınının guya ki, Azərbaycanlılar tərəfindən öz vətəndaşlarına qarşı törədildiyini utanmadan iddia edir və bununla əlaqədar, Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibovun Rusiya KİV-ə verdiyi müsahibəsinə istinad edir. A.Mütəllibov dəfələrlə ona edilən bu istinadların yalan və iftira olduğunu, Xocalı qətliamının ermənilər tərəfindən törədildiyini bəyan edib.

Birgə bəyanatda bildirilib ki, Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək"

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər