Mir Şahinin vaxtı - VİDEO (29.12.2019)

Mir Şahinin vaxtı - VİDEO (29.12.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtıdır.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarıyla bağlı 4 yerli televiziyaya, və həm də əslində bütün mediya üçün verdiyi müsahibədə hesabat dövrünə olan təhlil prioritetlərimizi də müəyyən etdi. Biz dövlət və xalq üçün ən əhəmiyyətli məqamların nələrdən ibarət olduğunu birinci şəxsin dilindən artıq bilirik. İlham Əliyevə müsahibə üçün müraciət etmiş kanallar həm daxili konyukturanı, həm də ölkəmizin beynəlxalq maraqlarını tam əhatə edən ciddi suallar hazırlamışdılar və dövlət başçısı bütün suallara ətraflı cavab verdi. İlham Əliyevin bu formatda ilk müsahibəsi həftə ərzində ən detallı şəkildə təhlil edilib, dövlətin əsas şəxsinin cavabları bütün aspektlər üzrə şərh edilib. Təbii ki, biz də Prezidentin ilin yekunları ilə bağlı siyasi və iqtisadi, ictimai-mənəvi görüşlərinin əks olunduğu hadisə üzərində əhəmiyyətli dərəcədə dayanacağıq. İlham Əliyevin bu müsahibəsi də, buna qədərki çıxışları və nümayiş etdirdiyi dövlət platforması tək açıqmövqelilik sərgilədi. Birinci şəxs hər kəs, hər nə və hər yer və hər hara barədə birbaşa, heç bir şey gizlətmədən danışdı. Müsahibədə səslənən tezislərə, ayrı-ayrı bəndlərə qayıdacağıq. İndilikdə isə mən məhz dövlət başçısının nümayiş etdirdiyi açıq mövqe və oxşar pozitsiyanın hər kəsdən, hamıdan tələb edilməsi tək mesaj üzərində dayanmaq istəyirəm. İslahatların 2018-ci ildən başlanan yeni dalğasından sonra İlham Əliyev “Hamı üçün əlverişli!” görüntüsünə hesablanan universal yanaşmaları bir xətt ətrafına cəm edərək, nəticə etibarilə Milli maraqlar kontekstini ön plana çıxarmaqla anlatdı ki, dövlətin lideri kimi, ictimai mühit yaradan fiqurlar, sıravi vətəndaşlar da öz mövqeyini ortaya qoymalıdır. Yəni Tərəfdaşlıq sazişi, Avropa İttifaqı ilə imzalanması ləngiyən sənəd, Avrointeqrasiya kimi siyasi polyarlıq, beynəlxalq qütblülük mövzularında İlham Əliyev bütün təfərrüatları elan etdi. Aydın oldu ki, burda ortaya qoyulan mövqe heç də dünyaya xoş gəlmək, yaxud beynəlxalq melodiyaya oynayıb-oynamamaq kimi hədəfə hesablanmayıb. Əksinə dövlət bunu doğma vətəndaşın rifahını mümkün risklərdən qorumaq naminə edib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Deyə bilərəm ki, bir neçə ildir yeni saziş üzərində iş aparılır. Bizim əvvəlki saziş uzun illər bundan əvvəl imzalanmışdır və yeni sazişə əlbəttə ki, ehtiyac var. Biz hesab edirik və təklif etmişik ki, bu saziş hər iki tərəfin maraqlarını təmin etməlidir, əks halda, sazişə ehtiyac qalmayacaq. Biz, eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9–u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Yəni, hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır. Bu təqdirdə, əlbəttə ki, sazişin imzalanması mümkün olacaqdır. Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır. Bilirsiniz, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik. Nəyə görə? Bunu da mən izah edəcəyəm. Çünki hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı tam dəqiq məlumat olmalıdır. Sazişin bir neçə məsələsi hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq. Onu da bildirməliyəm ki, hazırda Dünya Ticarət Təşkilatı çərçivəsində də böhran yaşanır. Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları bu təşkilatda öz üzvlüyünə yenidən baxır. Demək olar ki, bəzi ölkələr arasında - təşkilata üzv olan ölkələr və müttəfiq ölkələr arasında ticarət müharibələri baş alıb gedir və genişlənir. Belə olan halda, əlbəttə ki, bu məsələyə bizim ehtiyatlı yanaşmağımız çox məntiqlidir və əsaslıdır. Ona görə imzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.

Digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Burada da baxmayaraq ki, Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də, - mən istəyirəm ictimaiyyət onu da bilsin, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, “Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?”. Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq".

Deməli qayıdıram birbaşalıq, özünü elan etmək platformasının şərtlərinə. Prezident kirli məmurları cəzalandırdığı kimi, təmizləri və ya bəzi hələki təmizləri də xəbərdar edir. Kirlənsən dəyişdiriləcəksən. Mövqe açıqdır. Dövlət başçısı birbaşadır. Özüdür. Prezident öz aydın mövqeyilə hər bir vətəndaşa nümunə göstərir. Vergini ödəmək mütləqdir, deməli sən bununla öz yerini nişan verirsən, maliyyə baxımından. Hərbi xidmətə yollanmaq mütləqdir. Sən bununla öz yerini nişan verirsən, silahlı qüvvələr baxımından. Səs vermək mütləqdir. Bununla öz yerini nişan verirsən seçici olaraq. Vətəndaşsansa mütləq harda dayandığını göstərməlisən. Bir az da sərrast desək, Dövlət Səni Görməlidir. Məchulluğu tam şəffaflıq əvəz etməilidir. Bu fəlsəfə İlham Əliyevin ilin yekunlarına dair verdiyi intervüyə də xasdır. Prezident balanslaşdırılmış xarici siyasət kursunun ehmallı şəkildə daha konkret məzmuna dəyişildiyini, milli maraqların prioritet təşkil etdiyini bir neçə dəfə demişdi. Amma bu dəfə dövlətin beynəlxalq platformasını izah edərkən konkret misallar üzərində dayandı. Bakı Dövlət Universitetində ölkənin simvolik alim-ziyalı komandasına xitabla dediklərini yenidən, bu dəfə hamıya, həm də necə deyərlər barmaq hesabında izah etdi. Birbaşa. Dipolmatitaya yer saxlamadan. Bu müsahibədə bütün suallardan sonda bir cavab çıxırdı. Azərbaycan vətəndaşı. Şəxsən məndən ötrü Prezidentin müsahibəsindən aldığım “Mövqeyini bildir!” mesajının kökü 1993-cü ilin iyununa, ulu öndər Heydər Əliyevə gedib çıxırdı. Ona görə də gərək unudulmasın! Heç kim və heç nə unudulmur! Unudulmamalıdır! Aparılan islahatların cəmiyyətdə yaratmağa başladığı ümummilli dinc və milli barış ovqatının təsiri altında xumar-xumar ayılmağa üz qoyan həmkarlarımız, dırnaqlı ya da dırnağı tutulmuş dostlarımız gərək 2018-ci ilin müəyyən qaranlıq, qara, isti və yandıran aylarını, o zaman harda dincəldiklərini, harda vaxt keçirdiklərini yada salsınlar. Dövlətin yanında olmaq, dövlətin özü olmaq lazım olanda harda olduğunu xatırlamaq, daha doğrusu yaddan çıxarmamaq lazımdır. Uzağa getməyəcəm, ailə tərbiyəsi görməyən, dövləti, onun ən müxtəlif təmsilçilərini həyasız və tərbiyəsizcəsinə təhqir, təhdid edən, virtual kütlə üzərinə açıq əllə yalın əllə getdiyimiz dönəmdə susanlar, mövqe gizlədib bu gün 3 qəpiklik qutab kimi ortaya düşənlər, yaxşı öz sosial şəbəkəndə cavab verməyə gücün çatmır, heç olmasa bizim çıxışlarımızı paylaşın dediklərimiz, onların kuratorları işdən çıxıb da ölməyib ki... Axı onlar, bu gün qəhrəman kimi xortlamış həmin qladiator-klaviatorlar bizim böyük çətinliklər bahasına əldə etdiyimiz faktlara əsaslanan çıxışlarımızı heç öz facebook səhifələrində paylaşmağa da cürət etmirdilər. Yaxşı ki hərbi operator İlham Ələkbərov var idi. Yaxşı ki onun tarixə hədiyyə etdiyi misilsiz video-faktlar var idi.

“Məni, anamı, atamı, bacımı, qardaşımı söyərlər!” deyə əxlaqlarına kraxmallı varatniçok bağlayan anklav qeyrətliləri o zaman yəqin ki, altdan-altdan Osmanqızına, Orduxana, Qurbana, filana kərtənkələlilik edirdilər. Bu gün hər hansı dövlət məmurunun üzərinə getməyə nə var ki. Amma sadə insanları, hansısa bir ovuc müvəqqəti müşkül hədəfini konstutisyon quruluşu zorla devirməyə çağıraraq birbaşa dövlət və xalq birliyinin üzərinə gedən, ölkədə vətəndaş müharibəsinə başlamaqla sonda seçkiləri BMT-nin eqidası altında lap Suriyada olduğu kimi keçirməyi lazım bilənlərlə hər ehtimala qarşı məsafə saxlayanları biz yaxşı tanıdıq. Bu gün 2018-ci ilin yayına oturanlar, vayına oturanlar gərək kimin tabutuna ilk və son mismarı kimin vurduğunu unutmasınlar. Mediyanın qərəzsiz, tərəfsiz olması konsepsiyanın ölkədəki bir neçə müəllifindən biri də mənəm. Tərəfsizlik şərəfsizlik olmamalıdır. Misir, Tunis, Venesuela hadisələrinin işıqlandırılmasında əlbəttə tərəfsiz omalısan. Amma söhbət Azərbaycanın maraqlarından gedirsə, sənə gün kimi aydındırsa ki, insan azadlıqları, söz azadlıqları, insan haqları adı altında sənin ölkəni, vətənini, dövlətini qarşıdurmalar, müharibələr, aclıq və səfalətlər meydanına çevirmək istəyirlər, bu yurdun insanlarını gələcəyin çadır şəhərciklərində bir qutu lavaş, yarım kilo yağ, beş kilo un növbəsinə hazırlayırlar, qız-gəlinini insan alverçilərinin şorgöz nəzər nöqtələri üçün gözaltılayırlar, o zaman sən necə tərəfsiz ola bilərsən?! Bir neçə dəfə demişəm. Bir daha təkrar edirəm. Azərbaycanın ən şərəfsiz məmuru belə xaricdən vətənimizi körükləyən odabaşılardan min dəfə şərəflidir. Ona görə ki, onlar hər bir ölkədə ən qatı cinayət sayılan əməldə, vətənə xəyanətdə günahlandırılmağa iddiaçıdırlar. İslahatların ötən ilin ikinci yarısından vüsət alan dalğası yeni reallıqlar, yeni çağırışılar diqtə edir. Elvin İsayevin saxlanaraq Azərbaycana təhvil verilməsi və həbs qətimkan tədbiri aqibəti yaşaması xaric vuran bir çox bülbülləri əməllicə qorxudub. Faktiki olaraq Amerikada yaşayan Cəmil Həsənli isə daha o Əli Kərimli deyil. Beliboş məntiqləri yumşalmaqda, iki barmaq arasından Bakıda inqilab barrikadalarını buta verən dərvişlərin baxışları sozalmaqdadır. Prezident müsahibədə müxalifətin keşmişi, daha doğrusu hakimiyyətdə olduğu və dövlətin birinci kürsüsünü qoyub qaçdığı dövrün də şərhini verdi. Sərt idi hə, amma doğru idi, həqiqət idi. Prezidentin milli rəzalət adlandırdığı dövrü bir sıra kütləvi informasiya vasitələri qəsdən yanlış, təhrif olunmuş şəkildə şərh edir. İlham Əliyev heç vaxt milli azadlıq hərəkatı barədə aşağılayıcı nəsə deməyib. Xalqın azadlıq mübarizəsinə o eynilə Heydər Əliyev kimi sayğıyla yanaşıb. Amma milli azadlıq hərəkatında iştirak etmək bir, dövlət idarə etmək isə başqa janrlardır. Prezidentin çıxışında söhbət də məhz həvəskarların hakimiyyətdə olduğu dövrdən, idarəçilik təcrübəsinin olmaması səbəbindən dövləti uçurumun laaaap ucuna gətirib çıxaran oyuncaq rəhbərlərdən, müqəvva hakimiyyətindən gedir. Ona görə də Prezident hisslərini cilovlamaq istəmir. Soyuqqanlı görünmək istəmir. Olduğu kimi demək, olduğu kimi görünmək istəyir. 26 il əvvəl tökülüb dağılan, parçalanmış, pinti, kirli-paslı bir ölkəni bu gün regionun birinci dövlətinə çevirmiş şəxsin hirsini, qəzəbini anlamaq yəni çox çətindir? 1993-cü ilin Elçibəyi kəndinə qaçıran çağını xatırlayıram. O zaman ölkəni xilas etməkdən ötrü Naxçıvandan Bakıya-hakimiyyətə dəvət edilən Heydər Əliyev gözlənilmədən Dövlət Televiziyasının həyətində göründü. İmkan tapıb həyətdəcə ona sual verdim: “ Nə baş verib?” o isə təəccübünü, mat-məəttəllikdən, heyrətdən də miqyasca çox kənara çıxan münasibətini belə ifadə etdi: “ Prezident Əbülfəz Elçibəy gecəykən naməlum istiqamətdə Bakını tərk edib, yeri mənə də məlum deyil! Belə də iş olarmı? Bu və ardınca gələn başqa sualları isə artıq mən vermirdim. Biz vermirdik. Bu Heydər Əliyevin özünə verdiyi və bir hakimiyyət ustadı olaraq heç cür qəbul edə bilmədiyi suallar idi. O hakimiyyətlə belə məsuliyyətsiz rəftarı heç cür yaxın buraxa bilmirdi. Qəzəblənirdi. Əsəbiləşirdi. Təsəvvür edirsiz, o cır-cındır içində olan, zəif, səfil-sərgərdan gügünə düşmüş, borc əlindən təyyarəsi hətta qardaş Türkiyə səmasında belə rahat uça bilməyən Azərbaycanın bu günkü qüdrətə çatmasında müstəsna rol oynayan lider vətəni, yurdu iki uzunqulağa yük etmiş insanların utanmaz-utanmaz ortaya qoyduğu revanş iddiaları qarşısında hələ çooox soyuqqanlı davranır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: ...Bu gün müxalifətçiliyi inhisara götürmüş adamlar vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib. Biz hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayırıq, o, bizim üçün bir biabırçılıq dövrü idi. Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər - kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi - bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm ki, ikinci səbəbdir - nə üçün bunların cəmiyyətdə heç bir hörməti yoxdur?

Heç kəs üçün sirr deyil ki, bunlar xaricdən maliyyələşir. İyirmi il ərzində heç bir yerdə işləməyənin haradandır bu qədər varidatı, haradandır bu qədər imkanları ki, yaxın qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə çox gözəl həyat sürsünlər? Ona bir hesabat verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz çox şeyi bilirik. Bəlkə də hamısını hələ ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən onların törətdikləri cinayətlər və ölkəmizin demək olar ki, uçurum kənarına gətirilməsi, ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi, ikinci tərəfdən, “beşinci kolon” kimi burada ölkəmizin maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı davranışını, yəni, o biabırçı kadrları Azərbaycan tamaşaçıları görübdür. İsterikaya, panikaya qapılmış adam necə özünü lider hesab edə bilər? Yaşlı qadının qolundan yapışan, qorxusundan, məni bağışlayın, gizlənmək üçün deşik axtaran adam necə liderlik funksiyasını öz üzərinə götürə bilər? Sonra da gəlsin bütün ictimaiyyət qarşısında desin ki, vanna otağında mənə qarşı zor tətbiq etdilər. Birincisi, bu, yalandır. İkincisi, hansı özünə hörmət edən adam belə bir ifadə işlədər, bütün xalq qarşısında? Ona görə bunların qətiyyən mənəvi haqqı yoxdur ki, hansısa irad irəli sürsün. Yeganə dayaqları xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər öz əlaltılarını hakimiyyətə gətirsinlər. Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin qapısını bəzi səfirlər ayaqla açırdılar, o dövrü yenə də yaşamaq istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın, yenə də hansısa mövqe əldə etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək. Ona görə bunların dırnaqarası aksiyalarına heç kim gəlmir, heç kim qoşulmur. Bunların dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır. Orada da artıq bütün dayaqlarını itiriblər. Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək istəyirlər və onların biabırçı hərəkətləri, antimilli, xəyanətkar addımları cəmiyyətdə ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik. “

Biz Prezidentin belə fikirlərini təftiş edən, onunla razılaşmayanlara elə onların qəbul etdiyi mənbəylə cavab veririrk. Daha doğrusu, indiyədək dəfələrlə təqdim etdiyimiz bir tarixi faktı növbəti dəfə xalqımızın ruhi qida masasına təqdim edirik. 1993-cü il. Danışır o zamanın Prezidenti Elçibəy və o Prezident kimi danışır. Müşavirədə də bütün səlahiyyət sahibləri iştirak edir.

Və Elçibəyin zamanından qalma oyuncaq liderlərin dövlət təfəkkürü ibtidaidən də aşağı, minus dərəcəsindədir. Ötən ilin yayında qorxusundan bütün delfinlərə Yunis gözü ilə baxan və ya terror cəhdi etmiş Yunisin şəklini profilinə qoyan insanların bu gün Prezidentə- hakimiyyət qrossmeysterinə dövlət mövzusunda vəzzariyyat oxuma cəhdi gülüncdür. Və bütün bu hadisələrin içində mənə ən qəribə gələni bilirsiz nədir? Şahidlərin susması. Özü də burda o fikri mən qətiyyən yaxın buraxmıram ki, kimdən soruşdunuz, kimə sual verdiniz ki, danışmadı!”. Əvvəla onu deyim ki, bu tip suallara da cavab verə bilərik. Ən azı 10-15 eynəkli və qalstuklu, kostyumlu, başqa sözlə formaca ziyalı adı çəkə bilərəm ki, dövlətin şəbəkə hücumuna məruz qaldığı, polisə qılınc qaldırdığı o günlərdə “Mövqe bildirin!” xitabımıza böyük sükutla cavab verdi. Amma mən başqa söz deyəcəm. Çünki söhbət 2018-ci ilin iyulundan yox, nisbətən uzaq tariximizdən gedir. Məncə, heç kim heç kimdən soruşmamalıdır, heç kim heç kimə mikrofon uzatmamalıdır. Hər gün onlarla şahid öz təşəbbüsü ilə radioların, televiziyaların qapısını döyməli, uşaqlara, yeniyetmələrə, gənclərə, yaddaşını itirmiş yaşlılara o günlərin qan-qadasından danışmalı, əlində olan dəlil-sübutları, kadrları, müsahibələri təqdim etməlidir. Gözləməməlidir. Özü təşəbbüs göstərməlidir. Çıxmalıdır efirə, gənclərlə, tələbələrlə görüşlər keçirməli, qaragüruhun hakimiyyətdə olduğu dövrü onlara izah etməlidir. Yeni nəsil təkcə kolanı seçmir axı. Sərrastcasına Milli rəzalət adlandırılan dövrü həmin çağların iştirakçıları cəmiyyətə hər gün hər saat çatdırmalıdır. Məncə, Azərbaycanın ən yaxın tarixini təkcə Dövlət başçısı tədris etməməlidir. Prezidentin çıxışlarından sonra “Əla!” “Yaman dedi e!” deyib özünü kənara çəkmək özünəməxsus riyakarlıqdır. Prezident artıq neçənci dəfədir ki, mətbuat və mediya işçilərini öz köməkçisi adlandırır. Bu gün bütün sahələrdə olduğu kimi mediyada da islahatlar getməlidir. Tibbi dillə desək bir anjioqrafiya ehtiyac var. Mediyanın damar yolunu sondan əvvələdək keçmək lazımdır. Dünənə qədər daha çox provinsial təfəkkürlə idarə olunan mediya və mətbuat subyektlərinin üzərinə yeni zaman böyük məsuliyyət işi tapşırır. Çünki Prezidentin təklif etdiyi və görmək istədiyi islahat Azərbaycanını yerlərdə öz baxışları və təfəkkürlərinə uyğun görə bilirlər. Anlamaya bilirlər. Bu zaman mediya və mətbuat islahat kursunun nəzəri yüklərini məzil başına itkisiz və dürüst çatdırmalıdır. Mediya islahatlarından danışmaq yox, özünü islah etmək, dəyişmək, yenilənmək lazımdır. Yeni zaman üçün yeni qafa! Yeni beyin. Prezidentin kursunu anlayan və anlatmaq iqtidarında olan beyin lazımdır. Təklif də, tələb də budur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik? Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat. Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər. Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir. Eyni zamanda, belə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin. İndi mənim təşəbbüsümlə xüsusilə manatın məzənnəsi aşağı düşəndən sonra bizdə işsizlik meyilləri artdı. Bunu mən hiss edirdim, görürdüm. Bəzi adamlar işsiz qaldılar. Nə üçün? Çünki vaxtilə dövlət xətti ilə icra edilən layihələrə onlar cəlb olunurdu. İnvestisiyalar kəskin aşağı düşdü. Biz investisiyaları ixtisar etdik. O layihələr də artıq icra edilmədi, insanlar qaldı küçələrdə. Biz nə etdik? Düzdür, bu, bazar iqtisadiyyatına uyğun deyil. Ancaq bu, düzgün addım idi. Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar, hesab edirəm, anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq. Eyni zamanda, həm mətbuatdan, həm ictimaiyyətdən mən həm dəstək görürəm, həm də ki, onlar mənə bu işdə kömək edirlər".

Ağstafa və Tərtərə rəhbərlik etmiş şəxslərlə qanun davranışı iki cəhətdən rəmzi oldu. Bir halda sabiq, keçmiş icra başçısını yaxaladılar. Bu o deməkdir ki, belə keçmişlə vidalaşdıq! Olmaz belə. İkinci fakt isə işləyən, fəaliyyətdə olan başçının tutulması ilə bağlıdır. Bu isə o mənaya gəlir ki, bu gün belə işləmək olmaz! Rüşvət almaq, korrupsiyaya qurşanmaq olmaz. Deməli belə keçmiş və belə bu gün dövlətə, onun tələblərinə uyğun deyil! Gələcəyə təmiz, ləkəsiz, çamursuz getmək lazımdır! Əməliyyatı məhz Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının aparması isə artıq 3-cü rəmzdən xəbər verir. Neqativ hallarla mübarizə Dövlətin Təhlükəsizlik məsələsidir! Yeri gəlmişkən, Prezident Azərbaycan mətbuatı və mediyasını bütün dünyada qəbul edilən səviyyədən, bir çox hallarda isə sadəcə formal olaraq 4-cü hakimiyyət məqamından yeni platformaya birinci hakimiyyətə, real hakimiyyətə, öz yanına dəvət edir. Bəyan edir və bütün jestlərilə açıq işarə verir ki, korrupsiya, rüşvətxorluk və bu kimi digər neqativ hallarla mübarizədə onun əsas güvənc yeri mətbuat və mediyadır. İctimai nəzarət institunun ölüb getdiyini kim dərk etmir ki? Artıq bunu Prezident özü və bizim lap üzümüzə vurur. Özümüzə deyir. Və bu heç də o demək deyil ki, mətbuat gedənin arxasına, gələnin qarşısına döşəməlidir. Dövlətin əsas gözləntisi hər birimizin Azərbaycanın dövlət müstəqilliyinə verə biləcəyimiz faydadır. 2020-ci il növbədənkənar parlament seçkiləri ilə gəlir. Özünü millət vəkili görmək istəyən hər bir vətəndaş yeni parlament, yeniləşmiş parlament yaradacağına inanır. Hətta yaxşıca unudulmağa macal tapmamış köhnə millət vəkilləri belə. Prezident Azərbaycanın bir sıra televiziyalarına verdiyi müsahibədə həm də Parlament seçkiləri üçün əhəmiyyətli çağırış etdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bilirsiniz, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin. Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar.

Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir. Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər".

Prezidentin cavabı yığcam və dolu mətnə malikdir. Bir mühüm nüansı da qeyd edim. Dövlət başçısı əslində həm də siyasi opponentlərinə müraciət etmiş olur ki, seçkilərə qatılsınlar. Yəni burda həm də Yeni Azərbaycan Partiyasının sədrinin mövqeyi var. Gəlin yadımıza salaq. Adətən mitinqə qaragüruh necə dəvət edir: hər gələn özüylə bir nəfər dostunu tanışını qonşusunu da gətirsin. Əslində həmin məntiqlə də elə seçkilərə qatılmaq olardı. Hər kəs öz dostunu, tanışını, qonşusunu səsverməyə aparsın…deyə. Amma bu baş vermir. Əksinə. Qaragüruh seçkilərə getməməyə, deməli gələcəyin küçə və meydanlarına çıxmağa, əzələ nümayişinə çağırır. Deməli, hakimiyyətə iddiaçılar növbə, qayda yox, basabas, hərc-mərclik tərəfdarıdır! Yoxsa dişlərini qıcayaraq alınmış pozanın başqa mənası qalmır. Biz ilin yekunlarını xüsusi bir verilişdə şərh edəcəyik. O zaman 2019-cu ili daha detallı müzakirə etmək imkanımız olacaq. Amma elə indidən bir vacib nəticənin altından xətt çəkək. Bir sıra güclü və məkrli qüvvələrin yerli və xarici təzyiqinə baxmayaraq dövlət Qarabağı de yure olaraq bu il də Azərbaycanın tərkibində qoruyub saxlaya bildik. Nəinki qoruyub saxlaya bildi, hətta ərazi bütövlüyümüzün təmin olunması istiqamətində mühüm sənədlər toplusu əldə etməklə gələcək üçün etibarlı hüquqi bazamızı daha da zənginləşdirdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bilirsiniz, deyə bilərəm ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olubdur. Bunun da yeganə səbəbi odur ki, Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə, deyə bilərəm ki, danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.

Eyni zamanda, Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur. Biz hamımız yaxşı xatırlayırıq ki, Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq, danışıqları uzatmaq, yaxud da ki, öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.

Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar vermişlər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Hesab edirəm ki, bu, bizim diplomatik nailiyyətimizdir. Yəni, Ermənistan rəhbərliyinin cəhdləri və təklifləri qəbul edilmədi. Bunu təsdiqləyən həm də o amildir ki, mənim Ermənistanın baş naziri ilə görüşlərim olubdur. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşürlər, danışıqlar aparırlar. Sonuncu görüş bu ayın əvvəlində olmuşdur.

Digər tərəfdən, Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, bunu indi hər kəs eşidib, - Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni, bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır. Çünki Qarabağ nə müstəqil ölkədir, - bunu heç kim tanımır, heç bir ölkə tanımır, - və bayaq qeyd etdiyim məsələlər - böyük beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar və yekun bəyannamələr onu göstərir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Qarabağ Ermənistan deyil və bunu sübut etmək üçün heç səy göstərmək də lazım deyil.

Ona görə birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, - mən bunu canlı efirdə demişəm, - Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb. Biz hamımız yaxşı bilirik və bu gün dünya ictimaiyyəti də bizim apardığımız siyasət nəticəsində bilir ki, ermənilər Cənubi Qafqazda gəlmə millətdir, onlar çar Rusiyası tərəfindən XIX əsrdə Rusiya-İran müharibəsindən sonra bizim bölgəmizə köçürülüblər. Qafqaz Rusiya imperiyasının tərkib hissəsi olandan sonra bizim bölgədə xristian əhalinin sayını çoxaltmaq üçün Şərqi Anadoludan və İrandan kütləvi surətdə ermənilər Dağlıq Qarabağa köçürülmüşlər. Bunu təsdiqləyən çoxsaylı tarixi sənədlər, faktlar var. Bu, o qədər də uzaq tarix deyil. Yəni, ermənilər bizim tarixi torpaqlarımıza köçürülmüşlər, ona görə ki, burada xristian əhali çoxalmalı idi. Ona görə bu, bizim tarixi torpağımızdır və bunu indi bütün dünya bilir. Bu, birincisi.

İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.

Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır".

2020-cu il ərəfəsində biz İlham Əliyevdən ilk dəfə yol kimi danışmaq istərdik. Prezidentin kursu onun bir ölkənin rəhbəri mahiyyətini regional liderə, yeni dünya modelinin hazırlanmasının fəal iştirakçısına sürətli keçidini təmin etməklə, meydana İlham Əliyev Yolu kimi yeni istiqamət anlayışı qoydu. Bu yolun detalları barədə il ərzində çox danışmışıq. Amma bütün deyilənləri və yazılanları yuvarlaqlaşdırsaq, İlham Əliyevin Yolunun ümumi konturları bizə görə bunları əhatə edəcək:

Milli maraqlara istinadla regionun təhlükəsizlik və inkişafını təmin etmək və bununla da Azərbaycanın mənafelərinin müdafiə sistemi üçün ətrafı etibarlı, təhdid və təhlükə vəd etməyən tərəfdaş dövlətlərdən ibarət bufer zonası yaratmaq.

Müxtəlif dini təmayüllü qüvvələrin, konfessiyaların birgəyaşayışı, dominant ruhani istiqamətə, aborigen mənəvi meylə könüllü uyarlığını elmi cəhətdən əsaslandırmaqla və bununla da multikultural mühiti dövləətçilik ideologiyasının aparıcı bəndlərindən birinə çevirmək. Yeri gəlmişkən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin 70 illiyindən beynəlxalq üçün mükəmməl istifadə də bu xəttə işlədi.

Dünyada gedən proseslərə 4-cü sənaye transformasiyasının miqyaslı təsirini nəzərə almaqla yeni şərtlərin doğurduğu coğrafi-ciyasi mənzərədə millətin itməməsi üçün atılan innovativ addımlar.

Məhəlli düşüncə tərzini, müasir intellekt mərhələlərinə hazırlamaqla qlobal şüur daşıyıcılarıyla eyni fazanı və eyni fəzanı bölüşmək. Davos forumunun planet üçün müəyyənləşdirdiyi çağırış və standartların ucqar Qafqazda passionarı olmaq.

Yeni çağırışlara uyğun olaraq ölkəni dinamik inkişaf ritmində saxlamaq məqsədilə islahatların dövrilik sistemini vaxta yox, fakta bağlamaq.

Və nəhayət. Bütün bu müddəaları Azərbaycanın dövlət müstəqilliyinin qorunması tək bir nömrəli vəzifənin icrasına uğurla yönəltmək.

Əlbəttə bu bir təhlilçi olaraq mənin qənaətimdir. Yəqin ki, hər bir analitikin öz düşüncəsinə və analizinə uyğun olaraq gəldiyi qənaət var. İlham Əliyev yolu baza olaraq Heydər Əliyev yolunu uğurla qəbul edən, onu çoxcəhətli marşrutlara çıxaran, bir sıra yeni ünvanlara aparan İstiqamətvericinin yoludur. Bu yol hər bir sadə azərbaycanlının, hər bir vətəndaşın həyətindən, həyatından keçir. Ona görə də Prezident deyəndə ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır, onu çox asanlıqla başa düşürük. Əliyev Yolundan danışanda uğurlu yoldaş faktoru kimi biz mütləq Birinci vitse-prezident institunun bu il xüsusi çəki əxz etməsini qeyd etməliyik. Mehriban Əliyevanın siyasi-iqtisadi-mənəvi-mədəni-ruhani ilinin müxtəlif məqamlarına əhəmiyyətli təsiri, dövlətin adminsrativ simasına daha çox səmimiyyət qatması ciddi amillərdən biridir. Ölkənin ictimai-siyasi mühitinə ünsiyyətin insanlaşdırılması tək xarakter gətirən Birinci Xanım Birinci vitse-prezident postunun məzmununda xeyirxahlıq, alicənablıq kimi keyfiyyətləri oturuşdurdu. Heydər Əliyev Fondunun onun obrazına verdiyi ictimai əsaslarla xeyriyyə lideri imici Birinci vitse-prezident kimi göstərdiyi fəaliyyətin baza prinsiplərində möhkəmlənmiş irs səciyyəsi daşıyır. Adi insanların problemlərini Birinci xanım və Heydər Əliyev Fondunun rəhbəri kimi ilk ağızdan, birbaşa mənbədən öyrənmiş Mehriban Əliyeva məsələnin həllinə tam dəqiq və doğru baqajla, zəngin ehtiyat skladıyla başlayır. Ümumiyyətlə, Mehriban Əliyeva faktoru cəmiyyətin barış, mükalimə, dialoq, ünsiyyət, səmimiyyət, əl tutma kimi arzularının mükəmməl təcəssümüdür. Biz Mehriban Əliyevanın yerli və beynəlxalq sferada ən adi və ən ali görüşləri, həyata keçirdiyi layihələr, həll etdiyi miqyaslı məsələlər barədə, onların əhəmiyyəti haqqında bu gün xüsusi danışmayacağıq. Əlahiddə təhlil projemizdə bu da geniş müzakirə ediləcək. Sadəcə bir faktı qeyd etmək lazım gəlir ki, Birinci vitse-prezidentin proseslərə nüfuz etməsi ölkədə narazı və gileyli təbəqənin xeyli yumşalması və dövlətin simasında bir hayan, bir tutalğac, bir istinad divarı tapıldığına inam, beynəlxalq aləmdə isə Şərq Qadınının ən yüksək mərtəbədə həm öz dövləti, həm də dünya üçün nə qədər əhəmiyyətli olduğunun təsdiqi kimi mühüm bir təəssürat yaradır. Əslində islahatlar ovqatının, dəyişikliklər ab-havasının nəzərə ciddi çarpan bir sübutu da elə Birinci vitse-prezident institununun həyatımıza mehriban, həssas, amma qətiyyətlə nüfuz etməsidir. İslahat kriteriyalarına uyğun gəlməyənlər və ya uyğunlaşa bilməyənlərlə söhbət çox qısa olur. Biz keçmişdən gələcəyə sürətlə adaptasiya etməliyik. Keçmiş, təcrübə ifadəsinin özünə belə yeni yanaşma gərəkdir. Məsələn, qəribə səslənə bilər, amma bəzən təcrübə insana mane olur. Onun təcrübə hesab etdiyi bu gün inkişafa əngəl olan vərdişlər yığını, əslində çox pis bir baqaj da ola bilir. Bu baxımdan biz ASAN xidmət kimi tanınan müasir dünyanın bütün mütərəqqi üsullarının yığcam modelindən danışacağıq. ASAN Xidmət mərkəzindən danışacağıq. 7 ildir ki, içində yaşadığımız gələcəkdən. Onu da deyim ki, ASAN Xidmət mərkəzinin bu gün həm də yarandığı gündür. Doğrudur, Prezident İlham Əliyev ASAN xidmət mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini 2012-ci il iyul ayının 13-də yaradıb. Amma Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı 2012-ci ilin məhz bu günü baş verib. Dekabr ayının 29-da.

Beləliklə, ASAN-ın Hesabatını tamaşaçılarımıza təqdim edirik. Bütün yenilikləri və hesabatları REAL Televiziyasının efirində təqdim etməyi özünün xoş ənənəsinə çevirmiş ASAN-ın rəhbəri Ülvi Mehdiyevə həm də xüsusi minnətdarlığımızı bildiririk.

Məncə, diqqətli tamaşaçı təqdimatda şikayət bölümündəki son dərəcə kiçik rəqəmə fikir verdi. Bəli, şikayətlər həddən artıq azdır. Amma bir nüansı mən qeyd edim. Şikayətlərin içində bir dənə də olsun rüşvət, neqativ tələb yoxdur. Ona görə ki, ASAN-da belə anlayış yoxdur. Burada xidmət edirlər. Təmiz. Prezidentin fəxr etdiyi, dünyaya bir Azərbaycan brendi kimi çıxardığı ASAN-ı qorumaq hər bir vətəndaşın şərəf işidir. İlham Əliyev ASAN kimi DOST-un, dövlət operativ sosial təminat mərkəzlərinin də eynilə milli sərvət olacağına inanır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST-un Şüvəlanda açılmış ikinci mərkəzinə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə birlikdə baş çəkdik. ASAN-dakı kimi DOST-da da özümüzü öz evimizdəki kimi hiss etdik. Bütün bunlar Dördüncü sənaye transformasiyasının Azərbaycanlısı olduğumuzdan xəbər verir artıq. Sahil Babayevlə söhbət təkcə DOST qapısının bələdçisi timsalında olmadı. 2019-cu ilə həm də Əmək və Sosial müdafiə baxımından yekun vurduq.

DOST. Bu yaşadığımız yeni tarixin söz birləşmələridir. Və yalnız söz birləşməsi yox, həm də həyat tərzi. Yeni həyat tərzi. Yeni abreviatura. Azərbaycanda sabitliyin, yeni zamanın, rifah halının doğurduğu bir nəsil də var. Və mən indi elə onların diqqətinə başqa bir abreviaturanı səsləndirəcəm. SSRİ. Latın qrafikasına keçiddən sonrakı səsləşməylə isə belə deməliyik. Seseseri. DOST kimi o da dörd hərfdən ibarətdir. Amma o dörd hərfin arxasında bizim azad olmamağımızı şərtləndirən, dövlətimizin müstəqil olmadığını sübut edən o qədər keçmiş, o qədər tarix, o qədər hadisələr var ki. Və 29 dekabr həm də Azərbaycan xalqının Azərbaycan Respublikasının Sovet İttifaqının tərkibindən çıxmasına səs verdiyi gündür. Əslində bu böyük bir bayram, böyük bir tarixi hadisə olmalıydı. Amma bir məsələ var ki, o, həmin günün mübarəkliyini, legitimliyini qaranlıqlaşdırır. Məsələ burasındadır ki, dekabrın 25-də artıq Sovet İttifaqı ölkənin rəhbərinin istefası ilə öz həyatını rəsmən bitirmişdi. Azərbaycan isə bu referendumla olmayan SSRİ-nin və ya olmayan Seseserinin tərkibindən çıxmalıydı… Sadəcə statistika üçün. Ona görə də mən Sizi real bayramlar münasibətilə təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə. Həm də müstəqil Azərbaycan münasibətilə. Bayrağımız, himnimiz münasibətilə. Açılan hər azad səhər, düşən hər azad gecə münasibətilə.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər