Mikayıl Cabbarov: Rusiya ilə Azərbaycan arasında ticarət əlaqəsi sürətlə artır

Mikayıl Cabbarov: Rusiya ilə Azərbaycan arasında ticarət əlaqəsi sürətlə artır

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının iclasında “Beynəlxalq meyllərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. 

"Report" xəbər verir ki, nazir Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergi sahəsində əməkdaşlıqdan danışıb.

Jurnalistlərə müsahibəsində M.Cabbarov qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir: “Bunun başlıca səbəbi rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Ənənəvi iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi üçün son yüz il ərzində mövcud olan alətlər, qanunvericilik bu gün kifayət qədər sürətlə yenilənməlidir, çünki yeni iqtisadiyyatı təmsil edən elektron ticarət və elektron xidmətlərlə məşğul olan yerli və xarici şirkətlər tamamilə başqa iqtisadi modellərə və prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər. Bu məsələ yalnız Azərbaycan vergi sistemi üçün deyil, ümumilikdə qlobal vergi çağırışı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, builki Əlaqələndirmə Şurasının əsas mövzusu məhz rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunub”. 

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illər genişləndiyini diqqətə çatdıran M.Cabbarov vurğulayıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: "İki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır. 2019-cu ilin ilk 9 ayının nəticələrinə görə, dövriyyə 20% artıb. Qeyri-neft sektorunun inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, ölkəmizdə Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük bir ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək". 

İclas iştirakçıları yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Əlaqələndirmə Şurasının iclası Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçirilib, “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron servislər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr edilib. Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iclas iştirakçılarına təbrik məktubu oxunub. Məktubda qeyd olunub ki, MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurası vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və fiskal siyasətin səmərəliliyinin təhlili üçün sanballı platformadır. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının aparacağı fikir mübadiləsi və qəbul edəcəyi qərarlar Birlik ölkələrində sahibkarlığın inkişafına, investisiyaların cəlb edilməsi üçün komfortlu şərtlərin irəli sürülməsinə şərait yaradacaq.

İclasda M.Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə