Mir Şahinin vaxtı - VİDEO (08.12.2019)

Mir Şahinin vaxtı - VİDEO (08.12.2019)

REAL-dasız. Təhlil və İnformasiya Mərkəzində mənim vaxtımdır.

Obrazla desək fəlsəfi bir həftə yaşadıq. Azərbaycan bu 7 günü Yer kürəsinə həm birbaşa, həm də rəmzi sirayət etməklə keçirdi. Biz dünyanın bəzən nə qədər kiçik və ölkəmizin, dövlətimizin, vətənimizin əslində nə qədər böyük olduğunu eyni məsuliyyət və həssaslıqla duyduq. 650 yaşlı Nəsiminin ayaqlarını Yer Kürəsinə 650 min tinglə əkdik. Böyük İmadəddinin bu ağacların yarpaqlarıyla alıb verəcəyi nəfəs əbədiyyət Nəsimi kimi titrəyəcək, əsəcək, ceyran boğazından, balıq qəlsəməsindən, tumurcuq tozcuğundan keçəcək, Kəbə xalçasını sığallayaraq Vatikandan aşacaq, sinaqoqları, kilsələri, daş məbədləri birləşdirərək yenidən ağ ciyərlərimizə qayıtmaq üçün, məsələn bəlkə də elə Şamaxıda əkilən ağacların yaşıl ciyərlərinə yığılacaq və beləcə ölməzləşəcək, planeti nəhəng ruh qabına çevirəcək. Azərbaycan Yer Kürəsinin ömrünü 650 min ağaclıq uzatmaq istədi. Nəzərə alsaq ki, ağac həm də məsafə ölçüsüdür. Prezident və Birinci vitse-prezident Şamaxıda bu günlə 650 il əvvəli birləşdirən asma ağac körpüsünün cüt qolu kimi idilər...

Prezident və Birinci vitse-prezident buna qədər İmadəddin Nəsiminin qardaşı Şahxəndanın dəfn edildiyi türbənin yerləşdiyi qəbristana baş çəkmişdilər.

İlham və Mehriban Əliyevlər Şamaxıda təsadüfi seçilmiş bir ailəyə də qonaq olmuşdular. Təbii fəlakətin qəfil yaxaladığı insanların 10 ay ərzində ya tam bərpa edilmiş, ya da yenidən tikilmiş binalarla, ev və mənzillərlə təmin olunması vətəndaş-dövlət bütünlüyünün timsalı kimi, təvazökarca desək, sadəcə hörmətə və ehtirama layiqdir. Təhlil üçün seçdiyim detallara Şamaxıdan bilərəkdən başladım. Burada həm keçmişə-Şahxəndan türbəsindən baxsaq, həm bu günə inşa və bərpa edilmiş evlər, mənzillərdən baxsaq, həm də gələcəyə-əkilən tinglərdən baxsaq, hava məbədi-xra vozduxa açılır. Dövlətin mütəşəkkil idarəçilik təfəkkürü onu dəstəksiz, tutağacsız buraxmır. Məsələn, tamaşaçılarımız üçün bəlkə də gözlənilməz olacaq, amma mən Şamaxıdan dərhal Bakutelə keçəcəm və bir daha şahidi olacağıq ki, Nəsiminin 650 yaşının planetə ağaclar şəklində həkk edilməsi ilə gələcəyin düşüncə arxitektorlarının və ya intellekt dizaynerlərinin Bakı zirvəsi arasında bir tarixi, bir ilahi, bir məntiqi bağlılıq var. Biz bəzən qeyri-adiliyə el öyrəşirik ki, onun fantastik məzmununu, içində yaşadığımız vaxtın çoxdan gələcəkləşdiyini, ya da gələcəyə çoxdan keçdiyimizin, bir sıra hallarda isə başqalarının 10 illərlə gözləyəcəyini elə bu gün, bu saat, bu dəqiqə, bu an keçib getməkdə olduğumuzun fərqinə varmırıq.

Amma nə qədər gələcəkdə olsaq da, Dövlətin Qarabağ çatışmazlığının yaşatdığı baş ağrısı üstümüzdədir. Təhtəlşürumuzda oturub. Ona görə də hətta gələcəyimizin virtual ucqarlarında belə bu ağrını hiss edirik.

Elə buradan da Azərbaycan dövlətçiliyinin, milli əsəb sistemimizin Fantom ağrısına çevrilən Dağlıq Qarabağ mövzusuna keçək və əvvəlcə Prezident İlham Əliyevin Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşünü xatırlayaq. Prezident bütün siyasi vektorlar üzrə dövlətin müstəqilliyini, elə bu baxımdan da tam müstəqil olmağa mane olan ərazi bütövlüyümüzü, deməli fiziki-siyasi Dağlıq Qarabağsızlığımızın yaratdığı ümumdövlət, ümummilli çatışmazlığı qabartdı. Amma necə: İlham Əliyev Rusiya diplomatıyla səmimi və açıq danışdı. Rusiya və Azərbaycan rəhbərlərinin il ərzində müştərək fəaliyyətinin uğurlu olduğu qeyd edildi. Xatırladıldı ki, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verməklə, bu ölkəylə həmrəylik nümayiş etdirib. Və beynəlxalq strukturlarda Azərbaycanı narahat edən məsələlərdə Rusiya Federasiyasının da dəstəyini hiss edirik. Prezident həm də Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərə dəvət edilməsinə, ona göstərilən diqqətə, "Dostluq” ordeni ilə təltif olunmasına, ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq iki dövlətin qarşılıqlı fəaliyyətinin bütün sahələrini əhatə edən danışıqlara görə Vladimir Putinə təşəkkürünü çatdırmağı Lavrovdan xahiş etdi. İki ölkə arasında demək olar ki bütün istiqamətlərin uğurlu olduğu məmnuniyyətlə etiraf edildi. Amma Prezident Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin nizamlanması problemlərinin həlli istiqamətində nəzərəçarpan nəticələrin olmadığını bəyan etməli oldu.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “ Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, "Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib”.

Rusiya diplomatının ritorikası da xoş sözlər və müsbət tona əsaslandı. O da Azərbaycan və Rusiya liderlərinin müntəzəm əlaqələrini iki ölkə arasındakı ünsiyyətin nəticəsi və səbəbi kimi dəyərləndirməyə əsas verən sözlər söylədi. Əlbəttə, Lavrov bu il ərzində baş tutan Putin-Əliyev görüşləri barədə yaxşı sözlər, müsbət fikirlər dedi, bunların ən böyük qonşumuzun, strateji tərəfdaşımızın, regionun əsas geo-siyasi vahidi olan bir dövlətin Xarici İşlər Nazirliyinin rəhbərinin dilindən səslənməsi çox əhəmiyyətlidir.

“Biz Mehriban Əliyevanın Rusiya Federasiyasına səfərini, onun Prezident Putinlə, Baş Nazir Medvedevlə, Federasiya Şurasının sədri Matviyenko ilə görüşlərini, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun çox mühüm açılış mərasimində, Regionlararası Forumda iştirakını yüksək qiymətləndirmişik və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik!” 

Bütün bunlar mühüm və bəlkə də həlledici məsələlərdənir. Amma icazənizlə mən diqqətimi xüsusi çəkən başqa bir məsələyə toxunum. Lavrov İlham Əliyevin Soçidə- "Valday” Forumunda iştirakı və bu çərçivədə baş verənlər üzərində xüsusi dayandı.

“Soçidə çox faydalı ikitərəfli görüş, dünya siyasətinin və regional siyasətin mühüm problemlərinə dair Sizin iştirakınızla çox maraqlı çoxtərəfli diskussiya oldu” - dedi Rusiyalı Diplomat.

Bu həmin o çıxış idi ki, Prezident Nikol Paşinyana tarix və diplomatiya dərsi vermişdi.

İndi Rusiya Xarici işlər naziri Lavrovun məhz həmin çıxışı xatırlatması təsadüfi sayıla bilməzdi. Onu da nəzərə alaq ki, bu yaxınlarda Ermənistanda bu diplomat Dağlıq Qarabağ camaatına gah əhali, gah xalq demiş və bununla da tərəflər birinin xeyrinə təsiri bağışlayan mövqe nümayiş etdirmişdi. Dağlıq Qarabağda yaşayanlara xalq demək nə siyasi, nə də diplomatik baxımdan düzgündür. Həm də belə xırdalıqlara görə Lavrovun Valday çıxışı üzərində dayanması diqqətə layiqdir. Və özü də Azərbaycandan ötrü xüsusi mahiyyət daşıyan haşiyə ilə.

Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov:Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır!”

Beləliklə, Qarabağ mövzusu Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Bratislavada ATƏT-in Nazirlər Şurasının iclası fürsətilə keçirilən görüşündə də danışıldı. Amma yenə də nəticəsiz. Burada Qarabağ yox, Qarabağ üçün danışıqlar prioritet təşkil etdi. Mən hətta belə deməkdən də çəkinməzdim ki, Prezidentin Qarabağ üçün nümayiş etdirdiyi mövqeyi Xarici İşlər Nazirliyimiz layiq olduğu gücdə ortaya qoya bilmir. Ya da sərgilədiyi mövqeyi ictimai vitrinə tam boyu ilə çıxar bilmir ki, məndə, bizdə qarışıq suallar yaranır. Amma bəzi detallar var ki, biz onlardan Həmsədrlərin bəyanatından xəbər tutduq.

Məsələn, mən bilmirdim ki, Məmmədyarov və Mnasakanyan arasında birbaşa kommunikasiya əlaqəsi var və onlar hətta bu yolla gərginlik riskini azaltmağa nail olublar. Hətta o dərəcədə ki, həmsədrlər hər iki naziri alqışlayırlar da. Və ya baxmayaraq ki, tərəflərin sülhə hazırlanması ilə bağlı çağırışları Azərbaycan tərəfi aşkar surətdə Ermənistanın görməli olduğu iş kimi təqdim edirdi və dəfələrlə biz ayrı-ayrı təmsilçilərimizdən eşitmişik ki, işğalçı tərəf güzəştə getməlidir, çünki torpaqlarımızı ələ keçirib və əhalilərini da sülhə o hazırlamalıdır!”, indi birdən-birə eşidirik ki, heç demə “Onlar hələ ötən il gərginliyin azaldılması və əhalinin sülhə hazırlanması üçün atılmış konkret addımları alqışlayırlar. Və həmsədr ölkələr 2018-ci ilin dekabrında Milan bəyanatında bu barədə çağırış edibmişlər və nazirlər də 2019-cu ilin yanvarında Parisdə bu barədə razılığa gəlibmişlər. Deməli, tərəflər nəinki iş görüb, hətta bu işi alqışa layiq görübmüşlər. İndi icazənizlə soruşaq: Məsələn. Azərbaycan xalqını sülhə hazırlamaq üçün konkret işlər görülüb dedikdə, hörmətli dipolmatiya idarəmiz nəyi nəzərdə tutur. Əgər söhbət sənəddə qeyd olunduğu kimi, liderlərin martda Vyana görüşündə müzakirə etdikləri və apreldə Moskvada xarici işlər nazirləri tərəfindən işlənib hazırlanmış humanitar tədbirlərin həyata keçirilməsi səylərindən gedirsə, bu ifadə kifayət qədər ümumi səslənir və cümlənin içində hansı doyumlu faktın olduğu anlaşılmır. Və ya söhbət bu yaxınlarda başa çatmış jurnalistlərin qarşılıqlı səfərlərindən gedirsə, REAL Təhlil və İnformasiya Mərkəzi olaraq biz hələlik qarşı tərəfin provakativ açıqlamalarından başqa bir şey görməmişik. O ki qaldı məhbusların azad edilməsi kimi səylərin dinc nizamlanma əldə olunması üzrə konkret danışıqlara şərait yaradılmasından burada da vəziyyət qaranlıq olaraq qalır. Çünki, Azərbaycan tərəfinin hamını hamıya dəyişmək çağırışı elə qolu qandallı olaraq qalır. Bir maraqlı abzas barədə də: “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin atəşkəs rejiminin qorunub saxlanılmasına böyük töhfə verdiyini etiraf edərək.” Böyük töhfə. Bunu yadda saxlayaq. Tərəflərin 2016-cı ildə razılaşdıqları monitorinq missiyasının genişləndirilməsi haqqında müzakirələrin bərpası zərurətini vurğulayırıq!” Yadınızdadırsa, Azərbaycan tərəfi o zaman məhz monitorinq missiyasının genişləndirilməsi məsələsi ilə razı olmamışdı. Deməli, yenidən bu mövzuda müzakirələrin bərpası lazım bilinir. Və nəhayət, sitat: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dinc nizamlanmanın əsas məsələləri üzrə danışıqları fəallaşdırmaq və ən yüksək səviyyədə gələcək danışıqlara şərait yaratmaq üçün 2020-ci ilin əvvəllərində həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətini alqışlayırıq” Sitatın sonu. Sənəddə Münaqişənin ərazi bütövlüyü və xalqların bərabər hüquqları haqqında prinsiplərinə əsaslanaraq həll edilməli olduğu qeyd olunur. Ərazi bütövlüyü məsələsi Azərbaycana, xalqların öz müqəddəratını təyin etmə hüququ isə qarşı tərəfə təqdim edilən göymuncuqdur. Amma həmsədrlər, nümayəndə heyətlərinin başçıları etiraf edirlər ki, status-kvo qəbuledilməzdir. Məncə, Qarabağ məsələsinin həlli üçün Azərbaycana kart blanş verən əsas müddəa da elə budur. İlham Əliyevin Valday klubundakı çıxışına qayıdaq.

Bununla da Dağlıq Qarabağ mövzusunun Azərbaycan dövlətçiliyi üçün məhək daşı məsələsi olduğunu vurğulayırıq. Təbii ki, Qarabağ problemi həll edilməyincə Azərbaycanın dövlət vücudu 20 faiz kəsilmiş, ağır çıxsa da deyim, bir növ şikəst görünəcək. Amma Qarabağ münaqişəsi keşmiş sovet məkanında yeganə ərazi konflikti deyil. Ukrayna da, Moldova da, Gürcüstan da, adlarını çəkməyəciyimiz irili-xırdalı başqa keçmiş sovet ərazi vahidləri də eyni bəlanı yaşamaqdadırlar. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin “nəyinbahasınaolursa-olsun” həlli məsuliyyətsizliyə də aparmamalıdır. Nəyin bahasına? Hətta dövlət müstəqilliyinin? Yəqin ki, əlbəttə ki yox! Deməli geosiyasi reallıqları, regionumuzun məruz qaldığı müxtəlif dəyişiklikləri, güclənmə və zəifləmələri, arzuları deyil, imkanları nəzərə almaq lazımdır. Qarabağ diskusiyalarına cəmiyyət qatılmaqdadır. Hətta Bəxtiyar Hacıyev, hətta Ata Abdullayev nəsə edirsə, uğurlanmalı, ağırlanmalıdır. Amma əlbəttə özfəaliyyət diplomatiyasından daha effektlisi peşəkarların müdaxiləsidir. Məsələn, Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli sazişin” imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASECA Hökumətlərarası Komissiyasının 14-cü iclasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə tutarlı cavab verdi:

Bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu. Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASECA-nın karvanı isə öz yoluna davam edəcək.

Karvanın yol getməsi isə adamın yadına o qədər maraqlı misallar salır ki... Bir az əvvəl mən dövlət təfəkkürünün mütəşəkkilliyinə, vahid bir strateji düşüncə miqyasına uyğun olaraq işlədiyinə işarə etdim. Yadımızdan çıxarmayaq ki, cavabı Xarici İşlər naziri deyil, İqtisadiyyat naziri verib. Özü də tam ekspromt şəkildə. Yəni Azərbaycan nazirinin hazırcavablığı və istənilən situasiyadan ədalət üstünlüyü ilə çıxması dövlətin idarəedilməsində islahatlardan sonra formalaşmaqda olan, məsuliyyətin altına çiyin vermək, “beş dəqiqə gözləyin, gedim soruşum, gəlirəm!” rejimindən imtina etməyin nəticəsidir.

Mikayıl Cabbarov qarşı tərəfi bir cavabla bir neçə istiqamətdə ləğv etdi.

Birincisi, destruktiv yanaşmanı ifşa etdi. İkincisi, Fəxri Xiyabandakı abidələri dərhal xatırladı və yada saldı, bunun üzərindən İlham Əliyev tərəfindən ifşaya başlanan faşizmin qəhrəmanlaşdırılması tendensiyasının üzərinə gedildi və eyni zamanda nə üçün Xəxri Xiyabanın ziyarət edilməsi sualına məntiqli cavab verdi. Və nəhayət İrəvanın Azərbaycana məxsus olduğunu isbat edən sübutların Heydər Əliyev Mərkəzində yerləşdiyini, dəlillərin Azərbaycana Gürcüstandan verilməsini söyləməklə qarşı tərəfin demoqiya imkanlarını da sıfırladı. Bax belə. Alqış, cənab nazir! Əhsən znatok!

İndi təsəvvür etmək daha asandır: insan intellekti və süni intellektin sintezi üçün çalışan İlham Əliyevin islahatları nəyə hesablanıb. Və biz islahat dalğasının üzə çıxardığı tam yeni siyasi-ictimai mənzərələrin şahidi oluruq. Prezident cəmiyyətin idarə olunması şərtlərini dəyişir. Bakı Dövlət Universitetindəki çıxışla Azərbaycanın lideri nümayiş etdirdi ki, o opponentlərindən il və ya ayla yox, siyasi intellekt və zəka ilə xeyli irəlidədir. Əliyev ölkəni, xalqı yeni çağırışlara hazırlayır. Məsələn, ilk baxışda insanların sosial qayğılarını qarşılmağa yönəli addımların məişət fonunda özünü hiss etdirməsi əslində Tam Yeni Təfəkkür Sisteminin müxtəlif sahələrdə sayrışan hissələridir. Bayaq Bakuteldən danışdıq. Ortada TRASECA-dan bəhs etdik və yeni təfəkkürün İqtisadiyyat nazirini anında diplomata, özü də uğurlu diplomata çevirmək imkanına heyrət etdik. İndi isə yenidən Şamaxıya qayıdaq. Oxşar proseslərin Şamaxıda, ASAN HƏYAT kompleksinin simasında necə baş verdiyini müşahidə edək. Biz dəyişirik. Cəmiyyət dəyişir. İdarəetmə dəyişir. Xalqın 4-cü sənaye transformasiyasına keçidi sürətlə, keyfiyyətlə baş verir. Necə izah edim axı. Gəlin belə hesab edək ki, Prezident cəmiyyətimizi şüurun latın qrafikasına keçirir. Təxminən belə. ASAN HƏYAT yalnız güzəranın yüngülləşdirilməsi deyil, həm də yeni əxlaq, yeni tərbiyə, yeni mentalitet tərzidir. Şamaxının dünənki insanı Şamaxının sabahkı insanına çevrilmək üçün bura bir zaman maşını kimi girib çıxacaq. Yeni Azərbaycan üçün Yeni vətəndaş tərbiyəsi. Şəffaf, asan, neqativdən uzaq, qeyri insani rəftarla təmasdan kənar. Bir sözlə, gələcəyə xoş gəlmisiniz!

Təbii ki, keçmiş zamanın standartlarından uzaqlaşaraq gələcək zamana adlamış indiki sakin bu təzə vərdişləri həm də bir elm kimi öyrənəcək. Savadlı olacaq. Bu savadı ona hansısa universitet, akademiya verməyəcək, hər gün yaşadığı, işlədiyi mühit verəcək. Bir neçə aydan sonra o tam dəyişəcək. Budur əsas mahiyyət. Parlamentin buraxılması da məhz yeni zamanın diqtəsilə baş verir. Nazirlər kimi, icra başçıları kimi, sadə vətəndaşların seçici məzmunu da dəyişir. Artıq o başqa məzmundadır. Başqa məzmunda olmalıdır. O qaragüruhdan uzaqdır. O bilir ki, hakimiyyət dəyişikliyinin ən qısa yolu özünü dəyişməkdir. Parlament seçkiləri 2020-ci ilin fevralında olacaq. Hakim partiya bütün siyasi qüvvələri seçkidə iştirak etməyə çağırıb. Daha çox qaragüruha bel bağlayan Azərbaycan Xalq Cəbhəsi partiyası və özünü Milli Şura adlandıran dəstədən başqa demək olar ki, bütün siyasi təşkilatlar seçkidə iştirak edəcəyini bəyan edib. Bəzi suallar var ki, onlara da yəqin qarşı müddətdə cavablar tapılacaq. Məsələn, İlqar Məmmədov və daha bir neçə tərəfdarının məhkum keçmişi onların seçkidə iştirak etmək arzusunu imkansız edir. Belə suallar da var ki, mənə çətin, çətin də yox e, anlaşılmaz görünür. Məs. Əli Kərimli və güruhu seçkiləri baykot etmək qərarında olduqlarını bildiriblər və bunu təkcə siyasi yox, həm də meteroloji səbəblərlə əlaqələndiriblər. Ki, iqtidar qəsdən belə edib, soyuqda biz sıxılırıq, istidə genişlənirik. Yəni hər bir kütlə kimi. Bu arqumentlər xeyli müzakirə edilib, biri deyib ki, oynaya bilməyənə yer darlıq edir, biri məsləhət görüb ki, bəylər gedib hindistanda seçkiyə qatılsın və sair. Amma mənim də sualım var. 2019-cu ilin əvvəlindəb bu günə kimi, Əli Kərimlisi, Osmanqızısı, Gültəkinquzusu qulaqlarımızı dəng etməmişdi ki, günəş bu ildən başlayaraq, 19 yanvar mitinqindən sonra dövr edir, və ya ay 19 yanvardan sonra daha iri olub, meydanlar 19 yanvardan sonra bizim eradan əvvəl və sonra qrafasına keçib. 19 yanvar qış deyildi? Yoxsa bəylər bu dəfə qorxurlar ki, qış qayırdıqları yeri vurub yaz çıxardarlar. Və ya indiyədək uğursuzluqlarını televiziyamız yoxdu, bizi efirə buraxmırlar deyə mitinqlərə adam yığa bilmirik kimi arqumentlərlə əsaslandırırdılarsa, axı indi Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid kimi telebaşılar var. Deməli, məsələ, efirdə də deyil. Bəs onda nədədir? Qaragüruhu çoxaltmaq üçün daha hansı yollara əl atmadılar ki. Hətta Əli İnsanov başda olmaqla həpəndlərə kimi. ASAN HƏYAT-dan baxanda qaragüruh başını anlamaq çətin görünür. Məsələn, biz hər dəfə 4-cü sənaye inqilabından danışırıq. Biz deyəndə bütün dünyanın özü gələcəyə hazırlayan normal təbəqələri. Bəs Qaragüruh necə düşünür? Bu yaxınlarda Osmanqızının çıxışına baxdım. Amerika Birləşmiş Ştatlarında yaşasa da hələ bu ölkəyə gəlib çatmayan Sevinc Osmanqızı soruşur: məgər bizdə əvvəlinci 3 inqilab olub ki? İzah etmək fikrim yoxdu. Təfəkkürü uzaq başı narıncı inqilabda ilişib qalan belə insanların Yer Kürəsinin sürətlə yükləndiyi 4-cü sənaye inqilabının nədən ibarət olduğunu anlayacaqlarına inamım yoxdur. Amma bu fraqmentləri göstərək. Bir-iki uşağın timsalında qaragüuh söhbətin nədən getdiyini anlamalıdır məncə:

Burada mən Birinci vitse-prezident Mehriban Əliyevanın canlı muğam abidəmiz Əlibaba Məmmədovun mənzilinə getmək kadrlarını nümayiş etdirə bilər, muğam patriarxımızla səmimi söhbətinə istinadla Birinci xanım uşaqla uşaq böyüklə böyükdür də deyə bilər, Paşinyanın arvadının Azərbaycan muğamına aqressiv yanaşmasına Mehriban xanımın nəzakət və nəcabətlə cavab verməsinə də toxuna bilərdim. Əslində kifayət qədər ciddi məsələdir. Əlibaba Məmmədov Meriban Əliyevaya əslində keçmişdən, tarixdən salam verən, təşəkkür edən bir ixtiyara bənzəyirdi. Muğamatımızın qoruyucu mələyi. Amma məncə bir az əvvələ qaldığımız yerə qayıdaq. Mehriban Əliyevanın qarşısında dayanan gələcək parçaları ilə qurduğu ünsiyyətdən başqa bir keçmişə adlayaq. O uşaqları xatırlamaqla. Zaman maşınının sükanı arxasındakı uşaqları Uşaq pulu, uşaq pulu, uşaq pulu deyə-deyə sanki vird oxuyan xüsusi xidmət rahib və rahibələri ilə yanaşı qoyaq. Belə getsə, bu uşaqlar böyük pulu vermək iqtidarında olacaqlar. Sadəcə patent xırdalığı qalır. Qara güruhun öndə gedənlərinə təəssüfki, 4-cü sənaye transformasiyasının yalnız sosial şəbəkə hissəsi anlaşılandır. O da bilirsiz niyə? Ona görə ki, burada dərin düşüncə tələb olunmur. Bir nəfər nəsə yazır, o biri tayı da düşür onun yazdığının ardınca və gedir e, ya allah! Elə buna görədir ki, hər şey qara görünür. Bütün çağaları ləyənqarışıq atırlar. Məsələn, Milli Məclis konkret səbəblər göstərərək buraxılır, qaragüruhun sosial şəbəkələrdəki təmsilçiləri onun bütün fəaliyyətini bir heç hesab edir və cəmiyyətə parlamentin yararsız olduğunu və buna görə də buraxıldığını aşılayırlar. Baxmayaraq ki, bu parlamentdə dövlətin fəaliyyətinin əsas istiqamətlərini tənzimləyən 10-larla qanun qəbul edilib. Prezident bu Məclisdə and içib. Parlamentin 100 illiyini məhz bu Milli Məclis yaşayaraq tarixə qovuşub. Sosial şəbəkə qeyri-ciddiləri öz aləmlərində guya Prezidentə islahatçılıq köməyi göstərir. Amma bu bir ayı xidmətidir. Əslində onlar dövlət başçısının imzaladığı və parlamentin iştirakılya həyata vəsiqə qazanan neçə-neçə iradi addımlarını şübhə altına alırlar. Elə bu ilin özündə Prezidentin sosial islahatlarının qanuni bazasının hazırlanmasında Milli Məclisin gördüyü nə qədər iş var. Prezident bütün bunları öz çıxışlarında dəfələrlə etiraf edib, qiymətləndirib. Və əgər indi hakim partiya daha çevik və daha effektiv parlament uğrunda çağırış edibsə və bunu Prezident də razlılqa qarşılayıbsa. Nə hoqqabazlıqdı belə?

Bu Milli Məclis yaxşı Parlament olub. Amma daha yaxşı gələcək üçün daha yaxşı parlamentə ehtiyac varsa, fürsətcillik edib Millət vəkillərinin bütöv bir fəaliyyət mövsümünü etibarsız saymaq ədalətisizlik və dövlətə, dövlətçiliyə zərbə vurmaqdır. Sosial şəbəkələrdə artıq neçənci dəfədir ki, qeyd etdiyim bir tendensiyadan da danışmalıyam. Guya müstəqil, guya abırlı görünmək istəyən kəslər, bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri məsələn. Ata Abdullayevin üzərinə gedir, onu lağa qoyur, istehza edir, guya ona yuxarıdan aşağı baxırlar. Əslində isə onlar Ata Abldullayevin üzərinə getməklə, Orduxan, Tural Sadiqli, Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədovun yanında dayanırlar. Və onlardan heç nəylə fərqlənmirlər. Əksinə. Onlardan da qat-qat aşağı qatda olduqlarını sübut edirlər. Bütün bunlar ondan xəbər verir ki, sosial şəbəkələr bir sıra hallarda sadəcə şantaj məqsədilə istifadə edilir. Dövlətə şantaj vasitəsi tək. Şəhid övladı olmayan şəhid kimi təqdim olunur, erməni olmayan özünü erməni kimi qələmə verərək guya zarafat edir, amma paylaşımların altında dövlət və onun ayrı ayrı təmsilçiləri ən pis şəkildə təhqir edilir. Milli Qəhərəmanların adı altında spekulyasiyalara yol verilir. Və nəticədə postislahat periudunun təfəkkürünün ən yaxın tariximizdə baş verənləri dürüst qiymətləndirməyə, Prezidentə, dövlətə münasibətdə öz mövqeyini dəqiqləşdirməyə kömək edəcəyini güman edənlər bir sıra hallarda yanılırlar. Məsələn, guya Elçibəy Rusiyanı sevməyib, Türkiyə pərəst olub. Sosial şəbəkələrdə bu xətt tam sürətiylə qabardılır. Baxmayaraq ki, Elçibəy Rusiya və Azərbaycan arasında dövlət sərhədinin olmaması barədə Rusiya Prezidenti Yeltsinlə artıq razılaşdığını etiraf etmişdi və biz Sizə keçən dəfə bu faktı göstərdik. Yəni məlumatsız gənclərə və yeniyetmələrə Elçibəti mütləq azadlıq. İstiqlal mücəssəməsi tək təlqin etmək böyük qəbahətdir. Biz tarixi dürüst təqdim etməliyik. Elçibəyin 1993-cü il 28 May Respublika Günü münasibətilə xalqa müraciətindən bu parçaya qulaq asın.

Azərbaycan Respublikasının indiki siyasətinin guya Rusiya ilə daha çox bağlı olduğunu iddia edənlərə nəsə deyir bu tarix parçası?! Axı bu fikirlər Əbülfəz Elçibəyin dilinə sonradan montaj edilməyib. Bir az da iri planda təqdim edirəm ki çıxışçının dodaqlarını, ağız aparatının tələffüz formasını, səs və söz uyğunluğunu aydın görə biləsiniz. Yeniyetmələr və gənclər! Siz daha diqqətlə baxın.

İndi isə Elçibəyin Türkiyə sevgisi barədə. İki dövlət bir millət fəlsəfəsini hər addımda təftiş etməyə atılanların diqqətinə onun rəhbərlik etdiyi dövrdə Bakı-Ankara münasibətlərinin əslində necə olduğunu göstərən bir sübut təqdim etmək istəyirəm. Müqayisə edin. Əliyev Azərbaycanının Türkiyəylə münasibətləri ilə Elçibəy Azərbaycanının Türkiyə ilə münasibətləri.

Başlıcası yoldur! Dəfələrlə deyilsə də, bəlkə də kimlərinsə qulağını yağır etsə də, Azərbaycan dövləti müstəqillik yolu ilə gedir! deməliyik. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla belə razılaşdıq ki, Bakı Pirşağı marşrutuyla hərəkət edən qatarla yol düşək, qayıdanda isə defektoskop deyilən xüsusi vaqonla qayıdaq. Bunu ona görə etməliydik ki, Caid müəllimin sözləri ilə desək, vəziyyəti öz dərimizdə hiss edək. Problemlərlə üz-üzə qalaq. Sonra da suallarımızı verək. Əlbəttə gördüklərimiz də daxil olmaqla.

Bu yol bizdən ötrü həm də bir az rəmzi oldu. Defektoskopda yerin altını da gördük, üstünü də. Laaap üstünü də. Kosmosdan. Peykimizdən. Ordan Bakutelin sərgisi də, TRASECA yolu da aydın görünürdü.

Hətta Bütün Qafqazın Şeyxinin 70 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasında açılmış Allahşükür məscidi də, Hacı Allahşükür Paşazadənin Haqq nuru adı altında Nəsiminin 650 illiyini qeyd etməsi də əsrarəngiz bir hadisə kimi yanımızdan keçdi. Axı biz Nəsimini ateist şair kimi keçmişdik. Mənim yadımdadı. Müəllimimiz bizə Nəsiminin edam səhnəsini bir zahidin barmağının kəsilməsindən necə qorxduğu barədə əhvalatla təsvir etmişdi. Amma bu gün Bütün Qafqazın Şeyxi Nəsimini əhli-beyt şairi kimi təqdim və təlqin edir. Tam səmimi şəkildə. Eləcə də şairin adını kimsə İmadəddin, kimsə Əli, kimsə Ömər, Kimsə Taqor bilir. Onlar da səmimidir. Bu həftə əkilən ağacların da dilində öz Nəsimləri, mehləri var. Əsas odur ki, bəzən ölkə, bəzən dövlət, amma bütün hallarda Vətən adlanan Azərbaycanımız var və bütün yollar ona aparır, ondan aparır.

Ən məşhur Vətən şeirimizin müəllifi Abbas Səhhətin nəvəsi Qəmər xanımla Ləman Əliəşrəfqızının söhbətini təqdim edirəm. Bu müsahibəyə hər bir soydaşımız, kimi xaricdəki hər bir söydaşımızın da baxmasını istərdim. Prezident bu həftə belə bir söz dedi: “Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır!”. Bunu dövlət, yəni Prezident dedi. Biz, yəni xalq da yəqin belə deməliyik. “Xalq dövlət üçün yaşayır, xalq dövləti qorumalıyıq!” Mən belə başa düşürəm.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə