Şahmatçımız Rauf Məmmədov erməni rəqibini məğlub edib

Şahmatçımız Rauf Məmmədov erməni rəqibini məğlub edib

Fevralın 22-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının üçüncü turunun oyunları keçirilib. Ölkəmizi festivalın A turnirində Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Abdulla Qədimbəyli, B turnirində Məhəmməd Muradlı, Elvin Bayramov, Read Səmədov təmsil edirlər.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan A turnirində ən yüksək nəticəni Rauf Məmmədov göstərib. Ardıcıl iki turda qələbə qazanan R.Məmmədov üçüncü turda Ermənistan təmsilçisi Şant Sarqsyanı məğlub edərək liderliyini qoruyub.

Üçüncü turun maraqlı qarşılaşmalarından biri 14 yaşlı şahmatçılar - azərbaycanlı və hindistanlı dünya çempionları Aydın Süleymanlı ilə Rameşbabu Praqnanandha arasında olub. Gənc şahmatçılar “sülh”ə razılaşıblar. Qeyd edək ki, bu, şahmatçımız üçün yaxşı nəticə hesab oluna bilər. On (2014) və on iki yaşlılar (2017) arasında Avropa birinciliklərinin, ötən il isə 14 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibi olan A.Süleymanlının rəqibi R.Praqnanandha 8 (2013), 10 (2015) və 18 (2019) yaşadək şahmatçılar arasında dünya çempionatlarının qızıl medallarını qazanıb.

Ümumi nəticəyə görə, A.Süleymanlı və V.Durarbəyli hərəyə 2 xal, V.Əsədli 1, A.Qədimbəyli 0,5 xal qazanıblar.

Festivalın B turnirində şahmatçımız M.Muradlı 2,5 xalla liderlər qrupunda mübarizə aparır. Komandamızın digər üzvləri E.Bayramov 2, R.Səmədov isə 1 xal toplayıblar.

Fevralın 29-dək davam edəcək festivalın ümumi mükafat fondu 120 min avrodur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər