Mir Şahinin vaxtı - VİDEO (16.02.2020)

Mir Şahinin vaxtı - VİDEO (16.02.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtı başladı. Çox maraqlı həftə oldu. Həm çox maraqlı, həm də çoxlarının maraqlı olduğu həftə.

Növbədənkənar Parlament seçkiləri keçdi. Həm də keçmədi ...kimlərsə. Bütün hallarda Azərbaycanın Yeni parlament seçkiləri likibaşlı oldu. Həm seçici deputat seçdi, həm də özü seçildi.

Həftənin əsas mövzusu şübhəsiz ki, seçkilər olmalıydı. Amma Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycanın Prezidenti İlham Əliyevin görüşü bu mövzunu qabaqladı.

Azərbaycan üçün həyati əhəmiyyətə malik olan Dağlıq Qarabağ məsələsinin müzakirəsilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə söhbət edəcəyik.

İndi isə, həftənin əsas hadisəsinə qayıdırıq.

Parlament seçkilərinə. Müstəqillik dövrünün 6-cı parlament seçkisi idi ki, izləyirdim. Və etiraf edim ki, hələ belə qızğın, intriqalı və eyni zamanda ilk baxışdan proqnozlaşdırılan, amma nəticə etibarilə gözlənilməz seçki görməmişdim. Baxmayaraq ki, cəmi dörd dairədə nəticələr ləğv edilib, amma mənə elə gəlir ki, yekun qərar elan edilənədək heç kim özünü arxayın hiss etməyəcək. Ona görə də həftəyə ehtiyatlı bir yekun vermək lazım gəlir. Əminəm ki, həmkarlarım da eynilə mənim qədər ya əmindir, ya da arxayın deyil. Bir az əvvəl dedim ki, həm seçici seçildi, həm də Millət vəkili.

Bununla nə demək istəyirəm: əvvəla, onu deyim ki, Azərbaycanda seçki ilk dəfə olaraq sosial şəbəkələrin mütləq dominantlığıyla keçirildi. Bu baxımdan iddia etmək olar ki, Azərbaycanda son parlament seçkiləri indiyədək baş tutan bütün seçkilərin ən şəffafı idi. Faktiki olaraq seçkilər hamının gözü qabağında keçdi. Hər bir namizədin özünü təqdim etmə imkanı kifayət qədər idi. Düzdür, bu imkandan kimlərsə daha çox, kimlərsə nisbətən az istifadə etdi, amma bu, yaradılmış və ya yaradılmamış inzibati hədəqələrə görə deyil, sadəcə internet resurslarına bəzilərinin daha dərindən, kimlərinsə daha az bələd olmasının nəticəsi idi. Mən bu prosesdə dövlətə, millətə, xalqa, respublikaya dost və düşmən yanaşmalarının ortaya aydın şəkildə qoyulmasını da müşahidə etdim. Yəni səsvermə zamanı qeydə alınan qüsurları təqdim edənlərin mənəvi-əxlaqi keyfiyyətlərini asanlıqla görmək olurdu. Kimsə qüsurları elə təqdim edirdi ki, onun arxasında vətəni,dövləti, qayda-qanunu sevdiyi görünürdü. Bir başqası isə eyni nöqsanı düşmən kimi büruzə verir, qabardırdı. Bilirsiz, mən artıq neçənci dəfədir bunu deyirəm və bu gün də təkrar etməkdən bezmirəm. Xaricdə oturub Azərbaycana vətəndaş müharibəsi cəhənnəmi arzulayan odabaşıların, dilimizdə danışan, dinimizə qail olan “dırnaqarası azərbaycanlıların” üzərinə getməyən kəslərin bu gün MSK-nın, Çingiz Qənizadənin, Hadı Rəcəblinin, Hüseynabala Mirələmovun, Elman Nəsirov və başqalarının üzərinə ayaq alması riyakarlıqdan başqa bir şey deyil. Məsələn, mən uzun müddət gözləmişəm və bu gün də gözləyirəm ki, belə “dırnaqarası prinsipiallar” ingiliscəsi mükəmməl, təfəkkürü 19-cu əsrin Fatma-Tükəzbanından bir burun çöpü qədər o yana keçməyən jurnalistika dəmşəyi, özünü xüsusi xidmət gəlini kimi aparan bədbəxt Osmanqızının ziyanını ifşa edəcək. Azərbaycanı Suriya gözündə görən Əli Kərimli və bandası üzərinə gedəcəyini sadədilcəsinə zənn etdiyim dırnaqarası həmkarlarım görün nəylə məşğuldur? Hansısa məmurun görəvdən, səlahiyyətdən alınmasına şadyanalıq etməklə. Baxmayaraq ki, bu gün Azərbaycan dövlətinin maraqları keşiyində dayanan ən aşağı əyarlı məmur belə Əli Kərimlidən, Tofiq Yaqubludan, Gültəkin Osmanınqızı Tükəzbandan qat-qat faydalı və təmizdir. Dəfələrlə təkrar etmişəm, bir də deyirəm: Azərbaycanın gələcəyini xaraba gözündə görən bəyquşları, bəyləri, quşları, quş qriplərini, qriflərini zərərsizləşdirmək lazımdır. İndiki və ya sabiq məmurları yox. Onları bizsiz də edənlər var. Prezident bunu ən peşəkar və prinsipialcasına edir. Peşəkar təhlilçilərimiz məgər Mərkəzi Seçki Komissiyanın qarşısında toplaşan etiraz kütləsinin əlini ATƏT-in cibində hiss etmir? Axı bunu duymaq üçün o qədər də dərin ağıla ehtiyac yoxdur? ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərinə verdiyi qiymətə hər kəsin öz münasibəti ola bilər. Şəxsən mən Prezident İlham Əliyevin ATƏT-in mövqeyinə reaksiyasını dövləti alicənablıq nümunəsi hesab edirəm. Səbəbini izah edəcəm. Amma gəlin yadımıza salaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə.

Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir. Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır."

Prezidentin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərə verdiyi qiymətə münasibətinə qayıdırıq. İlham Əliyev Azərbaycana həmişə qərəzli yanaşan bu qurumun hesabatını da tarazlı adlandırdı. ”Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi!” sitatın sonu. Biz Prezidentin bu yanaşmasını niyə dövləti alicənablığın bir nümunəsi adlandırdıq?! Ona görə ki, əksər hallarda Azərbaycanla bağlı yanaşmalarında qərəzli tənqid ortaya qoyan ATƏT-in atına da, ətinə də bələdik. Prezident isə məncə, bu, gözünü qıyaraq bizə baxan təşkilata tarazlı deməklə əslində ona gələcək üçün daha bir şans, ədalətli olmaqdan ötrü utandırma yolu qoydu, bir xəcalət, ayıb qapısı saxladı. Buyurun, ATƏT-in demokratik təsisatlar və insan haqları deyərək, demokratiya və insan haqqı ardınca qoşan təsis atı öz nümayəndəsi Aygün Attara qarşı necə şahə qalxır və hansı səbəbdən.

Aygün Attarın REAL-a müsahibəsini təqdim edirəm. Baxaq və studiyaya qayıdaq.

Bu da ATƏT sayağı, demokratik təsisatlarsayağı, insan haqları büro və ya politbürosayağı “dırnaqarası” dözümlülük... Biz Aygün xanımla dərhal əlaqə saxladıq. Dəyanətli, mərd qadındır. Azərbaycanı içdən sevən birisidir. Və təəccüblü orasıdır ki, Aygün Attarı incidən bu deyil. Bəs nə, kim incidir? Bax mən burada bir az əvvəl söylədiyim fikirlərə qayıdıram. Bayaq dedim e, “kimsə qüsurları elə təqdim edirdi ki, onun arxasında vətəni, dövləti, qayda-qanunu sevdiyi görünürdü. Bir başqası isə eyni nöqsanı düşmən kimi büruzə verir, qabardırdı.” Aygün Attarı incidən ikincilərdir.İkinci növ azərbaycanlılar və ya azərbaycansızlar. Daha doğrusu onun səhvən “azərbaycanlılar!” hesab etdikləri. Kimdi bu azərbaycanlılar və niyə Aygün Attar inciyir. Birinin adını çəkəcəm. Azərbaycan mediyasının Azadlıq tarixində “Çılpaq Həqiqətin”- köklü-gövdəli Azad Qadın simvolu Xədicə İsmayıl. Buyurun. Aygün Attar Azərbaycana yanaşmasında qərəzli platforma sərgiləməyə hazırlaşdığını hiss etdiyi ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna etiraz məktubu yazır, əvəzində ATƏT onun səlahiyyətlərinə son qoymaq qərarına gəlir. Bəlkə də Prezidentin təqdir etdiyi nisbətən tarazlı yanaşma məhz bu protestin nəticəsində mümkün olur. Bəs üzdəniraq bir ovuc azərbaycanlı, daha doğrusu çernovik soydaşlarımız necə təşəkkür edir bu mərd qadına? İki dövlət bir millət deyib öz reputasiyasını belə risk altına atmaqdan çəkinməyən mərdanə qadına? Çılpaq Həqiqət, sevgisinin çəki artıqlığını yaşayan bu peşə şişmanı. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Aygün Attardan ardıcıl şikayətlər ünvanlamaqla kifayətlənmir. Aygün xanım onun ünvanına şəxsi göndərilən təhqirlərdən, söyüşlərdən, lənətlərdən şokda idi. Ən yumşaq mesaj bu mesajmış: “Nə kadar? Bunu yapmanız için ne kadar para veriyorlar?” ardınca isə təhqirlər, təhqirlər. təhqirlər. Əli Kərimlinin qaragüruhuna, Osmanqızının dişləyi yarımçıq həvva almasına layiq tərbiyəsizliklər...

Və bunu demokratiya şişmanları görün kimə yazır?

Professor Aygün Attara.

Siyasət ve Beynəlxalq Münasibətlər üzrə elmlər doktoruna.

Türkiyə, Azerbaycan, İran ve Avropada yayımlanmış çoxlu kitabın müəllifinə. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən xususi müşavirlik statusuna sahib olan Davamlı Sülh və İnkişaf üzrə Beynəlxalq Fondun idarə heyətinin üzvü, Avstriya-Türkiyə Elm ofisi sahibinə. Aygün Attar Azərbaycan və Türkiyə üçün çox qiymətli bir addır. O 2014-ci ildə rektoru olduğu Giresun Üniversitetində gerçəkləşdirdiyi beynəlxalq çalışmalar mövzusunda İngiltərədə -Oxford Liderler Zirvəsi tərəfindən “Ən Yaxşı Universitet” ve “İlin İdarəedicisi” olmaq üzrə iki mükafata layiq görülüb. Professor Attarın “İran’ın Etnik Yapısı” adlı kitabı, nüfuzlu “Newsweek” tərəfindən “Ortadoğu məsələlərini anlamaq üçün oxunması zəruri kitablar” arasında tövsiyə edilib. Demokratiya və azadlıq kömbəsi Xədicə İsmayıldan fərqli olaraq Aygün Attar Azərbaycana daha çox işləyir, o Türkiyədə ilk dəfə, bu yaxınlarda 28 illiyini anacağımız Xocalı hadisələri barədə Soyqırım kimi dissertasiya yazdıran elmi rəhbər olub. O “Bir Modernite Sorunu olarak Ermenicilik” adlı kitabı yazaraq Türkiyədə və Avropada nəşr edib. Və bu uca qadın ATƏT-i beynəlxalg qaydalara riayət etmədən seçkilərdən əvvəl, beynəlxalq müşahidəçilərə obyektivliktən uzaq məlumatlar verərək qərəzli rəy yaratdığı üçün ATƏT-in sədrinə etiraz məktubu yazaraq onu obyektiv olmağa dəvət edib. Fevral ayının 11-də isə ATƏT onun beynəlxalq müşahidəçi akkreditasiyasını ləğv edib. Aygün Attar haqlı olaraq soruşur: məni təhqir edərək para almaqda günahlandıran bu insanlar özləri Azərbaycan üçün, türk toplumu üçün nə yapmış? Aygün xanım onları insan adlandırır... (((( Mən Aygün xanımın sualının cavabını bilirəm. Hər kəs bilir. Xədicə və onun bətndaşları da. Amma Aygün xanım malesef ki bilmir... Mən Azərbaycan adına mənəviyyat və ruh davası aparan, məslək mücadiləsi açan Aygün Attardan bu gün 

İsmayıl, Qurban Məmməov, Osmanqızı, Əli Kərimli kimi siyasət təsadüflərinin yerinə üzr istəyirəm! Azərbaycan Prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xəsis qiymətini geniş ürəklə qiymətləndirib, bu onun ali cənab kimi haqqıdır. ATƏT bu ürəyi genişliyi anladımı, bilmirəm. Ona görə ki, ATƏT Azərbaycanda riyakarlığın, öz mövqeyini gizləyənlərin, eyni zamanda əlli kresloda oturmaq istəyənlərin mövcudluğunu çox dəqiq bilir. ATƏT çox gözəl başa düşür ki, bu gün Azərbaycanda dövlətin asayiş, dinclik və etibarlılıq kimi imtiyazlarından yararlanaraq da sabahkı gərginliyə, vətəndaş qarşıdurmasına xeyir-dua verməyə amadə olanların bir mütəşəkkil qrupu mövcuddur. Bu qrup iki və daha çox üzlü, istənilən an Azərbaycanı satmağa hazır olanları özündə birləşdirir. Bu qrup üzdə kraxmallı, qalstuklu, abırlı, amma xisləti büsbütün tərbiyəsiz, əxlaqsız, gücü və ağlı yalnız söyüş və təhqir tirajlayan anklav qeyrətlilərinin komandasıdır. Mən indi sadəcə bir şeyi demək istəyirəm. Çuğulçu İsmayıl və onun siyasi ombasını və ya ətrafını təşkil edənlərin yaxından dəstəyi sayəsində ATƏT Aygünü vurdu. O Aygün Attar ki, 2011-ci ildə BMT-yə müraciat edərək Ermənistanın hərbi cinayətkar kimi tanınmasını, Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələri yerinə yetirməyi tələb etmişdi. ATƏT Azərbaycan və Türkiyə üçün olduqca vacib bir şəxsin mandatıını ləğv etməklə əslində yerli İsmayılların, Əli Kərimlilərin Osmanınqızlarının xahişini yerinə yetirib. Bax Azərbaycan deyəndə ki, bu qurumlar bir qayda olaraq onlar üçün əvvəlcədən hazırlanmış sənədləri qəbul edir, bunu nəzərdə tutur. Azərbaycanın maraqları naminə son anadək mübarizə aparan Aygün Attara isə, təşəkkürlər!

Siz bizim ən yaxşı azərbaycanlılarımızdansınız!

Beləliklə, mən burada səs, səsvermə haqqında danışmağı dayandırıb, həftənin başqa əsas səsi, əfsanəvi Əlibaba Məmmədovun səsi barədə danışmaq istəyirəm. Prezident və Birinci xanım bu səs sahibini 90 illik yubileyi münasibətilə ziyarət etdi, Dövlət başçısı ona orden təqdim etdi, Azərbaycan mədəniyyətinə verdiyi möhtəşəm səs haqqında həm də müstəqillik, istiqlal, azadlıq və dövlətçilik barədə danışırmış kimi danışdı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Sizə verilən bu yüksək mükafat dövlət tərəfindən bu sənətə göstərilən diqqətdir. Çünki xalq kimi, millət kimi bizi əsrlərboyu qoruyan bizim sənətimiz olub. Çünki biz tariximizi yaxşı bilirik. Uzun illər - onilliklər, yüzilliklər ərzində müstəqillikdən məhrum olmuşuq, ancaq nə dilimizi, nə dinimizi, nə musiqimizi, nə də mənəviyyatımızı itirmişik. Bizi yaşadan bax, bunlardır - sənət, musiqi, ədəbiyyat, dil, milli dəyərlər”.

Burada dayanaq. Və milli eksklüzivliyin izahı, dil, din, mədəniyyət borcumuz barədə danışaq. Prezident bir muğamat ustasının görüşünə gedir, ona orden təqdim edir, və eyni zamanda bu faktı vətənpərvərlik stimuluna çevirməyi bacarır. Qloballaşan dünyada özünü, öz yerini, xüsusiliyini qorumaq! Bu başlıcadır. Ola bilsin ki, səsverən seçici ilə, muğam ustadı Əlibababa Məmmədovun səsi arasında ilk baxışda rabitə görünməsin. Amma dərinlikdə var. Hər iki səs dövlət və millət üçün həlledicidir. Baxmayaraq ki, o səs Humayundan, yoxsa şəffaf seçki qutusundan çıxır. Beləliklə, biz sizə İlham Əliyevin səs barədə iki çıxışını təqdim etməkdə davam edirik. Bu fikirlər əfsanəvi xanəndə-bəstəkar Əlibababa Məmmədovun səsi, onun əbədi muğamı barədərdədir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “...Muğamı yaşatmaq bizim müqəddəs borcumuzdur. Biz də görürük, indi dünya musiqisində müxtəlif meyillər var, istər-istəməz bizim sərhədimizdən də keçir. Çünki bu, elə bir məsələdir ki, orada sədd qoya bilməzsən. Əgər gənclər öz milli dəyərlərindən, öz musiqisindən uzaqlaşsa, gələcəkdə onlar necə vətənpərvər ola bilərlər?! Gələcəkdə müstəqil Azərbaycanın maraqlarını necə qoruya bilərlər?! Gənclərdə milli ruh olmalıdır, milli ruhun mənbəyi də, o cümlədən bizim musiqimizdir. Xüsusilə muğam kimi ümumbəşəri sənətin beşiyi Azərbaycandır.”

Prezidentin dediyi bu fikirlər isə onun adi vətəndaş səsi, fevralın 9-da qutuya salınan səslərə barədədir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var.”

Bununla da biz iki fərqli səsin maddi və mənəvi dövlətimiz üçün nə qədər böyük dəyərə malik olduğunu müşahidə etdik. Prezident Əliyevin qloballaşan dünyada Azərbaycanın özünəməxsusluğunu, müstəqil dövlətliyini və xalq kimi vahidliyini, eyni zamanda bəşəriliyi planet üzvü kimi müdafiə etdiyi barədə çox danışmışıq. Bu yaxınlarda Davos forumu çərçivəsində İlham Əliyevin görüşləri və çıxışlarından danışarkən bu milli-bəşəri platformanı əhatəli şərh etmişik. Sadəcə yeri gəldi deyə təkrar etməliyik. Azərbaycan dövləti yerləşdiyi ərazidə nə vaxtsa mövcud olmuş bütün dövlət formalarının ən mükəmməli və güclüsüdür. Öz müstəqilliyini qorumaqla, qlobal layihələr vasitəsilə dünyanı özünə bağlama və bununla belə asılı olmamaq, əksinə özündən asılı etmək! Budur İlham Əliyevin dövlətçilik baxışı, Azərbaycan platforması. O dövlət müstəqilliyini ölkə sərhədlərindən min verstlərlə uzaqda yaradılmış şəraitlər hesabına etibarlı edir. Onun ölkə içi rəqibləri, opponentləri isə sadəcə 90-cı illərin siyasi provinsiyalarında baş girləyirlər, müxalifətçilik yox, ağzıgöyçəklik edirlər. Və bu gün özünün qara güruh düşərgəsində təhqir və söyüş, ədəbsizlik və əxlaqsızlıq yayan təkhüceyrəli müxalif ibtidai icmaları cılız bir qəbilə təsiri bağışlayır. Buradaca Münhen Təhlükəsizlik Konfransına qayıdaq. Sonra yenidən seçki mövzusunda gəzişəcəyik. Əslində heç seçki mövzusundan tam uzaqlaşmırıq da. Burada da məsələ seçimdədir. Azərbaycan məruz qaldığı müxtəlif çaplı beynəlxalq nankorluqlara baxmayaraq öz xoş məramından, planetar gərəklilik missiyasından dönmür. Avropadan, məhz müstəqil dövlət kursu istiqamətində tutduğu yolun adi dayanacaqlarından biri kimi keçib gedir...

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.

Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.

Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan nefti onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.

Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.

Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm."

Prezident burada həm Azərbaycana gərəkli olan, həm Azərbaycanı dünya üçün gərəkli edə biləcək layihələrdən danışır. Xatırlayırsınızsa dövlət başçısı Parlament seçkilərinin növbədənkənar keçirilməsini də islahatlarla izah etmişdi. Başa salmışdı ki, bu islahatların da əsas məqsədi Azərbaycanı daha güclü, inkişafa daha açıq etməkdir. Beləliklə, 6-cı çağırış Milli Məclisə seçkilər başa çatdı. İndi səslərin sayılması, qanun pozuntularının müəyyənləşdirilərək aradan qaldırılması mərhələsindəyik. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla biz kobud qanun pozuntuları baş verdiyinə görə dörd dairənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul ediləndən dərhal sonra görüşdük.

İndi isə yaxın keçmişə səyahət edək. Amma burada kiçik bir lətifə danışım. Deməli təsadüfən körpə uşaq gecədən xeyli keçmiş valideynlərinin yataq otağına daxil olur, nəsə görür və tez də bayıra çıxır. Və deyinməyə başlayır: “Bu adamlar mənə burnumu qurdaladığımı irad tuturlar. Beləliklə, bir az əvvələ qayıdırıq. Bizə burun qurdalamağı irad tutan zümrənin yatmış hesab etdiyi otağa. 1992-ci il. Ölkədə cəmiyyətin iradəsi əleyhinə olaraq seçkilər təyin olunmuşdu və Elçibəy, İsa Qəmbər, Əli Kərimli, başqaları camaatla seçkiqabağı görüşə gedirdilər. Bizim işimiz seçkilərin nəticələrində deyil. Baxmayaraq ki, rəhmətlik Nizami Süleymanov canı ağzından çıxana qədər deyirdi ki, seçkiləri o udub. Bu statistika artıq tarixə, o cümlədən bizə maraqlı deyil. Bizə maraqlı olan işin başqa tərəfidir. Sizdən çox xahiş edirik, diqqətlə baxın. Seçicilərlə görüşə, görüşənlərə və liderin baxışlarına. Bu həm də gələcəyə özünü demokrat kimi təqdim edən qara güruhun keçmişidir. 1992-ci il. Hərbi operator İlham Ələkbərovun misilsiz kadrlarını təqdim edirəm. 5-10 dəqiqə vaxtınızı alacağıq.

Bu da bizim tarixdir. Təəssüf ki. onun rüsvayçı baş qəhrəmanlarının unutdurmağa çalışdığı, amma əminəm ki, heç vəchlə özlərinin unuda bilməyəcəyi tarix.

Təsadüfən İsa Qəmbərin iki gün əvvəl öz tərəfdarlarının qarşısında etdiyi çıxışla rastlaşdım. Başqan yenə də öz başında, öz qanındaydı. Ətrafındakılar da. Sanki 1992-ci ili görüb qayıtdım. İntonasiya, Reallığın dürüst qiymətləndirilməməsi tək təhlükəli ənənə. Bu gün də keçmişi qaytarıb içinə dürtülmək istəyən elə həmin qüvvələrdir. Boşalmış əzələlər. Bu insanlar qanunlara meydan oxumaqdan çəkinmir. Onlar seçkinin nəticələrinə etiraz etmək məqsədilə aksiya təyin edirlər. Şəhər hökumətinə icazə üçün müraciət göndərirlər. Şəhər hakimiyyəti onlara müəyyən yer təklif edir. Məsələn, Lökbatan qəsəbəsində. Onlar isə bildirirlər ki, yox, biz öz heyvagülümüzü, MSK-nın qarşısında oynayacağıq.

Və bu hər yerdə belədir. Məsələn, bu yaxınlarda eyni tip etiraz aksiyası qeyri-qanuni olduğuna görə Avropanın göbəyində, Strasburqun qulağının dibində, Parisdə də dağıdılmışdı. Polis icazəsiz aksiyayla hər yerdə Bakıdakı kimi rəftar edir:

Seçkilərə hələ xeyli qalmış ölkənin həyatında mühüm səhifə olan bu kampaniyayla bağlı provakativ çağırışlar edənlər var idi. seçkilərə getməmək çağırışı edənlər də, seçkiyə gedib bülleteni qutuya atmamağa, özü ilə evə aparmağa, günün ikinci yarısında isə qəflətən məntəqələrə gedib prosesi iğtişaşa təhrik hesabına pozmağa çağıranlar da var idi. Belə pozuntulara Azərbaycandan xaricdə də təşviq edirdilər, elə daxildə də. Bu provakasiya baş tutmadı. Mütləq əksəriyyət belə çağırışları vecinə, vecinə alan 3-5 nəfər isə ciddiyə almadı. Nəticə etibarilə Qurban Məmmədov və Osmanqızı kimilərin boş boğazı elə boş boğaz çıxdı. Yəni yalançı hamiləlik. Nəsə doğulmadı. Bunu görən qaragüruh, fərqi yoxdur, o güruh hansı dildə uğuldayır, ingilis, yoxsa erməni dilində son cəhdə əl atdı və bu qanun pozuculuğunun da qarşısı qanun hədəqəsinə alındı. Seçkilərin nəticələri ola bilsin ki, kimlərisə qane etəyib. Tam təbiidir. Çünki uduzan var, udan var. REAL Təhlil və İnformasiya Mərkəzi seçki günü və sonrakı müddətdə bütün başqa mediya qurumları kimi tam azad şəkildə fəaliyyət göstərdi. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun və ya Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyinin bu bəyanata istinadla yaydığı mövqeyi yox, elə exit-poll keçirən bütün beynəlxalq təşkilatların mətbuat üçün açıqlamalarını da birbaşa yayımda təqdim etdik. O cümlədən Rusiya Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı bu məlumatını da. Məlumatda seçkiləri 77 mindən çox yerli, 883 xarici müşahidəçinin izlədiyi və seçkilərin milli qanunvericilik tələblərinə uyğun keçirildiyi qeyd olunur, Azərbaycan seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edilirdi.

Belə bir rəy də var idi: “Bu seçkilər əhalinin Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarını dəstəklədiyini nümayiş etdirir. Sitatın sonu.

Ona görə mən bu sənəddən sitat gətirdim ki, heç bir kənar ölkənin rəyi özünü müstəqil elan edən, müstəqil olan və gələcəkdə də müstəqilliyini qoruyub saxlamaq kimi öhdəlik götürən dövlətdən ötrü quran ayəsi deyil. Razı olan da, olmayan da ola bilər. Başlıcası bizik. Azərbaycan vətəndaşları. O cümlədən mən. Və biz öz səsimizi bu dövlətə elə canımız kimi verməyə hazır olanlarıq! Salamat qalın.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər