BANM-də yeni tədris ili münasibətilə təntənəli mərasim keçirilib

BANM-də yeni tədris ili münasibətilə təntənəli mərasim keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. 

REAL Report-a istinadla xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Dövlət himni səsləndikdən sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq 2019/2020-ci tədris ilində yüksək balla BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurlar, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Rektor qeyd edib ki, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, bu il Ali Məktəb üzrə 11 nəfərin 680-dən çox bal topladığını, yarandığı ildən indiyədək isə BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb.

Rektor həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisasları olub.

Elmar Qasımov I qrup üzrə keçirilmiş test imtahanlarında ən yüksək bal toplayan tələbələrin BANM-i seçməsinin artıq ənənə halını almasını xüsusi vurğulayıb.

“Bizim Ali Məktəbi bitirən bütün məzunlar işlə təmin olunur. Onlar SOCAR-ın bir çox müəssisələrində, o cümlədən Türkiyədə PETKİM və STAR zavodlarında, BP, "Maire Technimont Group", "Halliburton" və digər transmilli şirkətlərdə çalışırlar. Eyni zamanda dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar”. - deyə E.Qasımov bildirib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O bildirib ki, Bakı Ali Neft Məktəbi cəmi 7 ildir fəaliyyət göstərir: "Bu qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutmuş, ölkə gənclərinin dərin hüsn-rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, builki tələbə qəbulu imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqüdünə layiq görülmüş 23 tələbə üstünlüyü Bakı Ali Neft Məktəbinə vermişdir. Bu məktəb, möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılışını etdiyimiz bu möhtəşəm kampus Azərbaycan tarixinin yeni dövrünün nailiyyətlərini təzahür etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnoloji biliklərə sahib ingilisdilli neftçi mütəxəssislərin hazırlanması istiqamətində qarşıya qoyduğu hədəflərə uyğun olaraq bu gün Bakı Ali Neft Məktəbində beynəlxalq təhsil konsepsiyasına uyğun tədris və təhsil mühiti formalaşdırılıb”.

Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində, bu gün Bakı Ali Neft Məktəbi kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib: “Möhtərəm Prezidentin tapşırığı ilə yaradılan BANM beynəlxalq proqramlar əsasında, eləcə də Avropada mühəndis hazırlığına dair laborator və digər təcrübi avadanlıqlarla təchiz olunan komplektləşmiş bir elm təhsil ocağı kimi uğurla fəaliyyət göstərir”.

Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında I qrup üzrə ən yüksək bal (690.5 bal) toplayan BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını seçən Əsmər Hacızadə bildirib ki, əsas məqsədi ixtisası üzrə peşəkar mütəxəssis kimi ölkəmizə faydalı olmaqdır. O, hədəfinə nail olmaq üçün Bakı Ali Neft Məktəbinin düzgün ünvan olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbi və BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun proqramı əsasında həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BANM-ə qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinma Azərbayan dilində tədbir iştirakçılarını salamlayıb, bu Ali Məktəbdə təhsilə başlamasından həyəcan duyduğunu qeyd edib.

Bu il Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan əkizlərin valideyni Namiq Azadlı çıxış edərək oğlanları Rəşad və Rəşidlə yanaşı, yüksək bal toplamış bütün gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib. O, övladlarının da onun yolunu davam etdirərək neft-qaz sahəsinə maraq göstərməsindən və Bakı Ali Neft Məktəbini seçməsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, Rəşad Azadlı Prezident təqaüdünə layiq görülüb.

Məzunlar adından çıxış edən 2019-cu il Kimya mühəndisliyi məzunlarından, hazırda "SOCAR Turkey"də İstehsalat mühəndisi vəzifəsində çalışan Orxan Əlizadə Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq edərək BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsində əvəzsiz rolunu qeyd edib.

Sonra 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə