Mir Şahinin vaxtı - VİDEO (27.10.2019)

Mir Şahinin vaxtı - VİDEO (27.10.2019)
REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır

REAL Təhlil və İnformasiya Mərkəzindəsiz. Bu həftə Azərbaycanın müstəqillik tarixində mühüm, bəlkə də ən mühüm hadisə baş verdi. Hətta elə bir hadisə ki, onunla bağlı içində dövlət və millət sevgisi olan bütün tamaşaçaları, bütün Azərbaycan vətəndaşlarını, Azərbaycandan kənarda yaşayan bütün dil və dindaşlarımızı təbrik etmək olar. Və mən bunu məmnuniyyətlə edirəm. Obrazlı desək, bir neçə gün ərzində Bakı bütün dünyanın paytaxtı idi. Qoşulmama hərəkatının Bakı Zirvəsindəydik və bu günlər Azərbaycan təkcə dəniz səviyyəsindən yox, ümumiyyətlə bütün səviyyələrdən yüksəkdə idi. Söhbət nədən gedir: dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmayanlar hərəkatı və ya belə demək olarsa, vitse-BMT Bakıda toplaşır. BMT Baş assamleyasından sonra ən böyük siyasi təsisat. Cəmi 8 il əvvəl bu təşkilata qəbul edilmiş Azərbaycan üçün, müstəqilliyinin 28 yaşını bu günlərdə qeyd etmiş dünənki sovet ucqarı üçün dünyamiqyaslı qələbə. Amma daha böyük qələbə bir müsəlman dövlətinin ümumiyyətlə bütün islam aləmi haqqında yaradılmaqda olan vəhşi, cahil, avam, güruhçu obrazını öz fəaliyyətilə, dünyaya və öz vətəndaşlarına təklif etdiyi həyat, mövcud olma prinsiplərilə tam təkzib edərək bu nəhəng hərəkata sədrlik etmək missiyasını qəbul etməsidir. Bir az sonra biz bu platformaya bir daha qayıdacağıq və necə deyərlər mən vasvası tamaşaçıya bəzi məsələləri barmaq hesabında izah edəcəm. Bakı, Azərbaycan və İlham Əliyev Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracağını elan etdi. Nədi bu Bandunq prinsipləri? Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi. Əslində bu prinsiplərə elə Bakı prinsipləri də demək olar. Çünki onlar həm də Azərbaycanın xarici siyasətinin təməl prinsipləridir. Milli maraqlar nəzərə alınmaqla. Prezidentin çıxışı geniş və ətraflı çatdırılıb. 100 milyonlarla insan o çıxışı öz ana dilinə tərcümədə dinləyib, alqışlayıb. Ona görə də mən təhlil zamanı ayrı-ayrı çıxarışlar üzərində dayanmaq istərdim. Əvvəlcə, dəfələrlə qeyd etdiyim bir mühüm məqama toxunum. Prezident bu çıxışında da nümayiş etdirdi ki, o milli və bəşəri maraqları ustalıqla bir müstəvidə təqdim etmək ustasıdır və ilk baxışda Azərbaycanla bağlı olmayan istənilən mühüm məsələni məharətlə milli maraqlar kontekstinə müncər edə bilir. Yəni Əliyev ölkə daxilinə bir, ölkə xaricinə başqa mesajlar vermir, siyasi görüşlərində fraqmentar deyil, onun beynəlxalq kursu İlham Əliyevi vahid siyasi-beynəlxalq vücud kimi tam təqdim edir. O Davos forumunda da, Valday klubunda da, Aşqabad sammitində də qaldığı yerdən davam edir və uzaq mənzilli məntiqi ilə, ən ucqar diplomatik kombinasiyaları belə qabaqlayır. Tutaq ki, regionun adi coğrafi vahidi, bir sıra hallarda sadəcə toponim reallığı olan Ermənistanın əhatə etdiyi siyasi akvotoriya həndəvəri, civarı0-divarı bəlli bir hövzədir. Gölməçədir. A nöqtəsindən başlanan məsafənin bir neçə saatdan və ya bir neçə kilometrdən sonra B nöqtəsinə yetişəcəyi bəllidir. Paşinyanın ağlı və zəkası altdan-altdan kiməsə Qarabağ məsələsini əlinin dalıyla kitab və maksimum bir ölkənin lidei səviyyəsində ötürə bilir. Piştaxta altından. Amma Azərbaycan...

Gəlin İlham Əliyevin çıxışının Azərbaycanın dövlət müstəqilliyi, Qarabağ və ərazi bütövlüyü ilə bağlı hissəsini dinləyək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Xanımlar və cənablar, hörmətli qonaqlar.

Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür.

Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.

Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm.

Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir.

Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur.

2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmışdır, yüzlərlə ev dağıdılmışdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Və bu bəyanatı dünyanın 120 ölkəsi eşidir. Və nəinki eşidir. Bu fikirlər Qoşulmayanlar Hərəkatının yekun sənədində həmin ölkələrin dəstək reaksiyasi ilə öz əksini tapır. Sənəddən oxuyuruq:

“Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəflərin münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.

Dövlət və Hökumət başçıları Azərbaycan və Ermənistan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxununulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Bu xüsusda, Dövlət və Hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir Dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanmasına hər hansı kömək göstərməyəcək.

Diqqət! Bakı Zirvəsinin ən tarixi yerinə yaxınlaşlrlq. Bu mötəbər toplantıda Ermənistan işğalçı dövlət kimi tanındı. Yekun sənədinin əhəmiyyətini nəzərə çarpdırmaq üçün təkrar etməliyəm: BMT Baş Assambleyasından sonra dünyanın ən böyük təşkilatı olan bir qurumun qəbul etdiyi sənəddir bu. 120 ölkənin. Və deməli, Prezidentin Valday klubunda “Qarabağ Azərbaycandır, nida işarəsi! bəyanatı təsadüfən ifadə edilmiş hisslər fontanı, emosianal reaksiya deyildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“QARABAĞ AZƏRBAYCANDIR! NİDA İŞARƏSİ!”

O bəyanat bir müddət sonra Bakıda keçiriləcək Qoşulmayanlar Hərəkatındakı nitqin mühüm bir hissəsinin anonsu idi. Prezident bu sənədə bütün xalqları və dövlətləri hazırlayırdı. Beləliklə, yekun sənədə ilk dəfə olaraq olduqca vacib yeni bənd əlavə edilib. Burada, dpövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki heç bir dövlət Azərbaycan respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Vurğulayaq ki, hurda konkret olaraq işğalçı sözündən istifadə olunur və 120 dövlət Ermənistanı işğalçı kimi tanıyır.

Mən şəxsən BBC-nin Hard TALK layihəsində Stiven Sakurun Ermənistanın Xarici İşlər nazirini Mnatsakanyanı pərt vəziyyətə salmasını da İlham Əliyevin ardıcıl məntiqi və davamlı beynəlxalq pressinqi ilə izah edirəm:

Stiven Sakurun ünvanladığı suala Mnatsakanyanın cavabı. Görüntüləri təqdim edirik.

Yenidən Qoşulmama hərəkatının keçirildiyi məkana qayıdacam. Amma yolüstü bir dayanacağımız da olacaq. Bir az əvvəl Əliyevin beynəlxalq siyasi vahid olaraq bütünlüyü, tamlığı əks etdirdiyini dedim və onu da qeyd etdim ki, Prezidentin, məzmundan asılı olmayaraq istənilən istiqamətdə yürütdüyü kurs çoxtərəfli və çox şaxəlidir. Onun çıxışlarının hamısının məntiqi uzaq mənzillidir. Məsələn, MDB sammitində Prezident faşizmin qəhrəmanlaşdırılmasının zərəri və bu səmitdə Ermənistanın fəaliyyətini vurğulamışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub

Bəlkə də o gün Nikol Paşinyan elə güman edirdi ki, şükür allaha, hər şey bir neçə MDB üzvü qarşısında onun tarix və ya tarixi əzişdirilməsiylə bitdi və yaxşı qurtardı. Amma yox. İlham Əliyev anlatdı ki, o bu mövzunu danışıqlar masası maraqlı olsun deyə ortaya atmayıbmış. Azərbaycan Liderinin faşizmə münasibəti onun formalaşmış beynəlxalq kursunun mühüm bir hissəsiymiş və Əliyevin Ermənistanla bağlı irəli sürdüyü ittihamlar Qoşulmama Hərəkatının yekun sənədində də öz əksini tapacaqmış: Beləliklə,

Yekun sənəddə Dövlət və Hökumət başçıları Nasist hərəkatının, neo-nasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucadılması, Nasist keçmişi, Nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bununla da İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislər beynəlxalq səviyyədə ifadə edilən pisləmənin, məhkumetmənin dayaq tezislərinə çevrildi. Başqa sözlə desək, Bu Nüfuzlu Hərəkat Azərbaycanın faşizmin qəhrəmanlaşdırılmasına etirazını beynəlxalq sənədlərlə tarixə saldı. Qoşulmama Hərəkatında Azərbaycan dövlətinin ortaya qoyduğu düşüncə, zəka öz miqyasının genişliyi ilə seçilirdi. Məsələn, Prezidentın çıxışının bu parçasına qulaq asaq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir.

İqlim dəyişikliyi qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur.

Azərbaycan zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir. BMT-nin Baş katibi Antonio Quterreş “Bakı Prosesi”ni 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqun təbliğinin ön cəbhəsi kimi dəyərləndirmişdir. “Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis edilmiş və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınmışdır.

Biz vaxtaşırı Davos forumuna, dördüncü sənaye transformasiyasının tələb və şərtlərinə, ən yeni çağırışlara İlham Əliyevin verdiyi qıvraq reaksiyalara qayıdırıq, hər dəfə də çalışırıq izah eədk ki, bəşəriyyətin idarə olunması getdikcə mexanikilikdən çıxır və avtomatikaya keçir. Yeni qaydalar və beynəlxalq menecment yeni yanaşma tələb edir. Azərbaycan Prezidenti də elə buna görədir ki, dünya dövlətlərinin Azərbaycana münasibətini bizim dövlətin faydalı iş əmsalının yüksək olmasına görə qurmağa vadar və dəvət edir. Biz Sizə lazımıq. Bizimlə əməkdaşlıq Sizə çox lazımdır. Bu məntiqdən çıxış edərək:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.

Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Məncə, Qoşulmama Hərəkatının Bakı Zirvəsi daha bir mühüm sətiraltını üzə çıxardı. BMT-nin dünyada gedən proseslərə getdikcə az təsir etməsi, bir sıra hallarda isə öz iradəsini ümumiyyətlə yerinə yetirə bilməməsi Qoşulmama Hərəkatının səsini və nüfuzunu artırır. Fikir verirsinizsə, Qoşulmayanlar Hərəkatına Qoşulanlar, qəribə səslənir bir az, əslində BMT-nin bir çox hallarda iqtidarsızlığından əziyyət çəkənlərdir. Buna görə də vitseBMT Bakıda az qala dünyanın əsas tribunası təsiri bağışıayırdı.  İndi isə mən Preizdent Əliyevin daha çıxışından daha bir neçə parçaya keçəcəm. Amma xahiş edirəm, bu fraqmentlərə qulaq asandan sonra ötən həftə Azərbaycanda, onun idarəedilməsində baş vermiş ciddi kıəmiyyət və keyfiyyət dəyişikliklərini yadımıza salaq: Beləliklə. Əvvəl bu bu kiçik parçaya baxın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur”.

İndi isə daha bir parça. Düzdür, bu fraqment nisbətən böyükdür, amma olduqca mühüm məqamdı fikrimcə, çünki bir az əvvəl dediyim kimi, Prezidentin siyasi təfəkkürü beynəlxalq və miloli müstəvilərdə bir-birini dəstəkləyir və bir-buirindən doğur. Beləliklə, baxaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir.

Təhlil edək. Prezidentin islahatçı xarakteri bir dövlətin idarə olunmasını asanlaşdırmaq kimi primitiv istəkdən doğmur. Bu gün Əliyev hətta BMT-də də islahatların aparılmasılnın vacibliyini bəyan edi. Deməli, 4-cü sənaye transformasiyasının tələbi budur. 2018-ci ildə, prezident islahatlar paketini açarkən məlum oldu ki, kadr islahatları başlayacaq və bu sadəcə kiminsə işdən çıxarılması və ya kiminsə vəzifəyə təyin edilməsindən ibarət olmayacaq.  Gəncləşməyə start veriləcək və gənc təfəkkür sahibəri isə kadr dəyişmələrinin kadr islahatları səviyyəsinə keçiddə istifadə ediləcək. Artur Rəsizadə, Abid Şərifov və başqa yaşlı yoldaşların işdən kənarlaşdırılması ilə yeni yaş həddinə keçid mərhələsinə adladıq. Ahıl korpus üzərində ehmalı əməliyyata başlandı. Əslinə baxanda 83 yaşlı Artur Rəsizadəni 71 yaşlı Novruz Məmmədovla, 79 yaşlı Abid Şərifovun 74 yaşlı Hacıbala Abutalıbovla və başqa yaşlıların nisbətən az yaşlı qocalarla əvəz olunması ehtiyatlı gəncləşdirmək kursunun əvvəli idi. Bu həftə isə isteblişmentin ciddi gəncləşdirilməsi isə artıq BMT-dən də islahat gözləyən liderin strateji hədəhflərə qocafəndi addımlarla, titrək-titrək addımlamaq istəmədiyini bariz şəkildə ortya qoydu. Deməli gənclər prioritetdir. Qoşulmayanlar Hərəkatının tribunasından İlham Əliyevin çıxışını dinləyək:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.

Deməli, Prezidentin ölkə gənclərinə dünya gənclərinin tərkib hissəsi tək baxışı onun qlobal düşüncəsinin məntiqi davamıdır. Bir az da geri qayıdaq. Bu ilin fevral ayında Prezident REAL-a müsahibəsində Azərbaycan gənclərinin əslində onun siyasətindəki yerini tam açıqlayan fikirlər irəli sürmüşdü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

-Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.

Yəni söhbət heç də hansısa prosesin təsiri və ya peyk səbəbin müdaxiləsilə qəbul edilən təsadüfi qərarlardan getmir. Prezidentin gənclər siyasəti dərindən düçşünülmüş, ciddi səbəb və zərurətlərə söykənmiş konseptual siyasi düşüncənin əhəmiyyətli bir hissəsidir. İlham Əliyevin gəncləşdirmə siyasəti ASAN köbnüllülərindən tutmuş Patriarx Mehdiyevin, qocaman Hacıbala Abutalıbov, Əli Həsənov və baçşqalarının da aqibətini eyni dərəcədə əhaı edir. Burda məsələ heç də yaşda, ya da qurunun oduna yanan yaşda deyil. Prezidentin kadr islahatları düçşünülmüş struktur islahatlarının çevik və keyfiyyətlə aparılmasına xidmət etməlidir. Çünki baza biliklıəri əsas etibarilə sovet təfəkkürünə dayaqlanan keçmişlə 4-cü sənaye transfarmasiyasının tələb etdiyi  neogələcək  qurmaq mümkün deyil.  Prezidentin kadr islahatları və sistem islahatları bir-birini doğurur. Məsələn,  onun Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin edərkən söylədiklərinin bəzi yerlərinə qayıdaq. Əvvəlcə, Prezidentin çıxışının mənə görə ən olduqca mühüm bir yerindən sitat gətirəcəm. İlham Əliyev iqtisadi müstəqilliyin həllediciliyi barədə danışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir. O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik.

İndi isə kadr islahatlarının, mənim fikrimcə əsas mahiyyətinin açıqlandığı parça. Burda Prezident əslində təkcə Mikayıl Cabbarovla danışmır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

“İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

Prezident kadr dəyişmir, hökuməti dəyişir. Hətta mən deyərdim ki, Azərbaycanda sovet hökuməti təfəkkürünün tam ləğvi baş verir. Sosializm ideologiya kimi əhəmiyyətini itirərərk, sosial həyat tərzi mahiyyətinə keçir. Əliyev səmimidir. Hər əsin anlaya biləcəyi bir tərzdə izah edir, öz siyasətini anladır. Köhnələrlə nəzakətlə vidalaşır. Amma onların yeni zaman saatından geri qaldıqlarını da cəmiyyətə çatdırmaqdan çəkinmir. Yeni təfəkkür üçün qəbul edilməz reallıqların üzıərinə çılğın, amma soyuqqanlı görünərək gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda, haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Prezidentin kadr islahatlarının sistem islahatları ilə birbaşa bağlı olduğunu göstərən başqa bir təyinat haqqında da danışmaq istərdim. Azərbaycan siyasətinin kifayət qədər nüfuzlu fiquru,  bütün bir epoxanın simvolu sayılan Raiz Mehdiyevin vəzifədən azad edilməsi. İlham Əliyev patriarxı qəbul edərkən geniş danışdı, onun layiqli qiymətini verdi, bütün bunlar öz yerində, amma dövlət başçısının çıxışının bir yeri var ki, orda dayanmaq istərdim:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını təqdim edirik.

Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.

Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.

Beləliklə, struktur islahatlarının aparılmasının əsas şərti  fiziki və mənəvi gəncləşdirmədir və Prezident həftə ərzində bunu bir neçə yerdə elan etdi.  Ramiz Mehdiyevin cavabında da yeni şəraiti dürüst anlayan qocaman, müdrik bir siyasətçinin boy verdiyini gördük:

Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin çıxışını təqdim edirik.

“Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.

Və burda bir məsələ üzərində dayanmaq istərdim. Prezidentin kadr islahatlarını sadəcə qocalığa işarə ilə şərh etmək kimi səthi, yüngül bir yanaşma görürəm. Filankəs getdi, filankəs qaldı, adamların pasportunda eşələnmək kimi qeyri-ciddi yanaşmalar Nəsimi ilini Afət Fərmanqızının mahnısı səviyəsində qavramaq kimidir. Uşaqı, indiki halda nəzərə alsaq ki, qocalıq həm də uşaqlıqdır, ləyən qarışıq atmaq kimi tendensiyanı cəmiyyətə aşılamaq olmaz. Qocalar həm də peşəkarlardır. Prezident yaşlılara istefa vermiş yaşıdlarından nümunə götürməyitövsuiyə edib və yalnız tövsiyə edib. Bu tövsiyəni dövlət başçısının pensiyaya ərizə yaz! Şifahi sərəncamı kimi təqdim və təlqin etməyi məsləhət görməzdim. O gün, baxıram, hansısa ədəbsiz qara qızıldan az qiymətli olmayan Xoşbəxt Yusifzadənin də şəklini paylaşıb və yazıb ki, bu yaddan çıxdı. Bu anlayışın müəllifini tapmaq və yaşından, başından asılı olmayaraq nəinki təqaüdə, zibilliyə göndərmək lazımdır. Təaüdə getmək hər bir şəxsin öz iradəsilə baş verə prosesdir. Proses olmalıdır. Adam öz yerinə kimisə təyin edib ondan sonra getməlidir ki, sabah problem yaranmasın. Gəlin Mehdiyev demişkən sivil bir yeni ənənəni zibil ənənəyə çevirməyək.

Ola bilsin ki, kənardan Prezidentin çıxış və qəbulları ətrafında çox dayandığım qabarıq görünür. Bəli. Bu belədir, çünki, Prezident mənə təkcə Dövlət başçısı kimi yox, eyni zamanda mühüm addım, hərəkət və müxtəlif məqamlardakı çıxışları ilə vahid xətt, kamil bir platforma kimi maraqlıdır. Onun dəyişikliklıər anonsunu, menecmenti yeni formaya keçirdiyini izah edərkən mənə maraqlı gələn bir detalı da qeyd edim. Düşünürəm ki, Prezidentin ayrı-ayrı məmurlarla görüşdə kostyumsuz, daha doğrusu pencəksiz olması da yeni formaya keçidin anonsudur. Hər halda belə zənn etmək olar. Yeni məzmun üçün yeni forma. Və ya xalqa daha bir köynək yaxın olmaq. Və indi biz ən ucadan ən aşağıya enməli, bu həftənin qaragüruhunun səviyyəsi ətrafında baş verənləri anlamaq qədər enməliyik. Paralellıərimiz placaq. Əvvəla İlham Əliyev Qoşulmayanlar Hərəkatının Azərbaycan zrvəsindən dünyaya mürziət edir, ölkənin həm uğurları, həm də Qarabağ kimi problemləri barədə bəyan edir. Qoşulmamaq hərəkatına qarşı qaragüruh psevdio azadklıq hərəkatı ilə çıxır. Beynəlxalq miqyas. Hüdudsuz üfüqlər və hövzə məhdudluğu, siyasi gölməçəçilik. Məhsul stadionu, Lökbatan meydançası, 28 may stansiyasının qarşısı. Qarügruhun düçşüncə coğrafiyasının işarələdiyi şüur nöqtələri. Prezident isə dünyanın 120 ölkəsiniAzərbaycanın hüzuruna dəvət edir və onlarla bir hüzuru bölüşdürmək niyyətini ortaya qoyur. Qaragüruh isə ABŞ səfirliyinin qarşısına gedib müstəqil Azərbaycan dövlətindən şikayə tedirlər:

ABŞ Səfirliyinin Müvəqqəti İşlər vəkili Maykl Dikersonun çıxışını təqdim edirik.

Beləliklə, adam Vaqifin şirin dilində, daha doğrusu şirinəyaxın dilində başa saldı ki, gedin o yanda oynayın. Bir sevincinizə şərik olmuşuq, osmanqızı səviyyəsində bəsdi də, qurtarın. Adımızdan istifadə edib dələduzluqla məşğul olmayın. Siz bizlik deyilsiz. Biz sizin deyilik. Təxminən belə. Və bu bəyanatdan sonra da qaragüruh bir böyük entuziazmla başqa bir ölkədən azadlıq tələb edir. Anlaşılmazdır. Əlbəttə, azadlıq istəmək olar, hətta müxtəlif səfirliklərin qarşısında aksioya da keçirmək, azadlıq tələb etmək olar. Amma Qarabağın, işğal altındakı torpaqlarımızın azadlığını. Bu ölkədə sərbəst toplaşmaq azadlığı kimi dərd yoxdur. Lök də azaddır, batmaq da! İstəyirsən sərbəst toplaşmaq, buyur toplaş! Futbola sevin! Stadionda hayqır!

Bu kadrlar da Azərbaycanda çəkilib. Kimin sərbəst toplaşmaq haqqı pozulub? Razılaşdılrılmış aksiyalarda təhlükə olmur. Razılaşdır çıx. Hətta Buşun portretini və ya İŞİD-in bayrağını belə qaldırmısız. Yenə çıxın. Bakıya gələn qaradərili qonaqların rənginə görə lənətlənməsi faktı ilə bağlı bu saat cinayət işi açmaq olar. Əli Kərimlinin Eritriyalılara, Afrikalılara, Qanalılara, Qvineya-bisaulara sevinc gözyaşı şərikinin efirində məsxərə etməsi irqçilik deyilsə nədi? Biz ali tribunadan Paşinyanı faşizmdə ittiham edirik, amma burnumuzun ucunda Kərimli rasist mövqeyindən çıxış edir. Mən başa düşürəm ki, qara güruhdu bu, savad və səviyyə problemi var adamın. Amma öz xalqını və dövlətini bu qədər risk altına qoynaq olmaz axı. İrqçilik vağzalı havasına meydana gedib xəşil olub qayıtmaq deyil. Və xəşilin beli həmişə qırmızı olmur. Yeri gəlmişkən, Əli Kərimlinin iflasının baş verdiyini dedik keçən dəfə. Amma onun 19 oktyabr təssüratlarını efirdən dinləyəndən sonra belə qərara gəldim ki, bir də mövzuya qayıdım. Məzmunda işim yoxdur. Ona görə ki, daha ciddi səhvlər ifadə tərzində buraxılıb və qaragüruhbaşını tam ifşa edir. Məsələn, Əli Kərimli danışır ki, məni apardılar, belə etdilər, elə etdilər, döydülər, köynəyimi cırdılar, ürəim getdi, avtobusdakı bütün suları üstümə tökdülər, ayıldım... Stop. Əli əslində belə danı.şmalıydı. Məni apardılar, döydülər, köynəyimi cırdılar, diqqət burda belə deyilməliydi, huşumu itirmişəm, qorxublar, avtobusdakı bütün suları üstümə töküblər, özümə gəlmişəm. Və bütün bu olanları sənə kimsə danışmalıdı ağlın özünə gələndən sonra. Dilimizdə nəqli və şühudi keçmiş zamanları var. Adam özünün şahidi olduğu şühudi keçmişdən nəqli keçmişə keçə bilməz. Yalan danışırsan! Kərimli bir şeyi anlamaqda çətinlik çəkir. İnsanlar adətən Əli Kərimliyə yox, qanuna tabe olurlar. Razılaşdılrılmış aksuiyaya gələnlər qanuna hörmət edib gəlirlər, razılaşdırılmamış aksiyaya gələnlər isə əliyə onun layiq olduğu qədər gəlirlər. Bu Əlidən əmirəlmöminin çıxmır heç cür. Cıx mır! Qaragüruhun liderinin hospitaldan arayışı var ki sağlamdır. Amma məncə bir də müayinə etmək lazımdır. əlinin qanında problem ola bilər. Qan demişkən. Azərbaycanda sulamağa və ya qanlamağa meydan gəzənlərin menyusuna indi kiçik bir müsahibə təqdim edəcəm. Bu insanlar bir zamanlar Suriyada yaşayıblar. Onları da yerli Əlilər, Kərimlilər, Sevinclər, Tofiqlər dövlət yolundan çıxarıb. Bir zamanlar hər şeyi olankların indi demək olar ki heç nəyi yoxdur. Baxın və insanların öz bir zamanlarkl rahatlığı, hüzuru üçün necə darıxdığının şahidi olun.

Suriyalı qaçqınlar ölkələrində inqilabdan əvvəl və indiki ölkənin vəziyyəti haqqında danışırlar. Görüntüləri təqdim edirik.

İndi isə buyurun bu adama baxın. O da qaragüruhun üzvlərindən biridir. Siyasətin Kərimli küçəsində yaşayan bu adam üçün gələcək Azərbaycan belə görünür:

Suriyalı qaçqın öz peşmanlığını etiraf edir. Görüntüləri təqdim edirik.

Öz evimizi, öz ocağımızı, öz ailəmizi və bu ailələrin cəmi olan dövlətimizi qoruyaq. Bir var ki, dünyanın 120 ölkəsindən sənə gəlirlər, bir də var ki sən suriyalı, liviyalı kimi dərbədər olub 120 dövlətə parçalanırsan... Hansı yaxşıdı?

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə