Rəsmi Pekindən ABŞ-a etiraz - VİDEO

Rəsmi Pekindən ABŞ-a etiraz - VİDEO
Çin ABŞ-ı onun daxili işlərinə qarışmaqda ittiham edir

Çin hökuməti Amerika Birləşmiş Ştatlarının Senatında Çin Xalq Respublikasının Honkonq xüsusi inzibati bölgəsi ilə bağlı aktın qəbul olunmasına sərt etirazını bildirib.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qen Şuan ABŞ Senatında qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı” adlı sənədin qəbul edilməsinə Çinin böyük narazılığını bəyan edib. “Çin ölkənin daxili işlərinə müdaxiləni, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları pozan həmin aktı qəti şəkildə pisləyir. Bu akt faktlara və həqiqətə məhəl qoymur, ikili standartlara əsaslanır və Çinin daxili işlərinə açıq şəkildə müdaxilə edir”, - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

Honkonq məsələsinin insan hüquqları və demokratiya ilə bağlı olmadığını bildirən Qen Şuan əlavə edib ki, ötən 5 ayda baş verən radikal, zorakı və cinayətkar əməllər Honkonqda insanların təhlükəsizliyini, qanunun aliliyini və sosial düzəni təhdid edib. Çin tərəfi rəsmi Vaşinqtonu aktın qüvvəyə minməsinədək onu dərhal dayandıracaq addımlar atmağa çağırıb, əks halda Çin ölkənin suverenliyini, təhlükəsizliyini və inkişafı maraqlarını müdafiə etmək üçün cavab addımları atacaq.

Aktın qəbul edilməsindən sonra Honkonq xüsusi inzibati bölgəsinin hökuməti də onu pisləyən bəyanat yayıb. Bəyanatda Senatın qəbul etdiyi aktın lazımsız və əsassız olduğu, Honkonqda insan hüquqlarının və azadlıqlarının bölgənin qanunları ilə təmin edildiyi vurğulanır.

Qeyd edək ki, noyabrın 19-da ABŞ Senatında Çinin ciddi etirazlarına baxmayaraq, Honkonqda qanunsuz aksiyaları dəstəkləyən akt qəbul edilib. Çin tərəfi dəfələrlə xarici ölkələrin, o cümlədən ABŞ-ın Honkonq məsələsinə müdaxilə cəhdlərini pisləyib. Rəsmi Pekin bu addımı Çinin daxili işlərinə kobud müdaxilə, habelə Honkonqdakı radikal qüvvələrin və aqressiv fəalların dəstəklənməsi kimi qiymətləndirmişdi.

Xatırladaq ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə