Mir Şahinin vaxtı - VİDEO (13.10.2019)

Mir Şahinin vaxtı - VİDEO (13.10.2019)
REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır.

Real Təhlil və İnformasiya xidmətini davam etdirir. Mir Şahin vaxtınız xeyir! Bu həftə Azərbaycanın ərazi bütövlüyü mövzusu üzərində təhvil oldu. Niyə belə düşündüyümü izah edim. Prezidentin, ölkə daxilində, yaxud xaricində atılmasından asılı olmayaraq bütün addımları ya dövlət müstəqilliyinin möhkəmlənməsinə, ya da onun növbəti dəfə sübutuna işlədi. Ardıcıllıqla gedək. İşğal və etnik təmizləmənin əzabını öz üzərində birbaşa hiss edən ən həssas hissə qaçqınlardır və Prezidentin bu həftə məhz onların qarşısında çıxış etməsı, ötən həftənin altını və üstünü cızan Qarabağ nidasına yenidən, həm də daha geniş şərhlə qayıtması təsadüfi deyildi. İlham Əliyev niyə Rusiyada, niyə Valdayda, ümumiyyətlə niyə məhz o platformada dünyaya nida etməsinin səbəbini sadə, hamının başa düşəcəyi şəkildə izah etdi:

Yəqin fikir vermisiniz: Prezident hər dəfə qaçqınların mənzillə təmin olunmasını işğal altında olan torpaqlarımızın mütləq qaytarılacağına olan inamla, bu istiqamətdə aparılan siyasətin şərhilə müşayiət edir. Sanki, yeni, normal şəraitə malik olan şəhərciklər, evlər, mənzillər nə qədər yüksək standartlara cavab versə də, məskunlaşmanın müvəqqəti olduğuna işarə vurulur, hər bir sakinin fərəhinə əsla kölgə salmadan onlar gələcəyin böyük köçünə, işğaldan azad olunacaq ərazilərə əzəmətli qayıdışa hazır olmağa çağrılır. Bu xətt dövlətin siyasi iradəsinin əsasını təşkil edir. Məsələn, az-çox siyasi savadı, məntiqi olan kəs üçün anlamaq çətin olmaz ki, nə qədər ki, dövlətin ərazi bütövlüyü bərpa edilməyib, dünyanın istənilən ölkəsində keçirilən tədbirin məkanı, istər Soçi olsun, istər Nyu-York, istərsə də Aşqabad-eyni sınıq xəttin nöqtələri, dipolmatik müstəvinin künc-bucağıdır və onları Əliyev Qarabağ ətrafında birləşdirir. Məsələn, qaçqınlara sadə dildə izah olunan Qarabağ platforması, ərazi bütövlüyünün bərpası xətti Aşqabadda başqa cinahdan qabardılır. İlk baxışda mövzu üçün ucqardır. MDB sammitinin gündəlyinə çıxarılan məsələlər başqadır. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə hazırlıq ətrafında görülən işlər, və ya strateji iqtisadi əmədaşlıq və sair... Amma Prezident burda da fürsət taparaq və tam yerinə düşən tərzdə Ermənistanın Baş nazirini gözlənilməz yerdə və vaxtda sərrast hədəfə götürür və tam başqa bir səmtdən onu, rəhbərlik etdiyi ölkənin siyasi-mənəvi mahiyyətini yarıb ortaya qoyur. Necə deyərlər, mahir bir cərrah bıçağıyla. Faşizmin gətirdiyi bəlalardan Ermənistanın faşizmi qəhrəmanlaşdırması fonunda əsil master klas mükəmməlliyilə bəhs edir. Bəşəriyyətin məruz qaldığı faciədən, eşidirsiz, məhz faciədən ürək ağrısı və riyazi məntiqlə bəhs edir. Paşinyan isə komediyaya, eşidirsiz komediyaya istinad edir, “Qafqaz Əsiri”ndən gətirdiyi sitatla əslində özünü təqdim edir. Hə, öz iddialarının, qəsbkar mənliyinin, təmsil etdiyi dövlətin işğalçı xəttinin əsiri kimi. Qafqaz əsiri kimi. İlham Əliyevin çıxışı MDB-nin gündəliyinə də, Azərbaycanın maraqlarına da, yürütdüyü dövlət kursunun bütün durğu və vurğu işarələrinə də uyğundur:

da artıq ikinci məntiq və mövqe döyüşündə Paşinyan Əliyevə böyük hesabla uduzur. Ümumiyyətlə, müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İlham Əliyev son zamanlar Ermənistanla danışıqları başqa müstəvi üzərinə keçirməkdədir. Əgər əvvəllər bu danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakıyla aparılırdısa və ictmaiyyətə məlumatlar adi diplomatik qiraət qurusu tək, olduqca məhdud məzmunda təqdim edilirdisə, Valdaydan başlanan ritorika Aşqabadda yeni bir inkişaf həddinə çatdı. Düzdür, Aşqabadda biz Prezidentin Qarabağla bağlı çıxışını birbaşa görmədik. Dövlət katibinin mətbuat katibi Azər Qasımov da o qədər geniş informasiyaya ehtiyac duymadı. Soyuqqanlı diplomatik, qısa bir mətnlə keçindi. Dedi ki, həqiqətən də əlifba sırası ilə yanaşı oturmuş iki rəhbər qarabağ problemini müzakirə ediblər. Əslində elə bu kiçik məlumat da ciddi informasiya yükünə malikdir. Yəni, hər dəfə Paşinyan Qarabağdan danışmayacağını deyir, sonra Qarabağ danışıqlarını Azərbaycanla aparır. Və ya Azərbaycanın tələbinə uyğun olaraq Xankəndiylə yox, İrəvanla. Qısası: münaqişə mövzusunda Əliyev-Paşinyan danışıqlarının başqa tərəfə buraxaq. Amma Qaregin Njdedən bəhs edən Əliyev əslində işğalçı dövlətin mahiyyətini bir beynəlxalq terrorçunun qiymətini verməklə, habelə Ermənistanın bu faşist artığına yanaşmasını ifşa etməklə açıb göstərdi. Paşinyan acınacaqlı vəziyyətə düşdü. Əliyev elə bir rels döşəmişdi ki, Nikol ora düşməyə bilməzdi. O ya sağlam məntiqə əsaslanıb, elə MDB sammitinin ruhuna uyğun olaraq Qaregini kəskin pisləməli, faşizmin bütün növləriylə mübarizə aparmağın planetar bir ehtiyac olduğunu etiraf etməklə ən azı bu faşist əlaltısı, nasistlərin tərəfində insanlığa qarşı vuruşmuş bu kəsin fəaliyyətinin gerçək araşdırılması ilə bağlı öhdəlik götürməli, hər şey cəhənnəmə, çıxılmaz vəziyyətə düşməmək üçün vaxt udmalıydı. Ya da Qaregini, bu faşist töküntüsünə qoyulmuş abidəni müdafiə etməli, neçə müddətdir ki, bütün antifaşistlərin lənətlədiyi bu hərəkətə bəraət qazandırmaq kimi çox çətin bir işin altına girməliydi. Paşinyanın vəziyyətini həm də bir nüans əlverişsiz edirdi. O, Njdeni müdafiə edəcəyi halda özünü, öz mövqeyini müdafiə edəcəyi halda isə faşist quyruğunu müdafiə etmiş olacaqdı. Njdeni müdafiə etmək özünü faşist ideologiyasına inteqrasiya etdirmək, o ideologiya ilə şərikləşmək demək idi. Hardan baxsan. Belə də baş verdi. Paşinyan sammitdə Njdeni öz ideolji kumiri kimi müdafiə etdi. Əliyevin Aşqabad səfərini, burda baş verənlərin detallı müzakirəsini, ümumiyyətlə Prezident həftəsinin təhlilini Əliyev adminstrasiyasının xarici məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevlə bərabər aparacıyıq. Beləliklə, bir kiçik haşiyəylə Paşinyanın Njde ilə ideoloji qohumluğunu açıb ortaya qoymuş çıxışdan başlayaq.

Adətən paralelləri təhlükəli hesab edən klassiklə razılaşmamaq olmur. Amma İlham Əliyev kimi vəziyyətdən bəhrələnmək istəyən, oxşar addımı atmağa çalışan, fürsətdən istifadə edərək Qarabağ mövzusunu gündəliyə gətirmək istəyən Paşinyan, sadəcə, olaraq gülünc vəziyyətə düşdü. Söhbət Qarabağ haqqında Kazimirovun yazdığı kitabı onun Vladimir Putinə verməsindən gedir. Kənardan elə əcayib görünürdü ki...

Bir daha qeyd edirəm. İlham Əliyev MDB sammitinin gündəliyinə aid olan məsələlərin müzakirəsi zamanı yerinə düşən bir tərzdə Ermənistanın işğalçılıq siyasətinin dövlət xarakterini onun faşist mahiyyətilə izah etdi və ustalıqla elə şərait yaratdı ki, Paşinyan Njdeni, faşisti, satqını, bəşəriyyətin düşmənini müdafiə etməli olsun. Bu bir master klass idi. Beynəlxalq Dərəcəli mükəmməl diplomatiya gedişi idi. İlham Əliyev gündəlikdən çıxmadan, amma özünün müəllifi olduğu şəraitdə ev sahibi kimi davrandı və əla nəticəyə nail oldu. Paşinyan da eynilə şərait arxitektoru olmaq arzusuna düşdü, vəziyyətin sahibi kimi davranmaq istədi. Bəs bu onda alındımı? Hikmət Hacıyevdən bunu da soruşduq:

Maraqlıdır. Paşinyan qərəzli Kazimirovun separatçıların maraqlarından yazdığı kitabı niyə bütün sammit iştirakçılarına yox, məhz Putinə təqdim etdi? Axı əgər o sammitə hazırlaşıbsa və kitab bağışlamaq da tutaq ki, ev tapşırığıdısa, deməli hədiyyə liderlərin sayı qədər olmalıydı və yəqin ki, onun da paylanması altdan-altdan, oğrun-oğrun baş verməməliydi, açıq, cürətlə, hamıya o cümlədən Putinə verilməliydi. Bu isə ondan xəbər verir ki, bəlkə elə əslində o kitabı Paşinyan özü ilə oxumağa götürübmüş. Məsələn, biz müxtəlif vaxtlarda belə toplantılarda liderlərin kitab oxuduğunun şahidi olmuşuq. Yəni kitabın hədiyyə edilməsi senariyə ola bilsin heç daxil də deyildi. Amma baş nazir burda ardıcıl məruz qaldığı zərbələrdən səndələsə də yıxılmamaq, dayaqlanmaq üçün istinad axtarır və milli-gentik-irsi yaddaşına görə Rusiyadan tutmağa çalışır. Bir nüans üzərində də ayaq saxlayaq. İlham Əliyev Ermənilərin mahiyyətini açarkən incə gedişlə Paşinyanın məntiqindəki boşluqları bir neçə dəfə tutdu. Paşinyanın cığallıq edərək əqrəbləri şəxsən Əliyevə yönləndirməsində. Çünki doğrudan da Prezident ad çəkməmiş, hərbi cinayətkara qucaq açan keçmiş rəhbərliyi nişan vermiş, bununla da Paşinyana özünü ləkədən təmizləmək üçün şans saxlamışdı. İkincisi Azərbaycan prezidentinin erməni xalqını təhqir etməməsi, amma eyni zamanda onun ləkəli tarix daşıyıcısı olması və özünü ləkədən təmizləməyin elə onun özünün xeyrinə olduğunu vurğulamasında. Və nəhayət ciddi bir məqam. Paşinyan Əliyevin Qaregin Njde ilə bağlı çıxışını sammitin ruhuna uyğun saymadığını, hətta iştirakçılara hörmətsizlik etdiyini söylədi. Ardınca baş verən iki hadisə isə Nikol Paşinyana ikiqat zərbə oldu. İlham Əliyev Belarus prezidentinin vaxt növbəsinə müdaxilə etdi, Lukaşenkonun icazəsilə. Bir az əvvəl yıxdığı rəqibini daha bir neçə məntiq və tarix kötəyinə qonaq etdi. İkincisi isə, əgər burda MDB üzvləri üçün hörmətdən kənar nəsə olsaydı yəqin ki, Belarus Prezidenti cavab üçün öz vaxtının bir hissəsindən Əliyevin xeyrinə qurban verməzdi. Yəni bu icazənin verilməsi yəqin ki, rəsmi Minckin də Qareginlə bağlı səslənən ittihamlara şərik olması demək idi. Paşinyan isə Əliyevə cavab vermək üçün heç kəsdən icazə almadı. Ala bilməzdi və ya ona Əliyevə cavab vermək üçün kimsə izn verməzdi. Çünki İlham Əliyev MDB-də iştirak edən bütün dövlətlərin ürəyindən keçəni Njde-Paşinyan rejiminin üzünə çırpırdı. Aşqabad sammiti göstərdi ki, Paşinyanın hələ ki özü ilə qoltuğunda kitab daşıyan vaxtıdır və onun ideoloji cinahda bir-birinin ardınca ciddi uğursuzlaqlara məruz qalması da diplomatiyada ibtidai sinifdə olmasının nəticəsidir. Baş nazir hələ ki, küçədən gətirdiyini xərcləyir və istifadə etdiyi siyasi vəsait də artıq məzənnədən düşməkdədir. Əliyevin Aşqabad səfəri Azərbaycanın Türkmənistanla münasibətlərinin indiki vəziyyəti baxımdan da maraqlıydı. Ümumiyyətlə, Bakının bütün bu tip tədbirlərdə ortaya qoyduğu bir maraqlı mənzərə var. Fərqi yoxdur, mövcud olduğu məkan MDB-dir, ya daha uzaq mənzilli xaric, təmsil olduğu hər bir müstəvidə Azərbaycan öz müstəqilliyinin dünya üçün siyasi-iqtisadi vacibliyini, regiona, dünyaya lazım olduğunu sübut edir. Bu baxımdan Türkmənistanla da müzakirə etmək üçün xeyli regional zəruri mövzu var idi.

Həftə ərzində Bakı həm də Qafqazın başqa bir baş naziri, Gürcüstan rəhbəri ilə görüş yeri olmuşdu. Son zamanlar bir sıra çətin sınaqlardan çıxan Gürcüstan-Azərbaycan qardaşlığı yenidən əvvəlki etimad və etibar həddinə yaxınlaşmaqdadır. Gürcüstanın yeni Baş nazirinin ilk xarici səfərini Azərbaycana etməsini biz təzə hökumətin qonşuluqdan daha artığına iddia etməsi tək qiymətləndirmək istərdik. Yeri gəlmişkən, artıq belə hesab etmək olar ki, Keşikçidağ məsələsi ətrafında da yeni və daha əlverişli delimitasiya şəraiti yaranmaqdadır. Bu həssas məsələ üzərində çox dayanmağı lazım bilmirəm. Amma iki detala toxunum. Əvvəla, tanış gərginlik demək olar ki, aradan qalxıb və qızmış beyinlərin yox, soyuq ağılların vaxtı başlayıb. İkincisi isə, dünənədək Azərbaycan sərhədçisinin üzərinə gələnlərin menyusuna belə bir ruhi qida: əziz dostlar və ucuz dırnaqarası “dostlar!” Gürcüstan Azərbaycana müraciət etdi ki, icazə verin, Keşikçidağı ziyarət edək. Azəbaycan isə icazə verdi. Anlaşılır?! Yəqin provakativ “qapı haradır, açar kimdədir?” kimi öcəşən sualları bir kənara atmaq lazımdır.

Hər bir dövlətin siyasi özünəməxsusluğu olur. Yəni elə detalları, elə cizgiləri olur ki, onlar bu və ya digər dövlətin siyasi portretinin formalaşmasını təmin edir. Məsələn, Amerikanın siyasi şəklini Tramp, Rusiyanınkını Putin, İranı Ruhaninin dövlət başına gətirdiyi xarakter, xasiyyət, müəyyən eksklüzivliklər şərtləndirir. Niyə deyirəm bunu. İlham Əliyev Soçidə olarkən Rusiya telekanallarına müsahibə vermişdi. Əlbəttə, dövlət başçısı üçün normal, sıradan bir haldı. Amma bu müsahibədə bir sual və ona verilən cavab diqqətimi çəkdiyindən üzərində dayanacam. Onu da deyim ki, həmin cavabın Azərbaycanın öz dövləti simasını təqdim etməsi baxımdan xüsusi əhəmiyyəti var. Gəlin, xatırlayaq:

“- Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?

- Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur.

Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.

Niyə mən əslində ötən həftənin hadisəsi olan və bəlkə də təhlil üçün müəyyən qədər köhnələn bu müsahibəyə qayıtdım?! Məsələ burasındadır ki, sual da, cavab da kifayət qədər çoxşaxəlidir. Şəxsən sualın diplomatik dildən sadə anlayışa təfsiri belə alınır. Sanksiyalara məruz qalan Rusiyanı dəstəkləməkdən qorxmursunuz ki? Cavabın da sadə məzmunu belədir! Yox. Qorxmuruq. Mən dövlət portreti dedikdə məhz belə ştrixlərdən formalaşmış şəkli nəzərdə tuturam. Bütün siyasi ört-basdırlara, heç nə deməmək üçün danışılanlara baxmayaraq mövqeyin olması və bunu açıq etmək, sözümüz imzamızdır leytmotivi olan dövlətin aydın sezilən xarakteridir. Prezident AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, “Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi” deyəndə də uzağı nişan alır. Gəlin yadımıza salaq o sessiyanı. Paşinyan Ermənistanının və Əliyev Azərbaycanının addımlarını Rusiyada necə qiymətləndirmişdilər.

Beləliklə, gəlin baxaq. Bu, bizim dövlətin nümayiş etdirdiyi xarakterdi. Və təkcə Rusiya üçün deyil. İstəyənlər, İranla bağlı nümayiş etdirilən qətiyyəti, daha doğrusu, Azərbaycanın öz ərazisindən hər hansı dövlətə müdaxilə üçün imkan verməmək barədə birmənalı bəyanatını və mövqeyini xatırlaya bilərlər. Azərbaycan başqalarının maraqlarını öz milli maraqlarının izn verdiyi həddə qədər qoruya bilir. Yəqin, elə buna görə də Azərbaycan istənilən beynəlxalq məsələnin müzakirə meydanı kimi əlverişlidir. Dilin və dinin fərqi yoxdur. Hikmət Haciyevlə biz Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasından da danışdıq.

Bayaq dediyim məsələyə qayıdım. Dövlətin öz sifətinə malik olması tək keyfiyyət üzərində dayanaq bir qədər. Əlbəttə, Azərbaycan bu saat anterror əməlyyatları aparan Türkiyənin yanındadır. Və təkcə ona görə yox ki, ortada iki dövlət, bir millət fəlsəfəsi var. Həm də ona görə ki, Azərbaycan terrorun istənilən formada təzahürünü pisləyir. Terrordan əziyyət çəkən bir ölkə olaraq. Rəcəb Tayyib Ərdoğan Türkiyəsinin apardığı dava əslində ikili standartlara qarşıdır. Suriya böhranının ilk günlərindən qaçqınları öz evinə buraxan Türkiyə gözəl başa düşür ki, onun böyük ürəyindən və alicənablığından kimlərsə istifadə edirlər. Və bu belə davam edə bilməz. Mən Ərdoğanın ən kritik məqamlarda ən müxtəlif əhvali-ruhiyyəli çıxışlarını dinləmişəm. Amma bir çıxışı da var ki, o konseptuallığına və uzaqmənzilliyinə görə məndən ötrü əlahiddədir, xüsusidir, istisnadır:

Real Təhlil və İnformasiya Mərkəzinin Türkiyə bürosu antiterror əməliyyata başlanan gündən əməliyyat rayonunda çalışır. Natiq Nailəoğlunun bizim vaxt üçün hazırladığı xüsusi materialı təqdim edirəm.

Bakı həm də qoşulmayanlar Hərəkatının ali toplantısını qarşılayır. BMT-dən sonra ən böyük qurum olan bu hərəkatın gündəliyi, nüfuzlu qonaqlar, təmsilçi dövlətlər, bir sözlə qoşulmayanlar hərəkatı bir müddət Bakını Birləşmiş Millətlər Təşkilatı yerləşən Nyo-Yorkdan sonra dünyanın ikinci paytaxtına çevirəcək. Hikmət Hacıyevə verdiyimiz son sual bu barədə idi.

Beləliklə, Prezidentin keçirdiyi və həm mötəbərliyinə, həm beynəlxalq dəyərinə, həm də təbii ki, Azərbaycana əhəmiyyətli dərəcədə təsirinə görə görə xüsusi siqlətə malik görüşlər və toplantılardan ölkədaxili siyasətlə keçək. Biz bu studiyadan dəfələrlə o barədə danışmışıq ki, Əliyev xarici və daxili siyasəti üzvir bağlılıqla yönəltməyi əla bacarır. Bu təkcə mənim rəyim deyil. Polittexnoloqların böyük bir qrupunun rəyi belədir. Yəni Prezident xarici siyasətin sürəti və məzmunu ilə daxili siyasətni sürəti və məzmunu arasında rabitəni əsla itirmir. Və mən burda heç də onu nəzərdə tutmuram ki, məsələn Gürcüstanın Baş naziri istefa verəndə bunu normal siyasi dialektika kimi qəbul edənlər, iki ildə iki baş nazir dəyişən Azərbaycan haqqında, sadəcə, olaraq təhlil əsisliyi edirlər. Onu da anlayıram ki, bizim baş nazirlər onların baş nazirlərindən deyil, onların baş nazirləri kimi deyil. Amma hər halda Baş Nazir on il, beş il əvvəlki də deyil və ən azı Novruz Məmmədovun təyinatı və istefa ərizəsi yazması da kifayət qədər ciddi hadisədir. Beləliklə, diplomayiyadan Nazirlər Kabinetinə gələn və ölkənin baş təsərrüfatçısı tək ondan gözlənilənləri doğrultmayan Məmmədovun gedişini mühüm edən səbəbləri yeni Baş nazir öyrənməli olacaq. Burda söhbət heç də meşələrdən giləmeyvə yığmaq və ya yığmamaq kimi şirin mürəbbə qərarlardan getmir. Və ya Prezidentin sosial islahatlar paketinin icrasına ciddi hökumət dəstəyi, izahedici konsepsiyaların hazırlanması, cəmiyyətə çatdırılması tələb olunduğu bir vaxtda Novruz müəllimin ya birmənalı olaraq fransızca susması, ya da birdən-birə poetik pozada öz uşaqlıq, gənclik və ahıllıq təəssüratlarını paylaşmaq istəməsi yerinə düşmədi. Elə Novruz Məmmədovun özü kimi. Novruz Məmmədov sadiq Əliyevçi, bütün fəaliyyətilə dövlətçiliyə xidmət etdiyi şübhə doğurmayan bir dövlət adamı, mahir diplomat olsa da Baş nazir kimi ləng, ayaqlaşmaq problemi birisi oldu. Prezidentin verdiyi sürət standartlarına uyğunlaşa bilmədi. Və, nəhayət, hökumət sədri postunda bir il yarımdan bir qədər az çalışan Baş nazirlə vidalaşmaq həm də onun izahı idi ki, sadəcə, yaxşı insan olmaq vəzifə deyil. Prezidentin ötən il andiçmə mərasimindəki çıxışından bir parçanı xatırlayaq:

«Qarşıdan gələn illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. Bu sahədə tam şəffalığa nail olmalı, bütün mənfi hallara son qoyulmalıdır”. Novruz Məmmədov isə Prezidentin ümumi daxili məhsulun artım templərinin yüksəldilməsi, hökumətin işinin effektivliyinin artırılması kimi müəyyən etdiyi hədəflərin öhdəsindən gələ bilmədi. Məmmədov şübhəolunmaz, təvazökar, sədaqətli Əliyevçidir. Amma söhbət Baş nazir kimi onun qarşısına qoyulan məqsədləri Novruz müəlimin həyata keçirə bilməməsindən gedir. Dövlətin yeni tələbini qısaca belə adlandırmaq olar: Keçmişdəki nailiyyətlərə xoş xatirə kimi yanaş və bu günə işlə, indinin uğuru üçün çalış, hər zaman lazım olmaq, səmərəli olmaqçün işlə. Hədəf hazırki məsələlərə bu anın tapşırıqlarına, mövcud vəziyyətə, real zamanın tələblərinə adekvat olmaqdır. Novruz Məmmədovun istefaya göndərilməsi həm də bütün dövlət məmurlarına xəbərdarlıqdır. Daha çox da uzun illərdir yüksək dövlət postu tutanlara, və ya xroniki vəzifəyə tutulanlara da. Ola bilsin ki, kimsə vəziyyətin ciddiliyini tam dərk etmir. Amma Baş Nazirin istefaya göndərilməsi o deməkdir ki, hətta Novruz Məmmədova belə güzəşt yoxdur. İndi Novruz Məmmədovun hətta sonraları və ya əvvəlləri nə qədərdir? Düşünək, ya da düşünülsün. Orta yaş həddi artıq dəyişilib. Artıq Baş Nazir artur Rəsizadə və ya Baş nazir Novruz Məmmədovla müqayisədə cavan yox, ümumiyyətlə gənc kadrlara prioritet verilir.

Ramin Quluzadə Rabitə, qəqliyyat və yüksək texnologiyalar naziri-1977-ci il

Pərviz Şahbazov Energetika naziri- 1969 (50)

Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri- 1980 (39)

İnam Kərimov-Kənd təsərrüfatı naziri 1977 (42)

Fuad Muradov-Diasporlarla iş üzrə dövlət komitəsiFuad Muradov 1979 (40)

Vüsal Hüseynov Dövlət miqrasiya xidmətinin rəisi 1980 (39)

Ceyhun Bayramov-Təhsil naziri 1973 (46)

Rövşən Rzayev-Qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri 1962 (57)

Səfər Mehdiyev Dövlət gömrük komitəsinin sədri 1973 (46)

Rövşən Məmmədov-Azərbaycan dövlət televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyətinin sədri-1979-cu il

Mikayıl Cabbarov-vergilər naziri- 1976-cı il

Samir Nuriyev-dövlət şəhərsalma və arxitektura komitəsinin sədri-1975-ci il

Orxan Sultanov-xarici kəşfiyyat xidmətinin rəisi-1977-ci il

Vilayət Eyvazov-daxili işlər naziri-1968-ci il

Orta yaş təxminən 45-ə yaxındır.

Sadaladığım adların fonunda Artur Rəsizadənin dövrünü və o zamanın nazirlərinin yaşını xatırlamağı isə sizin öhdənizə buraxıram. Kadr islahatlarına Prezident ilk növbədə rəhbər vəzifəlilərin cavanlaşdırılmasından başlayıb. Ona görə ki, yeniliklərə, trendlərə, son zamanların idrak və zəka standartlarına uyğunlaşmaq cavanlarda daha asan alınacaq. Dövlət başçısının bu kadrları daha böyük, daha intensiv və daha dərin islahatların həyata keçirilməsi üçün iş başına gətirdiyi göz qabağındadır. Çünki dövlət idarəçiliyindəki islahatlar davam edəcək. Bayaq dediyimiz kimi, hədəf idarəetmənin effektivliynin artırılması, iqtisadi böyümənin lazımi səviyyədə təmin olunması və şəffaflığın əldə olunmasıdır.

Bir mühüm məqam da var. Prezident hər kəsə özünü təsdiqləməyə şans verir. Onları bütün lazımi resurslarla təmin edir ki, aydın məqsədlər, dəqiq hədəflər müəyyən etsinər və onlara çatsınlar. Oturaq vəzifəlilər anlayışı tədricən yerini, daha doğrusu, kreslosunu, stulunu itirməkdədir. Novruz Məmmədovun yerinə seçilən Əli Əsədov barədə ilkin rəyimizi çatdıraq. Onun texnokrat kimi bilik və bacarığına şübhə yoxdur. Nəzərə alsaq ki, Prezidentin islahatlar kursunda Əsədovun öz yeri var və yəqin ki, tələb olunan dəyişikliklərə o daha çevik və mütəhərrik reaksiya verəcək. Bir nüans barədə də: İslahatlar kursunun 2018-ci ildən başlayaraq həyata keçirilən hissəsi məmurlardan yeni yanaşma və mənəvi imkanlar, əxlaqi üstünlüklər tələb edir. Bura rüşvətdən uzaq olmaq, neqativ keyfiyyətlərə ya malik olmamaq, ya da belə xüsusiyyətlər varsa da dərhal təmizlənmək, xalqın ağalığına yox, xalqın xidmətçiliyinə başlamaq. Dünyada gedən 4-cü sənaye transformasiyasının çağırışlarına Azərbaycanı sürətlə hazırlamaq, provinsial-feodal təfəkküründə ilişib qalmış bir sıra rəhbərlərin treninqlər, təlim və tədris yolu ilə novatorluğa transfarmasiyası, təkmilləşdirilməsi. Nazirlər Kabineti yeni baş nazirlə özünün ənənəvi kabinet naturasından təcili çıxmalı, vətəndaşlarla ünsiyyətin ən optimal yollarını tapmalıdır. Məsələn, mən məmnuniyyətlə Baş Nazir Əli Əsədovdan müsahibə almaq, onun bu qurumun fəaliyyətini Prezidentin tələblərinə və yeni çağırışlara uyğunlaşdırmaq üçün hazırladığı proqramla tamaşaçıları tanış etmək istərdim.

Ümumiyyətlə, yeni Baş nazirin gəlişiylə maraqlı proseslərə start verilə bilər. Məsələn, bir neçə gün əvvəl Bakıda, şəhər icra hakimiyyətinin qarşısında Milli Şura adlandırılan qurumun təşəbbüsü ilə piket keçirildi. Baxmayaraq ki, piket üçün 50 yerlik ərazi sifariş olunmuşdu, amma gələnlərdən əlavə dəvət edilənlər də var idi və bu həmin sayı bir qədər artırmışdı. Məncə, piketdən dərhal sonra efirə verdiyimiz xüsusi buraxılışa baxaq. Ola bilər ki, baxmayanlar olub. Baxaq.

Etiraf edim ki, hər dəfə ölkə daxili siyasətin iqtidara opponentlik edən düşərgəni əhatə edən hissəsinin fəaliyyətini müzakirə etmək mənim üçün bir az naqolay olur. Niyəsi çox sadədir. Fərqli səviyyələrdir. Aşqabaddan danışdıq da bayaq. Hansı məsələlər, hansı radiuslar, hansı yüksəkliklər ətrafında işlədik. İndi isə faktiki olaraq düşüncə, idrak böhranının hökm sürdüyü, dəniz səviyyəsindən, nə bilim dərə səviyyəsindən, ümumiyyətlə bütün səviyyələrdən çox aşağı nöqtələrdə işləmək mənə həqiqətən çətindir. Hər dəfə, sanki, gələcəkdən keçmişə qayıdıram. Amma idi bu barədə daha çox danışmaq niyyətində deyiləm. İstəyirəm ki, piketin avanqardı, təşkilatçılarını yox, içini, kütlə hissəsini təhlil edək. Avanqard demişkən. Hamını dəvət edən Əli Kərimli piketə özü qatılmamışdı. Səbəbini özündən eşidək:

Ona görə də əsas hərəkətverici qüvvənin bura gələnlərin sosial kimliyi üzərində işləyək. Bəri başdan deyim ki, qara güruh daha çox az təminatlı kəsimə ovçuluq edir. Bura kimlər aiddir. Xadimələr, bağbanlar, yollarda dayanıb avtomobillərə dayanacaq üçün yer nişan verənlər, bazarlarda piştaxta kirələyib kəsbkarlıq edənlər, ali təhsil almayan, amma əmək birjalarından da öz intellektini işsizlər, öz əzələsini satanlar. Təxminən belələri. Amma içi mən daxil olmaqla biz bir qayda olaraq qaragüruh deyib keçdiyimiz bu insanların sosial mahiyyətinin ciddi təhlilə ehtiyacı var. Axı bu adamlar da Aydan düşməyiblər. Onlar müəyyən rayonların sakinləridir. O rayonların ki, onların icra başçıları var, müxtəlif səlahiyyətli və vəzifəliləri var. Bəli, aralarında tutaq ki, bu ağsaqqal kimi evi olub özünü yataqxana sakini kimi təqdim edənlər, acından öldüyünü imitasiya edənlər var. Amma axı hamısı belə deyil. Yalnız inzibati yollarla bu adamların sayı azalmayacaq. Hə qara güruh başılar sosial narazılardan, aztəminatlıların problemlərindən istifadə edir. Amma dövlətdən maaş alan məmurlar da var. Onlar niyə qara güruhun əlindən almır o həssas zümrəni? Prezidenti tərifləməklə, ümumi sözlər deyib işini aşırmaqla iş bitmir axı. Piketə yığılanlar da dövlətin vətəndaşlarıdır. Onları imkanları bəlkə də iddiaları ilə müqayisədə dəfələrlə aşağıdır. Amma yəqin ki, bu kontingent kimdi və nə istəyir-sualını verməliyik və kiçik məmurlar güruhun içinə ehtiyac ucbatından düşənləri seçib onların problemlərini təsnifatlandırmalıdır axı. Məsələn, bu qadına baxaq və dinləyək. Piketin fəal iştirakçısı olan bu qadın Azərbaycana nifrət etdiyini gizlətmir. Bir az əvvəl Ermənistana sığınacaq üçün gedib, orda istifadə olunub sonra geri qaytarılıb, dövlət də onu yenidən qəbul edib.

Həmin qadının çıxışından bir parça verilir: "Mən Azərbaycana nifrət edirəm!"

Təbii ki, bu qadınla hüquq-mühafizə orqanları məşğul olmalı, onun bu saat hansı işlə məşğul olduğunu, fəaliyyətinin nə qədər zərərli olduğunu araşdırmalıdır. Amma başqaları da var axı. Məsələn, bu qadının adı Pərvanədir. Ola bilsin ki, nəyisə köntöy deyir, nəyisə hamar demir, amma bu Pərvanənin yandığı oda da bir baxaq da. Axı onlar Əli Kərimlinin başına ideoloji qiblə kimi yığılmırlar. Yəni doğrudan aydın deyil ki, Əlinin nə vaxtsa Azərbaycanda heç hansısa kəndin başına gəlməsi də mümkün deyil?! Bu özünü bitirmiş siyasi kerosin qabının dibində bir-iki damcı qala-qalmaya. Onun əsas işi belə məlumatsız, savadsız, köməksiz insanlarıdan sosial bombalar düzəltmək, rahat və dinc, sabit müsəlman ölkəsinin altına qoymaqdır. Deməli, bu qadının problemlərini öyrənmək, hansısa bir yolla vəziyyətdən çıxarmaq mümkündür axı. Tutaq ki, savadı yoxdur, imkanı aşağıdır, amma yaşamaq hüququ var axı bu adamın. Doğrudanmı hansısa kiçik məmur bu qadın uğrunda mübarizə aparıb onu qara güruhun əlindən alıb normal həyata qaytara bilməz? Əli Kərimlinin məziyyəti onun və əsas ruporlarının yalan danışmasıdır. Bu adamlar elə yalanlar danışırlar ki, onları anında təkzib etmək, sadəcə, fiziki cəhətdən imkansız olur. Buna bir neçə gün lazım olur ki, onda da artıq iş işdən keçir və yalan heç olmasa bir ovuc adamın beynini yuyur. Məsələn, yadınızdasa Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinə maddi kömək edən bir tərəfdarının həbsi barədə müntəzəm danışırdı. Söhbət Xalq Cəbhəsinin hakimiyyəti zamanı Gədəbəyə icra başçılığı etmiş Saleh Rüstəmlidən gedirdi. Mən Salehi şəxsən tanımıram. Hər halda milli azadlıq hərəkatı deyilən nəsə olubsa və mən də jurnalistika ilə məşğul olmaqla həm də ən yeni tariximizin yazılmasında iştirak etmişəmsə, ən azı onu tanımalıyam. Tanımıram. Və bu saat vacib olanı heç bu da deyil. Sadəcə, yadınıza salmaq istəyirəm ki, Saleh Rüstəmlinin həbsi barədə Əli Kərimli və ətrafı onun verdiyi ifadələrin, izahatların işgəncə altında ondan alınmasını iddia edirdilər. Elə Saleh Rüstəmli də məhkəmədə verdiyi ifadədə işgəncələrə məruz qaldığını demişdi. Az qala hər cümləni işgəncə altında yazdığını söyləyirdi. Mən indi Sizə Saleh Rüstəmlinin verdiyi ifadənin kiçik bir parçasını təqdim edəcəm. Çox xahiş edirəm. Diqqətlə baxın. Və tapmağa çalışın ki, burda işgəncə hardadır?

Əslində mən bütün ifadəni sizə təqdim edə bilərəm. Amma buna ehtiyac görmürəm. Məqsədim də o deyil ki, Əli Kərimli və tərəfdarlarına Rusiyadan göndərilən pulun mənşəyinin təmiz ya natəmiz olub-olmadığını aydınlaşdırım. Çünki bunu üçün hüquq-mühafizə orqanları var. Sadəcə, olaraq istəyirəm ki, iddia və istəklərinə çatmaq üçün insanlara yalan danışan, sadədil, məlumatsız kəsləri bu yolla tora salıb gələcəklərini həbsxanada çürütməyə göndərən güruhbaşıları tanıyasız. Təkrar edirəm, kimin kimə nə qədər pul verməsi, harda, hansı şəraitdə verməsi mənə maraqlı deyil. Eləcə də işin digər iştirakçılarının etiraflarında heç bir zorakılıq elementi yoxdur. Məndən ötrü o ifadələrin də hansı normal şəraitdə alındığını nümayiş etdirmək çətin deyil. Sadəcə, lazımdımı bu? Baxın hər halda. Bu verilişə reaksiyaları izləyəcəm təbii. Yeni yalan və ya uydurma, şər-böhtan kompaniyası başlayacağı təqdirdə onları da efirə verəcəm ki, həqiqətin nədən və kimdən ibarət olduğunu görəsiniz. Təkrar edirəm. Bizim işimiz Real olaraq ilk növbədə yalanlarla mücadilədir. Azərbaycan heç bir müsəlman ölkəsinin yaşamadığı rahat və dinc bir zamanın içindədir və bu güzəranı əldə etmək üçün çalışanlar, hər gün fədakalıq edənlər var. Bu günlərdə Dövlət təhlükəsizlik Xidməti yüksək peşəkarlıqla bir əməliyyat hazırladı. Onların kimliyi, niyyətləri barədə artıq məlumatlısınız. Amma istərdim ki, bir də baxaq. Bu adamlar Azərbaycanın gələcəyini özlərinə oxşatmaq istəyirlər. Düşünək. Ciddi düşünək. Biz onlara oxşamaq istıəyirikmi?

Buyurun bu da Azərbaycanın terrorla mübarizəsi. Bununla da söhbətimizin lap əvvəlinə qayıdıram. Həftənin ərazi bütövlüyü üzərində təhvil olunması məsələsinə. Prezident Əliyev Aşqabadda MDB sammitində terrora qarşı mübarizə aparırdı. Ərdoğan öz ölkəsini qorumaq, Türkiyədə sığınacaq verdiyi suriyalıları ana yurdlarına, amma dinc vətən halında qaytarmaq üçün terrorla mübarizə aparır. Qaragüruhun piket fəalı olan bir qadına sosial bomba deməsi də təsadüfə bənzəmir. Maraqlıdır. O bombanı kim qurur və hansı sosial partlayışa anons etmək istəyirlər. Qarabağ uğrunda dövlətin apardığı diplomatik-ideoloji savaş keyfiyyətcə yeni mərhələyə keçir. Bu isə ondan xəbər verir ki, hamılıqla, ölümüzlə də, dirimizlə də bir yerdə olaq. Qarakənd üzərində vurulmuş helikopterdə şəhid olanlarımızn anım gününə bir aydan da az vaxt qalır. Terror qurbanı olmuş bu şərəf adamlarının, əbədiyyət müsafirlərinin şəhadətə yetirilməsindən düz 28 il keçəcək. Onlardan biri, böyük jurnalist, vətənpərvər ziyalı Osman Mirzəyevi xatırlayıram. Hələ Sovet İttifaqı var idi. Ermənistan və Azərbaycan müstəqillik uğrunda mübarizə aparırdılar. Hər ikisi üçün Qarabağ bir lokomotiv idi. Ermənilər Qarabağı almaq ideyası ətrafında birləşmişdilər, azərbaycanlılar isə qarabağı verməmək. O zaman televiziyada təbliğat xarakterli verilişlər gedirdi. Belə verilişlərdən birində Osman müəllim ölkədə müxalifətin gərəkliyi və nəyə gərəkliyi barədə danışırdı. Müqayisəli, soyuqqanlı, məntiqli. Gəlin xatırlayaq.

Məncə, bu müqayisə ilə bitirək. Səmimi deyim ki, hər dəfə Osman müəllimin çıxışlarını dinləyəndə, onun məqalələrini oxuyanda mənə elə gəlir ki, Sevinc Osmanqızı bizə indi özünü tanıtdırdığı kimi deyil. Bu Sevinc o deyil. İnanmaq istəyirəm ki, Osman Mirzəyevin qızının əqidəsi mütləq atasının ruhunun pərvanə kimi dolandığı dövlətin yanına qayıdacaq. Bilmirəm niyə, amma belə düşünürəm. İnanmaq istəyirəm. Osman müəllim nə qədər dürüst hesablayıbmış. Müxalifətin dövləti qorumaq məsuliyyəti iqtidarınkından az deyil.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə