Türk Şurasına sədrlik Azərbaycanda - VİDEO

Türk Şurasına sədrlik Azərbaycanda - VİDEO
Şuraya üzv olan ölkələrin XİN başçılarının Bakı toplantısı keçirildi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib. Bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib. O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.

Toplantıdan sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirdi ki, xarici işlər nazirləri Türkiyənin keçirdiyi “Barış pınarı” əməliyyatını müzakirə etməyiblər. Lakin dövlət başçılarının iştirakı ilə keçirilən Türk Şurasının VII Zirvə Görüşündə bu məsələ də müzakirə oluna bilər.

Qeyd edək ki, zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə