Taxıl istehsalı 6,9 faiz artıb - VİDEO, YENİLƏNİB

Taxıl istehsalı 6,9 faiz artıb - VİDEO, YENİLƏNİB
2019-cu ildə ölkədə 3 mln. 538 min ton taxıl istehsal edilib

"Bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub. Qarşımıza qoyduğunuz vacib vəzifələrdən biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılmasıdır.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə çıxış edərkən bildirib.

Nazir bildirib ki, bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur: "Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil etmişdir, artım ötən ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olmuş, məhsuldarlıq isə 67,6 faiz artmışdır. Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artmışdır. Sizin də qeyd etdiyiniz kimi, əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir".

İnam Kərimov qeyd edib ki, 2020-ci ildə qarşıda duran əsas vəzifələr fermerlərin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır:

"Həmçinin fermerlərimizin bu gün ən çox üzləşdikləri məsələlərdən biri də onların kiçikhəcmli kreditlərə çıxışını daha da asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin digər qurumlarla birgə çalışacağı əsas sahələr intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığının daha da artırılması və bizim əsas ixrac məhsullarımızı təşkil edən və gələcəkdə emal sənayesi ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafıdır".

Nazir intensiv meyvə bağlarının geniş yayılmasının 2020-ci ildə əsas prioritet istiqamətlərdən biri olacağını bildirib. Həmçinin subsidiya sahəsində həyata keçirilmiş tədbirlərin gübrə bazarında liberallaşma ilə nəticələnəcəyini və fermerlərin gübrəyə çıxışını daha da asanlaşdıracağını deyib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər