Mir Şahinin vaxtı - VİDEO (26.01.2020)

Mir Şahinin vaxtı - VİDEO (26.01.2020)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır. Bu axşam biz sizi Alp Dağlarının ətəklərinə, Davosa dəvət edirik.

Dünyanın bütün nüfuzlu dövlətlərinin, planetin gələcəyinə məsuliyyət kimi bir mübərəkliyi özünə rəvan bilən liderlərin ənənəvi görüşü göstərdi ki, İsveçrə təkcə saat alverçiləri üçün deyil, həm də zaman sahibkarlarından ötrü çox maraqlıdır.

Xüsusilə indi. İqlim dəyişikliyinin, kiber cinayətkarlığın, ticarət müharibələri kimi qlobal fenomenlərin və 4-cü Sənaye İnqilabının çağırışları dünyanı təhdid və təhlükələrə qarşı daha həssas vəziyyətə gətirib. Qüdrət və söz sahiblərinin Davos görüşü ilk baxışda bütün planetin mühafizə olunması məramına bənzəyir. Amma yalnız ilk baxışda. Burada rəqib dövlətlərin ustalıqla bir-birinə qarşı necə çıxış etdiyini, öz maraqlarını necə saman altı ixrac etdiyini görmək mümkündür. Məsələn, peşəkar ideoloqlar bir tərəfdən səni inandırırlar ki, ekologiya baxımından ən yaxşısı neft məhsullarından asılı olmayan avtomobillərdən istifadə etməkdir və gərəkdir ki, gələcəyini benzindən, kerosindən, geniş mənada isə ümumiyyətlə neftdən-qazdan qoruyasan. Neftsiz, benzinsiz, qazsız gələcəyin az qala behişt fonu təqdim edilir. Başqa bir tərəfdən isə ənənəvi yanacağın alternativini sənə paralel şəkildə nümayiş etdirirlər ki, təcili qərar qəbul edəsən. Davos konfransının keçirildiyi məkanda hər yer sənə növ-növ alternativlər təqdim edir. Sanki planeti şəkər xəstəliyindən qoruyurlar. Neft, qaz, kerosin, benzin olmaz, amma əvəzləyicisi ya var, ya da icad etmək lazımdır. Anlaşılması daha asan olsun deyə başqa misal çəkim. Tutaq ki, tütün siqaretləri ziyanlıdır, ona alternativ kimi elektron siqaretlər istehsal edilir. Ardınca bu siqaretlərin daha az ziyan vurduğu təlqin edilir. Amma müəyyən bir müddətdə. Daha sonra isə elektron siqaretlərin ənənəvi siqaretlərdən az ziyan vurmadığını sübut etmək üçün vasitələr hazırlanır. Əvvəl tütün siqaretlərindən pul qazananların bazarı bir az zəifləyir. Daha sonra isə onlar bazarda elektron siqaretlərin güclü rəqiblərinə çevrilirlər.

Aparılan tədqiqatlara görə yeni siqaretlər köhnə siqaretləri bazardan nəinki çıxara bilməyib, əksinə qarşı tərəfi daha innovativ üsullara müraciətə təhrik edib. Bu baxımdan Davosda iki nəsil təmsilçisinin qarşıdurması Qosqoca Donald Trampla məktəbli Qreta Tunberqin duelində bir rəmz də tapmaq olar. Keçmiş öz təcrübəsini, gələcək isə öz arzularını qoruyur. Tramp da haqlıdır, Qreta da. Ona görə ki, Trampın söylədikləri artıq başvermişlərin statistikasıdır. Tunberqin dedikləri isə cazibədar xəyalların iki barmaq arasından görünən əsrarəngiz ekologiya butası.

Nəticə isə nədir? Nefti, qazı, ənənəvi energetikanı zərərli, planet üçün eynilə nikotin kimi təhlükəli hesab edənlərin canfəşanlığı başqa bir mənzərəni arxa fona keçirir. Məsələn, bu gün dünyada 3 milyard insan eketrik enerjisi çatışmazlığından əziyyət çəkir. Bəşəriyyətin az qala tən yarısı. 250 milyon insan isə ümumiyyətlə işıq nədir bilmir. Neftin, qazın planeti məhvə sürüklədiyini bəyan edənlər, hər vəchlə onlara alternativ axtaran nəhənglərə Liviyada, İraqda neft buruqlarının, neft quyularının hər birinin yanında bir əsgər qoyub keşik çəkir. Əcəba, niyə? İranla, Qətərlə bu dava-dalaş qaraqızıl saçaqlarından sırınmış yorğan davası deyilsə bəs nədir?

Bax elə buna görədir ki, mən Davos forumunu əslində dünya dövlətlərinin bir-birilə təkcə görüş yox, həm də mübarizə meydanı kimi başa düşürəm. Yəni əgər kiməsə elə gəlirsə ki, Alp dağlarının ətəklərində saqilər maral buynuzlarında şərab paylayır, ya da xizəklərdə, kirşələrdə seksi qarqızları sürüşür yanılır. Bura gələn qosqoca siyasi şaxtababa və şaxtanənələrin xurcununda o qədər kinder sürprizlər olur ki... Gərək kəllə-kəlləyə baş-başa gəldiklərindən baş çıxarasan. Qısası, bu gün dünyada neftin, qazın qara piarı ilə məşğul olan nəhəng mexanizmlər, bu prosesə cəlb edilmiş böyük resursların məqsədi qeyri-səmimi də ola bilər və əksər hallarda bu belədir. Davos forumuna qatılmış bütün başqa lider və təmsilçilərdən Azəbaycan Prezidenti İlham Əliyevi bu kontekstdə düşünməmizə haqq verən nüans fərqləndirir.

Əvvəla, İlham Əliyev Azərbaycan Respublikasının Prezidentidir. O respublikanın ki, büdcəsinin yarıdan çoxu karbohidrogendən daxil olan vəsait hesabına formalaşır. Deməli, Dövlət Başçısı ölkənin neft-qaz təsərrüfatını qorumalı, onun daha çox gəlir gətirməsi üçün lazım olan tədbirləri görməli, eyni zamanda nə vaxtsa tükənəcək bu resursların qənaətlə hasil və istehlak edilməsinə nail olmalıdır. Onu da nəzərə alsaq ki, neft-qaz hasilatı illər keçdikcə xam və törəmə məhsulun maya dəyərini artırır, bu isə yeni, ən müasir texnologiyaların cəlb edilməsini tələb edir, deməli Azərbaycan iqtisadiyyatın bu aparıcı istiqamətinə külli miqdarda pul qoymalıdır. Elə buna görədir Azərbaycan nefti, qazı gözdən, qiymətdən salanlarla eyni düşərgəni bölüşə bilməz. Bu gün Azərbaycana qarşı aparılan qeyri iqtisadi təmayüllü təbliğatın, qara piarın bir ucu da bu aspektə bağlıdır. Eləcə də müsəlman ölkələrinin əksəriyyətinin məruz qaldığı, ekspansiya, işğal, təcavüz amillərinin də dibi gedib neft quyusuna ilişir. Bilmirəm, indi quyularda yenə o alət var, ya yox, amma sovet Abakısında çıxarılan quyularda bəzən balta yerin təkində ilişib qalırdı. Və o neft quyusu baltasının ya özü, ya da ruhu bu gün demək olar ki, bütün neft ölkələrinin başı üstündə asılı qalıb. Azərbaycan Prezidenti bu risk və bu təhdidə olduqca həssasdır. O karbohidrogenin qədrini də bilir, əlbəttə ki, qiymətini də. Baxmayaraq ki, ölkə iqtisadiyyatının əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resurslarının istismarı ilə bağlıdır, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalamışıq. Bu qlobal təşəbbüsə qoşulmaqla ətraf mühitin qorunmasının bizim üçün əhəmiyyətini və qlobal dayanıqlı inkişafa sadiqliyimizi nümayiş etdirdik. Azərbaycan həmçinin, kosmik klubun azsaylı üzvlərindəndir və biz süni peyklərimizin imkanlarından ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə edilməsində da istifadə edirik. Təsadüfi deyildir ki, aparılan qiymətləndirmələrə əsasən istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsus olmuşdur. Və elə bu xüsusiyyətinə görə OPEC-in Baş katibi İlham Əliyevə minnətdarlıq edir. Barkindonun təşəkkürünün səbəblərini Azərbaycanda və dünyada yaxşı bilirlər. Qısaca bir ipucu verim. Neftin qiymətinin sürətlə enməsi nəticəsində bütün dünyada katastrofik vəziyyət yaranmışdı. İlham Əliyevin təşəbbüsü isə neft bazarında sabitlik yaratdı. Hələ o zaman REAL-a eksklüziv müsahibə verən Barkindo Azərbaycanın, onun liderinin rolunu həlledici adlandırmışdı. OPEC-in Baş katibi İlham Əliyevə yenidən təşəkkür etmək fürsətini Davosda da qaçırmadı:

Məhəmməd Barkindo : “-Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü."

Prezident İlham Əliyev: Bəli, neftin qiyməti 30 dollar ətrafında idi.

Məhəmməd Barkindo: "Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq."

Prezident İlham Əliyev: Tamamilə doğrudur.

Məhəmməd Barkindo: "Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır."

Prezident İlham Əliyev: "Xoş sözlərinizə görə təşəkkür edirəm. Bunu xatırladığınız üçün sizə minnətdaram. Həmin gün burada - Davosda mənə bu məsələ ilə bağlı nə etmək lazım olduğu barədə sual verildi və mən bu təklifi irəli sürdüm. Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi. Lakin əlbəttə ki, sizin rəhbərliyiniz olmasaydı, bizim səylərimiz nəticəsiz qalardı, çünki siz təşkilatın rəhbəri olaraq nəinki bütün prosesləri əlaqələndirdiniz, həm də prosesə rəhbərlik etdiniz. Düşünürəm və əminəm ki, uğurun səbəblərindən biri də bütün ölkələrin sizə böyük etimad göstərməsi idi. Bu, çox mühüm amil idi. Beləliklə, bizdə bütün mühüm elementlərin birləşməsi var idi. Təşkilat tərəfindən güclü rəhbərlik, həmçinin təşkilata üzv dövlətlərin və üzv olmayan dövlətlərin arasında çox ciddi əməkdaşlıq var idi. Mən bilirəm, hətta bəzi üzv ölkələr arasında hasilatın müəyyən dərəcədə azalmasına nail olmaq asan deyildi. Əlbəttə ki, çox səmərəli monitorinq prosesi, həmçinin etimad məsələsi var idi. Mən düşünürəm ki, bu prosesin bütün üzvləri hazırda sözlərinə əməl etməyə çalışırlar. Çünki etimadı qorumaq lazımdır. Həmçinin mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən sizi dəvət etdim və siz bu dəvəti qəbul etdiniz. Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək."

Beləliklə, bu saat antineft, antiqaz, ümumiyyətlə antikarbohidrogen təbliğatının dünyada trendə, özü də idarəolunarcasına çevrildiyi bir dövrdə Azərbaycan liderinin incə gedişini OPEC-in planetin əsas energetik arbitrı yüksək qiymətləndirir və bunu məhz indi edir, dediyim kimi: Bu saat. Antineft. Antiqaz. Ümumiyyətlə antikarbohidrogen təbliğatının dünyada trendə çevrildiyi bir dövrdə. Və bu o binada baş verir ki, həndəvərində şütüyən hibrid avtomobillər, kandarına ayaq basanda hər yerdən sənə boylanan ifrat ekoloji təmizlik çağırışları bir qəribə aura da yaradır. Planetin şəkər xəstələrinə xidmət edən meqamarket guşəsi.

İlham Əliyevin yanaşma tərzində müşahidə olunan ikinci məziyyətə də toxunaq. O dünyanı təhdid edən ekoloji fəlakət amilini də yerli-dibli təkzib etmir. Amma miqdarında. Qədərində. Bayaq dedik ki, dünyada 3 milyard insan elektrik enerjisi çatışmazlığından əziyyət çəkir və 250 milyon adam isə ümumiyyətlə işıq nə olduğunu bilmir. İndi gəlin Prezidentin çıxışını xatırlayaq. Özü də təkcə Davosdakı çıxışını yox. Elə Bakıdakı çıxışlarını da. Onun Azərenerjinin, Azərişığın rəhbərləri ilə görüşlərini yada salaq. İndi isə Prezidentin Davosdakı çıxışının bu yerini yadımıza salaq: “Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir!”

Buradan çıxan mesajlar aydındır. Dünyanı neft və qazın korladığını deyənlərin qarşısında öz kursunun möhtəşəm mənzərəsini göstərmək. Amma İlham Əliyev ekoloji Azərbaycanın da lideridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalamış Azərbaycanın. Dövlət bu qlobal təşəbbüsə qoşulmaqla ətraf mühitin qorunmasının bizim üçün əhəmiyyətini və qlobal dayanıqlı inkişafa sadiqliyimizi nümayiş etdirdi. Azərbaycan həmçinin, kosmik klubun azsaylı üzvlərindəndir və biz süni peyklərimizin imkanlarından ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə edilməsində da istifadə edirik. Təsadüfi deyildir ki, aparılan qiymətləndirmələrə əsasən istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsus olub. Biz Azərbaycanda 2019-cu ili böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinin şərəfinə “Nəsimi ili” elan etmişik. Hansı ki, Nəsimi fəlsəfəsinin əsasında məhz “kamil insan” dayanır. Kamil insan isə 4-cü sənaye inqilabı şəraitində yüksək intellektual və peşəkarlıq qabiIiyyətlərinin kombinativliyinə malik olma xüsusiyyətləri ilə seçilir. Nəsimi ili çərçivəsində ölkədə Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 1 gündə 650 min ağac əkildi. Bu isə bizim mənəvi uzlaşmanı, ətraf mühitə münasibəti, sosial dayanışmanı dayanıqlı iqtisadi inkişafla sıx vəhdətdə inkişaf etdirməyimizin uğurlu örnəklərindəndir. Qızıl balans. Həm planeti, həm də planetin içində özümüzü qoyuruq. Məncə, biz söhbətimizin o yerinə gəlib çıxdıq ki, Davos iqtisadi forumunun tərkib hissəsi olan “Avrasiya: strateji baxış“ panelində İlham Əliyevin çıxışını izləyək.

Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?

Prezident İlham Əliyev: Bakıya.

Moderator: Bakıya…

Prezident İlham Əliyev: "Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq."

Moderator: Çox gözəl. Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz.

Prezident İlham Əliyev: "Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır."

Moderator: Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər?

Prezident İlham Əliyev: "Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır."

Moderator: "Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?"

Prezident İlham Əliyev: "Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır."

Moderator: Təşəkkür edirəm, Prezident Əliyev. Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi?

Prezident İlham Əliyev: "Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla – neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır."

Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir? Prezident Əliyev, buyurun.

Prezident İlham Əliyev: "Mən düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq."

Moderator: Paneldə regionu yaxşı tanımayanlar üçün. Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır?

Prezident İlham Əliyev: "Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu daimi təhdid mənbəyidir. Ərazilərimizin dəmək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur."

Moderator: Təşəkkür edirəm, cənab Prezident.

Davos forumunda Azərbaycan özünün yol fəlsəfəsini nümayiş etdirdi. Prezidentin elə indicə baxdığınız çıxışda da aydın sezilən bir istiqamət var. Sabitlik. Ardınca Yol. Daha sonra. Buyurun, ölkəmizə Sizi dəvət edirik. Amma. Burada bir daha Moderator xanımın “Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi? Sualını xatırlayaq. Və Prezidentin “Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir” cavabını yada salaq. Niyə bu sualı və bu cavabı. Ona görə ki, Davos İqtisasdi Forumu qloballaşdırmanı tənzimləmək məqsədi güdür. Əslində bütün məsələlərin kökündə bu durur.. İsa, Musa, Məhəmməd həzrətlərinin məntiqilə desək Nuhun gəmisinin nəzəri görünüşü, Planetin sığınacaq yeri. Və elə buna görə də bütün liderlər eyni mürəkkəb, iki, üçbaşlı suallarla qarşılaşdırılır. Məsələn, İlham Əliyevin Avrasiya, strateji baxış panelində ilk suala verdiyi “Bakı!” cavabı moderatoru görünür arxayın salmadığı üçün mövzuya yenidən, amma başqa formada qayıdılır. Prezident isə Bakı cavabını daha ətraflı incələyir. Bununla da ölkənin qapılarının həm dünyaya açıq olduğunu, həm də düşmən niyyətinə tam qapalı olduğunu elan edir. Bəs moderator niyə bu sual ciddi şəkildə maraqlandırır. Ona görə ki, inteqrasiyanın xarakteri bəzən dövlətlərdən öz suveren hüquqlarının müəyyən hissəsindən imtina etməyi də tələb edir. Harasa qovuşmaq isə şübhəsiz qonşulardan başlayır. Məhz buna görə İlham Əliyev həm yürütdüyü xoş qonşuluq kursu, həm də, Ermənistan işğalçı məzmunun təhdid səciyyəsini eyni məsuliyyətlə bəşəriyyətin nəzərinə çatdırır.

4-cü sənaye inqilabı dövründə qlobal texnologiyada inkişaf artıq həndəsi silsiləsinin qanunauyğunluqları ilə artmaqdadır. Buna uyğun olaraq, idarəetmənin qanunları və texnologiyalarının da sürətlə dəyişildiyinin şahidiyik. Ancaq ölkə rəqəmsallaşma və innovativ informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən inklüziv cəmiyyətin qurulması məqsədilə uğurla istifadə edir. Məhz yeni texnoloji imkanların nəticəsi olaraq meydana çıxan rəqəmsal platformalar həm nail olmaq istədiyimiz şəffaflığı artırır, həm də cəmiyyətin müxtəlif kəsimlərinin yeni təşəbbüslərdə iştirakına şərait yaradır. 2019-cu il Azərbaycanda ölkəmizdə rabitə və informasiya xidmətlərinin dəyəri real ifadədə 15,9 faiz artıb və bu sahədə əldə edilən gəlirin 82,4 faizi qeyri-dövlət sektorunun payına düşüb ki bu da İKT sektorunun inkişafının nə qədər önəmli olduğunu göstərir.

Yeni formasiya resurs və əmək tutumlu iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi də şərtləndirir. Bu baxımdan Azərbaycan intellektual məhsullarının ixracına önəm verir və ASAN Beynəlxalq Assosiasiyasının yaradılması da Azərbaycanın BMT tərəfindən dövlət xidmətləri sahəsində xüsusi mükafata layiq görülmüş xidmətlər modelinin digər ölkələrə yayılması və qlobal dayanışmanın inkişafına xidmət edir. İnklüzivlik məqsədlərinə çatmaqda rəqəmsal platformaların yaradılması da Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə elektron hökumət konsepsiyasının tətbiqini uğurla tətbiq edib, məhkəmə hakimiyyətinin mobil və elektron məhkəmə platformaları vasitəsilə rəqəmsallaşmasına nail olub. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentlik Azərbaycanda təqdim olunub. Bütün bu xidmətlər isə vətəndaşlara çatdırılan xidmətlərin keyfiyyətini yüksəltmək və rəqəmsal yoxsulluq həddini azaltmaqla birlikdə dayanıqlı və inklüziv rəqəmsal iqtisadiyyatın qurulmasına da əlavə imkanlar yaradır. Prezidentin 4-cü sənaye transformasiyasına keçid kursu nəticəsində ki, Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının inklüzivlik qabiliyyətinə MDB məkanında 1-ci yerə layiq görüb. Yeni formasiyada inkişafdan geri qalmamağın yolları həm də innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi üçün insan kapitalının inkişafı və texnoloji potensialın inkişafına nail olunmasıdır. Prezident elə buna görə də paneldəki nitqində gənclərin irəli çəkilməsinə toxunmuşdu. Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlmişdir. Yeni cəmiyyət quruculuğu bizdən həm də nəsillərin dəyişimi amillərini, onların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağımızı tələb edir. Buna əsasən, biz idarəetmənin bütün spektrlərində gəncləşmə siyasəti aparırıq. Artıq gələcək idarəetmə “Z-nəsli” və “Minilliyin nəsli”nə məxsusdur və onların idarəetməyə cəlb olunması Azərbaycanın 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm əhəmiyyətə malikdir. Əliyev hesab edir ki, müasir idarəetmə əvvəlkilərdən daha operativ və çevik olmaqla “agile” prinsipiallığına malik olmalıdır. 2019-cu ildə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanması və sonuncu forum çərçivəsində isə Davosun Azərbaycanda regional mərkəzin yaradılması haqqında sənəd məhz aparılan xəttin məntiqi yekunudur. Davos regional mərkəzinin Azərbaycvanda yaranması, obrazlı desək planetin xilas gəmisində Azərbaycanın yer tutmasını etibarlı edir. Bununla da Azərbaycan elektron ticarət, elektron kommersiya, sərhədlərəarası məlumat axınları üzrə əldə etdiyi uğurlara və üstünlüklərinə əsasən bütün regionun rəqəmsal habına və gələcək regional inkişafın əsas mərkəzinə çevrilməsinin nəticəsidir. Davos İqtisadi Forumu tərəfindən “hökumətin dəyişikliklərə çevik reaksiyası” göstəricisinə görə Azərbaycanın dünyanın 140 ölkəsi içərisində 5-ci mövqedə qərarlaşması da əslində bizim idarəetməyə olan yanaşmamıza beynəlxalq miqyasda təsdiqidir. Davosda "Xəzər Həftəsi - çərçivəsində Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” mövzusunda Panel müzakirəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadovla əslində tədbirdən sonra görüşməliydik. Amma elə alındı ki, Davosa ələtdən baxmaq üçün limana yollandıq. Prezidentin Azərbaycan üçün Yol xəritəsində Ələt xüsusi əhəmiyyətli strateji nöqtədir. Mən Sizi maraqlı bir söhbətə dəvət etdiyimə əminəm.

Azərbaycanın Davosdan görünən boyu və əhəmiyyəti həm də ona görə detallı şərh edilməlidir ki, söhbət bu dövlətin uğurla gələcəyə aparılmasından gedir. Bu gün biz vətəndaşlar Azərbaycanı təkcə vətən kimi sevməli, dövlət kimi qorumalı deyilik, həm də onu bir fənn kimi öyrənməliyik. İnanın ki, yeni Azərbaycan həndəsədən, fizikadan heç də asan deyil. Bu günün vətəndaşı Azərbaycanda ən azı yaşamaq biliklərinə, vərdişlərinə malik olmalıdır. Davos isə göstərdi ki, daha doğrusu Prezident öz çıxışları və görüşlərilə göstərdi ki, Azərbaycan öz vətəndaşının maraqlarını bütün dünyadan üstün tutur və dünyanı da elə ona görə hər şeydən üstün tutur ki, orada Azərbaycan var, onun vətəndaşı var.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər