Mir Şahinin vaxtı - VİDEO (22.12.2019)

Mir Şahinin vaxtı - VİDEO (22.12.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtıdır.

Həftə kifayət qədər maraqlı keçdi. Yəni biz maraqlı deyəndə həm siyasi, həm iqtisadi, o cümlədən təhlükəsizlik maraqlarını nəzərdə tuturuq. Amma məncə təhlil axşamına ilk növbədə iqtisadi və təhlükəsiz maraqlarımızı əhatə edən məsələlərin şərhi ilə başlayaq. Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2010-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədən. Buna qədər isə gəlin bir az əvvələ qayıdaq. Bakı Dövlət Univeristetinin 100 illik yubileyində Prezidentin çıxışının son hissəsinə. İlham Əliyev üzü Azərbaycanın gələcəyinə, dövlətimizin sabahına doğru danışırdı. Və doğru danışırdı.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin. 1920-ci ildən müstəqilliyi əldən verdik. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Ancaq bu, reallıqdır, indi hansı səbəbi istəyirsən gətir, xeyri yoxdur, getdi əldən müstəqillik. Nəyə görə gücümüz çatmadı? Onun da müxtəlif səbəbləri var, amma fakt odur ki, çatmadı. Ona görə bu acı tarix daim bizim gözümüzün önündə olmalıdır. Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik. Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir".

İlham Əliyevin çıxışlarını müntəzəm işləyən bir jurnalist kimi sizi əmin edirəm ki, Prezidentin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirə də liderin bitkin platformasındakı paraqraflardan növbətisinin izahı idi. Kənd təsərrüfatı sahəsindəki mövcud vəziyyəti, problemləri və nəticələri dərindən bilən Dövlət Başçısı həm də Ölkənin Bir Nömrəli Təsərrüfatçısı tək çıxış edirdi. Və məsələ heç də onda deyil ki, o çıxışında təsadüfən ölkə adlarını qarışdıraraq səhvə yol vermiş natiqə “Avstriyada da pambıq yetişdirilir?” sualı verə və bununla da nəinki, daxildə, həm də xaricdə paralel cərəyan edən mövsümi proseslər barədə məlumatlı olduğuna görə ən xırda xətanı belə gözdən qaçırmadığını nümayiş etdirə bilir. Baxmayaraq ki, bu özü də çox ciddi nüansdır. Amma məsələ burasındadır ki, biz bu müşavirədə Dövlət Başçısının ilk baxışdan bəlkə də adi görünə biləcək bir tədbirdə, kənd təsərrüfatının hansısa bir sahəsində görülən işlərə, pambıqçılıq mövsümünün yekunlarına aid olan toplantıda ölkənin iqtisadi təhlükəsizliyinin necə daha etibarlı etmək olar? sualına sadə vətəndaşın anlaya biləcəyi tərzdə verdiyi konkret cavabları görürdük. Bu toplantını mən həm də keçirildiyi vaxtla adlandıracağam. 19 dekabr müşavirəsi. Və düşünürəm ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən toplantı qədər, bu müşavirə də konseptual dəyərə malikdir. Prezident iqtisadi təhlükəsizliyin sərhədlərinin keçdiyi bütün əraziləri xırdalıqlarına qədər göstərdi. Bir zamanlar Azərbaycanın strateji məhsulu adlandırılan, “ağ qızıl” qiymətində qavranan bir məhsulun yalnız ona görə gözdən salınması ki, qalxması, dirçəlməsi Heydər Əliyevin rəhbərlik etdiyi dövrə düşürdü, bu gün reabilitasiya dövrünü yaşayır. Sovet təbliğatının İvanov-Qdlyan tandemini yəqin ki, yaşxı xatırlayanlar, ən azı unutmayanlar var. Azərbaycanda “ağ qızıl”ın qara üzü adı altında Qorbaçov propaqandasını yeridənlər Əliyevin vurulmasına məhz onun nailiyyət göstərdiyi sahələrdən başlamışdılar. Üzümlə də mübarizə Qorbaçovun Əliyevə elan etdiyi müharibənin tərkib hissəsi idi. Ağ Qızıl-ı qazancına qızıl teştə qusulmuş qan tək yanaşanlar isə ədəbi ehtiyaca yox, siyasi sifarişə əsaslanırdılar. Yenidənqurma adlandırılan dövrdə Azərbaycanın pambıq tarlalarını, üzüm plantasiyalarını demək olar ki ləğv etdilər. Qorbaçovun yerlərdəki canişinləri isə Moskvanın “oturduğun ağacı kökdən baltala!” əmrini müticəsinə yerinə yetirməkdəydilər. Bir sözlə Pambığı üzüqara çıxaran Kreml yengələri öz istəklərin nail oldular. Pambığın rəngi öz yerinə qayıdır. Və bu proses o qədər asan getmir. Elə keçən il, ayrı-ayrı rayonlarda adı az qala pambıq protestləri kimi hallanan bir sıra hallarda qəsdənlik rəyi yaradan hadisələr baş vermişdi. Hətta rəsmi qurumların bəzi təmsilçilərini belə aldatmağa müvəffəq olmuş sosial şəbəkə avantüristlərinin qarşısına çıxanlar da oldu. İzah edildi ki, uzun müddət tarlada istinin altında işləmək, üzdə topladıqca qucaq-qucaq pambığı, gümüş telli saçaq-saçaq pambığı təbəssümü yaşayaraq, Sevil Qazıyevanın əmək rəşadəti və əmək şəhadətini təkrarlamaq o qədər də asan deyil. Yadınızdadır da, təcrübəsiz pambıqçılarımızın gah bu, gah başqa bir ərazidə tez-tez zəhərlənmələri, şübhəli şəkildə səpmələri və sair vəil axır. Amma artıq hər şey geridə qalıb. Ötən illərin, xüsusilə 2018-ci ilin yayı təkcə Gəncədəki terror, Mingəçevirdəki qaranlıq qəza, Meşələrdəki müəmmalı zəncirvari yanğınlarla yox, həm də Pambıq Tarlalarından başlayan əcayib işçi narazılıqlarıyla tarixə qovuşdu. Bu gün qarşımızda şəffaf bir tarla mənzərəsi açılır. Prezident İlham Əliyevi dinləyək.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəyəm. Beləliklə, 2015-ci ildə, - o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, - 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir".

Həm də sadə əmək insanının qazandığı puldur. Ciddi məbləğdə pul. Bir az əvvəl dedik ki, Prezidentin çıxışlarında onun toxunduğu sahə və göstərdiyi bütün təşəbbüslərin son nəticədə bir-birilə üzvi bağlılığı görünür. Məsələn, buna qədər biz İlham Əliyevin Nazirlər Kabinetinin ilin müəyyən dövrələrinə verdiyi yekunlarda etdiyi çıxışlarda incə bir şəkildə dördüncü sənaye transformasiyasına Azərbaycanın necə hazırlanmasının komponentlərini görürük. İnnovasiyalar və robotların prioritetləşdiyi, süni intellektin Bəşərin Headlin neüsu-na, Baş xəbərinə çevrilməkdə olduğu zamanda kəndçini, torpaqçını pambığa təşviq etmək yeni üsullar tələb edir. Və bu üsul ilk növbədə qarşı tərəfə onun məşğul olduğu sahənin əhəmiyyətini, aktuallığını izah etməkdən keçir. 4-cü, ya on dördüncü sənaye transformasiyasının şərtlərinin necə olmasından asılı olmayaraq pambıqçı bilməlidir ki, o pambığı yığmalıdır və qazancı da tutaq ki, maya dəyərinin aşağı salınması istiqamətində gördüyü işlərin nəticəsində artmalıdır. Bu güm pambıq yığdığı maşın tutaq ki ona 2-ci sənaye inqilabı dövründən qalıb, sabah başqa bir maşınla daha çox və daha itkisiz pambıq yığmaq imkanı ola bilər. Amma hələ ki, pambığı robotlar yığmır, deməli isti də olacaq, ağzını-burnunu dərmandan qorunmaq üçün bağlamaq da lazım gələcək. Və bunu da ona görə etmək lazım gələcək dövlətin iqtisadi təhlükəsizliyi üçün onun yığdığı pambığın hər qramının öz əhəmiyyəti var və bəlkə də pambıqçı qadının pambıq yığarkən bu gün ağız-burnunu dərmandan qorumaqçün bağlaması, hansısa dini ekstremistlərin başqa vaxt, başqa məqsədlə onun ağız-burnunu bağlamaması üçün, yalnız bir cüt göz üçün deşik saxlamaması üçün edilir. Azərbaycanın iqtisadi təhlükəsizliyini sərhədləri bax elə bu sadə pambıqçıların pambıq tarlalarından arasındakı zonalardan da keçir. Dövlət hər şeyi ona görə edir, ən adi vətəndaşı da öz zəhmətindən ona görə asılı edir ki, başqalarının əlinə baxmasın. Elə buna görə də İlham Əliyev pambıqçılığa dövlət dəstəyinin zəruriliyini qeyd edir. Nəzərə alaq ki, pambığın yığılması son mərhələdir. Onun buna qədərki çoxlu layları var. Hər bir lay çətin təsərrüfat proseslərindən keçir. Əlbəttə 19 dekabr müşavirəsində ümumi əhbal-ruhiyyə, yəqin ki, əldə olunan nailiyyətlərin miqyasına görə, çox xoş idi. Amma gəlin bu nəticənin əldə olunma şəraitinə bir neçə aspektdən baxaq. Məsələn, Azərbaycanın keçmiş sovet respublikaları arasında öz su ehtiyatlarına görə yeri nəinki ön, hətta orta da deyil. Hətta son 3 yerdən biridir. Bayaq dediyimiz kimi, liderin uzaqmənzilli sosial-siyasi təfəkküründə su anbarları tikilməsi bir plan olaraq var və o, suvarma sisteminin mövcud təbii-coğrafi problemlərin əleyhinə olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Elə həmin müşavirədə baş vermiş maraqlı hadisəni xatırlayaq. Bu həm də bir nümunə kimi təqdim edirəm. Məsələn, qaldırılan problem yerində və peşəkar, məhz peşəkar, bayaq dedik ki, Prezident 1 nömrəli təsərrüfatçı idi 19 dekabr müşavirəsində, beləliklə peşəkar reaksiya, təcili yönləndirmə və bir detala belə əl yeri qoymayan həll variantı.

Buyurun. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qaldırdığı məsələ və Prezident İlham Əliyevin münasibəti.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov: “Möhtərəm cənab Prezident, çox vaxt almaq niyyətində deyiləm, amma pambıqçılıqla bağlı bir problemi çatdırmaq istəyirəm. Çünki bu gün buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Bilirsiniz ki, Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçən ilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.

Bunları deyib, bir daha qeyd edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas problemə keçmək istəyirəm. Çünki Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacibdir. Eyni zamanda, köhnə daşıyıcı su kanalları var. Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir, axmaz göllərdə qalır, ona görə çətinliyimiz var. Mən fürsətdən, yaratdığınız şəraitdən, imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq verəcəkdik. Saatlı 1981-ci ildə Ulu Öndərin rəhbərliyi dövründə ən yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50 min tonu tədarük edə bilərdik. Ona görə çox xahiş edərdim ki, saatlılıların bu müraciətini öz nəzarətinizdə, diqqətinizdə saxlayasınız, bizə kömək olunsun.

Mən vaxtınızı aldığıma görə dönə-dönə üzr istəyirəm. Təşəkkür edirəm".

Prezident İlham Əliyev: Yaxşı ki, bu məsələni qaldırdınız. Saatlı hazırda ən böyük pambıqçılıq rayonudur və 42 min ton pambıq tədarük edib. Sovet vaxtında Bərdə, Sabirabad birinci-ikinci yerləri bölüşürdü. Amma hazırda pambıqçılıq Saatlının əsas iqtisadi sahəsidir. Məşğulluğu təmin edən də məhz pambıqçılıqdır. Siz Saatlıda bu yaxınlarda işləməyə başlamısınız, əvvəl qonşu rayonda - Sabirabadda işləmisiniz. Yaxşı bilirsiniz ki, Saatlıda və o cümlədən Sabirabadda biz pambıqçılığa dövlət dəstəyi verənə qədər işsizliklə bağlı çox böyük problemlər var idi. Pambıqçılıq bu problemləri demək olar ki, aradan qaldırdı. Baxmayaraq ki, su ilə bağlı problemlər olub, amma yenə də hektardan 30 sentnerdən çox məhsul əldə edilib. Çox gözəl göstəricidir. O ki qaldı, Kür çayından yeni kanalın çəkilməsinə, indi Əhmədzadə məlumat versin bu məsələ nə yerdədir?

Əhməd Əhmədzadə: "Cənab Prezident, mən Nazim müəllimin dediklərini təsdiq edirəm ki, Saatlıda doğrudan da müvafiq problemlər var. Ümumiyyətlə, Muğan zonasında su problemləri var. Orada suyun təminatı iki sahədən gedir – Arazla, bir də Kür çayı ilə. Kür çayı ilə bağlı problem yoxdur. Amma Araz çayında su ilə bağlı bir az məhdudiyyət olur. Ona görə hamı istəyir ki, Kür çayından da böyük mənbə əldə etsin. Biz o məsələni öyrənmişik, Sizin yanınızda olanda mən bir balaca izah etmişdim. Siz dediniz ki, layihə hazırlayın, baxaq. Biz bu dəqiqə layihə hazırlayırıq. Suqovuşanda - Kür çayı ilə Araz çayının qovuşduğu yerdə nasos stansiya tikməklə 16 kilometr məsafəyə suyu nəql edərək, Saatlıya 20 kubmetr suyun verilməsi mümkündür. Hazırda layihə işlənir və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə o var.

İkinci problem Orta Muğan kanalı ilə bağlıdır, 50-60 ilin torpaq kanalıdır. O kanal özü də qumsal sahədən keçdiyi üçün süzülmə çox böyükdür. Mən Sizə keçən dəfə görüşdə dedim ki, biz o kanalları beton üzlüyə almasaq, itkilər çox olacaq. Həmin kanalla biz 27 kubmetr su verə bilirik. Amma əgər hər yerin suyunu bağlasaq, aşağıdakı təsərrüfatlara 5 kubmetrə yaxın su gedib çıxacaq. Deməli, 44 kilometr uzunluğunda kanalda itkilər çox böyükdür. Həmin o kanalda da bərpa işləri görmək lazımdır ki, beton üzlüyə alınsın. O da bizim verdiyimiz təkliflərin içərisində var".

Prezident İlham Əliyev: Bu 17 kilometr uzunluğunda kanalı çəkmək üçün nə qədər vaxt lazımdır? Layihə hazırdır, yoxsa, hələ hazır deyil?

Əhməd Əhmədzadə: Biz layihəni bu kvartal hazırlayıb verəcəyik. Vəsait ayrılsa, biz onu bir ildə də edə bilərik. Yəni, təxminən 50-55 milyon manat pul tutur.

Prezident İlham Əliyev: Onda layihə hazır olan kimi, bir də məruzə edin. İndi İqtisadiyyat Nazirliyinə də tapşırıq veriləcək ki, onlar bu layihəni təhlil etsinlər və investisiya proqramına salsınlar. O ki qaldı, digər kanallara, əfsuslar olsun ki, bizim kanalların böyük hissəsi torpaq kanallardır.

Əhməd Əhmədzadə: 75 faizi.

Prezident İlham Əliyev: "Əlbəttə, biz son vaxtlar onları beton üzlüyə almağa başladıq və görürük ki, bunun nə qədər böyük səmərəsi var. Birincisi, su ünvan başına çatır. İkincisi, bu torpaq kanallar o torpaqları da şoranlaşdırır və torpaq da sıradan çıxır. Ona görə mən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göstəriş vermişdim ki, bizim bütün su kanallarımız geniş təhlil edilsin və ardıcıllıqla biz beton kanallara keçməliyik. Baxmaq lazımdır, dünyada artıq bu sahədə də böyük inkişaf var, yeni texnologiyalar, yeni suvarma qaydaları mövcuddur. İndi hətta pivot da yeni texnologiya sayılmır. Kanalların çəkilişində ondan da qabaqcıl, mütərəqqi texnologiyalar, müasir yanaşmalar var. Ona görə buna mütləq fikir vermək lazımdır. Bizdə həddindən çox su itkiləri var. Onsuz da biz su sarıdan korluq çəkirik. Ancaq hələ bu, bir yana qalsın, itkilər də çoxdur. Əgər biz bu itkiləri əhəmiyyətli dərəcədə azalda bilsək, - bunun da yolları var, - onda daha böyük sahələri dayanıqlı su ilə təmin edəcəyik. İndi göllərdə də suyun səviyyəsi aşağı düşüb. Biz əgər vaxtilə Taxtakörpü su anbarını tikməsəydik, - bunu açıq deməliyik, - bu gün Bakı susuz qalacaqdı. Elədirmi"?

Əhməd Əhmədzadə: Bəli.

Prezident İlham Əliyev: Çünki Taxtakörpü su anbarı və su kanalı həyati əhəmiyyət daşıyan layihədir. Şəmkirçay su anbarı da həmçinin. İndi biz nə qədər böyük sahələri su ilə təmin etmişik.

Ona görə meliorativ tədbirlər son illərdə prioritet infrastruktur məsələlərinin sırasındadır və bir çox işlər görülüb. Deməli, biz gərək suyun səmərəli istifadəsi ilə bağlı tədbirlər planı tutaq. Torpaq kanalları beton üzlüyə almaq üçün təkliflər planı olmalıdır. Kiçik su anbarlarının yaradılması barədə təkliflər vermisiniz. Kənd Təsərrüfatı naziri ilə birlikdə o yerləri seçin və bütövlükdə ortamüddətli, uzunmüddətli meliorativ tədbirlər planı yenidən tərtib edilməlidir. Biz bu işlərə mütləq vəsait ayırarıq.

Eyni zamanda, bu müşavirədə icra başçıları da iştirak edirlər. Yəqin ki, hər bir rayonda buna oxşar problemlər var. Müşavirədən sonra siz də təkliflərinizi verin, həm Zeynal Nağdəliyev, həm Kənd Təsərrüfatı naziri, həm də “Meliorasiya və Su Təsərrüfatı” cəmiyyəti baxacaq. Biz bu təklifləri gələn ilin investisiya proqramına sala bilərik. Çünki gələn ilin investisiya proqramı tərtib olunur, ilin sonunda təsdiq ediləcək. Biz yanvardan artıq onun icrasına başlamalıyıq. Ona görə vaxt azdır, təklifləri verin, amma o təklifləri ki, onlar real nəticə verə biləcək layihələrdir.

Nazim İsmayılov: Çox sağ olun, cənab Prezident.

Buna müşavirədə müşavirə də demək olar. Prezident toplantının civarında daha kiçik dairə üçün lokal bir problemin həllinə dair operativ yığıncaq təşkil edir, məsələnin həlli üçün tam mexanizm hazırlayır, qalır icra. Yeri gəlmişkən, biz artıq neçənci dəfədir ki, Prezidentin bütün tapşırıqları birbaşa efirdə verdiyinin şahidi oluruq. Onun da şahidiyik ki, Əliyev verdiyi tapşırqların necə yerinə yetirildiyini də artıq birbaşa efirdə, hamının, daha doğrusu xalqın gözü qabağında yoxlayır. 19 dekabr müşavirəsinin bir mühüm mesajını da bu amilə istinadla şərh edək. Müşavirənin bütün mahiyyətindən sadə vətəndaş keçirdi. Əlbəttə, pambıq strateji məhsul olmalıdır, əvvəlii mənəvi və maddi qüdrətini qaytarmalıdır, necə ki, bunu edir. Amma İlham Əliyev bunu həm də sadə insanların, əlinin qabarıyla, dolanan, güzəran quran vətəndaşlarımızın qazanı, qazancı, xonçası və boxçası üçün edir. Dövlət vətəndaşın yanında olmalıdır hökmü həm də “Dövlət vətəndaşdır!” prinsipi kimi anlaşlmalıdır. Baxaq və qayıdaq studiyaya.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq".

İndi isə mən Prezidentin çıxışının davamını təqdim edirəm. İlham Əliyev burda maraqlı bir gediş edir. Bu parçada ilk baxışdan nə pambığa, nə də kənd təsərrüfatına aid olan mövzu var. Baxın.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil".

Mən niyə belə uzaqdan gəlirəm və Prezidentin çıxışını az qala abzas-abzas təhlil edirəm. Doğrudan da kifayət qədər anlaşıqlı, sadə tərzdə çatdırılmış bir fikrin belə təfsir formatına nə ehtiyac var? Amma var. Buyurun.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var? Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın".

Belə. Deməli Prezidentin 19 dekabr müşavirəsində əsas qayə post neft dövrünün, qeyti-neft sektorundan daxil olması gözlənilən böyük vəsaitdən bəlkə daha çox əhalinin nisbətən aztəminatlı təbəqəsinin maraqlarının təmin olunması üçün görülən işlər, verilən tapşırıqlardır. Burada bir məsələni də qeyd etmək istərdim. Toplantıda həm köhnə, həm yeni məmurlar iştirak edirdilər və onların Dövlət Başçısının iki çıxışı arasında paralel aparmaq və öz gələcəyinə yeni, islahatlar dövrünün durbinindən baxmaq imkanı var idi. İki çıxışdan birincisi təyinat qovluğu akarkən Bir Nömrəli kabinetdə verilən tapşırıqlar və tövsiyələrlə bağlıdır. İkinci çıxışda isə yeni məmur görür ki, Prezident ona hamının gözü qabağında söylədiklərini indi hökümət üzvəri qarşısında təkrar edir. Daha sərt və birmənalı şəkildə. Və bunu birbaşa efirdə edir. Xalqın hüzurunda. Bu yaxınlarda Yevlax və Xaçmaz rayonlarına yeni rəhbərlər təyin edən Prezidentin tövsiyə və tapşırıqlarını xatırlayaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.

Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır. Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın".

Bu çıxışı Prezident Yevlax və Xaçmaza təyin etdiyi yeni başçılarını belə demək olarsa xalqa təqdim edərkən söyləmişdi. Və burada da qırmızı bir xətlə sadə insanın, sadə vətəndaşın həyatının, rifahının altı cızılırdı. Prezident ağ köynək formatında prinsiplərini təqdim edərkən yeni səhifədən, təzə ağ səhifədən təmiz başlamağı təklif və tələb edir. Maraqlı burasıdır ki, elə 19 dekabr müşavirəsinin ab-havasının içində Yevlaxın bu yaxınlarda işdən azad edilmiş Başçısı Dövlət Təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyatın gedişində saxlandı. Və bu o sabiq başçı idi ki, bu saat sosial şəbəkələrdə geniş yayımlanan “Allah Sizi Başımızn üstüdən əskik etməsin, Cənab Prezidnet!” xitabının müəllifidir. Görünür Allah tala onun duasını eşidib və başının üstündə olan Prezidentin gözü elə kabinetdə hər şeyi görüb. Ağstafanın başçısı isə öz kabinetində iş başında, daha doğrusu günah üstündə yaxalanıb.

Beləliklə, 19 dekabr müşavirəsi və onun materiallarını müşayiət edən əməliyyat şəraiti hər kəsə özünəməxsus siqnal oldu. Əvvəla, Prezident nümayiş etdirdi ki, ondan ötrü sadə vətəndaşın marağı prioritetdir. Yəni belə demək olarsa sadə insanın haqqına girənlər ən azı yetim malı yeyənlər kimi qəbul ediləcək və belə iki sevda çəkənlərin cəzası var. Niyə iki sevda. Ona görə ki, bir çox məmurların ikinci sevdası olan qara mühasibatı dövlətdə arxa cib saxlayanlarla birgə ləğv edilir. İkincisi, Prezident başa salır ki, məmur dövlətlə vətəndaş arasına haramçılıqla girməməlidir. Görünür islahat dilini anlamaq üçün xüsusi kurslara ehtiyac var. İlham Əliyevin hər bir rayon rəhbərini öz kabinetində qəbul edəkən yeni səlahiyyətlini həm də yeni məsuliyyətli kimi də qəbul edir və ona anladır ki, xalq qarşısında sözün həm birbaşa, həm də məcazi mənasında məsuıliyyət daşıyırsan! Buna qədər nə baş verirdi? Gəlin xatırlayaq. Prezident bir sıra rayonlara çıxdı. Əhalinin ayrı-ayrı və xüsusilə də kasıb təbəqəsilə görüşdü. Onları yerində dinlədi. Onlardan məktubları şəxsən öz əlləri ilə qəbul etdi. Sonra keçirdiyi bütün müşavirələrdə uyğun tapşırıqlar və tövsiyələr Verdi. Amma daha produktiv və sırf sadə insanın maraqlarının tələb etdiyi səviyyəyə nail olmaq üçün yalnız baş naziri və digər rəhbər şəxsləri işdən almaqla kifayətlənmədi. Məhz islahat atmosferinin tərkib hissəsi olaraq başçıları şəxsən qəbul etdi, onları birbaşa yayımda xalqa təqdim etdi və bu həm də hər iki tərəfə həm başçılara, həm də xidmət ediləcək tərəfə əhaliyə, xalqa açıq mesaj idi ki, mən və bu məmur arasında 3-cü şəxs yoxdur. Bu həm də yeni başçıya gələcəkdə hansısa 3-cü, 4-cü məmurun qarşısında özünü xəcalətli və ya borclu hesab etmək, buna görə də kiminsə boğazını yaşlamaq kimi neqativ əməllərdən uzaq olmaq tapşırığı idi. Başçı birbaşa Prezidentdən tapşırıq alır və onu yerinə yetirir. Təbii ki, belə olan halda məsuliyyətin çəkisi də, səlahiyyətin miqyası da dəyişir.

Prezidentin xalqın gözü qabağında qəbul etdiyi daha bir məmur Azərenerji Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayev oldu. Qəbuldan əvvəl ötən ilin iyul ayının ilk 3 gününü xatırlayaq. Bu qaranlıq və qara günlər Azərbaycanı sanki öz gözü ilə sınağa çəkdi. "Azərbaycan" istilik elektrik stansiyasında baş vermiş qəza nəticəsində ölkənin büyün enerji sistemi çökdü. Regionun lider dövlətinin belə bir acınacaqlı aqibətə düşməsi Prezident üçün şok idi. Birdən birə üzə çıxdı ki, ölkənin ən güclü hissəsi, görən gözü olmalı bir sahə əslində tükdən asılı vəziyyətdə olub. Prezident həm özü, həm də hökumət üzvlərini faktiki olaraq fövqəladə vəziyyət rejimində çalışdırdı. Operativ müdaxilə, geniş müayinə və vəziyyətin sürətlə sağlamlaşdırılmanın Əliyev düsturu işə düşdü. Hadisədən bir il və bir neçə ay keçib… Prezidentin Azərenerji rəhbərini qəbul etdiyi əhval-ruhiyyədə hər şey var. Qərarın dürüstlüynə olan inam, nəticələrin miqyası və etibarlılıq üçün verdiyi zəmin, təbii ki, ən əsası, vətəndaşın rahat, işıqlı günləri. Etimad və etibar dolu işıqlı günləri. Prezident Baba Rzayevdən Mingəçevirdəki vəziyyəti soruşmaqla kifayətlənmədi. Söhbət ümumilikdə ölkənin işıq təsərrüfatını əhatə etdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir. Sentyabr ayında mənim iştirakımla stansiyanın açılışı olmuşdur. Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir. Artıq bir neçə ay keçibdir, stansiyanın fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz"?

Baba Rzayev: "Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin birbaşa tapşırığınız əsasında biz bu stansiyanı işə salmaq üçün böyük bir qrup yaratdıq. Biz analizlər apardıq və bu il sentyabrın 5-də Sizin iştirakınızla 400 meqavatlıq bu istilik elektrik stansiyasını işə saldıq. Qeyd etdiyiniz kimi, bu, Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır. Yəni, çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir".

Prezident İlham Əliyev: Hazırda stansiya hansı səviyyədə işləyir, tam gücü nə qədərdir?

Baba Rzayev: Tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik, hazırda 380 meqavatla işləyir.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, bizim enerji potensialımızı böyük dərəcədə gücləndirir və artan tələbatı da təmin edəcəkdir. Eyni zamanda, ilin əvvəlində sizə göstəriş vermişdim ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işləri təmin edilsin, 8 blokdan 5-də yenidənqurma işləri aparılmalı və tamamlanmalı idi. Bu sahədə vəziyyət necədir?

Baba Rzayev: "Cənab Prezident, beş blokda yenidənqurma işləri artıq başa çatıb. Bundan başqa, məruzə etdiyim kimi, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.

Cənab Prezident, mən Sizə məruzə etmək istəyirəm ki, Ulu Öndər bu stansiyanın təməlini qoydu. Çox çətinliklə də olsa, sovetlər birliyindən bu layihəni alıb Azərbaycanda yerləşdirməyə nail oldu. Siz də bu stansiyaya ikinci həyat verdiniz. Bu, Mingəçevir camaatında həqiqətən çox böyük ruh yüksəkliyi yaradıb. “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında 1600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq".

Prezident İlham Əliyev: "Elədir. Amma əfsuslar olsun ki, əvvəlki dövrlərdə stansiya öz potensialını böyük dərəcədə itirmişdi. Ona görə mən “Azərenerji”nin yeni rəhbərliyi qarşısında vəzifə qoymuşdum ki, itirilmiş güclər bərpa edilsin. O vaxt belə hesablanmışdı ki, ən azı 300 meqavat elektrik enerjisi potensialı bərpa edilməlidir. Bu istiqamətdə hansı addımlar atılıb və gələn il hansı işlər gözlənilir"?

Baba Rzayev: Cənab Prezident, artıq 200 meqavatı bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.

Prezident İlham Əliyev: Yəni, qalan 3 blok da təmir olunacaq?

Baba Rzayev: Bəli, tamamilə. Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq.

Prezident İlham Əliyev: "Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox"?

Baba Rzayev: Cənab Prezident, məruzə edim ki, bu iş artıq 100 faiz başa çatıb. Artıq mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb.

Prezident İlham Əliyev: "Çox yaxşı. Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox"?

Baba Rzayev: "Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub".

Prezident İlham Əliyev: Yəni, gələn il işlərə başlaya bilərik?

Baba Rzayev: Bəli, gələn il işlərə başlaya biləcəyik.

Prezident İlham Əliyev: "Çox yaxşı, buna ehtiyac var. Çünki bizim indi generasiya gücümüz daxili tələbatdan daha böyük həcmdə istehsal olunur. Bu da təbiidir. Çünki həmişə bizdə ehtiyat olmalıdır və eyni zamanda, yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir. İxrac da olmalıdır, daxili tələbat da təmin edilməlidir. Ancaq biz hamımız onu da bilməliyik ki, daxili tələbat artır və artacaq. İlk növbədə, artan əhali təbii ki, yeni güclərin işə salınmasını diktə edir, digər tərəfdən, ölkəmizə gələn xarici qonaqlar, onların sayı artıq bu il 3 milyonu keçibdir və təbii ki, bu xidmət sektorunda mövcud olan enerji potensialı daha da artmalıdır və əlbəttə ki, əsas məsələ artan sənayedir. Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir".

İndi isə diqqətinizi Mingəçevirdən, Azərbaycan İstilik Elektrik Stansiyasına yönəldək. Prezident İlham Əliyevin Azərenerji-nin rəhbərini qəbul etməsindən dərhal sonra Mingəçevirə getdik. 2018-ci ilin qaranlıq və tərli, bürkü və təngnəfəs, əsəbi və təghlükəli təəssüratlarını dəyişmək üçün əla fürsət yaranmışdı. Təəssüratlarımı təqdim etməzdən qabaq bir ştrixi yadınıza salmaq istərdim. Öz başıma gəlib. Deməli, ötən il, iyul ayının 5-də Mingəçevirdə, qəza rayonuna ezam olunmuşdum. Ağır, yanıq iyli bir gün idi. Hər dəqiqə hardasa nəsə baş verirdi. İşıq yandı, söndü, sizdə yanır, bizdə də söndü tipli, gərgin müxtəsər cümlələr qulaqlarımdadı. Bir gün səhərdən axşama qədər işlədik. Əvvəl çox istərdim ki, o günləri yadımıza salaq. Beləliklə, iyulun 5-i 2018-ci il. Mingəçevir. Azərbaycan istilik elektrik stansiyasındayıq.

Bakıya qayıdanda artıq Prezidentin sərt müşavirəsi olmuşdu. Yol xəritəsi təklif edilmişdi. Amma mənim yadımdan çıxmır. Evə qayıdanda hər yerdə işıqları söndürdüm ki, Mingəçevirə güc düşməsin. Elə belə də dedim. Mingəçevirə güc düşməsin. İndi isə güc düşməsindən qətiyyən çəkinmədiyim, gözlərimizin ən etibarlı kolleqası haqqında yeni təsəvvürləmə və təəssüratlarıma qonaq olun.

İndi isə Ukrayna Prezidenti Zelenskinin bu həftə Bakıya səfəri zamanı dediyi bir fikri xatırlatmaq istərdim.

Mən istərdim ki, Ukrayna Azərbaycan kimi olsun.

Görəsən niyə belə deyir Ukraynanın rəhbəri və bugünkü dünyanın yeni şərtlərinin yetirdiyi Prezident tipajının parlaq daşıyıcısı. Rusiya Prezidenti Vladimir Putindən sonra ikinci görüşünə- İlham Əliyevlə görüşə Bakıya gələn Zelenski niyə bugünkü Ukraynanın məhz bugünkü Azərbaycan kimi olmasını arzulayır? Ukrayna Prezidenti. Demokratiyanın nübarı Zelenski Azərbaycana özünün gələcəyi kimi baxırsa, daha doğrusu Ukraynanın gələcəyinin məhz Azərbaycan kimi olmasını istəyirsə, niyə yerli qaragüruhumuz bu günkü Azərbaycanı, yəni Ukraynanın gələcəyini bugünkü Ukrayna və ya Azərbaycanın keçmişi kimi, 92-93-cü illərdə olduğu tək görmək istəyir?

Bu sualla hər birimiz baş-başa qalaq və düşünək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər