Mir Şahinin vaxtı - VİDEO (15.12.2019)

Mir Şahinin vaxtı - VİDEO (15.12.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin Vaxtıdır.

Dünyada çox mürəkkəb bir geosiyasi vəziyyət yaranmaqdadır. Yeni çoxgedişli kombinasiyalar, bu və ya başqa ölkənin daxili işlərinə “guya demokratiya gətirirlər!” adı ilə qarışan dövlətlər yeni dövrün bu növ təcavüz, işğal, intervensiya aktlarına “demokratiya” qılafı geyindirirlər. Ən qəribəsi də budur ki, bunu edən, demokratiya, azadlıq carçısı donu geyən dövlətlər özləri qlobal miqyasda diktatorlar kimi davranırlar. Bir ovuc beynəlxalq diktator onların qaydalarını yox, beynəlxalq hüququ və beynəlxalq qanunları seçən dövlətlərə qarşı öz iradələrini qoyur, planet monopolistləri rolunda çıxış edirlər.

Bu həftə Amerika Birləşmiş Ştatlarının Senatı 1915-ci ildə ermənilərlə bağlı baş vermiş bir hadisəni soyqırım kimi tanıyaraq Trampın masasına göndərdi. Türkiyənin soyuqqanlılıqla qarşıladığı addım onu nümayiş etdirir ki, Trampın imza atıb-atmamasından asılı olmayaraq Ankara öz yoluna davam edəcək və bu addım olsa-olsa türkləri bir qədər də gücləndirəcək, birləşdirəcək və daha mütəşəkkil edəcək. Rusiya ilə münasibətlərini beynəlxalq müstəvidə milli və dövləti maraqlarına uyğun olaraq inkişaf etdirən, regionda söz sahibi kimi daha mötəbər kafedralardan səslənən Ərdoğan Türkiyəsi dünya siyasətinə özünəməxsusluq gətirməkdədir. İndi Türkiyənin siyasi xəttini iki sözlə ifadə etmək olar. İnam və İman. Bax elə buna görə də hər hansı sanksiyalar, “soyqırım” oyunları Türkiyənin siyasətini əsla dəyişmir. Senatda “Soyqırımı” və ya soyquramanı tanımaqla Türkiyəni əslində şantaj etmək cəhdi, Ankaranı ermənilərdən üzr istəməyə məcbur etmək və onlara fantastik məbləğdə kompensasiya ödətdirmək kimi xroniki şəkil almış arzu bu dəfə də heç nəyi dəyişməyəcək.

Amma fakt faktlığında qalır. NATO-nun iki möhtəşəm qüvvəsi-Amerika Birləşmiş Ştatları və Türkiyə arasında istənilən riskli vəziyyət regiona, o cümlədən bizə mürəkkəb ab-hava vəd edir. Regional siyasətin daha bir həssas nahiyəsi olan İran İslam Respublikasında bu yaxınlarda sosial zəmində baş qaldırmış gərginlik deyəsən növbəti dəfə aradan qalxıb. Amma kifayət qədər qapalı olan bu ölkədə baş verənlər haqqında detallı məlumat çox olmadığından yalnız sabitlik və əmin-amanlıq arzularımız ola bilər. Qonşu dövlət ətrafında kaş ki, xoşagəlməzlik baş verməsin. Çünki qonşu dövlətin ətrafı həm də bizik. Azərbaycan. Rusiya Federasiyası ilə Azərbaycan arasında xüsusi yaxınlaşma baş verir. Noyabr və dekabrı Rusiya və Azəbaycan təbiəti üçün xarakterik olmayan tərzdə isti, ilıq və mülayim oldu. Təbii ki, bu səmimi, dost dövlətlər arasında münasibətlərin daha da mehriban olmasında Birinci vitse-prezident Mehriban Əliyevanın Moskvaya ilk rəsmi səfərinin xüsusi təsiri oldu. Baxmayaraq ki, Rusiyada heç də hamı Azərbaycanla belə etibarlı əməkdaşlıqda maraqlı deyil. Müəyyən qüvvələr həmişə olduğu kimi yenə də var ki, ənənəvi dost-qardaş xalqları, dövlətləri üz-üzə qoymaq, suyu lilləndirmək istəyir. Bəziləri hətta özlərini belə bir xitaba da kökləyib gözləyir ki, sabah Azərbaycana kimsə belə deyə bilər: “Suyu niyə lilləndirirsən!”. Və məhz indi, Bakı-Moskva əlaqələrinin, nəzərə alsaq ki, ortada hələ bir Ərdoğan-Putin qardaşlaşması faktı da var, deməli, Bakı-Moskva-Ankara münasibətlərinin istiləşməsi fonunda bunun edilməsi təsadüfə əsla bənzəmir. Rusiyada da, Azərbaycanda da bu yaxınlığı arzulamayanlar var və onlar görəndə ki, Krılovun “Qurd və quzu”sundan “Ayı və Quzu” formatı düzəldə bilmirlər, o zaman özləri krılovluq iddiasına düşürlər. Rusiyanı etibarlı canişin kimi təmsil etmək arzusu alınmayanda, Krılovçuluq-təmsilçiliyin karikaturasına uğrayırlar.

Azərbaycanda Nar biznesi ilə məşhur olan, bizim daha çox arvadıyla boşanma qalmaqalına görə xüsusi tanınan Fərhad Əhmədov birdən qərara alıb ki, və ya onunçün qərara gəliblər ki, siyasətlə də məşğul olsun. Beləliklə milyarder Əhmədov Azərbaycan müxalifəti üçün Yol xəritəsi cızır və onu sosial şəbəkədə, öz səhifəsində yayır. Bununla da bir sıra Kütləvi İnformasiya Vasitələri Əhmədovun tezislərini paylaşır.

Qaragüruhun yürütdüyü sərt müxalifət kurs hansı prinsiplər üzərində qurulub?

Qısaca, Fərhad Əhmədov haqqında. Əvvəla onu deyim ki, milyarderin təklif etdiyi “Yol xəritəsi” eksklüziv deyil. Yəni o sənədi Əhmədov gördüyünüz bax bu sənədin- bazasında hazırlayıb. Rusiya müxalifətinə məxsus olan “Novaya qazeta”da dərc olunmuş “Rusiya müxalifətinin yol xəritəsi” Bütün müxalifət qüvvələrinin birləşməsi üçün zəmin nə ola bilər?!” adlanan bu sənəddə bütöv paraqraflar var ki, xüsusilə Mərkəzi Seçki Komissiyasının, seçki dairələri və məntəqələrinin yenidən təşkili və s. barədə yazılanlar azca üslub dəyişikliyinə uğradılaraq təqdim olunur. Əslində Rusiyada, ciddi dairələrdə bir o qədər tanınmayan, öz məhsullarının reklamını Azərbaycanda bir aşıq xanımın cibinə iki min manat qoymaqla həyata keçirən bu adamın obrazı kimisə çaşdırmasın. Heç bir rəsmi dairədə ciddiyə alınmayan Fərhad Əhmədov Rusiyanın çox saylı adi zənginlərindən biridir. Belələrinin içində ömrünü çox pis, hətta vanna otağında kimsəsiz cansız bitirənlər də çox olub. Fərhaddı da. Növbəti nar giləsi. Və bu dəfə də hazırlanan çernovikdə bir nüans nəzərə alınmır, Moskva-Bakı münasibətlərinin qarşılıqlı etimad və etibara əsaslanan, beynəlxalq maraqların müştərəkləşdirdiyi tərzdə davam etməsi. Qarşıda Rusiya-Azərbaycan liderlərinin növbəti görüşü də olacaq və tərəflər bir-birinin əlini məmnuniyyətlə sıxacaq. Həm də ona görə ki, Azərbaycan gəmisinin sükanı arxasında İlham Əliyevdir. Bu isə həm də o deməkdir ki, sükanın arxasında həm də Heydər Əliyevdir. Azərbaycanın tarixində ilk dəfə olaraq tanker və gəmi-bərə inşa edildi. İlham Əliyev Bakı Gəmiqayırma Zavodunda inşa olunmuş tankerin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak etdi:

“Azərbaycan Xəzər Dənizgəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dənizgəmiçiliyinin sədri Rauf Vəliyevlə söhbətdə ölkəmizin təkcə sənaye, istehsal tarixi üçün deyil, ümumiyyətlə müstəqillik dəyərləri baxımından olduqca mühüm nailiyyət ətrafında geniş danışacağıq.

İndi isə Azərbaycanın gözlədiyi, və ya Azərbaycanı gözləyən seçkilər prosesi, habelə seçki atmosferini müşayiət edən yedək problemlərdən bəhs edək. Bələdiyyə və Parlament seçkiləri ərəfəsində müxtəlif proseslər də baş verir ki, onlardan yan keçə bilmirik. Məsələn, etiraf edək ki, sosial şəbəkə fəallarının qeyri-ciddiləşdirdiyi mühit vətəndaş seçiminin mürəkkəb olacağını vəd edir. Facebook layklarıyla qutuya atılacaq bülletenlərini eyniləşdirən şəbəkəpərvərlərin özünə yalançı vurğunluğu bu seçki şəraitinin ən aktual qayğısı olacaq. Təsəvvür edin, öz səhifəsinə öz mediya tribunası tək yanaşan, məsələn mənim hansısa deputatdan nəyim əskikdir deyə özünü seçkidə sınayan o qədər boşboğaz tapılıb ki. Adlarını çəkib vaxtı almaq istəmirəm. Prezidentin islahatlar kursu və vətəndaş cəmiyyətinin yeni çağırışlara uyğun olaraq formalaşması tələbi bəzən bəsit şəkildə anlaşılır. Əslində, indi daha ciddi düşünmək, 4-cü sənaye transformasiyasının tələblərinə uyğun olaraq millət vəkili seçmək, seçilmək lazımdır. Prezidentin bütün istiqamətlər üzrə gəncləşdirmək çağırışı uşaq-muşaqları da fəallaşdırıb. Təbii ki, bu yolverilməzdir. Həm də İlham Əliyev gənclərin yaşlılarla müdrik tandemini təklif və tələb edir. Növbədənkənar seçkilər hər kəsi qəfil yaxalayıb. Məlum oldu ki, hamının etiraf etdiyi namizəd ya yoxdu, ya da var, amma biz tanımırıq. Təkrar təkrar parlamentə düşən şəxslərin timsalında elə mənzərə formalaşıb ki, elə bil biz hər dəfə olduğu kimi bu dəfə də eyni, ya da əksər halda eyni adamları Məclisdə görməliymişik. Yeni parlamentə düşmək istəyənlər köhnə parlamentin buraxılma səbəblərini unutmamalıdır, xatırlamalıdır. Hansısa layihəyə başlamaq eşqinə düşənlər yadlarına salmalıdırlar ki, dövlət imtahanlarını verərkən özlərini necə aparıblar, vətənini yoxsa ailə-uşaq radiusunu, dost-tanış nə deyər həndəvərini qoruyublar. Bu Milli Məclisin üzərinə tam başqa məsuliyyət düşür. Dördüncü sənaye transformasiyasının standartlarına cavab vermək. Onun şərtlərini qəbul etmək. Prezidentin yeni dövlətçilik fəlsəfəsini avramaq. Keçmişdən gələcəyə yox, gələcəyin bizə yaxın hissəsindən daha uzaq hissəsinə uyğunlaşmaq. Bu mövzunu da dartışacağımız qonaq olacaq.

Vüsal Qasımlıyla yəqin ki, milli təfəkkürümüzün bir o qədər də adət etmədiyi sosial-iqtisadi damda gəzişəcəyik. Təəssüf ki, ölkədə fəaliyyət göstərən siyasi opponentlik institutu ciddi tənəzzülə uğrayıb. Məsələn, Müsavat, Real və ya AXCP-nin təmsilçiləri bizim kanalda onlara veriləcək suallara cavab verməyəcəklərini elan edirlər, hətta bunu böyük bir fəxrlə paylaşırlar.

Bizi REAL dəvət etdi və getmədik.

Yaxud siz necə baxardınız, mən REAL-da çıxış edib hansısa müxalifət partiyasının rəhbəri haqqında danışım, bu mümkün olan şey deyil. Sitatın, sitatların sonu. Siyasətçinin sonu da demək olardı. Ona görə ki, siyasətlə məşğul olan kəs ona təklif edilən tribunadan istifadə etməlidir. Sən avtobusa minirsən, marşrutunu bilirsən, səni sürücünün kimliyi, xasiyyəti, sənə münasibəti maraqlı olmamalıdır. Sən o sürücünü heç tanımalı da deyilsən. REAL Təhlil və informasiya Mərkəzi bir məlumat, xəbər fabrikidir. Bunu qəbul etməyə borclusan. Müxalifət təmsilçisi, lap elə canı cəhənnəmə, qaragüruh nümayəndəsi efirə dəvət edilir, amma çıxmır, danışmır, sonra da Azərbaycanda söz və mətbuat azadlığının olmadığı barədə düşük-dəmşək, qeyri-ciddi bəyanatlar verir. Öz aləmində bizə, əslində isə özünə süni oyundankənar vəziyyət yaradır. Bu halda hüquqda saç-saqqal ağarmış Aslan İsmayılovla bığ yeri təzəcə tərləyən Cəmil Həsənli arasında heç bir fərq yoxdur. Seçki ərəfəsi Azərbaycanda müxtəlif nöqtələrdən vulkan üfürmək cəhdləri olur. Onlar da ən yaxşı halda palçıq vulkanından uzağa getmir. Gah uşaq pulu ətrafında müzakirələr açırlar, gah hüquqi müdafiəçisi Oqtay Gülalıyevin başına gələn hadisə əyrafında şou yaradırlar. Səbəb isə birdir. Dövlətin onsuz da yürütdüyü sosial kursun nəticələrinə özünü zorla şərik etmək. Məsələn, biz təzyiq etdik bu oldu. Termik problemi belə sosiala çevirmək, ətrafında rəqs etmək və sonra da dövlətdən şabaş istəmək. Evrohome-da baş verən yanğının zərərçəkənlərini də məhz bu səmtə yönləntdirənlər var.

Bəli yanğın baş verib. Bəli insanlar ciddi ziyana düşüblər. Bu gün bütün Kütləvi İnformasiya Vasitələrində, hər kəsin dilinin ucunda, beyninin içində sığortanın həyati əhəmiyyəti prioritet təşkil etməlidir. Artıq neçənci dəfədir ki. başa gələn oxşar bəlalardan sonra yenə də sığorta mədəniyyəti aşılanmır. Sahibkarlar dövlətlə sığorta dilində danışmaq istəmirlər. Ona görə ki, adi, sıravi gündə sığorta haqqı ödəməkdən boyun qaçıranlar, nəyimə lazımdı e boşuna pul verim deyə beş-on manat pulunu qoruyanlar fəlakətə düçar olanda dərhal dövlətdən xərax tələb edir.

20 milyon ver, Prezidentimiz gəlsin. Gəlsin bəyə xələt versin. Niyə? Buna qədər baş vermiş hadisələr zamanı dövlət qarışdı və kömək etdi. Amma həm də sığorta zərurətiylə bağlı danışıldı. Bildirildi ki, sığorta edilməlidir. Dəyən ziyanı da sığorta şirkəti ödəməlidir. Fransanın o boyda Noter Dam kilsəsi yandı. Kim təmir etdi. Məncə, xüsusilə seçki ərəfəsi həssas dövrdə vətəndaş öz ağrıyan başının dəsmalını dövlətin başına bağlamamalı, əksinə dövlətə yardım göstərməlidir. Çünki ağıllı iqtisadçılarda bir söz var. Dövlət ağac və divar deyil, büdcədir. Vətəndaş büdcəni həm yaratmalı, həm dıə qorumalıdır və ya vətəndaş büdcəni yaratdığını dərk etməli və onu müdafiə etməyi də məhz borc olaraq anlamalıdır. Ayağı burda başı ayrı yerdə və ya başı burda ayağı ayrı yerdə olanlar var ki, Azərbaycanda xalq hərəkatı təşkil etmək, insanların sərbəst toplaşmaq haqqını xiyabanlar boyda görmək istəyir. Buna ehtiyac yoxdur məncə. İldə bir neçə dəfə biz xalq hərəkətinin və ya xalq hərəkatının şahidi oluruq. Sonuncu belə hərəkat dekabrın 11-dən başladı, 12-də özünün zirvə saatına çatdı. Biz Heydər Əliyev yoluyla getdik. Heydər Əliyevə doğru getdik. Və doğru, düz olaraq getdik. Heydər Əliyevin qurub bizə verdiyi dövləti canımız, ruhumuz bahasına qoruyacağımızla bağlı imzaladığımız əbədi əqdi daha bir il təzələdik.

Bu gün Azərbaycanda milli-dövləti ideologiya yenidən tərtib edilir. Bu ideyanın bazası şübhəsiz Heydər Əliyevin azərbaycançılıq təlimi üzərində qurulmalıdır. Ona görə ki, qalan bütün başqa təlimlər ya yarımçıq qalıb, ya da əvvəldən yanlış olub.

Prezidentin Bakı Dövət Universitetindəki konseptual çıxışını xatırlayaq. O Azəbaycanın Bayraqdar Elm ocağının başında ciddi mesajlar vermişdi. Bu çıxışdan sonra ölkənin bütün tarixçiləri, alimləri, öyrəndikləri dövrlərdən asılı olmayaraq meydana çıxmalı, Ən Yeni Tariximizin bütün mühüm hadisələrini xalqa xırdalığınadək izah etməliydilər. Amma bu baş vermədi. Baş vermir hələ ki. Yeniyetmə və gənclərimiz Azərbaycanın necə qurulduğunu, hansı fəlaktlərdən keçdiyini, Heydər Əliyevin xilaskar missiyasının poetik yox, realist izahını eşitməlidir. Vikipediyanın asangiriş xüsusiyyəti, dövlətin, xalqın ən qatı düşmənlərini, satqınları belə qəhrəman kimi təqdim etmək imkanı Azərbaycanın Baş Ensiklopediyasını tərtib edənləri düşündürməlidir.

Bizim vikipediya bizim ensiklopediyamız olmalıdır. Və ya vikipediyanın bazası məhz ensiklopediya olmalıdır. Bilirəm, yenə də hər kəs öz fərdi tərcümeyi-halını yazacaq. Amma heç olmasa ciddi bir mənbə alternativlik edəcək. Şuşanı verən xain öz adını tarixə şanlı kimi sırımayacaq. Və ya 1990-cı ildə 19-yanvardan 20-nə keçən gecə Bakını necə tərk etdiyini xatırlamayan birisi özünü tarixə Azərbaycanın görkəmli dövlət xadimi kimi soxuşdurmayacaq. Ona görə də gələn verilişlərimizdə biz bu mövzunu da xüsusi işıqlandırmalı olacağıq. Prezident tarix müəllimi deyil. Olmamalıdır. Doğrudur tarixi şəxsiyyət olması ona bu imkanı və üstülüyü tanıyır, amma Yaqub Mahmudov başda olmaqla tarixçilər danışmalıdır. Dəfələrlə bu barədə danışmışıq, bir daha təkrar edirəm. Heydər Əliyevin, İlham Əliyevin ölkə boyu yerləşdirilən portretləri, iri şəkilləri tarixi hadisələr zəminində verilməlidir. Məsələn, Heydər Əliyevin ölkədə vətəndaş müharibəsini dayandırmaq üçün Gəncəyə getməsi, dağılmış kazarmanın yerini qayğı və narahat baxışları. Onun Əsrin Müqaviləsinin imzalanma mərasimindəki kadrı, 1994-95-ci il mart hadisələri zamanı xalqa müraciət... O qədər belə kadrlar var ki. Eləcə də İlham Əliyevin iştirakıya baş vermiş onlarla tarixi hadisələr var. Onların təsvirlərini ölkə boyu yerləşdirmək lazımdır. Hər belə şəkil tarix arayışı və bilgisi ola bilər. İstanbulda bir dəfə bu məqsədlə olmaq lazımdır. Atatürkün bütün şəkilləri informasiya verir.

Şəxsən mən Prezidentin ideoloji boşluq barədə dediklərini bu aspektdə başa düşürəm. Bu gün hansısa ictimai radiusa malik vətəndaşlarımız yenidən nələrəsə iddia edir. Əlbəttə bu özlüyündə yaxşı əlamətdir. Amma dövlətin xüsusi günlərində, cəmiyyətdə nüfuzlu söz sahibi kimi ortaya çıxmaq lazım olanda, dövlətə dəstək vermək məqamında küncdə-bucaqda baş girləyənlər heç olmasa indi qaragüruhun əsl simasını açmaq, əllərində, beyinlərində, ixtiyarlarında olan materiallardan istifadə etmək barədə düşünsünlər. Azərbaycana təbliğat təcavüzü edənlərə susqunluqları və digər yollarla, bəzən hətta arxiv materiallarıyla kömək edənlər unutmamalıdır ki, mən sağam. Biz sağıq. Dövlət onun üzərinə gedənlərin cavabını verir və verəcək.

Azərbaycan vətəndaşı, İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qəti imkan tədbiri ilə əlaqədar olaraq Elvin İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 Saylı İstintaq təcridxanasına yerləşdirilib. Əlbəttə, başqa xaricilərimiz də var, məsələn onların ixtira etdiyi faytonvarirobot, ya da kibernetik aşsüzən düzəltdiyini bəzən internet kanalları bizə göstərir, Amma məncə onların daha faydalı xidməti dövlətimiz, bayrağımız, rəmzlərimiz əleyhinə gedən təhqirçilərdən yaşadıqları ölkələrdə, şəhərlərdə açıq küçə yürüçü formatında Azərbaycanı qorumaq olardı.

REAL-ın Avropa bürosunun apardığı araşdırmaların nəticəsini bu günlərdə Sizə təqdim edəcəyik. Biləcəksiz ki, dövlət rəsmilərimizin şəkillərini təhqir edənlərə görə Niderlandın hansı qurumları əməkdaşımızdan üzr istəyib və Azərbaycan-Niderland münasibətlərinin bir-iki sərsərinin xuliqan hərəkətlərindən asılı olmadığını bəyan edib. Azərbaycanın qanunlarını, o cümlədən beynəxalq qanunları pozanlar bir-bir tutularaq təhvil veriləcək. Hər kəsin öz vaxtı və öz saatı var. Azərbaycan isə artıq çoxdandır ki, gələcək zamanla işləyir. İndiyədək biz bu barədə öz müşahidələrimizi, fərdi qənaətlərimizi sizə çatdırmışıq. İndi isə bu mövzunu peşəkarla işləyəcəyik. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıyla. Müsahibəyə baxın və diqqətli olun. Özünə gələcəkdən baxmaq bir ayrı hissdir. Salamat qalın.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər