Mir Şahinin vaxtı - VİDEO (01.12.2019)

Mir Şahinin vaxtı - VİDEO (01.12.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində mənə ayrılan vaxt başladı.

Ölkə dəyişir, dövlətin idarəolunma mexanizmi dəyişir və sürətlə dəyişir ki, təhlil etməli olduğun mövzu üzərində lazım olduğu qədər dayanmağa da çatdırmırsan, çatdıra bilmirsən. Sinoptik dili ilə desək, bir həftəyə illik normadan artıq düşür. İlham Əliyev dövlətin bütün istiqamətərinin avanqardındadır. O bir yandan dövlətin inkişaf istiqamətlərinin lokomotivi olaraq qalır, Azərbaycanı 4-cü sənaye transformasiyasının standartlarına uyğunlaşdırır, digər tərəfdən isə öz menecmentini müxalifətin qeydə almalı olduğu, amma qeyri-peşəkarlığı nəticəsində gözdən qaçırdığı, daha doğrusu heç görə bilmədiyi çatışmazlıqları konseptual olaraq ləğv edir. Bununla da nə qədər qəribə səslənsə də içində bir özünəmüxalifətçilik ovqatı formalaşdırmaqla həm də müxalifətin avanqardı təsiri bağışlayır. Biz bu yaxınlarda ilin ayrı-ayrı siyasi-ictimai fraqmentləri üzərində dayanarkən 2018-ci ildəki Prezident Əliyevin 2003, 2008, 2015-ci ildəki özündən tam fərqli olduğunu demişdik. Bu gün baş verən proseslər də müşahidələrimizin dəqiq olduğunu deməyə əsas verir. İlham Əliyev çevik manevrlərlə mobil, çoxfunksiyalı idarə pultu yaradır. Prezident Administrasiyasının yeni strukturunun təsdiqi göstərdi ki, Dövlətimizin Baş Binasının ierarxik interyeri keyfiyyətli şəkildə yenilənir. İctimai-siyasi şöbə kimi uzunmüddətli, sümükləşmiş idarəçilik elementinin bir qələmlə ümumiyyətlə ləğv edilməsi, onun, habelə adminstrasiyanın bir sıra başqa qurumlarının da funksiyalarının, səlahiyyətlərinin daha konkret şəkildə yeni ştat sisteminə uyğun olaraq şaxələndirilməsi bizi daha çevik və daha səmərəli idarəetməyə hazırlayır. Bəlkə də ilk baxışda diqqəti çəkməyən, amma kifayət qədər ciddi, vətəndaşlarla ünsiyyətin qlobal çağırışlara uyğun olaraq daha səmimi və daha mədəni formatına keçidini əks etdirən detala da toxunum. Dövlət idarəetmə ovqatını sırf adminstrativdən xalis səmimiyyətə keçirməli olan bir dəyişiklikdən bəhs edirəm. Yadınızdasa, biz elə burdaca şərh verərkən Prezidentin-azsaylı seçilmişlərlə görüş formatından açıq ünsiyyətə keçən, hündür bir yerə çıxaraq əhalidən əlbəəl məktub yığan, hətta xalqla birlikdə oxunan nəğməyə qoşulan Əliyevin yeni ictimai rəftar, fərdi davranış daşıyıcılarıyla işləyəcəyinin yaxın zamanın işi olduğunu qeyd etmişdik. Bax elə onda görünürdü ki, inzibati kirəcləşmənin bütünlüklə yumşaldılması və büsbütün yuyulması, tam şəffaflaşdırılmasına çox qalmayıb. Buyurun. Dövlət-vətəndaş formatının tələb etdiyi insani təmas məzmunu özünəuyğun qəlbi, formanı zəruri edir. Vətəndaş mənunluqğunun ASAN-dan, DOST-dan keçən yolu- sadə münasibətlər sistemi, şəffaf fon Azərbaycanın Baş Binasının ayrı-ayrı şöbələrinə də daxil olmaqdadır. Buna qədər edilən dəyişikliklərin ardınca son tamamlama işləri aparılır. İşlək, avtomatlaşdırılan aparat yaradılır. Və niyə də olmasın. Bir halda ki, bu komanda Prezident tərəfindən verilib və ASAN da, DOST da, ABAD və başqa belə yeniliklçi qurumlar da Əliyevin ideya və təşəbbüslərinin nəticəsidir. Beləliklə, sistem islahatları davam edir, özü ilə yeni ovqat, nəzakət, ədəb davranış tərzi gətirməklə. Elə bu səbəbdəndir ki, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri uzun müddət Mədəniyyət nazirinin müavini vəzifəsində çalışmış Ədalət Vəliyevdir. Şöbəyə məhz mədəniyyət sahəsində ixtisaslaşmış bir mütəxəssisin təyinatı yeni yaradılan post üçün təklif edilən atmosferi təqdim etməkdədir. Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələləri əhatə edəcək genişdiapazonlu, xeyli yenilənmiş şöbəyə də mədəniyyət yetirməsi, Fərəh Hüseynova rəhbərlik edəcək. Mədəniyyət və incəsənət ruhunun daşıyıcısı olan bir menecer kimi. Təyinatlardan görünür ki, xalis inzibatçılıq Prezidentin təklif etdiyi qalstuksuz, səmimi davranışın üstünlük təşkil etdiyi əhval-ruhiyyə ilə əvəz olunur. Qeyri Hökumət Təşkilatları və Kommunikasiya üzrə işlər də indiyədək bir qurumun qeyri-rəsmi qolu kimi ümumi tərkibdə fəaliyyət göstərirdisə, bundan sonra hər iki sahənin daha detallı, daha nöqtəvi idarəçiliyi üçün səmərəli alət var. Adı da üstündə. Qeyri Hökumət Təşkilatları və Kommunikasiya üzrə şöbə. Prezident Administrasiyasının yeni təbiəti özündə bir nəzakətlilik, qədərincə kübarlıq və xoşsimalıq kimi xüsusiyyətləri birləşdirir. Ana dilindən başqa ən azı bir başqa dili də mükəmməl bilmək də yeni standartlardandır. Dedik ki, həftə ərzində həddən artıq və çox ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklər islahatların ya səbəbi, ya da nəticəsi olaraq ortadadır. Dəyişikliklər içində Milli Məclisin buraxılması təşəbbüsü ilə hakim partiyanın çıxış etməsi də var, Prezidentin yeni dövr idarəetmə standartlarının tətbiqini əks etditən struktur islahatlarının davamı da. Başqa vaxt təkcə Əli Həsənov-təxminən bir qərinə ölkənin əsas binasında, ictimai-siyasi məsələlərin tənzimlənməsinə, mediya və mətbuat müstəvisinə görə cavab vermiş fiqur ətrafında az qala iki saat danışmaq, müsbətli-mənfili xeyli məqam araşdırmaq olardı. Ya da Azərbaycan Parlamentinin buraxılması təşəbbüsü və növbədənkənar seçkilərin təyin edilmə ərəfəsinin təhlilini saatlarla təhlil etmək olardı. Amma biz bunu etmirik, təhlil axşamına başqa bir faktdan başlayırıq. Və elə hesab edirik ki, Bakı Dövlət Universitetinin - bu milli-elmi-mənəvi sərvətimizin yubileyində Prezidentin etdiyi çıxış təyinatına görə xüsusidir. Diqqətlə baxaq və görəcəyik ki, baş verən son hadisələrin ümumilikdə anonsunu Prezident bu çıxışında vermişdi. İlham Əliyev tərbiyə mövzusunu dövləti etika, milli ideologiya səviyyəsinə qaldıraraq təhlil etdi.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.”

Prezident Administrasiyasında sistem islahatlarının davamının məhz belə bir çıxışdan sonraya təsadüf etməsi yəqin ki, təsadüf deyil. Və şəxsən mən onun Bakı Dövlət Universitetinin 100 illik yubileyindəkı çıxışını yeni dövr üçün həm tarix, həm mənəvi, həm də müstəqilliyə dayanan siyasi platforma tək qəbul edirəm. Prezident əslində bütün çıxışını müstəqilliyin dəyərini anlatmaq üzərində qurmuşdu və haradan başlasa da, hardan keçsə də məntiqi sonluğu müstəqilliyin qorunması üzərinə gətirirdi. Biz bir qədər sonra Prezidentin müstəqillik barədə dediklərinə qayıdacağıq. Bu misalı isə indi məhz ona görə gətirdim ki, İlham Əliyevin atdığı addımların fəlsəfəsini anlamaq daha asan olsun. Yeni dünyada Azərbaycanın özünəməxsusluğunu qorumaqla dünyaya qaynayıb qarışmaq. 4-cü sənaye transformasiyasının reallıqları qarşısında aciz duruma düşməmək üçün çevik və rəqabətə davamlı dövlət, rəqibə davamlı vətəndaş hazırlamaq. Qısa formul belədir. Son bir neçə gün hakim partiyanın Parlamentin buraxılması təşəbbüsü ilə müraciəti üstündə təhvil olsa da, əsas hadisələr, qeyd etdiyim kimi daha əvvələ təsadüf edir. Əlbəttə ki, yenə də ton verən Prezidentdir, əlbəttə ki, İlham Əliyev islahatları birbaşa kökə, qanun yaradıcılığına sirayət etdirmək istəyir. Niyəsinin də səbəbi çox sadədir. Necə deyərlər, uşağı ana bətnindən tərbiyə etmək lazımdır. Bu baxımdan ictimai-siyasi struktur, dövlət idarəçiliyinin əsasları sonradan dəyişdirilməkdənsə, yaxşı olar ki, elə Milli Məclisdə, Qanunların doğum evində formaya, məzmuna salınsın. Axı nə vaxta qədər Parlament necə deyərlər bey zəbər bə, tey zəbər tə deyə deyə qalacaq və Prezident Adminstrasiyasının hüquqşünas korpusunu öz yerinə işlədəcək. Onun dəftərxanasının əlavəsi tək fəaliyyət göstərəcək, hələ bir imkan düşəndə sənədi hazırlayıb Parlamentə göndərən administrasiya məmurunun ünvanına “ay savadsız!” deyə baş yırğalayacaq, özünü isə hüquq-qanun üləması qiyafəsində təqdim edəcək. Elə buna görə də Qanunların özləri artıq islahat doğurmağa yararlı olmalıdır. Bəs indi nə baş verirdi? Prezident Dövləti 4-cü sənaye transformasiyasının tələb və şərtlərinə hazırlayır, post neft periodu üçün vətəndaşlardan daha məhsuldar düşüncə və fiziki fəallıq tələb edir. Parlament zalı isə qanunlara yeni zaman göstəricilərindən baxmaqdansa, Humanitar arzular və mərhəmət duaları üçün minbər-plasdarm kimi fəaliyyət göstərir. Məsələn, uşaq pulu verilməlidir, məsələn evdar qadın pulu verilməlidir, məsələn subay oğlan, ərlik qız pulu verilməlidir, məsələn islanmış toxum pulu verilməlidir, mürəkkəbi qurumuş diyircəkli qələm pulu verilməlidir, canım sizə desin damaq pulu verilməlidir, protez diş pulu verilməlidir... verilməlidir, verilməlidir... Prezident islahatlar kursu elan edir. Milli Məclis isə bu cür merkantil tonda sanki hamam suyuna dost tutur. Əlbəttə, söhbət heç də böyük çoxluqdan getmir, danışanlar hamı deyildi. Amma məsələ və ya bəla da elə burasındadır ki. Milli Məclisin hansısa üzvü populist mövqedən çıxış edəndə qalanları reaksiya vermirdi. Parlament barədə, onun fəaliyyəti, ayrı-ayrı məclis üzvlərinin kreslodan qazanc məqsədilə istifadə etmələri haqqında ayrıca danışacağıq. Yəqin ki, bunu, Parlament buraxılandan sonra edəcəyik. Bir yekun reportajında. Məsələnin detallarına sonadək varmaq niyyətində deyiləm. Sadəcə bir-iki qeydim olacaq ki, Milli Məclisin artıq deqradasiyaya uğramaqda olduğuna işarə edəcək. Təkrar edirəm, ləyəni uşaq qarışıq atmaq ədalətdən olmazdı. Parlamentdə öz işinin öhdəsindən seçiciyə layiqincə gələn deputatlar var və yəqin ki onlar növbəti seçkilərdə də Məclis üzvləri ola biləcəklər. Amma Parlamentin bütünlükdə Prezidentin addımları ilə ayaqlaşmadığı şəksizdir. Orta statistik görkəminə görə mühafizəkar ahıllar klubu İslahatçı təfəkkürlə uyğunlaşa bilmirdi. Getdkicə daha çox uyğunlaşa bilmirdi. İndi həm də Prezident Administrasiyası da dəyişdi. Deməli daha Milli Məclis Ağ Evi özünə sənədlərin baza hissəsini hazırlayan qanun laboratoriyası tək işlədə bilməyəcək. Deməli yeni Parlamentə yeni Prezident Administrasiyası, yeni Prezident Administrasiyasına da yeni Milli Məclis lazımdır. Obrazlı desək qanunverici fabrik də şüurun latın qrafikasına keçir. Əgər İlham Əliyev YAP-ın müraciəti əsasında Parlamenti buraxsa, bu Azərbaycanın müstəqillik tarixində ilk belə hadisə olacaq. Səbəblər çox ola bilər. Maşallah rəyçi çox, şərhçi çox. Hərə öz arqumentində azaddır. Mənim də müəyyən mülahizələrim var. Məncə, parlamentin buraxılmasını vacib edən əsas səbəblərdən biri, bəlkə də birincisi Millət vəkillərinin böyük bir qrupunun dövlət vəkili ola bilməməsi oldu. Nə demək istəyirəm bununla. Məsələn, son zamanlar, xüsusilə qaragüruhun sosial şəbəkələrdə dövlətə qarşı ən sərt və ən tərbiyəsiz şəkildə qabardığı bir zamanda Parlamentin üzvləri arasında böyük əksəriyyət özünü itirdi. Ya mən onların səviyyəsinə enmək istəmirəm dedilər, ya ayrı yerdəyəm sonra zəng vurun deyə telefonlarının uzunmüddətə qapadaraq radarlardan itdilər, ya da mənlik deyil deyə mövqelərini buraxıb qaçdılar. Bəli, məhz qaçdılar. Əlbəttə, kimsə deyə bilər ki, onların işi qanun qəbul etməkdir, amma bu tam belə deyil, dünyanın hər yerində bütün debatlarda, mübahisələrdə, müzakirələrdə məhz deputatlar iştirak edir. Məhz deputatlar öz dırnaqarası abırlarını dövlət maraqlarından üstün tutduğundan debat təşkil etmək istəyən yayımçılar əksər hallarda öz fikirlərindən daşınır, tək mövqeli görünməsinlər deyə, dialoq fikrindən ümumiyyətlə əl çəkirdilər. Və növbəti dəfə təkrar edirəm: Prezidenti tərifləmək, ona mədhiyyə oxumaq bir şeydi, dövləti, deməli həm də Ali Baş Komandanı müdafiə etmək, özünü doğrudan dövlətə fəda etmək ayrı! Ona görə də hər bir fürsətdə İlham Əliyevə diferambalar oxuyan xeyli Millət vəkili dövləti zərurət yarananda aradan çıxırdılar. Milli Məclis üzvlərinin nəzərəçarpacaq bir qrupu artıq Parlamentdə sadəcə qədərdən qaçmaq, deputatlıq statusunun başları üzərində açdığı toxunulmazlıq statusunun altında baş qorumaq üçün daldalanırdılar. Parlament üzvləri arasından daha kimlər çıxmadı. Deputat vəsiqəsini girov qoyan kim, Nuru Paşaya muzdur deyən kim, pul alıb vəzifəyə qoyacağını vəd edib, sonra aradan cıran kim, öz həzzini, öz relaksını dövlətin vergi sualı ilə pozmasına yol verməyən kim... Sadalasaq, iki Əbdürəhimbəy Haqverdiyevlik “Maralarım” çıxar. Yəni Milli Məclis tədricən, öz maddi və şəxsi maraqlarını qoruyan ayrı-ayrı altməmurların üstqurumuna, etibarlı istehkamına çevrilirdi. Baxmayaraq ki, deputatlar arasında Azərbaycanın Ən Yeni tarixini nəinki bilən, hətta yaşayan, hətta az qalmışdı ki, ölənlər var idi, amma lazımi anda, zəruri yerdə xatirələrini danışmağa mütləq əksəriyyət yoxa çıxırdı. Reqlamentə görə necə olmalıdır, bilmirəm, amma məncə, parlament təkcə qanunvericilik yeri yox, həm də siyasi bilik və mədəniyyət vermək, polemika platforması olmalıydı. Milli Məclisdə bu qədər patriarx, ağsaqqal, nə bilim bəzən başı üstündə gözəl kötük varkən dövlət başçısı tarix dərsi keçməməliydi. Yeri gəlmişkən əla mühazirəyə, məntiqli, əsaslı mühazirəyə görə İlham Əliyevə, özü demişkən İlham müəllimə minnətdarlıqla baxdım. Prezident Sovet Azərbaycanı tarixini də, sonrakı dövrləri də sərrast və əhatəli şərh etdi. Heydər Əliyevin sovet zamanından Azərbaycanın gələcək müstəqilliyi üçün məharətlə bəhrələndiyini, sonra isə dövlət müstəqilliyinin bərpasındakı müstəsna rolunu obyektiv şəkildə çatdırdı. Əminəm ki, çıxışı dəfələrlə izləmisiz. Amma buna baxmayaraq bəzi mətləblərə yenidən qayıtmağımızı istədim. Birinci onu deyim ki, Prezident varisliyin əhəmiyyətini ruhuyla, qanıyla dərk etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Bakı Dövlət Universitetinin yaranmasındakı rolunu qeyd edərək başladı. Bu parçanı həm də ona görə təqdim edirəm ki, qaragüruhun müntəzəm olaraq iqtidarı 1918-ci ilin cümhuriyyət qurucularına guya qısqanclıq etməkdə günahlandırmasının nə qədər yersiz olduğuna bir daha əmin olaq.

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:

“Hörmətli xanımlar və cənablar.

Hörmətli müəllimlər, tələbələr.

Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir”.

Daha sonra deyilənlər isə əsl tarix mühazirəsi idi. Amma burada bir sualı təkrar verməkdən özümü saxlaya bilmirəm. Axı bunu niyə İlham Əliyev etməlidir? Axı Azərbaycanın uzaq olmayan keçmişini bu gün özünü tarixçi, siyasətçi, yazıçı, şair, deputat, partiya qurucu adlandıran minlərlə insan bilir. Əcəb trend yaranıb. Deməli Prezident çıxış edir, bütün opponentlərinin cavabını şəxsən verir, kimin hansı səviyyədə olmasından aılı olmayaraq, bundan sonra guya Prezidentə dəstək vermək məqsədilə kimlərsə İlham Əliyevin çıxışını sosial şəbəkələrdə paylaşır və bir çox hallarda isə nitqin altında yazılan şərhlərə belə etina etmədən çıxıb gedirlər işlərinin ardınca. Yəni qaloçka atırlar ki, Prezident, burdayam, yanınızda. Vəssəlam. Amma yəqin ki, hansısa virtual, real səhifədə Əliyevdən mətn yerləşdirmək və paylaşmağa ehtiyac yoxdur, onun fikirləri, gətirdiyi dəlilləri öz fakt və arqumentlərinin müşayiətilə təqdim etmək, öz düşüncələrinlə, mövqeyinlə dəstək olmaq daha dürüst olardı. Əvəzində isə ayrı-ayrı siyasətçilərdə, ziyalılarda, əslində dövlət maraqlarından çıxış etməli olan, amma bunu etməyən, daha çox əlahiddə bir əqidə platformasında neytralitet saxlayan bir qrup şəxsdə total bir keylik hökm sürür. Sanki öz müqəddəratını əyinetmə hüququnu bizdə kimlərsə öz şəxslərinə tətbiq etməkdədir. Prezident ideoloji boşluqların olduğu, bu sahədə problemlərin olduğunu deyəndə məhz bunu nəzərdə tutur. Mən bilən belədir. Bəs siz nə bilirdiz? Nə üçün biz Azərbaycanın ən yaxın, xarabazarlıq keçmişini xatırlamaq, XATIRLATMAQ istəmir, dövlətə qarşı maskarad mövqeyi tuturuq. Biz sizə İlham Əliyevin çıxışından daha bir hissəni təqdim edirik və yadınıza salırıq ki, Prezident bu sözləri ölkənin Təhsil Bayraqdarı olan Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti qarşısında deyir, məhz nümunə, örnək göstərir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir.

Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir.

Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü".

Və yəqin ki, şəksiz ki, mən burda mütləq dayanmalıyam. Ona görə ki, İlham Əliyevin çıxışının əsaslandığı faktların kiçik, amma əhəmiyyətli bir hissəsini göstərmək vaxtıdır. Elçibəy artıq Prezident seçilmişdi, deyəsən 100 gün münasibətilə Rusiyanın Birinci kanalına, Redaktorlar klubu verilişinə müsahibə verirdi. Müsahibənin birinci 10-12 dəqiqəsi youtube-də yoxdur, axtarmayın, çünki tapmayacaqsız, ona görə ki, o zaman Elçibəy adminstrasiyası Azərbaycan dilindən rus dilinə kamil sinxronist tərcüməçi tapa bilməmişdi, bərbad bir diktor tərcüməsi gedirdi, müsahibənin əvvəli korlanandan sonra isə hardansa bir nəfər rusdilli siyasətçi tapıb birbaşa efirə gətirdilər. O vəziyyəti xilas etdi. Nəsə sözüm bunda deyil. Belə şeylərdən heç kim sığortalanmayıb. Məqsədim başqadır. Çox xahiş edirəm Hörmətli tamaşaçılar, xüsusilə də Prezidentin “o da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi, ona görə belə günə düşdü” fikrinə opponentlik edən tamaşaçılar, həmin müsahibədən bu fraqmentə baxın:

Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti - 1992-ci il: "Çox sağ oluz. Mən də sizə təşəkkürümü bildirirəm. Amma həm sizə təşəkkürümü bildirirəm. Həm sizə, həm də tamaşaçıların nəzərinə bir şeyi çatdırım ki, mən hələ özümü o əsil prezident kimi hiss etmirəm. Çünki Prezident olmaq üçün gərək bir vərdiş olsun. Oturasan. Mən hərəkatdan gəlmiş adamam. Meydanlarda yumruğumu qaldırıb azadlıq qışqıran, demokratiya çığıran adamam. Bu gün mən burada həm xalq hərəkatının iştirakçısı kimiyəm, həm də Xalq Cəbhəsinin sədri kimiyəm. Həm də Prezident kimiyəm. Qalmışam ikisinin ortasında. Bəzən mənə deyirlər ki, bu adamı işə götürmüsən, axı bu adam heç bir iş bacarmır, sən niyə… deyirəm mən də işə gələndə bilmirdim əvvəl harasında qol çəkim kağızların, müəyyən adamlar məni öyrətdilər ki, burdan qol çəkərsən. Sonra dan öyrəndim kağızı dəftəri, bu adam da yavaş-yavaş öyrənəcək".

Bəs İlham Əliyev nəyi deyir, ay mənim bəy və gəlin tamaşaçılarım. Bilirsiz, mən niyə bu faktları təqdim edirəm, bəzən soyuqqanlı, bəzən hətta amansız təsir bağışlasam belə. Ona görə ki, tarixi aldatmaq olmaz. Yalan danışmaq olmaz. Hörmətli Əbülfəz Elçibəyin özü özünü belə anlayır, belə başa düşür, belə təqdim edirdisə, fağır bir president tapmışdınız deyirsə, onu Siz özündənmi müdafiə edəcəksiniz. İlham Əliyevin onu nə üçün məzlum adlandırdığı barədə suala cavab olaraq bu fikirləri qoyun. Və ya başqa bir məsələnin üzərinə gələk. Əliyev hər dəfə dövlət müstəqilliyini önə çəkir. Prezident kimi əsas vəzifəsinin də məhz dövlət müstəqilliyinin qorunması olduğunu bəyan edir. İndi isə Elçibəyin təlimində müstəqillik anlayışının nədən ibarət olmasına diqqətinizi yönəltmək istəyirəm. Yenə həmin müsahibə. Azərbaycanın Milli Azadlıq hərəkatının lideri, Azərbaycanın Prezidenti, keçmiş Baş Nazir Pənah Hüseyn üçün qırmızı xətt olan Əbülfəz Elçibəy Rusiya-Azərbaycan münasibətlərinin perspektivi barədə suala cavab verir.

 

Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti - 1992-ci il: “Azərbaycanın ən böyük iqtisadi müttəfiqi Rusiya olacaq. Hələ başqa dövlətlərlə əlaqə yaradınca nə qədər vaxt lazım olacaq. Rusiya ilə isə bizim çoxlu əlaqələrimiz var. … Yeltsinlə danışmışam, telefonla söhbət etmişəm, biz artıq İranla Azərbaycan arasında sərhədlər barədə hazırlamışıq, parafinləmişik, sərhədlərə Rusiya və Azərbaycan birgə nəzarət etsin. Rusiya və Azərbaycan arasında dövlət sərhədi olmasın.”

Əlbəttə, biz indi bəlkə də mexaniki olaraq sənədi paraflamaq əvəzinə parafinləyən təmiz, məsum Elçibəyə onun dil xətasını irad tutmaya bilərik, amma “Rusiya və Azərbaycan arasında dövlət sərhədi olmamalıdır. İran –Azərbaycan sərhədlərini müştərək qorumalıyıq deyən Prezidentin müstəqil dövlət platformasının ardıcılları doğrudanmı bu günkü dövlət fəlsəfəsiylə o zamanın dövlət düşüncəsi arasındakı fərqi hiss etmirlər?!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, Ləl-Cəvahirat Fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o Ləl-Cəvahirat Fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq”.

Biz İlham Əliyevi, Prezidenti tərifləmirik, hörmətli tamaşaçılar, onun etdiklərini göstəririk. Dediklərini təqdim edirik. Sözümüz möhürümüzdür deyən dövlət xadiminin daşıdığı şəxsiyyət mütəşəkkilliyini çatdırırıq. Bu həftə TANAP-ın ikinci hissəsinin açılışı oldu. İlham Əliyevin Ədirnədəki çıxışını xatırlayaq. Bunu etməkdə məqsədim odur ki, özünüz nəticə çıxarın. Sabah bizim deməyimizə ehtiyac qalmasın ki, O əsl liderdir. Bütün komponentlər üzrə.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

İlk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana məni bu tarixi mərasimə dəvət etdiyi və göstərdiyi qonaqpərvərlik üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.

Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.

TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.

TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir.

Bildirməliyəm ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq. Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanıstanın və Çinin yükləri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı bunların biri də həyata keçməzdi.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk. Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub və bu yatırımlar bizim xalqlarımızın rifah halını yaxşılaşdırır.

Eyni zamanda, Türkiyə bu gün xarici sərmayələr üçün açıq ölkədir və çox məqbul yerdir. Əziz qardaşım, Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlara imza atıb. Biz əvvəlki dövrü yaxşı xatırlayırıq. O vaxt Türkiyə Beynəlxalq Valyuta Fondunun və başqa maliyyə qurumlarının borcundan yaxa qurtara bilmirdi, asılı vəziyyətdə idi. İqtisadi asılılıq istər-istəməz siyasi asılılığa gətirib çıxara bilər. Məhz Prezident Ərdoğan tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində Türkiyə bu asılılıqdan yaxasını qurtara bildi və bu gün çox güclü iqtisadiyyat kimi dünya miqyasında öz sözünü deyir. Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur.

Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır. Bu gün möhkəm Türkiyə və onun lideri inkişafı, sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir.

TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir.

Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

Çıxışı bilərəkdən bütünlüklə təqdim etdik. Ona görə ki, burada Prezidentin Bakı Dövlət Universitetinin yubileyində Avropaya inteqarsiya ilə bağlı dediklərinə bir başa aid olan mətləblər var. Buna qayıdacağıq. Necə deyərlər, araya hərfəçin qoyaq. Biz hər dəfə İlham Əliyevi siyasi lider kimi təhlil edərkən xüsusi qeyd etmişik ki, onun bitkin, qlobal düşüncə tərzi var və elə buna görə də istənilən mövzuya milli hövzədən yox, qlobal okeandan baxır. Bayaq biz onun müstəqil Azərbaycan və beynəlxalq kredit münasibətləri mövzusunda fikirlərini çatdırmışdıq. İndi eyni fəlsəfə Türkiyənin müstəqilliyi və kreditlər mövzusuna şamil edilir. Prezident hər iki dövlətə, onun müstəqilliyini təhdid edən amillərə eyni gözlə baxır. Cəsarətlə deyə bilərik ki, İlham Əliyevin düşüncəsi Azərbaycanı coğrafi ərazi vahid olaraq mövcud xəritədəkindən qat qat artıq miqyasda qəbul edir. Yəni ilk baxışdan ərazimizin 20 faizi işğal altında ola bilər və bu belədir. Amma bir dəfə gəlin hesablayaq ki, 2003-cü ildən bəri Azərbaycan geosiyasi ərazilərini, strateji iqtisadi beynəlxalq maraqlarının keçdiyi marşrutları nə qədər genişləndirib və Bakı Tiflis-Ceyhan, Bakı Qars Ərzrum, TAP, TANAP və sair kimi daha neçə belə yazı lövhəsi qoyulmuş yerlər rəmzi olaraq kimə məxsusdur? Bu layihələr təkcə Azərbaycanın, ya Türkiyənin yox, elə Avropanın enerji təhlükəsizliyini etmək üçün deyilmi? Bəs onda hansı haqla İlham Əliyevi Avropaya inteqarsiya etməməkdə ittiham etmək olar? NATO və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda görüşməsi nədi belə? İki zidd qütb Bakını seçir. Hər ikisi ideal inteqrasiya məkanı kimi məhz Azərbaycanın paytaxtı üzərində dayanır. Ədirnədən Bakıya qayıdaq. Prezidentin konseptual çıxışının Avropa və inteqarsiya barədə dediklərinə. Prezident bu fikirləri hansı kontekstdə deyir və ümumiyyətlə söhbət nədən gedir?

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".

Prezident Avropaya intqerasiya edilməyəcəyini bəyan etmir, ay mənim ağlıkəsməz tamaşaçılarım! Söhbət Avropanın bizim mentalitetə yad, heç vaxt qəbul edə bilməyəcəyimiz cəhətlərindən gedir. Dövlət başçısının dediklərini belə anlamağınızı xahiş edirəm, qeyrətimizi qoruyaq, gey rətli olmayaq. Və ya anam bacım dediklərimizə atam bacım deməyək. Ya da ikisi bir boyda gəzən gözəllərimizə gözəllərimiz vurulmasın. Qadın-kişi arasında fərq olmalıdır deyiləndə bunlar nəzərdə tutulur. Yəni bu qədər sadə həqiqətlərə mütləq biz təfsir yazmalıyıq?! Ümumiyyətlə, kontekstdən çıxarılmalar, xüsusilə son zamanlar, sosial şəbəkələrin yaratdığı qeyri-ciddi fonda çox aktuallaşıb. Məsələn, həftənin çox populyar mövzusu keçmiş Millət vəkili, Qarabağa Xalq Yardımı Komitəsinin keçmiş məsul katibi, Dövlət Gömrük Komitəsi sədrinin keçmiş müavini Cümşüd Nuriyev həftənin ən popuyar fiquru oldu. Onu linç etdilər. Dərsini pis bilən uşaq kimi, az qala otaq-otaq gəzdirib, utandırdılar. Biçarə Cümşüd Nuriyev də mağmın-mağmın üzr istəməyə başladı. Dişlərində iştah qalan kanallar, onların içində internet tv olanı da vardı, klassik televiziya olanı da, Cümşüd Nuriyevi o budaq mənim bu budaq sənin deyə gəzdirdilər. Bəs əslində nə baş vermişdi. Deməli Prezidentin Bakı Dövlət Universitetinin yubileyindəki çıxışından dürüst nəticə çıxaran Dövlət Televiziyası ən yaxın tarixə ekskurs etmək üçün veriliş hazırlamış, o zamanın şahidlərindən biri kimi Cümşüd Nuriyevi də efirə dəvət etmişdi. Cümşüd Nuriyev maraqlı statistika açıqlamışdı. Bu məlumatları mən, nəzərə alsaq ki, ən yaxın tariximizi pis bilmirəm, hətta mən belə, bilmirdim. Söhbət bu məlumatlardan gedir:

Deməli, bu məlumatları çatdıran şəxsin, o zaman tutduğu postun da aidliyi nəzərə alınmaqla fikirləri dərhal diqqət çəkməli, Əli Kərimli də daxil olmaqla çəkilən adlar ətrafında ciddi araşdırmalara başlamağa ən azı cəhd olmalıydı. İndi təmizlikdən, şəffaflıqdan danışan, əslində isə 25 ildən artıqdır ki, hansı pulla yaşadıqları şübhəli qaranlıq qalan bir qrupun cavab verməsi gərəkən xeyli sual yaranmışdı. Amma Dövlət Televiziyasında səslənən bu əsl sensasiya isə dərhal arxa plana keçdi. Çünki, sosial mediyanın qeyri-ciddi, səthi, naşı atmosferi Nuriyevi ciddi məlumatlar yaydığına görə cəzalandırmaq qərarına gəldi. Onun kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb oldu. Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi. Məsələn, bu yerdə gəlin hərbi operator İlham Ələkbərovun şəxsi arxivindən bizə təqdim etdiyi bu kadrlara baxaq.

Cümşüd Nuriyevin dediyi kadrlar isə bunlardır. Milli Məclisin şüşələrini döyəcləyən, müxalifətin o zamankı liderlərinin tapşırığı ilə Parlamentin binasını silkələyən, çevrilişə cəhddə fəal iştirak edən qadınların üzdə olduğu kadrlar.

Nuriyev əslində küçədə qalmış deyəndə doğrudan da o günlər Parlamentin həyətində, böyür-başında gecələri, fiziki olaraq küçədə qalmaqları nəzərdə tuturdu. Amma özü demişkən fikrini dəqiq ifadə etmədiyindən başqa sözlərdən istifadə etmişdi. Bütün hallarda, keçmiş gömrük məsulunun yanlış ifadə etdiyi fikir yox, başqa dedikləri daha vacib idi. Ona görə də yenidən həmin fikirlərə qayıdıram.

Beləliklə, danışır keçmiş Millət vəkili, Dövlət Gömrük Komitəsi sərinin sabiq müavini, başlıcası isə Qarabağı aranlı, dağlı addım-addım, kənd-kənd gəzib maddi və mənəvi yardım paylayan Qarabağa Xalq Yardımı komitəsinin məsul katibi Cümşüd Nuriyev. Gəlin indi onun nəyi dediyinə və necə dediyinə mənim bu təqdimatımdan sonra qulaq asaq.

İndi isə aydınlaşdıraq. Cümşüd Nuriyevin niyə tarix və cəmiyyət üçün kifayət qədər maraqlı, əhəmiyyətli olan bu informasiyaları yox, başqa fikri, özü də ümumi məzmundan çıxarılmaqla təhrif edilərək paylaşıldı. Kimə lazım idi cəmiyyətin fikrini əsas mətləbdən yayındırmaqla Əli Kərimlinin şübhəli keçmişini dolayısı ilə müdafiə etmək? Prezidentin dediyi ideoloji boşluqları mən şəxsən ən yeni tarixin ağ ləkələrini yavaş-yavaş qara ləkəyə çevirənlərin xidmətilə bağlayıram. Xalq, xüsusilə də gənclər, yeniyetmələr Cümşüd Nuriyevin, onun kimi mədəni, nəzakətli adamların üzr istəməyə məcbur edilməsini yox, qaragüruhun qara keçmişini görməlidir. Ona görə də Cümşüd Nuriyevi təhrif edilmiş bir mövzuda, məqsədli şəkildə erifə dəvət edən, onu cəmiyyət qarşısında ayıb olsun küncünə qoyan, janrı və formatından asılı olmayaraq, bütün televiziyaları yenidən onu efirə dəvət etməyə səsləyirəm.

REAL-da biz onu gözləyirik. Birinci gün. Unutmayaq ki, həyətdə hələ də hansısa qapıda şüuru 90-91-ildə ilişib qalanlar yaşayır və biz qaragüruh əhval-ruhiyyəsindən peyvənd olunmalıyıq. Bu həftə baş verən hadisədən bir parçaya baxın.

Bax bu adamlar və ya belələri Avropanın ən sivil və ən vacib ölkələrindən birinin arxitektoruna. İlham Əliyevə alternativlik iddiasındadır. Yaddan çıxarmayaq ki, ətrafımız da daxil olmaqla müsəlman aləmini barıt çəlləyi kimi görənlər var. Elə yaxın qonşumuz İran İslam Respublikasında yanacaqdan az qalmışdı yanğın baş versin. Belə bir vaxtda nə qədər məsuliyyətsiz olmalısan ki, imkanların və arzuların arasındakı uçurumu görə bilməyəsən. Azərbaycanın yolu bəşəriyyətdən, bəşərilikdən keçir. Bu gün İlham Əliyevin çağırışı ilə faşist Njdeyə Rusiya ərazisində qoyulmuş abidə sökülür. Qaragüruhun şüuru bu faktı anlamaq iqtidarında deyilsə, deyim. İlham Əliyev Njdenin faşis təbiətini gündəliyə çıxarmaqla, Azərbaycanın, onun milli azadlıq hərəkatının ən çox istinad edilən milli dəyərlərindən birini Məmməd əmin Rəsulzadənin də qoruyur. Son bir neçə ildə baxın, neçə dəfə ermənilər Məmməd Əmin Rəsulzadəyə Hitlerin dostu ləkəsini yaxıblar, onun Azərbaycanın azadlığı uğrunda qürbətdə apardığı mübaizəni fürerlə əməkdaşlıq kimi təqdim ediblər. Maraqlıdır nə əcəb Milli Şura, Müsavat, ümumiyyətlə özünü ana müxalifət, bacı müxalifət adlandıranlar bir dəfə də olsun mövqe bildirməyiblər, müəmmalı şəkildə susublar. Sizə elə gəlmirmi. Məmməd Əmin Rəsulzadənin adını məhz istisnasız olaraq Azərbaycanda və məhz ona görə tez-tez çəkirlər ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin qüdrətini etiraf etməsinlər. İlham Əliyev Armavirdə həm də Məhəmməd Əminin ruhuna görə qisas alır, ay mənim siyasi cocuq, ağlıkəsməz dostlarım! Bu gün özünü Milli Şura adlandıran qurum parlamentin buraxılmasından sonra yaranacaq siyasi şəraiti proqnozlaşdıraraq bəyanat yayıb. Bir sıra şərtlər irəli sürüb. Əks təqdirdə seçkiləri baykot edəcəklərini bildirib. Məntiqsizlik baş alıb gedir. Dünənədək növbədənkənar seçkilər tələb edən, erkən seçkilərin qaçılmaz olduğunu deyən qüvvələr niyə indi seçkidən yayınır. Anlaya bilmirəm partiyaların əsas işi vaxtından asılı olmayaraq istənilən seçkiyə hazır olmaq deyil? Yaxşısı budur, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla danışaq. Ciddi olaq yəni. Salamat qalın.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər