Mir Şahinin vaxtı - VİDEO (02.02.2020)

Mir Şahinin vaxtı - VİDEO (02.02.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahinin vaxtı başladı.

Fevralın 2-si Azərbaycanda Gənclər günüdür və bu münasibətlə ölkənin bütün gənclərini təbrik edirəm. Həm biloloji gəncləri, həm ömrünün ikinci, hətta üçüncü gəncliyini yaşadığına inanan hər bir kəsi.

Gənclərin bugünkü Azərbaycandakı yeri, əhəmiyyəti barədə məncə ən dəqiq, konkret izah Prezident İlham Əliyevə məxsusdur. Müxtəlif vaxtlarda onun gənclərin təyinatı, dövlət və millət üçün nə qədər mühüm bir dəyərə malik olması haqqında söylədiklərinin şahidi olmuşuq.

Elə 2019-cu il, fevral ayının 12-də Prezidentin REAL Televiziyasına verdiyi müsahibədə qoyulan suallardan da biri gənclərimizlə, ali rəhbərliyin cəmiyyətin bu ən qaynar və enerjili təbəqəsinin idarəedilmə strategiyası ilə bağlı idi:

Mən istəyirəm Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışınıza toxunaq. Ona görə ki, bu, sadəcə, çıxış deyildi, bu, Azərbaycan gəncləri üçün dövlət başçısının elan etdiyi platforma idi. Ümumiyyətlə, kadr siyasətinizdə gənclərə verilən xüsusi önəm də diqqət mərkəzindədir. Bütün bunları nəzərə alaraq, Sizin gənclərlə bağlı xəttinizi təxminən belə elan etmək olarmı ki, müstəqil dövlət üçün sağlam, kreativ və güclü gənclik?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.

Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsillərdir - yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər."

Gənclərin cəmiyyətin avanqardına, dövlət idarəçiliyinə cəlb edilməsi Azərbaycan liderinin cavan nəslin özünü öz dövlətinin taleyinə məsuliyyət şəriki etmək istiqamətində atdığı addımlardandır. Müəyyən mənada hətta neft dövrünün ərköyünləri də adlandıra biləcəyimiz gənclik yeni mahiyyətə daxil olu. O dövləti menecmentliyə, siyasətə, qarışıq, alabəzək küçələrdən yox, savadlı, intellektual, müasir təfəkkür təlqin edən, yeni çağırışlara adekvat ovqat formalaşdıran auditoriyalardan guşələrdən gəlməli olur. Siyasətin küçə mərhələsi, qaba hay-haray estetikası artıq arxada qalıb. Adda-budda baş qaldıran və elə qaldırdığı kimi də yatan eyforik hərəkətlər lokal xarakter daşıyır. Və elə buna görə də Azərbaycan Prezidentinin Davosda ona ünvanlanmış suala cavabı həm yerli əlahiddəliyin, həm də qlobal müasir universallığın məntiqindən doğurdu.

Moderator: Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?

Prezident İlham Əliyev: "Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır."

Moderator: Təşəkkür edirəm, Prezident Əliyev. Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi?

Prezident İlham Əliyev: "Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir.”

Azərbaycan liderinin gənclər haqqında rəyi belədir. Və əslində gənclərə dövlətin etibarı və etimadı baxımından əhəmiyyətli yanaşmadır. Yəni təkcə son iki ildə hakimiyyətin idarəçiliyinə cəlb edilmiş insanların statistikasına nəzər yetirsək kifayətdir. Bunu mənim yerimə siz özünüz də edə bilərsiniz. Məsələn, Prezident Administrasiyasının 82 yaşlı rəhbərini 45 yaşlı kadrla əvəzləmək, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna 38 yaşlı şəxsin, Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri görəvinə 39 yaşlı, və ya Dövlət Miqrasiya Xidmətinin rəisi postuna, 38 yaşlı gənclərin irəli çəkilməsi…

Davam edin görəcəksiniz ki, siyahı kifayət qədər samballı alınar. Özü də bu gənclər bir sıra başqa ölkələrdə olduğu kimi küçə, meydan güruhunun çalxalayıb dalğaların üzə, ordan da hakimiyyət nərdivanına tolazladığı qeyri-peşəkarlar deyil. Onlar öz sahələrində artıq kifayət qədər uğur əldə etməklə həm professional olduqlarını, həm də ümumiyyətlə qlobal standartlara tam uyğun gəldiklərini sübut ediblər. Ola bilər ki, mən bioloji kriteriyalara görə gənc sayılmıram, amma obrazlı desək, mən də ikinci gəncliyimi yaşayıram və bu baxımdan dövlət başçısının REAL TV-yə müsahibə verməsini də müəyyən mənada gəncliyə diqqət və xüsusi dəyər kimi qiymətləndirməyimi mənə kimsə yəqin irad tutmaz. Və gənclər günündə bir nüansı da qeyd etməliyəm. elə Davosa dayanaraq. Prezident elə bir fraqmentini təqdim etdiyim paneldə “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına “Bakıya” cavabını vermişdi və bununla da “qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunub.”-deyə cavab vermişdi.

Deməli, Prezidentin gənclərdən gözlədiyi əsas xidmət dövlət müstəqilliyinə varislikdir. Davosdan sitatları indi baxacağınız parçayla yekunlaşdırıram:

Moderator: Çox gözəl. Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz.

Prezident İlham Əliyev: "Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır."

Bütün bunları ona görə yenidən xatırlatdım ki, Azərbaycanın Dövlət Təqvimində Gənclər Gününün xüsusi qeyd olunmasının sadəcə bir kanselyariya jesti olmadığını, əslində gəncliyin dövlət qarşısında hesabat tarixi olduğunu vurğulayaq. Azərbaycan dövlətinin taleyi gənclərin əlindədir. Vətən əsgərdən başlanır! Təbrik edirik, Əsgər!

Və Azərbaycanın bütün problemləri, üzləşdiyi təzyiqlər də elə onun öz müstəqilliyini qorumaq inadıyla bağlıdır. Davosda zəng sualının özü əslində bir rəmz yaratdı. Prezident Bakının adını elə-belə çəkmədi. Ani olaraq verdiyi cavabda nümayiş etdirdi ki, onun təhtəlşüurunda ilk yeri təbii ki, Azərbaycan tutub. Dünyada gedən proseslər, bir sıra hallarda planetin yeni siyasi xəritəsinin cızılması fonunda birmənalı mesajlar vermək, kimsədən çəkinmədən müstəqilllik kursunu aparmaq nəinki asan deyil, hətta adi beyin qırışıyla düşünülməsi mümkün olmayacaq dərəcədə mürəkkəb bir məsələdir. Bu gün mən daha çox dövlət müstəqilliyimiz- daha doğrusu onun məruz qaldığı təhdid və təzyiqlərin, təsir düymələrinin demək olar ki, vahid əldə cəmləşməsinin əsas səbəbi barədə, dövlət müstəqilliyimiz haqqında danışmaq istəyirəm. Azərbaycan Ermənistanla qarşı-qarşıyadır. Bu sadə həqiqətin xüsusi izaha ehtiyacı yoxdur. Amma coğrafi vahid olan Ermənistan bir şeydir, geosiyasi Ermənistan başqa. Ermənistanın hələ ən qədim zamanlardan xaricdə aktiv çalışması, lobbiçiliyə kök salması onun qazandığı üstünlükdür. Etiraf etməyi bacarmalıyıq. Bu gün ermənilərin Ermənistana xarici dövlətlərin ərazisindən kömək etməsinin tarixi çox uzaqlara gedib çıxır. Və elə indi də Fransa, Amerika Birləşmiş Ştatları və Rusiyanın Qarabağ münaqişəsinin nizama salınması üçün gördüyü işlər Bakıya bir, İrəvana başqa təsir göstərir. Və Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun həmsədrləri timsalında bəlkə də yeganə məsələdir ki, burada bütün vasitəçi tərəflərin maraqları üst-üstə düşür. Cenevrədə yaxın tarixin ən uzunsürən danışıqlarından sonra həm Ermənistanın naziri, həm də Elmar Məmmədyarov susur. Və bu da anlaşılandır. Çünki, danışıqlar az qala 3 gün çəkib və yəqin ki, indiyədək toxunulmayan çox mətləblər üzərində gəzişilib. Hətta ola bilsin ki, hansısa prinsipial məsələdə razılıq da əldə olunub. Amma ola bilsin. Və ya heç ola bilməsin. Ermənistan Kütləvi informasiya vasitələri iddia edirlər ki, Mnakatsanyanın əsas şərti Dağlıq Qarabağın danışıqlara müstəqil tərəf kimi qatılmasını tələb etmək olub. Amma ağlabatan deyil. Çünki az qala 3 gün bir nazir bu təklifi neçə dəfə səsləndirə bilər və hər dəfə rədd cavabı alandan sonra eyni sözü hansı variantlarda yenidən dilinə gətirə bilərdi ki? Bundan da maraqlısı Elmar Məmmədyarovun rəqibini eyni fəndlə təkrar-təkrar, təkrar rədd etməsini təsəvvür etmək olardı. Deməli, nazirlər az qala 3 gün eyni tatı çevirib eyni tatı da vurmayıblar. Onda Azərbaycan tərəfinin verdiyi açıqlamalar həqiqətə daha çox bənzəyir. “Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər”.

Danışıqlar mövzusunda danışarkən bir incə detalı da qeyd edim. Paşinyanın “Danışıqları Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla aparmalıdır!” hökmü demək olar ki, tam qüvvədən düşüb. Bakı və İrəvan danışır. Özü də nə az-nə çox. 3 gün iki gecə. Görünür elə buna görədir ki, Ermənistan mediyası uzunsürən görüşdə danışıqlara Dağlıq Qarabağın tərəf kimi cəlb edilməsi üçün göstərilən səylərdən bəhs edir. Həm də bir incəlik də nəzərimdən qaçmadı. İki nazirin görüşü ərəfəsində Nikol Paşinyan Ermənistanın işğal altında saxladığı Kəlbəcərə getdi. Və bununla da nümayiş etdirməyə çalışdı ki, bir neçə gün əvvəl elan etdiyi---Sarqsyanın guya işğal altında olan bir sıra rayonları Azərbaycana qaytarmağa hazırlaşması planını boşuna faş etməyib. Yəni mən onunla razı deyiləm. Təxminən belə. Gəlin yadda saxlayaq: Azərbaycan tərəfi Ermənistanla görüşə bu fonda getmişdi. Və bir daha Davosu xatırlayaq. İlham Əliyev moderatorun belə bir sualına da cavab vermişdi:

Moderator: Paneldə regionu yaxşı tanımayanlar üçün. Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır?

Prezident İlham Əliyev: "Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu daimi təhdid mənbəyidir. Ərazilərimizin dəmək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur."

Ona görə də Dağlıq Qarabağ münaqişəsinin asan həllinə, blits-krik variantına bel bağlayanlar ya sadədillər ya da avamlardır. Keçmiş Sovet məkanında bir dənə də ərazi münaqişəsi öz həllini tapmayıb. Tələskən Saakaşviçilik yolu isə fərdi qalstukunun ucuna qədər çox şey itirib. İndiki halda isə nə qədər qəribə səslənsə də Azərbaycanın yalnız uğurundan danışmaq olar. Azərbaycan BMT-nin tanıdığı ərazi bütövlüyünün de-yure bir metrini belə itirməyib. Özü də az qala dünyanın bütün aparıcı gücləriylə dirənişdə. ATƏT-in Parlamentlərarası Assamleyasının Prezidenti Georgi Seretelinin Bakıya səfəri parlament seçkiləri ilə bağlı olsa da REAL-a müsahibəsində biz onunla Qarabağdan da danışdıq. Georgi Tsereteli Prezidentlə görüşdən qayıtmışdı.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı Parlamentlərarası Assambleyasının Prezidentinə verə biləcəyimiz suallar çox idi. Amma təhlükəsi əməkdaşlıq meyllərini getdikcə üstələyən Avropa mövzusunda suallar Tsereteliyə deyildi. Sualların ünvanı Avropanın daha yuxarısıdır. Bu gün Avropa özü böhran yaşayır. Dünya siyasətinin əhəmiyyətli bir hissəsini özündə cəmləşdirən qoca qitədə rəsmi parçalanmalar və mərkəzdən qaçma meylləri başlayıb. Böyük Britaniyanın 47 il üzv olduğu Avropa İttifaqından çıxışı bu qurum üçün həm də çox ciddi imic və nüfuz rəbəsidir. Böyük Britaniyanın bu addımı Avropa Birliyinin nə qədər ciddi böhran keçirdiyinin bariz sübutudur. Təsadüfi deyil ki, Britaniyanın bir sıra ekspertləri öz dövlətlərinin əslində bundan sonra gerçək müstəqil olacağına işarə edirlər. Böyük Britaniya indi həqiqətən böyükdür. Belə də deyənlər var. Hətta onu da bildirirlər ki, Britaniya Avropanı yaxın gələcəkdə gözləyən fəlakətlərdən özünü sığortalamaq üçün bu addımı atdı. Avropanın ayrı-ayrı ölkələrini saran daxili böhran, əsas coğrafi vahidlərin Rusiyadan qaz asılılığı və bu baxımdan üzləşdiyi məhdudiyyət onu qıcıqlandırır. Mən indi Avropanın Yunanıstan, Fransa, Almaniya və başqa bu qəbildən olan dövlətlərinin daxili böhranlarını fərdiləşdirməyəcəm. Təkcə miqrant böhranının nə qədər geniş radiusu əhatə etdiyini söyləməklə kifayətlənəcəm. Bu günlərdə Rusiya Federasiyasında ölkə konstitusiyasına edilməsi planlaşdırılan dəyişikliklərə xalq səs verəndən sonra rəsmi Moskva öz qanunlarını beynəlxalq öhdəliklərdən üstün tutacaq. Bununla da Avropadan, onun ayrı-ayrı qurumlarından direktiv şəklində ünvanlanan sənədlər bu ölkədən ötrü ikinci dərəcəliyə çevriləcək. Rusiyanın bu addımı zəncirvari də ola bilər. Niyə də yox. Hansı dövlət razılaşar ki, Avropa onunla vassalı kimi, tabeliyində olan bir təşkilat tək rəftar etsin.Hə, bu gün Avropa qəzəblidir. Əsəbidir. Kinlidir. Ona görə də qərarları ən azı ittiham ünvanları üçün çoxlu şübhə yeri qoyur. Sinir mərkəzlərinə qıcıq səbəbləri isə çoxçeşidlidir. Haşiyə çıxaq. Davosda biz çox qəribə bir əhval-ruhiyyənin şahidi olduq. Burda Karbohidrogen ehtiyatlarının hasilatını cilovlamağa açıq çağırışlar var idi. Hətta bəzi fondlar bu sahələrə sərmayə yatırmayacaqlarını vəd edirdilər. Guya planetin məhvi yaxınlaşır, yer kürəsini ovuc içində saxlayaq və s. Amma faktın arxa fonu kifayət qədər mürəkkəbdir. Bəli bir tərəfdən dünya enerjinin keçid mərhələsinə qədəm qoyub. Belə ki, 2040-cı ildə planetin əhalisi daha 2 milyard artacaq. Bu təxminən daha bir Çin və Birləşmiş Ştatlar, ya da daha bir Avropa və Birləşmiş Ştatların yaranması boydadır. Bu isə həm də o deməkdir ki, dünyaya indiki tələbatdan 30-40 faiz çox enerji lazım gələcək. Yəni həm artmaqda olan əhalini enerji ilə təmin etmək, həm də karbohidrogen tullantılarını 50 faiz azaltmaq lazımdır. Bəziləri elə zənn edir ki, məsələnin həlli çox asandır. Sadəcə bərpa olunan enerjiyə keçmək lazımdır. Amma unudurlar ki, bərpa olunan enerji bu gün bütün dünyada enerji tələbatının cəmi 3-4 faizini təmin edir. Alternativ mənbələr bütün ehtiyacları ödəmək imkanından çox uzaqdır. Deməli bu gün əslində ekologiyanın qorunması, planetin gələcəyinin mühafizə edilməsi çağırışlarının da mahiyyətində siyasət və biznes konyukturası var. Əgər bir zamanlar dünyada Rusiya və Səudiyyə Ərəbistanı kimi iki neft derjavası var idisə, bu gün artıq onların sayı Amerika Birləşmiş Ştatlarının hesabına 3-ə çatır. Amerika Birləşmiş Ştatları neft hasilatına görə artıq birinci yerə çıxıb. Əgər bu gün hardasa neft ötürülüşündə, hasilatında problem yaranırsa amerikan kompaniyaları bu fakta çevik reaksiya verir, yeni buruqlar qazır və hasilatı artırırlar. Amerika Birləşmiş Ştatları özünəməxsus qiymət dempferi yaradıblar. Deməli, Avropa əlində olan toplantı, forum alətləri və nüfuzlu platformalarının təsiri ilə öz gələcəyi üçün daha ucuz bazarlar yaratmağa və ya bu gün baha qiymətə asılı olduğu dövlətləri təzyiq yoluyla qiymətləri radikal şəkildə aşağı salmağa məcbur etmək istəyir. Fikir verirsinizsə, təzyiq altında olan dövlətlər məhz karbohidrogen sahibləri və ya ona çıxışı olan ölkələrdir. Azərbaycanın isə beynəlxalq konyukturanı əlbəttə nəzərə aldığı, amma bunu mütləq şəkildə öz milli maraqlarını nəzərə alaraq etdiyi barədə son şərhlərimizdə dəfələrlə demişik. Yenidən Davosa qayıdırıq. Ona görə ki, yaxın gələcəyin Baş Siyasi Vitrini buradır. Şahmar Mövsümov Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri bu postda ilk müsahibəsini REAL TV-yə verdi.

Müsahibədə Davos Forumunun Azərbaycan və dünya üçün əhəmiyyətindən də, nüfuzlu toplantının arxasında gizlənən bəzi maraqlı məqamlar barədə də danışmışıq.

Yenidən Azərbaycanın müstəqil dövlət kimi üzləşdiyi təhdidlər və təzyiqlərin səbəblərinə qayıdaq. Dedik ki, karbohidrogen mənbələri olan dövlətlərə müəyyən güclər tərəfindən ciddi basqılar var. Xüsusilə son zamanlar Avropanın enerji xəritəsinin yenidən cızılması və bu yeni dünya sahmanında Azərbaycanın öz qlobal əhəmiyyətini artırması, Rusiya və Türkiyənin böyük qaz müttəfiqlərinə çevrilmək imkanlarının reallaşması, bu fonda rəsmi Bakının da əlverişli mövqelərə malik olması rəqibləri mübarizəyə, bir sıra hallarda isə sağlam olmayan fəndlərə təhrik edir. Avropada multikultural mühitin bir nömrəli nümunəsi, ən sabit müsəlman dövləti, Davos standartlarını əxz etməklə bir sıra Avropa ölkələrini sürətlə geridə qoyan Azərbaycana təzyiq yolları azı ikidir. Bunlardan biri həll edilməmiş Qarabağ münaqişəsidir. Digəri isə hər bir respublikada rast gəlinən daxili problemlərdir. Və artıq biz öyrəncəliyik ki, xüsusi məqamlarda bu problemlər unison qabardılır. Bu dəfə də belə oldu. AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamə məhz öz dövlət müstəqilliyini qorumağa çalışan, amma eyni zamanda Avropanın, bəzi məqamlarda isə dünyanın enerji təhlükəsizliyinə təsir edən Azərbaycana öz yerini göstərmək cəhdi idi. Fransanın Strasburqu səhərdən axşama sarı gödəkçəliləri polis dəyənəyi və su şırnağı altına verən Parisin qulağının dibi, gözünün ucundadır. Bu Azərbaycan polisinin qaba rəftarı, bu isə Fransa polisinin nəzakətli davranışı:

Axı bütün bunları biz görmüşük. Hamı görüb. Bu mənada hər şey gün kimi aydındır. Bu qurumun nümayəndələrinin AŞPA-da fransa əskərinin başındakı dimdiyin canlı oxşarı kimi dirəşdiyinə baxmayın, hörmətli tamaşaçılar. O dövlətlərin lazım olanda Azərbaycanın liderinin əlini sıxmaq üçün növbəyə necə durduğunu da çox görmüşük. Elə bu Strasburqda!!! Hələ çox duracaqlar da. Və Azərbaycanın Avropa Şurasına ehtiyacı elə Avropanın Azərbaycana ehtiyacı qədərdir. Ötən ilin sonunda İlham Əliyev Avropa qurumlarının Azərbaycana münasibətindən bəhs edərkən kifayət qədər açıq danışmışdı və bərabər hüquqlu əməkdaşlığın müqabilində Azərbaycandan adekvat reaksiya alınacağına açıq işarə etmişdi. Milli maraqlar prioritetdir demişdi. Ardınca Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünün tanınmasını sual qoymayan tərzdə qeyd edən qətnaməsi qəbul edildi və Bakı da bunu ədalətin nəticəsi olaraq alqışladı. AŞPA-nın qəbul etdiyi qətnamədə isə “mənə terror edən terrorçudu!”, “sənə terror edən Robin Qud!” məntiqi işləyir və təbii ki, bu yolverilməzdir. Bu qəbuledilməzdir. Bu uzağı qaçıb hansısa ölkənin hasarı üstündə, divarı dibində oturub, üzü Azərbaycana ulayan bayquşları qane edə bilər. Özü də AŞPA Azərbaycana bu təzyiqi indi etməyə başlamayıb. Buna qədər bir neçə addım atılıb. Kimisə səsvermə hüququndan məhrum edib. Hansısa absurd ittihamlar irəli sürüb. Azərbaycana dost münasibəti sərgiləyən müxtəlif dövlətləri AŞPA-da təmsil edən deputatları belə təhdid edib. Və bunu səmimiyyətlə Avropa Ailəsinin üzvü olmaq istəyən Azərbaycana qarşı edib. Yarışların tarixində ən mükəmməl Avroviziya müsabiqəsi keçirən, İlk Avropa Oyunlarını əla təşkil edən, dünyanın ən mötəbər ümumbəşəri platformalarından bir neçəsinə ev sahibliyi edən, nəhayət Davosun təqdir etdiyi onluqlarda, beşliklərdə yer tutan Azərbaycana qarşı bu addımlar heç şübhəsiz ki, beynəlxalq biznes nəhənglərinin sıxma-boğmasının tərkib hissəsidir. Azərbaycanın günahı bilirsiz nədir? Öz müstəqilliyini qorumaq. Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq, normal qonşu, dost və müttəfiq olmaq istəyi. Ona görə biz Bakı küçələrini formula 1 yarışlarına hazırlayanda, Avropa mətbuatının irəlidə gədənləri o küçələrdə it axtarır. Ona görə biz Avroviziya yarışları keçirəndə mahnı oxumağa gələnlərə başqa not yazılmış maykalarda “Səhnəyə çıx filankəs üçün oxu!” deyə provakasiya çağırışları səsləndirirlər. Avropanın ən təhlükəsiz Paytaxtlarından biri olan Bakıya yollanan turistərə bəzi səfirliklər “Qaranlıq yerlərə tək getməyin, xoxan aparar!” tipli şayiələrə əsaslanan xəbərdarlıqlar paylayırlar. Sonra da əsəbiləşirik ki, Tramp Qüds planı tərtib etdi, niyə etdi?

Bu gün Azərbaycan bütün dünyada Müsəlman aləminin modern nümunəsidir. Prezident dünyaya müsəlman dövlətini dağıdıcılıqla, qardaş qırğınlarıyla, vətəndaş müharibələriylə, Allahü-Əkbər deyə baş kəsmələrlə təqdim edənlərin qarşısına idarə etdiyi müasir, sivil, dinc, multikultural, inkişaf etməkdə olan, dünyəvi dövlətlə çıxır. Bu ölkə kosmik ailənin üzvüdür. Və onun kosmik baxışları kosmik silahlı birləşmələr yaratmağa yönəlməyib, o nun peyklərinin məramı dincdir, inkişafdır. Ekolojidir. Bu ölkə Tramp adminstrasiyasının 5 ildə əkdiyi qədər ağacı iki gündə əkir. Bu ölkə Fransa, Almaniya və İspaniyanın formalaşdıra bilmədiyi multikultural ab-havanı bərpa edib. Və Azərbaycan keçmiş sovet respublikaları arasında ən nüfuzlusudur. Ona görə də istəmir ki. onu yalnız sovet keçmişinə görə sətirdən-sətirə, hamıyla bir yerdə, bir boyda, bir biçimdə keçirsinlər. Bütün oyun Azərbaycanın müstəqilliyinin başındadır. Dağlıq Qarabağın Azərbaycandan nəyin bahasına olur-olsun ayrılmasına nail olmaqdır. Bununla da regionun ən sabit dövlətinin timsalında yeni Suriya, yeni Liviya yaratmaq! Və sonra da Allah göstərməsin başqa ölkələrin əliylə Qüds planına bənzər bir proje! Azərbaycan əleyhinə qəbul edilmiş istənilən sənədi şadyanalıqla, sevinclə qəbul edən hasarbaşı, divar başı azərbaycanlılar isə sadəcə bizim dilimizdə danışan yadlardır. Azərbaycansızlardır. Onlar Azəbaycan dövlətinin müstəqilliyinin düşmənləridir. Onlar güruh əxlaqının dövlətə, xalqa, vətəndaşa müncər edilməsini arzulayanlardır. Ona görə də idarəetmədə naşı, təcrübəsiz, savadsız, təcrübələrində yalnız yerli Suriya və Liviya, Tunis fraqmentləri olan 92-93-cü illərin başabəla liderləri olan uğursuzlar cəmiyyətə sırınır. Sosial şəbəkələrdə, İnternet tv-lərdə məhz qaragüruhun, əldən-işdən düşmüş, xalqın gözündən tirşap yıxımışların təbliği gedir. Çünki güclü liderin rəhbərlik etdiyi Azərbaycandan istədiklərini qamarlaya bilməyəcəklər. Qaragüruh isə onlara bütün ömürləri boyu borclu olacaq.

AŞPA-da Azərbaycan əleyhinə qətnamə haqqında ağız dolusu danışanla kimlərdir. Daha çox Ermənistan nümayəndələri. Yunanıstan və daha bir iki erməni lobbiçisi. Bəs Azərbaycandan... Ad çəkməyəcəm. Bu gün çəkməyəcəm. Siz onlara hələlik öz aləminizdə istənilən adı qoya bilərsiniz. Ümumiyyətlə dövlət müstəqilliyinə sosial şəbəkə məsuliyyəti ilə yanaşmaq o qədər də faydalı iş deyil. Məsələn Parlament seçkilərinə namizəd kimi gedənlərin 300-dən artığı artıq geri götürüb. Təxminən iki parlament özünü buraxıb. Düşünürəm ki, millət vəkilliyi ətrafında belə qeyri ciddi aura yaratmaq öz dövlətinə, onun hakimiyyət qollarının ən mühümlərindən birinə etinasız, başdansovdu münasibətdir. İmza toplamaq, MSK-nı, DSK-nı işlətmək... bütün bunlardan sonra da bir lirik-sentimental bəyanat yaymaqla geri çəkilmək... Ciddi olaq bir az.

Nəysə irəliyə baxaq. Amma bir kiçik qeyddən sonra. Bu həftə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov İsveçrədə vəfat etdi. Bu həftə həm də Məhəmməd Əmin Rəsulzadənin doğum gününü qeyd etdik. Maraqlı burasıdır ki, M.Ə.Rəsulzadənin ad gününü Novxanıda dahi cümhuriyyətçinin abidəsi önündə himnlə, coğuyla, şüarla keçirənlər ən sadiq Məhəmmədəminçilərdən biri olan Tofiq Qasımovun xatirəsini orda bir dəqiqəlik sükutla yad belə etmədilər. Yeri gəlmişkən, Tofiq Qasımovla bizim nazir kimi cəmi bir dəfə Milli Məclisdə rəsmi qarşılanmamız olmuşdu. O incimişdi ki, BMT Baş Assambleyasının hansısa iclasında onun bir saatlıq çıxışını efirə verməmişik. İndi yəqin ruhu şaddır. Dəfn edildiyi İsveçrədə Azəbaycan ən yüksək standartlara cavab verən dövlət-planet mövqeyilə hər il təmsil olunur. Və bu toplantıdan Azərbaycanın İnformasiya kanalları birbaşa yayımlar verə bilir. Necə deyərlər gələcəyə gedən yolun bir stansiyası da Azərbaycandır. Azərbaycanda iqtisadi, sosial, siyasi və kadr islahatlarının növbəti və ən böyük dalğası ötən ilə təsadüf etdi və ölkə tam reformat oldu. Respublika yeni dövrün bütün çağırışlarına tam hazır vəziyyətə gətirilib. Yenilənmiş hökümət artıq yeni vəzifələrin öhdəsindən gəlməlidir. Məsələn, Prezident Azərbaycanda əhali artımı və insan kapitalının inkişafı ilə bağlı həm son müşavirədə, həm də Davosda öz fikrini bildirmişdi. Beləliklə, təhlil axşamımızın sonunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıyla çalışacağıq ki, həm bu günü, həm də gələcəyi şərh edək.

Nə bilək, bəlkə elə Avstraliyada yanan 500 milyon heyvanın dənizə, okeana axmış cəsəd çürüntülərinin axıb getdiyi sulardan tutulan balıqdan yayılıb virus...

Hər halda Planet balacalaşıb. O dərəcədə ki, Çində asqıran adamın yaydığı virusdan qorunmaq üçün burnunu Bakıda tənzifləməli olursan. Özümüzdən, dövlətimizdən muğayat olaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər