Badamdar yamacında sürüşmə aktiv fazadadır - VİDEO

Badamdar yamacında sürüşmə aktiv fazadadır - VİDEO
Sürüşməyə səbəb antropogen amildir

Hündürlüyü 4-5 metrə çatan torpaq kütləsi yolun kənarında yerləşən iaşə obyektinin divarına kimi irəliləyib. Sürüşmə nəticəsində yaxınlıqda yerləşən yaşayış evlərinə ziyan dəyməyib. Bu sürüşmə 2018-ci ildə baş vermiş sürüşmə kütləsinin üzərində baş verib.

Bunu REAL-a açıqlamasında ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlanma ekspedisiyasının rəisi Əziz Qaralov bildirdi.

Əziz Qaralovun sözlərinə görə sürüşməyə səbəb atmosfer çöküntülərinin artması ilə yanaşı antropogen yəni insan amilidir. Çünki sürüşmə qaşından yuxarıda yerləşən fərdi yaşayış evlərində kanalizasiya sisteminin olmaması səbəbilə məişət çirkab suları təbiətə axıdılır və yamac maili olduğuna görə həmin sular sürüşməyə səbəb olur. Müsahibim sürüşmənin yolun aşağı hissəsində yaşayan əhali üçün təhlükə yaratmadığını bildirdi.

AMEA-nın coğrafiya institunun Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşı Rafael Abdullayev bildirdi ki, hələ bir ay əvvəl sürüşmənin ilkin nişanələri qeydə alınmışdı və baş verən bu təbiət hadisəsi gözlənilən idi.

Rafael Abdullayevin sözlərinə görə, bundan sonra həmin ərazilərdə tikinti işləri aparılmasının qarşısı alınmalıdır ki, torpağın dayanıqlılığı qalsın.

Hazırda sürüşmə ərazisində aktivlik müşahidə olunur. Ərazidə monitorinqlər davam etdirilir.

Qeyd edək ki, sürüşmə ilə bağlı yol polisi də sürücülərə müraciət edib, müraciətdə bildirilir ki, sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət edə bilərlər.

Xatırladaq ki, bundan əvvəl bu ərazidə baş verən sürüşmə 2018-ci ilin oktyabr ayının 11-də qeydə alınıb. Daha sonra yamacın dayanıqlığını artırmaq məqsədilə sürüşmə qaşında yerləşən 9 evin sakinləri köçürülərək, müvafiq dövlət qurumları tərəfindən ərazidə terraslar yaradılması istiqamətində işlərə start verilmişdi. Hələlik işlər qeyri müəyyən müddətə dayandırılıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə